Kontentə keç

Mündəricatı göstər

Gələcəklə bağlı proqnozlar

Gələcəklə bağlı proqnozlar

Nə vaxtsa özünüzün və ailənizin gələcəyi haqda düşünmüsünüz? Gələcəkdən nə gözləyirsiniz, zənginlik, yoxsa səfalət? Məhəbbət, yoxsa tənhalıq? Ömrünüz uzun olacaq, yoxsa yarı yolda qırılacaq? Bu kimi suallar min illərdir insanları düşündürür.

Bu gün ekspertlər dünyadakı tendensiyanı araşdırır və buna əsasən gələcəklə bağlı proqnozlar verir. Onların bu proqnozlarının bəziləri gerçəkləşsə də, digərləri nəinki doğrulmur, hətta bəzən tamamilə əksinə olur. Misal üçün, kabelsiz teleqraf ixtiraçısı olan Qulyelmo Markoni 1912-ci ildə belə proqnoz vermişdi: «Kabelsiz eranın gəlişi ilə müharibələrə son qoyulacaq». Yaxud «Dekka» səsyazma studiyasının rəhbəri 1962-ci ildə «Bitlz» qrupu ilə müqavilə bağlamaqdan imtina edərək, gitarada ifa edən qrupların bu gün-sabah dəbdən düşəcəyini söyləmişdi.

Bir çoxları fövqəltəbii yollara əl ataraq gələcək haqda məlumat almağa çalışır. Bəziləri astroloqlara üz tutur; bu gün qoroskoplar bir çox jurnal və qəzetlərin ayrılmaz hissəsidir. Bir başqaları ekstrasenslərə, baxıcılara müraciət edərək tarot kartlar, rəqəmlər, əldəki cizgilər vasitəsilə gələcəklərini öyrənməyə çalışır.

Qədim dövrdə də gələcək barədə məlumat almaq istəyənlər falçılara — tanrılardan insanlara məlumat çatdırdığını iddia edən qadın və kişi kahinlərə müraciət edirdilər. Misal üçün, rəvayətə görə, Lidiya hökmdarı Krez Delfidəki (Yunanıstan) falçıya dəyərli bəxşişlər göndərərək fars şahı Kuruşla döyüşsə, bunun nə ilə nəticələnəcəyini soruşmuşdu. Falçı bildirmişdi ki, o, Kuruşa qarşı yürüş etsə, «böyük imperiyanı» məhv edəcək. Qələbə çalacağına əmin olan Krez döyüşə çıxır. Lakin məhv etdiyi «böyük imperiya» Krezin öz imperiyası olur.

Gördüyümüz kimi, bu falçının söylədiyi ikibaşlı proqnozların heç bir mənası yox idi. Çünki hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, onun sözləri düz çıxacaqdı. Falçının sözünə inanmaq Krezə baha başa gəldi. Bəs bu gün gələcəyi öyrənmək üçün məşhur üsullara üz tutanlar daha dəqiq məlumat alırlar?