Kontentə keç

Mündəricatı göstər

Allah şəfqət sahibidir

Allah şəfqət sahibidir

İNSAN YARADILIŞI

Şəfqət sözünə lüğətdə belə tərif verilir: «Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, ananın övladına olan məhəbbəti kimi ürəkdən gələn dərin məhəbbət» («Azərbaycan dilinin izahlı lüğəti», IV cild, 202). Psixi sağlamlıq üzrə mütəxəssis Dr. Rik Hanson qeyd edir ki, «şəfqət hissi bizim qanımızda, canımızdadır».

DÜŞÜNÜN: Tayı-bərabəri olmayan bu xüsusiyyət bizdə haradandır? Müqəddəs Kitab açıqlayır ki, Allah insanları Öz bənzərində yaradıb (Yaradılış 1:26). Bu o deməkdir ki, biz insanlarda Allahın gözəl xüsusiyyətlərini təzahür etdirmək bacarığı var və bu xüsusiyyətləri müəyyən dərəcədə göstərə bilirik. Buna görə də insanlar şəfqət hissindən irəli gələrək başqalarına kömək edəndə bir növ şəfqətli Yaradana, Yehova Allaha bənzəmiş olurlar (Məsəllər 14:31).

MÜQƏDDƏS KİTAB NƏ DEYİR?

Allah bizə qarşı şəfqətlidir, O, bizim halımıza yanır, çəkdiyimiz əzabları görmək Ona xoş deyil. Götürək qədim İsrail xalqını. Onlar Misirdə ağır köləlik yaşadıqdan sonra səhrada 40 il çətin həyat sürdülər. Müqəddəs Kitabda Allah haqda deyilir ki, «onlar əzab çəkəndə O da əzab çəkdi» (Əşiya 63:9). Fikir verdinizsə, Allah sadəcə onların əzablarını görmürdü, həm də ağrı-acılarını duyurdu. O demişdi: «Nə çəkdiklərindən agaham» (Çıxış 3:7). Başqa bir vaxt isə xalqına: «Sizə toxunan Mənim göz bəbəyimə toxunur», — demişdi (Zəkəriyyə 2:8). Bəli, başqalarının bizə yaşatdığı ağrı-acını Allah da duyur.

Ola bilsin, hərdən özümüzü qınayırıq, Allahın şəfqətinə layiq olmadığımızı düşünürük. Amma görün Müqəddəs Kitab nə deyir: «Allah ürəyimizdən böyükdür və hər şeyi bilir» (1 Yəhya 3:19, 20). Bəli, Allah bizi bizdən yaxşı tanıyır. O, bizim vəziyyətimizdən, fikirlərimizdən, hisslərimizdən tam agahdır. Üstəlik, halımıza yanır.

Allahın dərdli insanların dadına çatdığını bilmək bizi təşviq edir ki, təsəlli, hikmət və kömək üçün Ona üz tutaq

Müqəddəs Kitabdan seçilmiş ayələr

  • «Sən çağıracaqsan, Yehova cavab verəcək; sən kömək diləyəcəksən, O deyəcək: “Mən buradayam!”» (ƏŞİYA 58:9).

  • «“Mən sizinlə bağlı niyyətimi bilirəm,— bəyan edir Yehova,— sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir. Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm”» (ƏRƏMYA 29:11, 12).

  • «Göz yaşlarımı tuluğuna yığ. Axı onlar Sənin kitabında yazılıb» (ZƏBUR 56:8).

ALLAH BİZƏ NƏZƏR SALIR, BİZİ BAŞA DÜŞÜR, HİSSLƏRİMİZİ DUYUR

Allahın bəndələrinə qarşı şəfqətli olduğunu bilmək bizə çətinliklərə tab gətirməyə kömək edə bilər. Görün Mariya hansı çətinliklə üzləşmişdi. O deyir:

«Oğlum iki il xərçəng xəstəliyindən əziyyət çəkəndən sonra 18 yaşında həyatını itirdi. Düşünürdüm, həyat çox qəddar, çox amansızdır. Yehovaya acıqlı idim, axı niyə O heç nə etmədi, niyə övladımın xəstəliyinə çarə qılmadı?!

Üstündən altı il keçəndən sonra yığıncaqda mehriban, canıyanan bir dostla hisslərimi bölüşdüm. Ona Yehovanın məni sevmədiyini dedim. Sözümü kəsmədən saatlarla mənə qulaq asandan sonra o, bir ayə sitat gətirdi. Həmin ayə məni düşündürdü. Bu, 1 Yəhya 3:19, 20 ayələridir: “Allah ürəyimizdən böyükdür və hər şeyi bilir”. O, mənə söylədi ki, Yehova dərdimizi yaxşı başa düşür.

Buna baxmayaraq, hələ də acıqlı idim. O ərəfələrdə Zəbur 94:19 ayəsini oxudum. Orada deyilir: “Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun”. Bu sözlər, elə bil mənim üçün yazılmışdı. Yehovanın məni dinlədiyini, başa düşdüyünü bilərək dərdimi Ona açıb danışmaq mənə əsl rahatlıq gətirdi».

Doğrudan da, biləndə ki, Allah bizi başa düşür, hisslərimizi duyur, əsl təsəlli tapırıq. Bəs onda nəyə görə bu qədər əzab-əziyyət var? Bəlkə, Allah bizi pis əməllərimizə görə cəzalandırır? Allah bütün əzab-əziyyətlərə son qoyacaq? Bu suallara növbəti məqalələrdə aydınlıq gətiriləcək.