Kontentə keç

Mündəricatı göstər

O, Allahın rəğbətini qazana bilərdi

O, Allahın rəğbətini qazana bilərdi

YEHOVAYA xidmət edən bizlər sözsüz ki, Onun rəğbətini qazanmaq istəyirik. Bəs Allah kimdən razı qalır və kimə nemətlər bəxş edir? Qədimdə bəziləri hətta ciddi günahlar işləsələr də, sonradan Allahın razılığını qazana bilmişdilər. Gözəl keyfiyyətləri olan digər insanlar isə sonradan Allahın rəğbətini itirmişdilər. Buna görə də hər birimiz bu sualın üzərində düşünməliyik: «Yehova bizlərdə hansı xüsusiyyəti görmək istəyir?» Yəhuda padşahı Rəhabamın nümunəsi bu suala cavab tapmaqda kömək edəcək.

UĞURSUZ BAŞLANĞIC

Rəhabam İsraildə 40 il hakimiyyət sürmüş Süleyman peyğəmbərin oğlu idi (1 Pad. 11:42). Süleyman peyğəmbər e. ə. 997-ci ildə vəfat edir. Oğlu Rəhabam padşah olmaq üçün Yerusəlimdən şimala, Sihama yollanır (2 Saln. 10:1). Görəsən, o, padşah olmağa tərəddüd etmirdi ki? Axı ondan əvvəl xalqı idarə edən atası qeyri-adi hikmət sahibi kimi tanınırdı. Rəhabam tezliklə çətin problemləri həll etmək üçün kifayət qədər hikmətinin olub-olmadığını sübut etməli olacaqdı.

Rəhabam görür ki, İsraildə vəziyyət gərgindir. Xalqın nümayəndələri onun yanına gəlib öz narahatçılıqlarını bildirərək deyir: «Atan boynumuza ağır boyunduruq qoymuşdu. Əgər atanın bizə yüklədiyi ağır işi, ağır boyunduruğu yüngülləşdirsən, sənə qulluq edərik» (2 Saln. 10:3, 4).

Rəhabam iki daş arasında qalır. Əgər xalqın istəyini yerinə yetirsə, özü də, ailəsi də, ətrafındakı insanlar da öyrəşdikləri dəmdəsgahlı yaşayışlarını müəyyən dərəcədə itirəcək. Yox əgər xalqın xahişini rədd etsə, xalq ona qarşı qalxa bilər. Bəs o, nə edir? Yeni padşah ilk növbədə bir vaxtlar atası Süleymana xidmət etmiş ağsaqqallarla məsləhətləşir. Lakin sonra gedib həmyaşıdlarından məsləhət alır. Rəhabam həmyaşıdlarının dediklərinə qulaq asıb xalqla sərt rəftar etmək qərarına gəlir. O, xalqa deyir: «Mən boyunduruğunuzu daha da ağırlaşdıracağam. Atam sizi qamçı ilə cəzalandırırdı, mən isə sizi bizli qamçı ilə cəzalandıracağam» (2 Saln. 10:6—14).

Rəhabamın hərəkəti bizim üçün ibrətdir. Yaxşı olar ki, ruhani cəhətdən yetkin, yaşlı insanlara qulaq asaq. Onlar öz təcrübələrindən irəli gələrək qərarlarımızın nə ilə nəticələnəcəyini təxmin edə və bizə yaxşı məsləhət verə bilərlər (Əyy. 12:12).

«ONLAR YEHOVANIN SÖZÜNƏ QULAQ ASDILAR»

Rəhabam üsyana qalxan xalqa cavab olaraq öz ordusunu toplayır. Amma Yehova Şəmay peyğəmbər vasitəsilə məsələyə müdaxilə edərək deyir: «Qardaşlarınız israillilərlə müharibə etməyin. Qoy hər kəs öz evinə qayıtsın, çünki bu iş Məndən olub» (1 Pad. 12:21—24). *

Rəhabama Yehovanın sözünə qulaq asmaq asan oldu? Camaat yeni padşah barədə nə düşünərdi? Axı o, xalqa demişdi ki, onları «qamçı ilə» cəzalandıracaq, amma indi o, bu üsyankar xalqa heç bir cəza verməməli idi. (2 Salnamələr 13:7 ayəsi ilə müqayisə edin.) Buna baxmayaraq, padşah və ordusu Yehovanın sözünə qulaq asıb, Onun buyurduğu kimi öz evlərinə qayıdır.

Bu hadisədən biz hansı dərsi götürürük? Allahın dediyinə itaət etmək ən müdrik hərəkətdir, hətta bəziləri buna görə bizi ələ salsalar da. Allaha itaət etməklə Onun razılığını qazana və bəxş etdiyi nemətləri dada bilərik (Qan. 28:2).

Bəs Rəhabamın aqibəti necə oldu? Hücum etmək planından daşınan Rəhabam diqqətini padşahlıq etdiyi Yəhuda və Binyamin ərazisində yeni şəhərlər salmağa yönəldir. Müqəddəs Kitabda yazılıb ki, o, «şəhərlərin mühafizəsini əməlli-başlı gücləndirdi» (2 Saln. 11:5—12). Ən əsası isə müəyyən müddət ərzində Yehovanın qanunlarına riayət etdi. Ərubamın hakimiyyəti altında olan İsrailin onqəbiləli padşahlığı bütpərəstliklə məşğul olduğu bir vaxtda çoxları həqiqi ibadəti dəstəkləmək üçün Yerusəlimə gəlib «Rəhabamın tərəfində oldular» (2 Saln. 11:16, 17). Beləcə, Rəhabam itaətkarlığı sayəsində padşahlığını möhkəmləndirdi.

GÜNAH VƏ TÖVBƏ

Hakimiyyəti güclənəndə Rəhabam ağlasığmaz bir şey edir. O, Yehovanın qanununu rədd edib bütpərəstliyə qurşanır! Səbəb nə idi? Onun anası israilli yox, əmuni idi (1 Pad. 14:21). Bəlkə Rəhabam anasının təsirinə düşmüşdü? Hər necə olsa da, xalq Rəhabamın pis nümunəsini izləyərək onun yolu ilə gedir. Buna görə də Yehova Misir padşahı Şişaqa Yəhuda şəhərlərinin çoxunu zəbt etməyə izin verir. Baxmayaraq ki, Rəhabam bu şəhərləri möhkəmləndirmişdi, onlar Şişaqın hücumuna tab gətirə bilmir (1 Pad. 14:22—24; 2 Saln. 12:1—4).

Şişaq Rəhabamın hakimiyyət sürdüyü Yerusəlimə çatanda vəziyyət daha da pisləşir. Bu zaman Şəmay peyğəmbər Rəhabam və onun əmirlərinə Allahdan gələn xəbəri çatdırır: «Siz Məni tərk etdiniz, buna görə sizi Şişaqa təslim edirəm». Rəhabam buna necə yanaşır? Müqəddəs Kitabda yazılıb: «Onda İsrail əmirləri və padşah Allaha boyun əyib dedilər: “Yehova haqdır”». Beləcə, Yehova Rəhabamı və Yerusəlimi məhv olmaqdan qurtarır (2 Saln. 12:5—7, 12).

Bu hadisədən sonra Rəhabam cənub padşahlığı üzərində hakimiyyət sürməyə davam edir. Rəhabam özündən sonra oğlu Əbiyyanı padşah qoymaq istəyirdi. Digər oğullarının sonradan Əbiyyaya qarşı çıxmaması üçün onlara səxavətlə hədiyyələr paylayır (2 Saln. 11:21—23). Beləcə, o, hakimiyyətinin ilk illərindən fərqli olaraq hikmətli davranır.

RƏHABAM YAXŞI İNSAN İDİ, YOXA PİS?

Bununla belə, Rəhabam Allahın rəğbətini qazana bilmir. Nə üçün? Müqəddəs Kitabda deyilir: «Rəhabam pis işlər görürdü, çünki ürəyində Yehovanı axtarmağı qət etməmişdi» (2 Saln. 12:14).

Ulu Babası Davuddan fərqli olaraq, Rəhabam Yehova ilə sıx münasibət qura bilmədi

Rəhabamın həyatından nə öyrənirik? O, bəzən Yehovaya itaət edirdi və Yehovanın xalqı üçün bəzi yaxşı işlər görürdü. Lakin Rəhabam Yehovayla dostluq münasibətlərini möhkəmləndirmədi, Onu razı salmaq arzusunu gücləndirmədi. Nəticədə, o, pis əməllərlə məşğul oldu və bütpərəstliyə qurşandı. Sizdə belə bir sual yarana bilər: «Rəhabam Allahdan gələn düzəlişi qəbul edəndə bunu peşman olduğu, Yehovanın razılığını qazanmaq istədiyi üçün etdi, yoxsa başqalarının sözünə görə?» (2 Saln. 11:3, 4; 12:6). Allahın Kəlamından görürük ki, sonrakı illərdə o, yenə də pis işlər görməyə başlamışdı. Rəhabam babası padşah Davuddan nə qədər fərqlənirdi! Düzdür, Davud da səhvlər etmişdi. Lakin o, etdiyi səhvlərə görə səmimi tövbə etmiş, həyatı boyu Allahı sevmiş və həqiqi ibadətlə məşğul olmuşdu (1 Pad. 14:8; Zəb. 51:1, 17; 63:1).

Rəhabamın həyatından çox şey öyrənə bilərik. Düzdür, ailəni təmin etmək, Yehovaya çalışqanlıqla xidmət etmək tərifəlayiqdir. Lakin bu kifayət deyil. Əgər biz Allahımızın rəğbətini qazanmaq istəyiriksə, ilk növbədə həqiqi ibadəti hər şeydən üstün tutmalı və bu yoldan ayrılmamalıyıq.

Bu məqsədə çatmaq üçün biz Yehovanı dərin məhəbbətlə sevməliyik. Ocağın sönməməsi üçün odun atmaq lazım gəldiyi kimi, Allaha olan məhəbbətin qəlbimizdə daim alovlanması üçün Müqəddəs Kitabı müntəzəm mütaliə etməli, oxuduqlarımızdan nəticə çıxarmalı və daima dua etməliyik (Zəb. 1:2; Rom. 12:12). Beləcə, Yehovaya olan məhəbbətimiz gördüyümüz hər işdə Onu razı salmağa, səhvə yol verəndə isə ürəkdən tövbə etməyə təşviq edəcək. Nəticədə, biz Rəhabamdan fərqli olaraq, həqiqi ibadətdə möhkəm qalacağıq (Yhd. 20, 21).

^ abz. 9 Yehova Süleymanın sədaqətsizliyi ucbatından padşahlığın bölünəcəyini əvvəlcədən demişdi (1 Pad. 11:31).