Kontentə keç

Mündəricatı göstər

1 Bizi qoruyur

1 Bizi qoruyur

Müqəddəs Kitabda deyilir ki, o, Allahdan ilham alıb və «təlim, tənbeh, islah üçün faydalıdır» (2 Timutiyə 3:16). Bu, doğrudan da, belədir? Gəlin görək Müqəddəs Kitabın hikmətli məsləhətləri bəzi insanlara problemləri çıxılmaz həddə çatmamış onlardan yaxa qurtarmağa necə kömək edib.

İÇKİDƏN SUİ-İSTİFADƏ

Əvvəlki məqalədə bəhs etdiyimiz Sofiya dərddən içkiyə qurşanmışdı. Müqəddəs Kitab içkidən qədərində istifadəni qadağan etmir. Lakin orada yazılıb: «Şərab düşkünlərinə qoşulma» (Məsəllər 23:20). İçkidən sui-istifadə ətrafdakılarla münasibətləri korlayır, sağlamlığa ciddi zərər vurur və hər il milyonlarla insanın vaxtsız ölümünə səbəb olur. Əgər insanlar Müqəddəs Kitabın hikmətli məsləhətinə əməl etsəydilər, bu problemlərin çoxu olmazdı.

Sofiya məhz belə davrandı. O deyir: «Başa düşdüm ki, içki dərdimə əlac qılmır. Filippililərə 4:6, 7 ayəsindəki hikmətli sözlərə uyğun davrandım. Orada deyilir: “Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla... Allaha bildirin”. Gecələr qəhər məni boğanda Yehovaya yalvarırdım. Qəlbimin qubarını, hiddətimi, kədərimi, acizliyimi Onunla bölüşürdüm. Yalvarırdım mənə bədbin hisslərdən qurtulmağın yolunu öyrətsin. Səhərisi gün duama uyğun davranaraq bu hisslərlə mübarizəni davam etdirirdim. Duanın sayəsində diqqətimi itirdiklərimə yox, sahib olduğum şeylərə cəmləməyi öyrəndim. Bir daha içki içməmək qərarına gəldim. Duyduğum qəlb rahatlığını içkiyə qurban verə bilməzdim!»

ƏXLAQSIZLIQ

İnsana əzab və acı yaşadan başlıca səbəblərdən biri də əxlaqsızlıqdır. Lakin Müqəddəs Kitab prinsipləri əxlaqsızlığa gətirib çıxaran meyillərdən, məsələn, flirt və pornoqrafiyadan qaçmağa kömək edir. Samuil adlı bir gənc deyir: «Flirt etmək mənim üçün elə asan idi ki, bəzən məni cəlb etməyən bir qızın məndən xoşu gəldiyini görüb onunla flirt edirdim». Samuil görəndə ki, hətta belə niyyəti olmadığı halda, onu tez-tez flirt etməkdə günahlandırırlar, qəsdən flirt etməyə başlayır. Sonralar bu meyil onu narahat edir. O deyir: «Başa düşdüm ki, bu vərdiş çox təhlükəlidir, insanın xudbin olmasına gətirib çıxarır».

Samuil jw.org saytında gənclərə ünvanlanan bir məqalə oxuyur. Məsəllər 20:11 ayəsində yazılan sözlər onu düşündürür: «Hətta uşaq da əməllərindən tanınır, oturuşu-duruşu təmizmi, dürüstmü bəlli olur». Samuil flirt etməyin təmiz və dürüst hərəkət olmadığı qənaətinə gəlir. O deyir: «Anladım ki, flirt insanda pis xüsusiyyətlər yetişdirir və belə insan yaxşı həyat yoldaşı olmayacaq. Gələcək həyat yoldaşım mənim başqa qadınla flirt etdiyimi görsə, hansı hissləri keçirər? Bu sualın üzərində düşünmək flirtin zərərli vərdiş olduğunu anlamağa kömək etdi. Flirt etməyin asan olması heç də düzgün olması demək deyil». Samuil flirt etməyə son qoydu və bu, onu əxlaqsızlıqdan qorudu.

Antonio adlı bir nəfər isə əxlaqsızlığın bir addımlığında idi. O, pornoqrafiyaya aludə olmuşdu. Sevdiyi qadınla ailə qurmasına baxmayaraq, bu vərdiş onu hər dəfə üstələyirdi. Antonioya 1 Butrus 5:8 ayəsi üzərində düşünmək kömək etdi. Orada yazılıb: «Ayıq durun, sərvaxt olun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır». Antonio deyir: «Yan-yörəmiz pornoqrafik şəkillərlə doludur və bu təsvirlər istər-istəməz insanın yaddaşına həkk olunur. Ayə mənə bütün bu təsirlərin haradan qaynaqlandığı üzərində düşünməyə kömək etdi. Bu nalayiq şəkillərə baxan kimi onların arxasında Şeytanın durduğunu özümə yaddaşlıq etməliydim. Başa düşdüm ki, zehnimə, ürəyimə və nikahıma hədəflənən bu hücumlarla mübarizədə ayıq durub, sərvaxt olmağa mənə yalnız Yehova kömək edə bilər». Antonio ehtiyac duyduğu köməyi qəbul etdi və pis vərdişini geridə qoydu. Bu, onu daha betər problemlərdən qorudu.

Göründüyü kimi, Müqəddəs Kitabdakı məsləhətlər bizi bir çox ciddi problemlərdən qorumağa qadirdir. Bəs artıq kök salmış və yaxa qurtara bilmədiyimiz problemlər haqda nə demək olar? Gəlin görək Allahın Kəlamı bizə bu cür problemlərin öhdəsindən gəlməyə necə kömək edir.

Müqəddəs Kitabdakı praktiki məsləhətlər bizi bir sıra problemlərdən qorumağa qadirdir