Kontentə keç

Mündəricatı göstər

Astrologiya və falçılıq gələcəyə pəncərədir?

Astrologiya və falçılıq gələcəyə pəncərədir?

ASTROLOGİYA

Astrologiyaya ulduzların, ayın və planetlərin insanların həyatına böyük təsiri olduğu fikrinə əsaslanan inancların ümumi adıdır. Astroloqlar iddia edir ki, insan dünyaya gələn an ulduzların səmadakı düzülüşü onun xasiyyətinə və gələcəyinə təsir edir.

Astrologiyanın kökü qədim Babilistana gedib çıxsa da, günü bu gün də çox populyardır. 2012-ci ildə Birləşmiş Ştatlarda aparılan bir sorğuda iştirak edənlərin üçdə biri astrologiyanı «bir növ elm» hesab etdiyini demiş, on faizi isə onun elm olduğuna şübhə etmədiyini bildirmişdir. Bəs astrologiyanı elm adlandırmaq olar? Xeyr. Bunu növbəti səbəblər əsasında deyə bilərik.

  • Astroloqların dediklərinin əksinə olaraq, planetlər və ulduzlar insanların həyatına təsir etmək qüvvəsinə malik deyil.

  • Çox vaxt deyilən proqnozlar o qədər ümumi olur ki, onları hamıya şamil etmək olar.

  • Bu gün astroloji hesablamalar qədim inanca — planetlərin yerin ətrafında dövr etmə inancına əsasən aparılır. Əslində isə planetlər günəşin ətrafında dövr edir.

  • Müxtəlif astroloqların eyni şəxsin həyatı haqqında verdiyi proqnozlar üst-üstə düşmür.

  • Astrologiya insanları doğum tarixlərinə görə, 12 qrupa, yəni zodiak işarəsinə ayırır. Hər zodiak işarəsi üçün Günəşin onun ərazisindən keçmə vaxtına uyğun tarix təyin olunub. Əsrlər ərzində Yer kürəsi fəzada yerini dəyişdiyindən bu tarixlər təyin olunan zodiak işarələri ilə uyğun gəlmir. Lakin astrologiyada hələ də bu tarixlərdən istifadə edildiyi üçün insanın doğulduğu tarix zodiak işarələri ilə üst-üstə düşmür.

Belə fikir var ki, zodiak işarələri insanların xarakterindən xəbər verir. Əslində isə eyni tarixdə doğulan insanlar heç də eyni xasiyyətdə olmurlar; insanın doğum tarixi onun xasiyyəti haqqında heç nə açıqlamır. Astroloqlar insanları olduğu kimi görmək əvəzinə, onların xasiyyəti barədə öz ehtimalları əsasında fikir yürüdürlər. Məgər bunu qərəzli münasibət adlandırmaq yerinə düşmür?

FALÇILIQ

Qədim zamanlarda insanlar falçılara üz tuturdular. Bəziləri heyvanların və insanların daxili orqanlarında və ya xoruzun dəni necə dimdikləməsində də məna axtarırdı. Digərləri çay yarpaqları, yaxud qəhvə dənələri ilə fala baxırdı. Bu gün falçılar tarot kartları, kristal kürələr, zər falı və digər üsullardan istifadə edərək insanın gələcəyini «oxuyurlar». Bəs falçılıq gələcəyi öyrənmək üçün etibarlı üsuldur? Xeyr. Gəlin bəzi məqamlara diqqət yetirək.

Götürək uyğunluq məsələsini. Müxtəlif falçılıq üsulları vasitəsilə deyilən proqnozlar çox vaxt bir-birindən fərqlənir. Hətta eyni üsul vasitəsilə verilən proqnozlar da müxtəlif olur. Məsələn, eyni kartla fala baxan iki baxıcının verdiyi məlumat əslində eyni olmalıdır. Lakin adətən bu, belə olmur.

Falçıların niyyəti və istifadə üsullar insanda şübhə doğurur. Tənqidçilər qeyd edir ki, baxıcıların istifadə etdiyi kartlar, kristal kürələr sadəcə gözdən pərdə asmaq üçündür və onlar əslində bu vəsaitlər vasitəsilə yox, insanın reaksiyasına, davranışına fikir verərək nəticə çıxarırlar. Məsələn, təcrübəli falçı ümumi suallar verir və müştərinin nə dediyini, özünü necə apardığını diqqətlə izləyərək onun haqqında məlumat toplamağa çalışır. Sonra müştərinin özünün də xəbəri olmadan verdiyi bu məlumatları, belə desək, özünə satır. Müştərilərin etibarını qazanan bir çox falçı bu yolla küllü miqdarda pul əldə edir.

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Astrologiya və falçılığa əsasən, insanın gələcəyi əvvəlcədən yazılıb. Bəs bu, belədirmi? Müqəddəs Kitabda göstərilir ki, insan nəyə inandığını və nə etmək istədiyini özü qərarlaşdırmaq iqtidarındadır və verdiyi qərarlar onun gələcəyinə təsir edir (Yuşə 24:15).

Allaha ibadət edən insanların astrologiyaya və falçılığa inanmamaq üçün başqa bir səbəbi də var: Allah bu işləri haram buyurur. «Aranızda... rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır. Çünki bu işləri görən hər kəs Yehovanın a gözündə mənfurdur» (Qanunun təkrarı 18:10—12).

a Tək olan Allahın adı (Zəbur 83:18).