Kontentə keç

Mündəricatı göstər

Əzab-əziyyət. Allahın cəzasıdır?

Əzab-əziyyət. Allahın cəzasıdır?

LUZİA SOL AYAQDAN ƏLİLDİR. O, kiçik yaşlarında sinir sistemini zədələyən yüksək yoluxucu xəstəliyə, poliomielit xəstəliyinə yoluxdu. 16 yaşı olanda müdirəsi Luziaya demişdi ki, «Allah səni ifliclə cəzalandırıb, çünki ananın sözünə baxmırsan, onu saymırsan». İllər keçsə də, Luzia bu sözlərin onu necə yaraladığını hələ də unuda bilmir.

DAMARİS BEYİN XƏRÇƏNGİ OLDUĞUNU ÖYRƏNƏNDƏ atası ondan soruşur: «Nə etmisən ki, bu, sənin başına gəlib? Yəqin nəsə pis bir iş görmüsən, ona görə Allah səni cəzalandırır». Atasının bu sözləri Damarisi bərk sarsıtmışdı.

Xəstəliklərin Allahın cəzası olduğu fikri artıq min illərdir ki mövcuddur. Bir kitaba əsasən, İsa peyğəmbərin dövründə çoxları inanırdı ki, «xəstəlik ya xəstə insanın özünün, ya da qohumlarının törətdiyi günaha görə göndərilən cəzadır» («Manners and Customs of Bible Lands»). Orta əsrlərdə də «bəzi insanlar düşünürdü ki, Allah onların günahlarına görə ölümcül xəstəliklər göndərir» («Medieval Medicine and the Plague»). Bu o deməkdirmi ki, XIV əsrdə Avropada milyonlarla insanın ölümünə səbəb olan vəba xəstəliyi Allahın pis insanlara çıxardığı hökmdür? Yoxsa tibb tədqiqatçılarının qənaətə gəldiyi kimi sadəcə bakterial infeksiyanın nəticəsidir? Ola bilsin, bəzilərində sual yaranır: «Doğrudanmı, Allah insanlara günahlarının cəzasını çəkdirmək üçün xəstəlik göndərir?» *

DÜŞÜNÜN: Xəstəlik və əzab-əziyyət Allahın cəzası olsaydı, onda nəyə görə İsa peyğəmbər xəstələrə şəfa verirdi? Məgər bu, Allahın haqq-ədalətinə qarşı çıxmağa bərabər olmazdı?! (Mətta 4:23, 24). İsa peyğəmbər qətiyyən Allahın işlərinə zidd davranmırdı. O demişdi: «Mən həmişə Onun bəyəndiyi işləri görürəm» və «hər şeyi Atamın mənə buyurduğu kimi edirəm» (Yəhya 8:29; 14:31).

Müqəddəs Kitabda deyilir ki, Yehova «nahaq iş görməyən» Allahdır (Qanunun təkrarı 32:4). Allah heç vaxt təyyarədə olan bir insanı cəzalandırmaq üçün yüzlərlə günahsız insanın ölümünə səbəb olan qəzaya yol verməz. Haqq-Taalanın ədalətinə şəkk-şübhə etməyən İbrahim peyğəmbər Allaha demişdi: «Ola bilməz ki, Sən... saleh adamı şər adamla bir yerdə məhv edəsən». Onu da demişdi ki, «bu mümkün deyil» (Yaradılış 18:23, 25). Müqəddəs Kitabın başqa bir yerində isə deyilir: «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10—12).

MÜQƏDDƏS KİTAB NƏ DEYİR?

Çəkdiyimiz əzablar hansısa günahımıza görə aldığımız ilahi cəza deyil. İsa peyğəmbər bu məsələyə aydınlıq gətirmişdi. Bir dəfə o və şagirdləri anadangəlmə kor adama rast gələndə şagirdləri ondan soruşmuşdular: «Rabbi, bu adam niyə kor doğulub? Bu, onun öz günahına görədir, yoxsa valideynlərinin?» İsa peyğəmbər belə cavab vermişdi: «Nə öz günahına görədir, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, onun bu halında insanlar Allahın işlərinin şahidi olsunlar» (Yəhya 9:1—3).

İnsanlar arasında geniş yayılmış yanlış təsəvvürləri nəzərə alsaq, çox yəqin ki, İsa peyğəmbər şagirdlərinə bu sözləri deyəndə onlar təəccüblənmişdilər. İsa təkcə kor adamın gözlərini açmadı, həm də bu möcüzə ilə insanlar arasında yayılmış yanlış fikri, «əzablar Allahın cəzasıdır» fikrini alt-üst etdi (Yəhya 9:6, 7). Əzabların Allahdan olmadığını bilmək bu gün ciddi xəstəlikdən əziyyət çəkən insanlara qəlb rahatlığı verə bilər.

Əgər Allah insanları pis əməllərinə görə cəzalandırırdısa, onda nəyə görə İsa peyğəmbər onlara şəfa verirdi?

Müqəddəs Kitabdan seçilmiş ayələr

  • «Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (YAQUB 1:13). Əsrlərdir bəşəriyyəti öz ağuşuna alan bəlalar, xəstəlik, ağrı-acı, ölüm tezliklə yer üzündən yox ediləcək.

  • İsa peyğəmbər «bütün xəstələri sağaltdı» (MƏTTA 8:16). İsa peyğəmbər ondan şəfa diləyən hər kəsi sağaltmaqla göstərdi ki, Allahın Padşahlığı bütün dünyada hansı işləri həyata keçirəcək.

  • «O, [Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (VƏHY 21:3—5).

ƏZABLAR KİMDƏNDİR?

Bəs onda insanlar niyə bu qədər ağrı-acı çəkir? Əsrlərdir insanları bu sual narahat edir. Əzablar Allahdan deyilsə, bəs kimdəndir? Bu suallara növbəti məqalədə cavab tapa bilərsiniz.

^ abz. 4 Düzdür, keçmiş dövrlərdə Allah müəyyən günahlara görə insanları cəzalandırırdı. Amma Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Yehova bu gün günahlarının cəzası olaraq insanları xəstəlik və bədbəxtliklərə düçar edir.