Kontentə keç

Mündəricatı göstər

Qoy ilahi qanun və prinsiplər vicdanımıza hakim olsun

Qoy ilahi qanun və prinsiplər vicdanımıza hakim olsun

«Öyüdlərinə fikir verirəm» (ZƏB. 119:99).

NƏĞMƏ: 127, 88

1. İnsanları heyvanlardan üstün edən cəhətlərdən biri hansıdır?

İNSANI heyvandan üstün edən cəhətlərdən biri onun vicdanıdır. Yehova ilk insanı yaradanda ona bu ənamı vermişdi. Adəmlə Həvvanın Yehovanın qanununu pozduqdan sonra gizlənməsi bunu aydın göstərir. Görünür vicdanları onları narahat etmişdi.

2. Hansı mənada vicdanı kompasa bənzətmək olar? (Məqalənin əvvəlindəki şəklə baxın.)

2 Vicdanı zəif tərbiyə olunmuş insanı kompası düzgün işləməyən gəmiyə bənzətmək olar. Belə kompasla səyahətə çıxmaq çox təhlükəlidir. Külək və okeanın axını asanlıqla gəminin istiqamətini dəyişə bilər. Amma düzgün tənzimlənmiş kompas kapitana gəmini düzgün istiqamətdə saxlamağa kömək edir. Eynilə, vicdan, yəni yaxşını pisdən ayırmağa kömək edən bu daxili hiss bizi düzgün istiqamətə yönəldə bilər. Lakin vicdanımızın bizə doğru yol göstərməsi üçün onu dəqiq «tənzimləməliyik».

3. Vicdanı düzgün tərbiyə etməyəndə nə baş verir?

3 Düzgün tərbiyə olunmayan vicdan insanı pis işlər görməkdən çəkindirmir (1 Tim. 4:1, 2). Hətta bu cür vicdan insanı «pisə yaxşı» kimi baxmağa vadar edə bilər (Əşy. 5:20). İsa Məsih davamçılarını xəbərdar etmişdi: «Elə bir vaxt gələcək ki, sizi öldürən hər kəs bu yolla Allaha qulluq etdiyini düşünəcək» (Yəh. 16:2). Şagird Stefanı və digərlərini öldürənlər bu cür düşünürdü (Həv. 6:8, 12; 7:54—60). Maraqlıdır ki, tarix boyu bir çox dindar insan qətl və digər cinayətlər törədərək bunu Allah yolunda etdiyini deyib. Əslində isə onlar bununla Allahın qanunlarına zidd davranıblar! (Çıx. 20:13). Bu insanların vicdanının onları səhv istiqamətə yönəltdiyi gün kimi aydındır!

4. Vicdanımızın hər zaman doğru yolu göstərməsi üçün nə edə bilərik?

4 Necə edə bilərik ki, vicdanımız hər zaman doğru yolu göstərsin? Allahın Kəlamında yazılmış qanun və prinsiplər «təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır» (2 Tim. 3:16). Bununla yanaşı, biz Allahın Kəlamını dərindən araşdırıb mütaliə etməklə və orada yazılanları həyatımızda tətbiq etməklə vicdanımızı Allahın əmrlərinə qarşı daha həssas edə bilər və etibarlı bələdçiyə sahib ola bilərik. Gəlin Yehovanın qanun və prinsiplərinin bizim vicdanımızı necə tərbiyə etdiyini nəzərdən keçirək.

QOY İLAHİ QANUNLAR BİZƏ TƏLİM VERSİN

5, 6. Allahın qanunları bizə necə fayda gətirir?

5 Allahın qanunlarının bizə fayda gətirməsi üçün onları oxumaq və ya onlardan sadəcə xəbərdar olmaq kifayət deyil. Biz bu qanunları sevməyi və onlara hörmət etməyi öyrənməliyik. Kəlamda yazılıb: «Yaxşılığı sevin, pisliyə nifrət edin» (Ams. 5:15). Bəs bunu necə edə bilərik? İlk növbədə hər şeyə Yehovanın gözü ilə baxmağı öyrənmək lazımdır. Məsələn, təsəvvür edin ki, gecələr yaxşı yata bilmirsiniz. Həkiminiz sizə pəhriz saxlamağı, idmanla məşğul olmağı və həyat tərzinizdə dəyişiklik etməyi məsləhət görür. Onun göstərişlərinə əməl etdikdən sonra bunun faydasını görürsünüz. Sözsüz ki, normal həyata qayıtmağa kömək etdiyi üçün həkiminizə minnətdar olarsınız.

6 Eynilə, Yaradanımız bizi günahın acı nəticələrindən qorumaq və yaşayışımızı yaxşılaşdırmaq üçün müəyyən qanunlar verib. Məsələn, bizi yalan, hiyləgərlik, oğurluq, cinsi əxlaqsızlıq, zorakılıq və cindarlıqdan çəkindirən qanunların faydası haqda düşünək. (Məsəllər 6:16—19 ayələrini oxuyun; Vəhy 21:8). Yehovanın buyurduğu kimi davranmağın xeyrini görəndə təbii olaraq Ona və verdiyi qanunlara məhəbbətimiz birə-beş artır.

7. Müqəddəs Kitabdakı real hadisələri oxumaq və dərinliyinə varmaq bizə hansı sahədə kömək edə bilər?

7 Həyatda nəyisə öyrənmək üçün başımızın daşdan daşa dəyməsinə ehtiyac yoxdur. Biz Müqəddəs Kitabda adı çəkilən şəxslərin səhvindən özümüzə ibrət götürə bilərik. Məsəllər 1:5 ayəsində yazılıb: «Hikmətli qulaq asar, elmini artırar». Biz ən üstün elmi Allahdan ala bilərik. Bunun üçün Müqəddəs Kitabda yazılan real hadisələri oxuyub dərinliyinə varmaq gərəkdir. Məsələn, Davud padşahın Allahın qanununu pozub Badsəba ilə zina edəndən sonra necə iztirab çəkdiyini xatırlayaq (2 İşm. 12:7—14). Müqəddəs Kitabdan bu hissəni oxuyandan sonra özümüzə növbəti sualları verə bilərik: «Davud padşah bu iztirablara düçar olmamaq üçün nə edə bilərdi? Mən buna bənzər sınaqla üzləşsəm, necə davranaram? Davud kimi günaha yol verərəm, yoxsa Yusif kimi qaçaram?» (Yar. 39:11—15). Günahın hansı acı nəticələr gətirdiyi üzərində düşünsək, ürəyimizdə «pisliyə nifrət» hissi daha güclü olacaq.

8, 9. a) Vicdanımızın funksiyası nədən ibarətdir? b) Yehovanın prinsipləri ilə vicdanımız arasında hansı bağlılıq var?

8 Biz Yehova Allahın nifrət etdiyi əməllərdən uzaq dururuq. Bəs əgər üzləşdiyimiz vəziyyətlə bağlı Müqəddəs Kitabda konkret qanun yoxdursa, onda necə? Belə vəziyyətdə Allahın bizdən necə davranmağımızı istədiyini haradan bilə bilərik? Bu zaman vicdan ənamı köməyimizə çatır.

9 Sevən Yaradanımız vicdanımıza bələdçilik edən prinsiplər verib. O deyir: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram» (Əşy. 48:17, 18). Yehovanın prinsipləri üzərində dərindən düşünməklə və onların ürəyimizə təsir etməsinə imkan verməklə vicdanımızı tərbiyə edib düzgün istiqamətə yönəldə bilərik. Və beləcə, vicdanımız bizə düzgün qərarlar verməyə kömək edəcək.

QOY İLAHİ PRİNSİPLƏR BİZƏ BƏLƏDÇİLİK ETSİN

10. Prinsip nədir və İsa Məsih təlim verərkən prinsiplərdən necə istifadə edirdi?

10 Prinsip «hansısa fikir və ya davranışın əsasında duran fundamental həqiqət və ya nəzəriyyədir». Yehova Allahın prinsiplərini bilmək bizə Onun düşüncə tərzini və müəyyən qanunları nə üçün verdiyini anlamağa kömək edir. İsa Məsih şagirdlərinə müəyyən davranışın nə ilə nəticələnə biləcəyini başa salmaq üçün prinsiplərdən istifadə edirdi. Misal üçün, o öyrədirdi ki, qəzəb zorakılığa, əxlaqsız fikirlər zinaya gətirib çıxara bilər (Mət. 5:21, 22, 27, 28). İlahi prinsiplərin bizə bələdçilik etməsinə izin versək, vicdanımız düzgün tərbiyə olunacaq və beləcə, verdiyimiz qərarlar Allaha şərəf gətirəcək (1 Kor. 10:31).

Yetkin məsihi başqalarının vicdanını nəzərə alır (11 və 12-ci abzaslara baxın)

11. İnsanların vicdanı bir-birindən necə fərqlənir?

11 Vicdanımızı Müqəddəs Kitab əsasında tərbiyə etsək də, müəyyən məsələlərə münasibətimiz fərqli ola bilər. Götürək spirtli içki qəbul edib-etməmək məsələsini. Müqəddəs Kitab spirtli içki içməyi qadağan etmir, lakin orada ciddi xəbərdarlıq var ki, bu məsələdə həddi aşmamalı, sərxoşluq etməməliyik (Məs. 20:1; 1 Tim. 3:8). Bəs bu, o deməkdirmi ki, əgər məsihi qədərində içirsə, bu qərarı verərkən başqa heç bir amili nəzərə almamalıdır? Xeyr. Məsihinin vicdanı ona içməyə icazə versə də, o, başqalarının da vicdanını nəzərə almalıdır.

12. Romalılara 14:21 ayəsində yazılan sözlər bizi başqalarının vicdanına hörmət etməyə necə təşviq edir?

12 Başqalarının vicdanını nəzərə almaq barədə Bulus yazmışdı: «Yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də qardaşının imanını sarsıdan başqa bir iş gör» (Rom. 14:21). İçki içməyə haqqımız çatsa da, vicdanı bizimkindən fərqli olan dindaşımız büdrəməsin deyə, bu haqqımızı qurban verəcəyik? Sözsüz ki. Həqiqətə gəlməzdən öncə spirtli içkidən sui-istifadə edən dindaşlarımız indi onlardan tamamilə imtina ediblər. Hər halda, heç birimiz istəməzdik ki, dindaşımızın köhnə əməlinə qayıtmasına səbəb olaq (1 Kor. 6:9, 10). Odur ki, qonaq içki içmək istəmirsə, onu buna məcbur etmək heç də qardaşlıq məhəbbətindən xəbər verməz.

13. Padşahlıq naminə başqalarının vicdanını nəzərə almaqda Timuti bizə hansı nümunəni qoyub?

13 Timuti təxminən iyirmi yaşlarında olanda təbliğ edəcəyi yəhudiləri büdrətməmək üçün, ağrılı olsa da, sünnət olunmağa razılıq vermişdi. Başqalarını nəzərə almaq məsələsində o, həvari Bulusa bənzəyirdi (Həv. 16:3; 1 Kor. 9:19—23). Bəs biz Timutidən örnək alaraq, başqalarının rifahı naminə nələrisə qurban verməyə hazırıq?

«YETKİNLİYƏ DOĞRU İRƏLİLƏYƏK»

14, 15. a) Yetkin olmaq nə deməkdir? b) Məsihinin yetkinliyi onun başqaları ilə münasibətindən necə görünür?

14 Hər bir məsihi «Məsih haqqındakı ibtidai təlimləri arxada» qoyub «yetkinliyə doğru» irəliləməlidir (İbr. 6:1). Bu, öz-özünə baş vermir, buna can atmaq lazımdır. Yetkin olmağımız üçün elm və anlayışımızı getdikcə artırmalıyıq. Elə bu səbəbdən biz dönə-dönə təşviq olunuruq ki, Müqəddəs Kitabı hər gün oxuyaq (Zəb. 1:1—3). Siz bunu qarşınıza məqsəd qoymusunuz? Müqəddəs Kitabı hər gün oxumaq Allahın qanun və prinsiplərini daha dərindən anlamağa kömək edəcək.

15 Məsihilər üçün ən vacib qanun məhəbbət qanunudur. İsa Məsih şagirdlərinə demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35). Onun qardaşı Yaqub məhəbbəti «qanunların şahı» adlandırmışdı (Yaq. 2:8). Həvari Bulus demişdi: «Məhəbbət qanunun icrası deməkdir» (Rom. 13:10). Məhəbbətin vacibliyinin bu dərəcədə vurğulanması təəccüblü deyil, axı Müqəddəs Kitabda yazılıb ki, «Allah məhəbbətdir» (1 Yəh. 4:8). Allahın məhəbbəti sadəcə hisslərdən ibarət deyil. Yehova Öz sevgisini əməldə göstərir. Həvari Yəhya yazır: «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq» (1 Yəh. 4:9). Yehovaya, Onun Oğluna, dindaşlarımıza və digər insanlara göstərdiyimiz məhəbbət nə qədər yetkin olduğumuzu göstərir (Mət. 22:37—39).

İlahi prinsiplərin üzərində düşünməyin sayəsində vicdanımız daha etibarlı bələdçi olur (16-cı abzasa baxın)

16. Nəyə görə yetkinliyə doğru irəlilədikcə prinsiplər bizim üçün daha vacib olur?

16 Yetkinliyə doğru irəlilədikcə prinsiplər sizin üçün getdikcə daha vacib olacaq. Ona görə ki, qanunlar adətən konkret hansısa vəziyyətə aid olduğu halda, prinsipləri müxtəlif vəziyyətlərə tətbiq etmək olar. Məsələn, uşaq pis dostların nə qədər təhlükəli olduğunu anlamır, bu səbəbdən valideynlər onu qorumaq üçün konkret qayda-qanunlar qoyur (1 Kor. 15:33). Lakin uşaq böyüdükcə onun düşüncə tərzi də inkişaf edir və o, Müqəddəs Kitaba əsaslanmış prinsiplər üzərində düşünməyi öyrənir. Bu prinsiplərin köməyilə o, özünə yaxşı dostlar seçə biləcək. (1 Korinflilərə 13:11; 14:20 ayələrini oxuyun.) İlahi prinsiplərin üzərində düşünməyin sayəsində vicdanımız daha etibarlı bələdçi olur və Allahın düşüncə tərzinə bələd oluruq.

17. Düzgün qərarlar vermək üçün hər şeylə təchiz olunduğumuzu nə göstərir?

17 Yehovanı razı salan qərarlar vermək üçün hər şeylə təchiz olunmuşuq? Bəli. Allahın Kəlamında qanun və prinsiplər var. Onlara əməl etdikcə «tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır» olacağıq (2 Tim. 3:16, 17). Bu səbəbdən Yehovanın iradəsini daima qavramaq üçün Müqəddəs Kitabdakı prinsipləri arayıb-axtarmalıyıq (Efes. 5:17). Həmçinin təlim vəsaitlərimizdən də tam şəkildə faydalanmalıyıq. Məsələn, bizdə «Gözətçi Qülləsi nəşrlərinin indeksi», «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti, «Gözətçi Qülləsinin kitabxanası», «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI», «JW Library» tətbiqetməsi kimi vəsaitlər var. Bu vəsaitlər fərdi mütaliə və ailəvi ibadətimizdən tam faydalanmağımız üçün nəzərdə tutulub.

DÜZGÜN TƏRBİYƏ EDİLMİŞ VİCDANIN GƏTİRDİYİ NEMƏTLƏR

18. Yehovanın qanun və prinsiplərinə uyğun davranmaq hansı nemətləri gətirir?

18 Yehova Allahın qanun və prinsiplərinə əməl etmək nemətlər bəxş edir. Zəbur 119:97—100 ayələrində yazılıb: «Qanununu elə sevirəm ki! Gecə-gündüz onu düşünürəm. Əmrlərin məni düşmənlərimdən ağıllı edir, çünki əbədiyyən mənimlədir. Müəllimlərimdən də zəkalı olmuşam, çünki öyüdlərinə fikir verirəm. Ahıl adamlardan da müdrik davranıram, çünki buyruqlarına əməl edirəm». Allahın qanun və prinsipləri üzərində düşünmək üçün vaxt ayırsaq, ağıllı, zəkalı və müdrik olacağıq. Vicdanımızı Allahın qanun və prinsipləri ilə tərbiyə etsək, «Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə» yetişəcəyik (Efes. 4:13).