Kontentə keç

Mündəricatı göstər

OXUCULARIMIZ SORUŞUR...

Milad bayramını qeyd etmək düzgündür?

Milad bayramını qeyd etmək düzgündür?

Bütün dünyada milyonlarla insan Milad bayramını İsa Məsihin doğum günü olaraq qeyd edir. Görəsən, Məsihin birinci əsrdə yaşayan davamçıları Milad bayramını qeyd edirdilər? Bəs Müqəddəs Kitabda doğum günləri ilə bağlı nə deyilir? Bu sualların cavabı bizə Milad bayramını qeyd etməyin düzgün olub-olmadığını anlamağa kömək edəcək.

İlk növbədə, Müqəddəs Kitabda İsa Məsihin, yaxud başqa bir mömin insanın doğum gününü qeyd etməsi barədə heç nə yazılmayıb. Orada cəmi iki nəfərin ad günü barəsində söz açılır. Onların heç biri Yehova Allaha ibadət etmirdi və hər iki şənlik mənfi hadisələrlə yadda qalıb (Yaradılış 40:20; Mark 6:21). Bir ensiklopediyaya əsasən, İsa Məsihin ilk davamçıları «bütpərəstlərin doğum gününü qeyd etmək ənənəsini» qəbul etmirdilər («Encyclopædia Britannica»).

İsa Məsih hansı tarixdə anadan olub?

Müqəddəs Kitabda İsa Məsihin dəqiq doğum tarixi yazılmayıb. Mak-Klintok və Stronqun ensiklopediyasında deyilir ki, «İsa Məsihin hansı gün doğulduğunu nə İncilə, nə də başqa bir mənbəyə əsasən təyin etmək mümkün deyil». Məsih doğum gününün qeyd olunmasını istəsə idi, sözsüz ki, həmin tarixi davamçılarına bildirərdi.

Bundan əlavə, Müqəddəs Kitabın heç bir yerində İsa Məsihin, yaxud davamçılarının Milad bayramını keçirdiyi deyilmir. «Yeni katolik ensiklopediyası»nda yazılıb ki, Miladın qeyd olunmasına ilk dəfə «“Filokalusun xronoqrafı”nda, eramızın 336-cı ilinə aid olan Roma təqvimində» rast gəlinir. Aydındır ki, bu, Müqəddəs Kitabın tamamlanmasından və İsa Məsihin yer üzündə yaşamasından əsrlər sonra baş verib. Mak-Klintok və Stronqun qeydlərinə əsasən, «Milad nə Allahın təsis etdiyi bayramdır, nə də kökü İncilə dayanır» *.

İsa Məsih davamçılarına hansı mərasimi qeyd etməyi buyurmuşdu?

Dahi müəllim İsa Məsih davamçılarının nə etməli olduqlarına dair aydın göstərişlər verirdi və bunlar Müqəddəs Kitabda qələmə alınıb. Lakin Milad bayramını qeyd etmək bu göstərişlərin heç birinə daxil deyildi. Müəllim şagirdlərinin onun göstərişlərinə tabe olmasını istədiyi kimi, İsa Məsih də davamçılarının Müqəddəs Kitabda yazılanlardan kənara çıxmamasını istəyirdi (1 Korinflilərə 4:6).

İsa Məsihin ilk davamçıları vacib bir mərasimi qeyd edirdilər. Bu onun ölümünü anma mərasimi idi. Mərasimin nə vaxt və necə qeyd olunması ilə bağlı Məsih şəxsən özü göstəriş vermişdi. Onun verdiyi konkret göstərişlər, həmçinin dəqiq ölüm tarixi Müqəddəs Kitabda qələmə alınıb (Luka 22:19; 1 Korinflilərə 11:25).

Gördüyümüz kimi, Milad Məsihin doğum gününün qeyd olunması bayramıdır. İsanın ilk davamçıları isə bütpərəstlərin bu ənənəsini qeyd etmirdi. Həmçinin vurğulandığı kimi, Müqəddəs Kitabın heç bir yerində İsa Məsihin, yaxud başqa birinin Milad bayramını keçirdiyi yazılmayıb. Odur ki, Allahın bütün dünyada milyonlarla xidmətçisi bu faktları nəzərə alaraq Miladı qeyd etməyi düzgün hesab etmir.

^ abz. 6 Milad bayramının adət-ənənələrinin mənşəyi ilə bağlı əlavə məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2014-cü il 1 dekabr sayında dərc olunan «Oxucularımız soruşur... Milad bayramı haqqında nələri bilirsiniz?» adlı məqaləyə (rus.) baxın. Məqaləni həmçinin www.pr418.com saytından oxuya bilərsiniz.