Kontentə keç

Mündəricatı göstər

«Mənim Padşahlığım bu dünyadan deyil»

«Mənim Padşahlığım bu dünyadan deyil»

«Mən həqiqətə şəhadət etmək üçün doğulmuşam və bu dünyaya gəlmişəm» (YƏH. 18:37).

NƏĞMƏ: 15, 74

1, 2. a) Dünyadakı parçalanmanın get-gedə çoxalmasına səbəb nədir? b) Bu məqalədə hansı sualların cavabını tapacağıq?

«UŞAQ yaşlarımdan ancaq ədalətsizlik görmüşəm. Ona görə də yaşadığım ölkədəki siyasi sistemi rədd edir, radikal fikirləri dəstəkləyirdim. Hətta uzun illər bir terrorist oğlanla görüşmüşəm». Bu sözləri Cənubi Avropada yaşayan bir bacımız demişdi. Cənubi Afrikada yaşayan bir qardaş da əvvəllər zorakılığa haqq qazandırırdı. O deyir: «Mən mənsub olduğum qəbiləni bütün qəbilələrdən üstün sayırdım və siyasi partiyaya qoşulmuşdum. Bizə aşılayırdılar ki, rəqiblərimizi nizə ilə öldürək, hətta bizim qəbilədən olub başqa partiyanı dəstəkləyənləri də». Mərkəzi Avropada yaşayan bir bacı qeyd edir: «Mən insanlara qərəzli münasibət bəsləyirdim. Başqa millətdən və ya başqa dindən olan insanlara nifrət edirdim».

2 Bu üç nəfərin düşüncə tərzi bu gün dünyada getdikcə artan tendensiyanı əks etdirir. Müstəqillik hərəkatlarının törətdiyi zorakılıq «çiçəklənir», siyasi çəkişmələr getdikcə şiddətlənir və bir çox ölkələrdə əcnəbilər ədavətlə üzləşir. Doğrudan da, Müqəddəs Kitabda öncədən deyildiyi kimi, axırzamanda insanlar «barışmaz» olublar (2 Tim. 3:1, 3). Dünyada parçalanmanın get-gedə artdığı bir zamanda məsihilər aralarındakı birliyi necə qoruya bilər? İsa Məsihin yaşadığı ərazidə tüğyan edən siyasi çaxnaşmaya necə münasibət bəsləməsindən çox şey öyrənə bilərik. Gəlin üç suala diqqət yetirək: Nə üçün İsa Məsih separatçı hərəkatları dəstəkləmirdi? O, Allahın xidmətçilərinin siyasi məsələlərdə tərəf tutmamalı olduqlarını necə göstərdi? İsa davamçılarının heç bir vəchlə zorakılığa əl atmamalı olduğunu necə başa saldı?

İSA MƏSİHİN MÜSTƏQİLLİK HƏRƏKATLARINA MÜNASİBƏTİ

3, 4. a) İsa Məsihin dövründə yəhudilərin hansı siyasi ümidi var idi? b) Bu düşüncə Məsihin şagirdlərinə necə təsir etmişdi?

3 İsa Məsihin təbliğ etdiyi yəhudilərin çoxu Romanın əsarətindən azad olmaq arzusunda idilər. Yəhudi zilotları, yəni milliyyətçilər insanlar arasında bu istəyi alovlandırırdı. Bu qiyamçıların çoxu cəliləli Yəhudanın ardınca gedirdi. Yəhuda özünü «məsih» adlandırmaqla birinci əsrdə çoxlarını aldada bilmişdi. Yəhudi tarixçisi İosif qeyd edir ki, Yəhuda «həmyerlilərini romalılara qarşı üsyana təhrik edir, romalılara xərac verdikləri üçün qorxaq adlandırırdı». Axırda romalılar Yəhudanı edam etdilər (Həv. 5:37). Zilotların bəziləri öz məqsədlərinə nail olmaq üçün, hətta zorakılığa da əl atmışdılar.

4 Yəhudilərin əksəriyyəti Məsihin gəlişini həsrətlə gözləyirdi. Onlar vəd olunmuş Məsihin gəlib onları Roma imperiyasının boyunduruğundan azad edəcəyinə və onları şərəfə yüksəldəcəyinə ümid edirdilər (Luka 2:38; 3:15). Çoxları Məsihin İsraildə padşah olacağına inanırdı. Beləcə, vətənindən didərgin düşmüş milyonlarla yəhudi öz doğma torpağına qayıdacaqdı. Hətta Vəftizçi Yəhya İsadan soruşmuşdu: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?» (Mət. 11:2, 3). Ola bilsin, Yəhya yəhudilərin ümidlərini doğruldacaq başqa birinin gəlib-gəlməyəcəyini bilmək istəyirdi. Məsih diriləndən sonra İmmasa gedən yolda iki şagirdinə görünən zaman onlar da Məsihlə bağlı ümidlərinin doğrulmadığından danışırdı. (Luka 24:21 ayəsini oxuyun.) Bundan az sonra Məsihin həvariləri ondan soruşmuşdu: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?» (Həv. 1:6).

5. a) Nə üçün cəliləlilər İsanın padşah olmasını istəyirdi? b) İsa onların düşüncəsinə necə düzəliş etdi?

5 Şübhəsiz, Cəlilə camaatı Məsihə bağladıqları ümiddən dolayı onun padşah olmasını istəyirdi. Onlar Məsihin yaxşı padşah olacağını düşünürdülər, axı onun necə gözəl natiq olduğunu, xəstələri sağaltdığını, hətta acları yedizdirdiyini görmüşdülər. O, 5000 kişiyə yemək verəndə hamını heyrət bürümüşdü. İsanın onların niyyətindən xəbəri var idi və «bilirdi ki, onlar onu zorla padşah etmək üçün gələcəklər». Buna görə də o, tək-tənha dağa qalxır (Yəh. 6:10—15). Növbəti gün Cəlilə dənizinin o biri tayında camaat nisbətən sakitləşmişdi. İsa izdihama yer üzünə gəlişinin əsas məqsədinin maddi yox, ruhani nemətlər bəxş etmək olduğunu izah edərək demişdi: «Xarab olub gedən qida üçün əlləşməyin, əbədi həyat gətirən və daim qalan qidadan ötrü çalışın» (Yəh. 6:25—27).

6. İsa Məsih yer üzündə siyasi səlahiyyət sahibi olmaq istəmədiyini necə izah etdi? (Məqalənin əvvəlindəki 1-ci şəklə baxın.)

6 Ölümündən qısa müddət əvvəl İsa Məsih gördü ki, davamçılarından bəziləri onun Yerusəlimdə padşah olacağını zənn edir. Onların düşüncəsinə düzəliş etmək üçün on mina haqqında məsəl çəkdi. Bu məsəldən aydın olmuşdu ki, «kübar ailədən olan bir adam», yəni İsa Məsih uzun müddətlik gedəcək (Luka 19:11—13, 15). Məsih bitərəf mövqe tutduğunu Roma məmurlarına da bildirmişdi. Ponti Pilat İsadan soruşmuşdu: «Sən yəhudilərin padşahısan?» (Yəh. 18:33). Ola bilsin, o qorxurdu ki, İsa xalqı romalılara qarşı üsyana qaldırar. Amma İsa belə cavab vermişdi: «Mənim Padşahlığım buradan deyil» (Yəh. 18:36). Məsih siyasətə qarışmırdı, çünki onun Padşahlığı göydə olacaqdı. O, Pilata bildirdi ki, onun yer üzündəki işi «həqiqətə şəhadət etmək»dir. (Yəhya 18:37 ayəsini oxuyun.)

Diqqətiniz dünyadakı problemlərdədir, yoxsa Allahın Padşahlığında? (7-ci abzasa baxın)

7. Nələr müstəqillik hərəkatlarını ürəyimizdə olsa belə, dəstəkləməyimizə təsir edə bilər?

7 Biz də, Məsih kimi tapşırığımızın məğzini dərk ediriksə, hətta ürəyimizdə belə, müstəqillik hərəkatlarını dəstəkləməyəcəyik. Bu, asan olmaya bilər. Bir səyyar nəzarətçi deyir: «Yaşadığımız ərazidəki insanlar gündən-günə radikallaşır. Milliyyətçilik ruhu getdikcə artır və çox adam müstəqilliyin onların güzəranını yaxşılaşdıracağına ümid bəsləyir. Xoşbəxtlikdən, bacı-qardaşlarımız bütün diqqətlərini Padşahlıq haqda xoş xəbərin təbliğinə cəmləməklə aralarındakı məsihi birliyini qoruyub-saxlayırlar. Onlar ədalətsizliklə üzləşəndə və digər problemlərin həllində Allaha bel bağlayırlar».

İSA MƏSİH SİYASİ MƏSƏLƏLƏRDƏ BİTƏRƏF QALDI

8. Birinci əsrdə yəhudilər hansı haqsızlıqla üzləşirdilər?

8 İnsanlar çox vaxt haqsızlıqla üzləşəndə siyasətə qurşanır. İsanın günlərində vergi ödəmək məsələsi siyasi çaxnaşmaya səbəb olmuşdu. Yuxarıda adını çəkdiyimiz cəliləli Yəhudanın Romaya qarşı üsyan etməsinə səbəb elə vergi məsələsi idi. Çünki romalılar insanların vergiləri ödədiyinə əmin olmaq üçün onları qeydiyyata almağa başlamışdı. Üstəlik, vergilərin də sayı az deyildi. İsanı dinləyənlər də daxil, Romanın tabeliyində olan hər kəs məhsula, torpağa, evə görə vergi ödəməli idi. Vergiyığanların pulgirliyi bu vəziyyəti daha da ağırlaşdırırdı. Bəzən onlar vəzifə almaq üçün dövlət nümayəndələrinə pul ödəyir və sonra öz vəzifələrindən istifadə edib çoxlu pul qazanırdı. Məsələn, Ərihada vergiyığanların rəisi olan Zəkkay adlı bir nəfər insanları talamaqla varlanmışdı və təbii ki, bu cür davranan tək o deyildi (Luka 19:2, 8).

9, 10. a) Məsihin düşmənləri onu siyasətə cəlb etmək üçün nələrə əl atmışdılar? b) İsanın verdiyi cavabdan nə öyrənirik? (Məqalənin əvvəlindəki 2-ci şəklə baxın.)

9 Düşmənləri İsanı vergi məsələsində tərəf tutmağa təhrik edirdi. Onlar Məsihə bütün yəhudilərin ödəməli olduğu bir dinar məbləğində olan «can vergisi» barədə sual verirlər. (Mətta 22:16—18 ayələrini oxuyun.) Yəhudiləri ən çox bu vergi növü qıcıqlandırırdı. Çünki bu vergi yəhudilərin Romaya tabe olduqlarını göstərirdi. İsaya bu sualı verən Hirodun ardıcılları düşünmüşdülər ki, İsa verginin əleyhinə olduğunu desə, onu qiyamda ittiham etmək fürsəti yaranacaq. Yox əgər İsa verginin vacib öhdəlik olduğunu desə, o, bütün davamçılarının dəstəyini itirəcək.

10 İsa Məsih vergi məsələsində bitərəfliyini qorumağa çox ciddi yanaşırdı. Ona görə də suala belə cavab verdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mət. 22:21). Sözsüz ki, İsa vergiyığanların arasında rüşvətxorluğun geniş yayıldığını bilirdi. Lakin o, diqqətini əsas məsələdən, bəşəriyyətin problemlərinin real həlli olan Allahın Padşahlığından ayırmaq istəmirdi. Bununla da o, davamçılarına nümunə qoydu. Hansı tərəfin ədalətli, hansının ədalətsiz olmasından asılı olmayaraq İsanın davamçıları siyasi məsələlərə qarışmamalı idilər. Məsihilər diqqətlərini Allahın Padşahlığına və Onun haqq-ədalətinə cəmləyirlər. Buna görə də onlar hansısa siyasi haqsızlıqlara qarşı sərt mövqe tutmur və ya onların əleyhinə danışmırlar (Mət. 6:33).

11. Daxilimizdəki ədalət hissini necə düzgün istiqamətə yönəldə bilərik?

11 Yehovanın Şahidlərindən bir çoxu kəskin siyasi baxışlardan qurtula bilmişlər. Böyük Britaniyada yaşayan bir bacı deyir: «Universitetdə keçilən sosiologiya dərslərindən sonra məndə radikal baxışlar formalaşmışdı. Qaradərili insanların hüquqlarını müdafiə etmək istəyirdim, çünki bizə çoxlu haqsızlıqlar edilmişdi. Həmişə tutarlı arqumentlər gətirib qalib gəlsəm də, daxilimdəki məyusluq hissi keçib getmirdi. Anlamırdım ki, irqi ədavətə gətirib çıxaran səbəblər insanların ürəyindən çıxarılmalıdır. Müqəddəs Kitabı araşdırmağa başlayanda dərk etdim ki, birinci öz ürəyimdən başlamalıyam. Bu işdə mənə ağdərili bir bacı kömək etdi. Hal-hazırda jestdilli yığıncaqda öncül kimi xidmət edirəm və hər cür insanın qəlbinə yol tapmağı öyrənirəm».

«QILINCINI QAYTAR QOY QININA»

12. İsa Məsih şagirdlərinə hansı «maya»dan uzaq durmağı məsləhət görmüşdü?

12 İsa Məsihin yaşadığı dövrdə din siyasətə qarışmışdı. Bir kitabda deyilir ki, «yəhudilərin bölündüyü dini təriqətlər bugünkü siyasi partiyalar adlandırdığımız qurumlara bənzəyirdi» («Daily Life in Palestine at the Time of Christ»). Buna görə də Məsih şagirdlərini xəbərdar etmişdi: «Baxın ha, özünüzü fərisilərin və Hirodun mayasından gözləyin» (Mark 8:15). Burada o, görünür, Hirodun ardıcıllarını nəzərdə tuturdu. Digər qrup isə fərisilər idi, onlar yəhudilərin müstəqil olmasını istəyirdilər. Məttanın yazdığı müjdədən görmək olar ki, İsa Məsih bu zaman saddukilərin də adını çəkir. Saddukilərin çoxu Roma hökumətinin hakimiyyətdə qalmasını dəstəkləyirdi, çünki onlar Romanın kölgəsində siyasi gücə sahib idilər. İsa şagirdlərinə bərk-bərk tapşırmışdı ki, bu üç qrupun mayasından, yəni onların yaydığı təlimdən özlərini qorusunlar (Mət. 16:6, 12). Maraqlısı odur ki, İsa bu sözləri camaat onu padşah seçmək istəyəndən qısa müddət sonra demişdi.

13, 14. a) Siyasi və dini məsələlər zorakılığa və ədalətsizliyə necə gətirib çıxarmışdı? b) Nə üçün haqsızlığa zorakılıqla cavab verməyə bəraət qazandırmaq olmaz? (Məqalənin əvvəlindəki 3-cü şəklə baxın.)

13 Dinin siyasətə qarışması zorakılığa yol açır. İsa Məsih davamçılarına bitərəf qalmağı buyururdu. Elə bu səbəbdən böyük kahinlər və fərisilər İsanı öldürmək istəyirdilər. Bu din xadimləri qorxurdular ki, camaat İsaya qulaq asıb onun ardınca gedəcək və beləcə, onlar öz siyasi və dini nüfuzlarını itirəcəklər. Bunu onların sözlərindən görmək olar: «Onu özbaşına qoysaq, hamı ona inanacaq, onda romalılar gəlib həm məbədimizi, həm də xalqımızı ələ keçirəcəklər» (Yəh. 11:48). Buna görə də baş kahin Qayafa Məsihə qarşı sui-qəsdin hazırlanmasına təşəbbüs göstərmişdi (Yəh. 11:49—53; 18:14).

14 Qayafa gecənin zülmətində əsgərləri İsanı həbs etməyə göndərmişdi. İsanın bu biyabırçı plandan xəbəri var idi, belə ki, həvariləri ilə sonuncu şam yeməyində onlara özləri ilə qılınc götürməyi tapşırmışdı. Həvarilərinə mühüm dərs vermək üçün iki qılınc yetərli idi (Luka 22:36—38). Həmin gecə Butrus İsanı tutmağa gələn izdihamın içindən bir nəfəri qılıncla yaralayır. Sözsüz ki, o, bu haqsızlığa dözməyib bunu etmişdi (Yəh. 18:10). Lakin İsa Butrusa demişdi: «Qılıncını qaytar qoy qınına. Qılınc götürən hər kəs qılıncdan öləcək» (Mət. 26:52, 53). İsanın verdiyi bu vacib dərs onun həbs olunmazdan bir az əvvəl etdiyi dua ilə vəhdət təşkil edirdi — şagirdləri dünyaya məxsus olmamalı idilər. (Yəhya 17:16 ayəsini oxuyun.) Ədalətsizliyi aradan qaldırmaq Yehovanın işi idi.

15, 16. a) Allahın Sözü məsihilərə münaqişələrdən uzaq durmaqda necə kömək edir? b) Yehova bu dünyaya nəzər salanda hansı təzadı müşahidə edir?

15 Yuxarıda haqqında danışdığımız Cənubi Avropadan olan bacı deyir: «Anladım ki, zorakılıq ədalət yaratmır. Zorakılığa əl atanların çoxunun həyatını itirdiyini, digərlərinin zalımlaşdığını gördüm. Müqəddəs Kitabdan ədaləti yalnız Allahın bərqərar edəcəyini öyrənəndə çox sevindim. Artıq 25 ildir ki, bu barədə təbliğ edirəm». Cənubi Afrikadan olan qardaş öz nizəsini «ruhun qılıncı», yəni Allahın Sözü ilə əvəz etdi. O, sülh bəxş edən bu xəbəri hansı qəbilədən olmasına baxmayaraq, hər kəsə təbliğ edir (Efes. 6:17). Cənubi Avropadan olan bacı Yehovanın Şahidi olduqdan sonra bir vaxtlar nifrət etdiyi etnik qrupa mənsub olan dindaşı ilə ailə qurub. Haqqında danışdığımız hər üç nəfər İsa Məsihə bənzəmək istədiyi üçün bu cür dəyişikliklər edib.

16 Həqiqətən də, bu cür dəyişiklik etmək olduqca vacibdir! Müqəddəs Kitabda bəşəriyyət çalxalanan, sakitləşmək bilməyən dəniz kimi təsvir olunur (Əşy. 17:12; 57:20, 21; Vəhy 13:1). Siyasət insanlar arasında ixtilaf, parçalanma yaradır, zorakılığa səbəb olur. Bizim aramızda isə sülh və həmrəylik hökm sürür. Bu parçalanmış dünyada Yehova xalqı arasındakı birliyi görəndə çox şad olur. (Səfənya 3:17 ayəsini oxuyun.)

17. a) Hansı üç sahədə birliyə töhfə verə bilərik? b) Növbəti məqalənin mövzusu nədir?

17 Bu məqalədən gördük ki, biz üç yolla birliyə töhfə verə bilərik: 1) Allahın Padşahlığının ədalətsizliyi aradan qaldıra biləcəyinə inanmaqla, 2) siyasi məsələlərə qarışmamaqla, 3) zorakılığın əleyhinə olmaqla. Amma bəzən qərəz aramızdakı birliyi poza bilər. Növbəti məqalədə görəcəyik ki, birinci əsrdəki məsihilərdən örnək alaraq biz bu çətinliyin öhdəsindən necə gələ bilərik.