Kontentə keç

Mündəricatı göstər

Yehova dözümlə bəhrə gətirənləri sevir

Yehova dözümlə bəhrə gətirənləri sevir

«Toxumun münbit torpağa düşməsi isə o deməkdir ki, yaxşı və gözəl ürəkli insanlar... dözümlə bəhrə gətirirlər» (LUKA 8:15).

NƏĞMƏ: 68, 72

1, 2. a) İnsanların həqiqətə etinasız yanaşdığı ərazilərdə sədaqətlə xidmət edənlər bizdə hansı hisslər doğurur? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) İsa Məsih öz yurdunda təbliğ edənlər barədə nə demişdi? (Haşiyəyə baxın.)

SERJO VƏ OLİNDA Birləşmiş Ştatlarda yaşayan 80 yaşlı öncüllərdir. Təzəlikcə yaranan ayaq ağrılarına görə onlar çox yeriyə bilmirlər. Buna rəğmən, onlar illər əvvəl olduğu kimi, hələ də səhərlər saat 7-də şəhər meydanına gəlirlər. Onlar avtobus dayanacağı yaxınlığında dayanıb, gəlib-gedənlərə Müqəddəs Kitaba əsaslanan nəşrlərimizi təklif edirlər. İnsanların əksəriyyəti onlara etinasız yanaşır. Bununla belə, Serjo və Olinda orada dayanıb onlara tərəf baxanlara gülümsəyirlər. Günorta saatlarında isə gəzə-gəzə evə qayıdırlar. Növbəti gün səhər saat 7-də yenə meydana gəlirlər. Beləcə, onlar il boyu həftənin altı günü xoş xəbəri müjdələyirlər.

2 Serjo və Olinda kimi bir çox bacı-qardaşlarımız insanların xoş xəbərə biganə yanaşdığı ərazilərdə uzun illərdir təbliğ edir. Əgər siz də belə ərazilərdə xidmət edirsinizsə, dözümünüzə görə sizi ürəkdən tərifləmək istəyirik *. Sizin Yehovaya xidmətdə əzminiz bacı-qardaşlara, hətta təcrübəli dindaşlarınıza da qol-qanad verir. Görün bəzi rayon nəzarətçiləri nə deyir: «Bu cür sədaqətli bacı-qardaşlarla təbliğ etmək mənə stimul verir», «Onların sadiqliyi məni xidmətimdə qətiyyətli və cəsarətli olmağa təşviq edir», «Belə bacı-qardaşların nümunəsi qəlbimi riqqətə gətirir».

3. Hansı üç sualı nəzərdən keçirəcəyik və nəyə görə?

3 Bu məqalədə üç suala cavab tapacağıq: Bizi nə ruhdan sala bilər? Bəhrə gətirmək nə deməkdir? Dözümlə bəhrə gətirməyə bizə nə kömək edəcək? Bu sualları araşdırmaq İsa Məsihin həvalə etdiyi təbliğ işini tamamlamaq qətiyyətimizi möhkəmləndirəcək.

BİZİ NƏ RUHDAN SALA BİLƏR?

4. a) Yəhudilərin mənfi münasibəti Bulusa necə təsir edirdi? b) Bulus nə üçün belə hisslər keçirirdi?

4 Təbliğ etdiyiniz ərazidə insanlar xoş xəbərə hay vermirsə, çox güman ki, həvari Bulusun hisslərini yaxşı başa düşürsünüz. Təxminən 30 illik xidməti boyu Bulus çox insana Məsihin davamçısı olmağa kömək etmişdi (Həv. 14:21; 2 Kor. 3:2, 3). Bununla belə, o, yəhudiləri həqiqətə gətirməkdə o qədər də müvəffəqiyyət qazanmamışdı. Hətta çoxları ona qəti qarşı çıxır və təqib edirdilər (Həv. 14:19; 17:1, 4, 5, 13). Yəhudilərin bu qərəzli münasibəti Bulusa necə təsir edirdi? O deyir: «Məsihin davamçısı kimi düzünü deyirəm... ürəyimdə dərin kədər və kəsilməyən bir ağrı duyuram» (Rom. 9:1—3). Bulus nə üçün belə hisslər keçirirdi? Çünki o, insanları sevirdi və onlara təbliğ etmək istəyirdi. Ona görə də yəhudilər Allahın mərhəmətini rədd edəndə onun ürəyi ağrıyırdı.

5. a) Bizi təbliğ etməyə təşviq edən nədir? b) Nəyə görə bəzən ruhdan düşməyimiz təbiidir?

5 Həvari Bulus kimi, biz də insanlara duyduğumuz məhəbbətdən dolayı təbliğ edirik (Mət. 22:39; 1 Kor. 11:1). Çünki öz təcrübəmizdən bilirik ki, Yehovaya ibadət etsələr, onları nə qədər nemətlər gözləyir. Bəzən ərazimizdəki insanlar barədə: «Kaş onlara nələr itirdiklərini başa sala bilərdim!» — deyə düşünürük. Məhz bu səbəbdən onlara Yehova haqda və Onun bəşəriyyət üçün niyyəti barədə danışmaqdan vaz keçmirik. Biz, sanki onlara deyirik: «Sizə dəyərli hədiyyə gətirmişik. Xahiş edirik, qəbul edin». İnsanlar bu hədiyyəni qəbul etmək istəməyəndə, təbii ki, ürəyimizdə «ağrı» duyuruq. Bu cür hisslər keçirməyimiz imanımızın zəif olmasını yox, əksinə, insanları sevdiyimizi, onları düşündüyümüzü göstərir. Odur ki, bəzən ruhdan düşsək də, təbliğ etməyə davam edirik. Artıq 25 ildən çoxdur ki, öncül olan Elena deyir: «Təbliğ etmək mənə çətin gəlsə də, ona çatan başqa iş də yoxdur».

BƏHRƏ GƏTİRMƏK NƏ DEMƏKDİR?

6. Hansı sualı müzakirə edəcəyik və nəyin əsasında?

6 Hansı ərazidə xidmət etməyimizdən asılı olmayaraq, bəhrə gətirə biləcəyimizə nə üçün əmin ola bilərik? Bu vacib suala cavab tapmaq üçün gəlin İsa Məsihin bar verməyin vacibliyini izah etdiyi iki nümunəyə baxaq (Mət. 13:23). İlk müzakirə edəcəyimiz nümunə meynə barədədir.

7. a) «Meynə», «bağban» və «budaqlar» kimlərin timsalıdır? b) Bizi hansı sualın cavabı maraqlandırır?

7 Yəhya 15:1—5, 8 ayələrini oxuyun. İsa bu məsəldə Yehovanı bağbana, özünü meynəyə, şagirdlərini isə budaqlara bənzədir *. Sonra həvarilərinə deyir: «Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şərəflənir». Bəs onda Məsihin davamçıları hansı bəhrəni gətirməlidir? Məsih hansı bəhrədən danışdığını açıq söyləməsə də, onun vurğuladığı vacib bir məqamın sayəsində cavabı tapa bilərik.

8. a) Nümunədəki bəhrənin yeni şagirdlərin timsalı olmadığı nədən görünür? b) Yehovanın tələblərinin özəlliyi nədir?

8 Səmavi Atası barədə danışarkən İsa demişdi: «O, məndəki bar gətirməyən budaqları kəsib atır». Başqa sözlə, biz yalnız bar gətirdiyimiz təqdirdə Yehova bizi Öz xidmətçisi hesab edir (Mət. 13:23; 21:43). Deməli, bu məsəldə hər məsihinin gətirməli olduğu bar deyiləndə onun yeni şagird hazırlamalı olduğu nəzərdə tutula bilməz (Mət. 28:19). Əks halda, insanların həqiqətə laqeyd yanaşdığı ərazilərdə təbliğ edən Yehovanın Şahidləri şagird hazırlaya bilmədikləri üçün «bar gətirməyən budaqlar» hesab olunardı. Lakin bu, mümkün deyil! Çünki biz insanları şagird olmağa məcbur edə bilmərik. Üstəlik, məhəbbətli Allahımız Yehova heç vaxt xidmətçilərindən onların bacarmayacağı şeylər istəmir. Onun bizə buyurduğu hər şey bizim gücümüz daxilindədir (Qan. 30:11—14).

9. a) Biz hansı işi görəndə bəhrə gətiririk? b) Araşdıracağımız ikinci nümunə hansıdır?

9 Bəs onda biz hansı bəhrəni gətirməliyik? Aydındır ki, bu, hər birimizin edə biləcəyi bir şeydir. Yehova bütün xidmətçilərinə hansı işi tapşırıb? Allahın Padşahlığı haqda xoş xəbəri müjdələmək işini * (Mət. 24:14). Bunu İsa Məsihin əkinçi ilə bağlı çəkdiyi nümunə də göstərir. Gəlin bu nümunəni nəzərdən keçirək.

10. a) Məsəldəki toxum və torpaq nəyin timsalıdır? b) Sünbül hansı bəhrəni verir?

10 Luka 8:5—8, 11—15 ayələrini oxuyun. Əkinçi haqda məsəldə toxum «Allahın sözüdür», yəni Padşahlıq haqda xəbərdir. Torpaq insan ürəyidir. Münbit torpağa düşən toxum kök atır, cücərir və böyüyüb sünbül olur. O, «yüzqat bar» verir. Bəs «bar» deyəndə nə nəzərdə tutulur? Sünbüldən yeni sünbülcüklər yaranır? Xeyr, sünbüldə yeni toxumlar əmələ gəlir və bu toxumlardan da yenə sünbül yetişir. Bu məsəli xidmətimizə necə tətbiq etmək olar?

«Dözümlə bəhrə» gətirdiyimiz nədən görünür? (11-ci abzasa baxın)

11. a) Əkinçi haqda məsəli xidmətimizə necə tətbiq etmək olar? b) Biz yeni toxumu necə yetişdirə bilərik?

11 Valideynlərimiz, yaxud da Yehovanın Şahidləri Padşahlıq haqqında müjdəni bizə öyrədəndə, sanki «münbit torpağa» «toxum» səpmişdilər. Bizim xoş xəbəri qəbul etdiyimizi görəndə çox sevinmişdilər. Nəticədə «toxum» ürəyimizdə kök atdı və böyüyüb sünbül oldu. Sünbüldən yeni sünbülcüklər yox, toxum əmələ gəldiyi kimi, bizim də verdiyimiz bar yeni şagirdlər yox, yeni toxumdur *. Bəs biz yeni toxumu necə yetişdiririk? Hər dəfə müxtəlif üsullarla Padşahlıq xəbərini bəyan edəndə, sanki ürəyimizə səpilmiş bu toxumu çoxaldırıq (Luka 6:45; 8:1). Beləliklə, bu məsəl göstərir ki, «dözümlə bəhrə» gətirmək elə Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etməkdir.

12. a) İsa Məsihin meynə və əkinçi haqda çəkdiyi məsəllərdən nə öyrənirik? b) Bu nümunələrdən öyrəndiklərinizlə bağlı təəssüratlarınızı bölüşün.

12 İsa Məsihin meynə və əkinçi haqda çəkdiyi məsəllərdən nə öyrənirik? Öyrənirik ki, bizim bəhrə gətirməyimiz ərazimizdəki insanların xoş xəbərə münasibəti ilə yox, bizim sədaqətlə xidmət etməyimizlə ölçülür. Bulus demişdi: «Əkən və sulayan birgə çalışır, hərəsi zəhmətinə görə mükafatını alacaq» (1 Kor. 3:8). Yehova bizə çəkdiyimiz zəhmətə görə mükafat verəcək, onun nəticəsinə görə yox. 20 ildir öncül kimi xidmət edən Matilda adlı bacımız deyir: «Yehovanın çəkdiyimiz zəhməti qiymətləndirməsi mənə böyük sevinc bəxş edir».

DÖZÜMLƏ BƏHRƏ GƏTİRƏK

13, 14. Romalılara 10:1, 2 ayələrinə əsasən, Bulus nəyin sayəsində Padşahlıq haqda xəbərə etinasız yanaşanlara təbliğ etməkdən usanmırdı?

13 Dözümlə bəhrə gətirməyə bizə nə kömək edəcək? Qeyd etdiyimiz kimi, Bulus yəhudilərin xoş xəbəri qəbul etmək istəmədiklərinə görə çox kədərlənirdi. Bununla belə, o, təslim olmurdu. Sonralar Bulus Romadakı məsihilərə yəhudilərlə bağlı yazmışdı: «Onların xilasını sidqi-ürəkdən arzu edirəm, bundan ötrü gecə-gündüz Allaha yalvarıram. Allahın qeyrətini çəkdiklərinə özüm şahidəm, ancaq bunu dəqiq biliyə əsaslanaraq etmirlər» (Rom. 10:1, 2). Bulusa xidmətini davam etməyə nə kömək edirdi?

14 İlk olaraq, Bulus nə üçün yəhudilərə təbliğ etdiyini qeyd edir. O, bunu sidqi-ürəkdən arzu edirdi və çox istəyirdi ki, heç olmasa, yəhudilərdən bəziləri xilasa yetişsin (Rom. 11:13, 14). İkincisi, Bulus onlardan ötrü Allaha yalvarırdı. O, bəzi yəhudilər üçün ayrı-ayrılıqda dua edirdi ki, onlar həqiqəti qəbul etsinlər. Üçüncüsü, Bulus onların «Allahın qeyrətini çəkdiklərinə» şahid olduğunu qeyd edir. O, insanlardakı gözəl keyfiyyətləri və Allaha xidmət etmək potensialını görürdü. Bulus bilirdi ki, səmimi insanların Allaha ibadətdə duyduqları qeyrət hissi düzgün səmtə yönəldilsə, onlar Məsihin qeyrətli şagirdi ola bilər.

15. Bulusdan necə örnək ala bilərik? Nümunə çəkin.

15 Bulusdan necə örnək ala bilərik? Əvvəla, biz «əbədi həyata aparan yolda yeriməyə meyli olanları» tapmağı sidqi-ürəkdən istəməliyik. İkincisi, dualarımızda Yehovadan səmimi qəlbli insanların ürəyini açmasını diləməliyik (Həv. 13:48; 16:14). 30 ildir öncül olan Silvana adlı bacı deyir: «Ev-ev təbliğə gedəndə Yehovaya dua edərək, ondan müsbət əhval-ruhiyyə istəyirəm». Biz də Allaha dua edəndə onun bizi mələklər vasitəsilə yönəltməsini diləyirik (Mət. 10:11—13; Vəhy 14:6). 30 il öncüllük etmiş digər dindaşımız Robert deyir: «Qapısını döydüyümüz kəslərin evindəki vəziyyətdən hali olan mələklərlə əməkdaşlıq etmək möhtəşəmdir». Üçüncüsü, biz insanların Allahın xidmətçisi olmağa layiq xüsusiyyətlərini görməyə çalışmalıyıq. 50 ildən çoxdur vəftiz olunan bir ağsaqqal deyir: «İnsanda səmimiyyət göstəricisi olan xırda məqamlar axtarıram, məsələn, təbəssümü, nəvazişli baxışı, yaxud da səmimi sualı». Bunları etsək, biz də, Bulus kimi, dözümlə bəhrə gətirə biləcəyik.

«QOY ƏLİN BOŞ DURMASIN»

16, 17. a) Vaiz 11:6 ayəsindən nə öyrənirik? b) Təbliğimiz bizi müşahidə edənlərdə hansı təəssürat oyada bilər?

16 İnsanların vəz etdiyimiz xəbərə laqeyd yanaşdığı görünsə də, unutmamalıyıq ki, təbliğ işimizin insanlara böyük təsiri var. (Vaiz 11:6 ayəsini oxuyun.) Düzdür, çox adam bizi dinləmir, amma onlar bizi müşahidə edirlər. Onlar bizim necə səliqəli geyindiyimizə, gülərüz və mehriban olduğumuza fikir verirlər. Bütün bunları görüb, ola bilsin, müəyyən vaxtdan sonra bəziləri haqqımızda yanlış düşüncədə olduqlarını anlaya bilər. Yuxarıda bəhs etdiyimiz Serjo və Olinda bu cür vəziyyətlə üzləşmişdi.

17 Serjo deyir: «Xəstəlik ucbatından bir müddət şəhər meydanına gedə bilmədik. Ora yenidən gələndə camaat bizdən soruşdu: “Haralardasınız? Sizin üçün darıxmışdıq”». Olinda bacı deyir: «Avtobus sürücüləri bizə əl edirdi. Bəziləri uzaqdan səslənərək: “İşiniz avand olsun!” deyirdi. Hətta nəşrlərimizi istəyənlər də var idi». Hələ bir kişi əlində gül dəstəsi ilə onlara yaxınlaşıb təşəkkür bildirəndə Serjo və Olindanın necə təəccübləndiyini təsəvvür edin.

18. Siz nə üçün «dözümlə bəhrə» gətirməyə əzmlisiniz?

18 Padşahlıq haqda xəbəri təbliğ edib, əlinizin «boş durmasın»a yol verməsəniz, müjdənin «xalqların hamısına şəhadət» olmasında sizin də payınız olacaq (Mət. 24:14). Ən əsası isə, Yehovanın sizdən razı qaldığını bilməyin sevincini duyacaqsınız. Çünki əminsiniz ki, O, «dözümlə bəhrə» verən hər kəsi sevir!

^ abz. 2 Hətta İsa Məsih də insanın öz yurdunda təbliğ etməsinin çətin olduğunu vurğulamışdı. Bu haqda Müjdələrin dördündə də yazılıb (Mət. 13:57; Mark 6:4; Luka 4:24; Yəh. 4:44).

^ abz. 7 Bu nümunədəki budaqlar göylərdə yaşamaq ümidi bəsləyən məsihilərə aid olsa da, Yehovanın hər bir xidmətçisi özünə dərs götürə bilər.

^ abz. 9 Bəhrə gətirmək deyilərkən «ruhun bəhrəsi»ni inkişaf etdirmək nəzərdə tutulsa da, bu və növbəti məqalədə dilimizin bəhrəsindən, yəni təbliğ işindən danışacağıq (Qal. 5:22, 23; İbr. 13:15).

^ abz. 11 İsa Məsih şagird hazırlamaq işini izah etmək üçün də əkin-biçinlə bağlı bir neçə məsəl çəkib (Mət. 9:37; Yəh. 4:35—38).