Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Bütün sıxıntılarımda təsəlli aldım

Bütün sıxıntılarımda təsəlli aldım

Hind çayının qərb sahilində, indiki Pakistan ərazisində qədim Suqqur şəhəri yerləşir. Mən 1929-cu il, 9 noyabr tarixində həmin şəhərdə dünyaya gəlmişəm. Həmin vaxt bir xüsusi təyinatlı müjdəçi valideynlərimə al-əlvan rəngli kitablar vermişdi. Müqəddəs Kitaba əsaslanmış bu kitablar mənim bir Yehovanın Şahidi kimi formalaşmağımda böyük rol oynadı.

HƏMİN kitablar göyqurşağı dəsti adlanırdı. Oradakı şəkillər təsəvvürümdə silinməz izlər qoymuşdu. Onların sayəsində kiçik yaşlarımdan Müqəddəs Kitab biliklərinə marağım yaranmışdı.

İkinci Dünya müharibəsi Hindistanı cənginə alanda həyatım alt-üst olmağa başladı. Valideynlərim əvvəlcə ayrı yaşadı, sonra isə boşandılar. Heç cür başa düşə bilmirdim ki, sevdiyim bu iki insan niyə ayrılıb. Özümü mənəvi cəhətdən çökmüş, atılmış hiss edirdim. Evin tək uşağı idim, ehtiyac duyduğum təsəllini verən, dəstək olan yox idi.

Anamla mən Kəraçi şəhərində yaşayırdıq. Bir gün Yehovanın Şahidi olan Fred Hordeyker adlı yaşlı həkim qapımızı döydü. O, bizə kitablar verən həmin xüsusi təyinatlı müjdəçiylə eyni dinə mənsub idi. Fred Hordeyker anama Müqəddəs Kitabı araşdırmağı təklif etdi. Anam istəmədi, amma ona dedi ki, bu, mənə maraqlı gələ bilər. Növbəti həftədən dərs keçməyə başladıq.

Bir neçə həftədən sonra mən Fred qardaşın klinikasında keçirilən ibadət görüşlərinə qatıldım. Orada təxminən 12 nəfər ahıl yaşlı Yehovanın Şahidi toplaşırdı. Onlar mənə öz balaları kimi yanaşır, qayğı göstərir və ürək-dirək verirdilər. Aşağı əyilib gözlərimə baxaraq, əsl dost kimi mənimlə söhbət etmələrini heç vaxt unutmaram. Həmin vaxt ən çox ehtiyac duyduğum da bu idi.

Bir müddətdən sonra Fred qardaş məni təbliğ xidmətinə dəvət etdi. O, mənə patefonda Müqəddəs Kitaba əsaslanan qısa nitqləri qoşmağı öyrətdi. Nitqlərin bəziləri sərt olduğu üçün bəzi ev sakinlərinin xoşuna gəlmirdi. Amma mən təbliğ etməkdən zövq alırdım. Müqəddəs Kitab həqiqətləri qəlbimi riqqətə gətirirdi və mən onu başqaları ilə bölüşməyi sevirdim.

Yaponiya ordusu Hindistanı zəbt etməyə hazırlaşanda Britaniya hökuməti Yehovanın Şahidlərinə daha çox təqib göstərməyə başladı. 1943-cü ilin iyul ayında mən də bu təqiblərin qurbanı oldum. Anqlikan keşişi olan direktorumuz anama Yehovanın Şahidləri ilə münasibətlərimin şagirdlərə pis nümunə olduğunu deyərək məni məktəbdən qovdu. Anam qorxdu və mənə Yehovanın Şahidləri ilə əlaqə saxlamağı qadağan etdi. Bir müddətdən sonra məni atamın yanına, 1370 kilometr aralıda yerləşən Pişəvərə göndərdi. Ruhani qidadan və bacı-qardaşlardan uzaq düşməyim məni zəiflətdi.

RUHANİ MÜALİCƏ ALDIM

1947-ci ildə iş axtarmaq üçün Kəraçiyə qayıtdım. Orada olanda Fred qardaşın klinikasına getdim. O, məni çox mehriban və səmimi qarşıladı. Qardaş sağlamlığımla bağlı gəldiyimi zənn edib soruşdu:

— Haran ağrıyır?

— Həkim, mən fiziki yox, ruhani cəhətdən xəstələnmişəm. Müqəddəs Kitab dərsinə ehtiyacım var, — deyə cavab verdim.

— Nə vaxt başlayaq?

— Mümkündürsə, elə indicə.

Həmin axşam möhtəşəm Müqəddəs Kitab dərsi keçdik. Ruhani cəhətdən möhkəmlənərək evə qayıtdım. Anam Yehovanın Şahidləri ilə əlaqəmi kəsmək üçün əlindən gələni edirdi, amma bu dəfə həyatımı həqiqət üzərində qurmağa qəti qərarlı idim. 1947-ci il avqustun 31-i vəftiz olundum. Çox keçməmiş 17 yaşımda öncül xidmətinə başladım.

SEVİNC DOLU ÖNCÜLLÜK XİDMƏTİ

Mən Britaniyanın keçmiş sərhəd zastavası olan Kvettaya təyin olundum. 1947-ci ildə ölkə Hindistan və Pakistana bölündü *. Bu, camaat arasında dini zorakılığın yayılmasına gətirib çıxardı və ən böyük köçlərdən biri kimi tarixə iz saldı. Təxminən 14 milyon insan ev-eşiyindən didərgin düşdü. Hindistandakı müsəlmanlar Pakistana, Pakistandakı siqhlər və hindular isə Hindistana köçürüldü. Həmin xaos dönəmində mən Kəraçidən Kvettaya gedən qatara mindim. Camaat o qədər çox idi ki, yolun çoxunu qatarın bayır tərəfindən sallaşaraq getmişdim.

1948-ci il, Hindistanda rayon toplantısında

Kvettada xüsusi öncül olan 20 yaşlı Corc Sinqlə tanış oldum. O, mənə dərəli-təpəli olan bu ərazidə dolaşmaq üçün köhnə bir velosiped verdi. Çox vaxt tək təbliğ edirdim. Altı ayın içində artıq 17 nəfərlə Müqəddəs Kitab dərsi keçirdim və onların bəziləri həqiqətə gəldi. Onlardan biri Sadiq Məsi adlı bir zabit idi. O, Corcla mənə bəzi nəşrlərimizi Pakistanın dövlət dili olan urdu dilinə tərcümə etməyə kömək etdi. Bir müddətdən sonra Sadiq təbliğçi oldu.

«Quin Elizabet»in göyərtəsi, Gilad Məktəbinə gedərkən

Bu ərazidə müəyyən müddət təbliğ etdikdən sonra mən Kəraçiyə qayıtdım. Burada Gilad Məktəbini yenicə bitirmiş Henri Finç və Harri Forest adlı xüsusi təyinatlı müjdəçilərlə xidmət etdim. Onlardan nələr-nələr öyrəndim! Bir dəfə Henri qardaşla birgə Pakistanın şimalına təbliğ səyahətinə çıxmışdıq. Hündür dağ silsilələrinin yamacında urdu dilində danışan sadə kəndlilərə rast gəldik. Onlar Müqəddəs Kitab həqiqətlərinə susamışdılar. İki il sonra mən də Gilad Məktəbinə dəvət aldım. Məktəbdən sonra Pakistana qayıtdım və burada vaxtaşırı rayon nəzarətçisi kimi xidmət edirdim. Üç xüsusi təyinatlı müjdəçi ilə birgə Lahor şəhərində yaşayırdım.

RUHANİ DİRÇƏLİŞ

Əfsuslar olsun ki, 1954-cü ildə birgə yaşadığım müjdəçilər arasında qızğın mübahisələr yarandı. Bu səbəbdən filial təyinatları dəyişdirməli oldu. Düşüncəsizlik edib bu mübahisədə tərəf tutduğum üçün töhmət aldım. Yaman pis olmuşdum, təyinatımı yarıtmadığımı düşünürdüm. Kəraçiyə qayıtdım, oradan isə Londona (İngiltərə) köçdüm. İstəyirdim hər şeyə yenidən başlayım.

Londonda xidmət etdiyim yığıncağın bir çox üzvü beytelli idi. Filial xidmətçisi olan Prays Hyuz qardaş mənə qayğı göstərdi. Bir dəfə o, mənə ümumdünya təbliğ işinə nəzarət etmiş Cozef Ruterford qardaşın ona necə qulaqburması verməsindən danışdı. Həmin vaxt Prays qardaş özünə bəraət qazandırmağa çalışdığı üçün Ruterford qardaş onu danlayıbmış. Prays qardaşın bütün bunları necə təbəssümlə danışması məni təəccübləndirmişdi. Qardaş baş verənlərə görə əvvəl-əvvəl dilxor olsa da, sonradan məzəmmətin yerində olduğunu və bunun Yehovanın məhəbbətinin təcəssümü olduğunu dərk etdiyini dedi (İbr. 12:6). Qardaşın sözləri ürəyimə təsir etdi və yenidən Yehovaya sevinclə xidmət etməyimə kömək etdi.

Həmin ərəfələrdə anam Londona köçdü və sonradan Rəhbərlik Şurasının üzvü olan Con Barr qardaşın təklifini qəbul edib Müqəddəs Kitab öyrənməsinə başladı. O, ruhani cəhətdən tez inkişaf etdi və 1957-ci ildə vəftiz olundu. Sonradan öyrəndim ki, atam da ölümündən öncə Yehovanın Şahidləri ilə Müqəddəs Kitab öyrənirmiş.

1958-ci ildə Londonda yaşayan Lene adlı danimarkalı dindaşımla ailə qurdum. Növbəti il beş övladımızın ilki, Ceyn dünyaya gəldi. Mən həmçinin Fulham yığıncağında üstünlüklər əldə etdim. Lenenin səhhəti zəif olduğu üçün bir müddət sonra iqlimi isti olan əraziyə köçmək lazım gəldi və beləcə, 1967-ci ildə Avstraliyanın Adelaida şəhərinə köçdük.

FACİƏ

Adelaidadakı yığıncağımızda ahıl yaşlı 12 məsholunmuş qardaş var idi. Onlar təbliğ xidmətində fəal iştirak edirdilər. Biz ruhani fəaliyyətə tez qaynayıb-qarışdıq.

1979-cu ildə bizim beşinci övladımız, Daniel dünyaya gəldi. O, Daun sindromu ilə doğulmuşdu * və çox yaşayacağına ümid yox idi. Günü bu gün də mənə bu haqda danışmaq olduqca çətindir. Onun qayğısına qalmaq üçün bütün gücümüzü səfərbər etmişdik, üstəlik digər dörd övladımızı da diqqətdən kənar qoymamağa çalışırdıq. Ürəyində iki dəlik olduğu üçün bəzən Daniel oksigen çatışmazlığından gömgöy olurdu və tez onu xəstəxanaya aparırdıq. Səhhətinin pis olmasına baxmayaraq, oğlumuz çox zəkalı və istiqanlı idi. O həmçinin Yehovanı çox sevirdi. Yeməkdən əvvəl ailəlikcə dua edən zaman Daniel balaca əllərini bir-birinə sıxır, başını aşağı əyir və ürəkdən «Amin!» deyirdi. Yeməyini yalnız bundan sonra yeyirdi.

Dörd yaşı olanda Danieldə kəskin leykemiya yarandı. Leneylə mən fiziki və mənəvi cəhətdən tükənmişdik. Əsəblərim tarıma çəkilmişdi. Bir gün tamamilə pərişan halda olanda rayon nəzarətçimiz Nevi Bromvic bizə gəldi. Həmin gecə o, gözündən yaş süzülə-süzülə bizi bağrına basdı. Hamımız göz yaşına qərq olmuşduq. Qardaş məhəbbəti və təsəlli sözləri ilə qəlbimizi ovutdu. O, ertəsi gün saat bir radələrində getdi. Çox keçməmiş Danieli itirdik. Onun ölümü həyatımızın ən ağır faciəsi oldu. Bununla belə, kədərimizə üstün gələ bildik. Çünki əminik ki, heç nə, hətta ölüm belə, Danieli Yehovanın məhəbbətindən ayıra bilməz (Rom. 8:38, 39). Onun yeni dünyada diriləcəyi günü həsrətlə gözləyirik! (Yəh. 5:28, 29).

BAŞQALARINA KÖMƏK ETMƏYİN SEVİNCİ

İki dəfə güclü insult keçirməyimə baxmayaraq, hələ də yığıncaqda ağsaqqal kimi xidmət edirəm. Həyatda yaşadıqlarım başqalarına, xüsusilə də, çətinliklərlə üzləşən insanlara qarşı daha şəfqətli və mərhəmətli olmağı öyrətdi. Çalışıram heç kəsi mühakimə etməyim, əksinə, özümdən soruşuram: «Onların düşüncə və hisslərinin formalaşmasında yaşadıqlarının hansı təsiri olub? Onları düşündüyümü necə göstərə bilərəm? Onları Yehovanın istədiyi kimi davranmağa necə təşviq edə bilərəm?» Yığıncağımızdakı bacı-qardaşları ziyarət etməyi çox sevirəm. Başqalarına təsəlli verib, ruhani cəhətdən təravət verəndə özüm də təsəlli tapır və ruhlanıram.

Bacı-qardaşları ziyarət etməkdən zövq alıram

«Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» deyə Yehovaya dua edən məzmurçunun hissləri mənə çox tanışdır (Zəb. 94:19). Yehova mənə ailəmdəki çətinliklər, dini qarşıdurma, keçirdiyim ruh düşkünlüyü və depressiya zamanı dayaq olub. O, mənə əsl Ata kimi qayğı göstərib!

^ abz. 19 O vaxt Pakistan Qərbi Pakistan (indi Pakistan) və Cənubi Pakistandan (indi Banqladeş) ibarət idi.

^ abz. 29 «Oyanın!» jurnalının 2011-ci il iyun sayında dərc olunmuş «Daun sindromlu uşaq böyütmək. Çəkilən əziyyət və gətirdiyi mükafat» (rus) adlı məqaləyə baxa bilərsiniz.