2 Çıxış yolu göstərir
Bəzi problemlər uzun müddət, hətta illərlə davam edir. Hərdən onlar həyatın bir parçasına çevrilir. Bəs Müqəddəs Kitabın köməyilə yaxa qurtara bilmədiyimiz bu üzücü problemlərin öhdəsindən gəlmək mümkündür? Gəlin bir neçə vəziyyətə nəzər salaq.
HƏDSİZ NARAHATÇILIQ
Rozi adlı bir qız deyir: «Hər şeyə görə narahat olurdum. Adi bir problemi beynimdə şişirdirdim». Bəs Roziyə Müqəddəs Kitabın hansı ayələri kömək etdi? Onlardan biri Mətta 6:34 ayəsidir. Orada yazılıb: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir». Rozi deyir ki, bu ayə ona sabahkı gün üçün narahat olmamağa kömək etdi. O əlavə edir: «Problemlərim onsuz da başımdan aşırdı. Bu azmış kimi, olmamış və bəlkə də, olmayacaq şeylərə görə narahat olurdum».
Yasmin adlı bir qız da hər şeyə görə hədsiz narahatçılıq keçirirdi. O deyir: «Günlərlə ağlayırdım, bəzən gecələr yata bilmirdim. Bədbin düşüncələr canımı üzürdü». Bəs ona hansı ayə kömək oldu? 1 Butrus 5:7 ayəsi: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir». Yasmin deyir: «Gecə-gündüz Yehovaya dua edirdim və O, mənim dualarımı cavabsız qoymurdu. Elə bil çiynimdən ağır yük götürülmüşdü. Düzdür, hərdən bədbin fikirlər yenə də baş qaldırır, amma indi onları dəf etməyin yolunu bilirəm».
TƏXİRƏ SALMAQ VƏRDİŞİ
İzabella adlı qız deyir: «Məncə, hər şeyi sonraya saxlamaq vərdişi irsidir, atamda da bu vərdiş var. Əvvəllər vacib işlər qalırdı qıraqda, oturub televizora baxırdım. Bu, çox pis vərdişdir, çünki insan stressə düşür və gördüyü iş keyfiyyətsiz olur». İzabellaya 2 Timutiyə 2:15 ayəsi kömək etdi. Bu ayədə yazılıb: «Var qüvvənlə çalış ki, Allahın hüzuruna Onun bəyəndiyi... alnıaçıq bir işçi kimi çıxasan». İzabella deyir: «İstəmirdim ki, hər işi sonraya saxladığıma görə Yehova Allahın qarşısında üzüqara olum». İndi İzabella xeyli dəyişib.
Bu vərdiş Kelsi adlı gəncdə də var idi. O deyir: «Mənə tapşırılan işi axırıncı saniyəyə saxlayırdım. Sonra isə göz yaşı tökür, yuxusuz qalır və həyəcan keçirirdim». Məsəllər 13:16 ayəsindəki sözlər Kelsiyə dəyişməyə kömək elədi. Orada yazılıb: «Uzaqgörən kamalla oturub-durar, axmaq isə səfehliyini nümayiş etdirər». Bu ayənin üzərində düşünməklə o, tədbirli olmağın və işlərini qabaqcadan planlaşdırmağın vacibliyini anladı. Kelsi bölüşür: «Stolumun üstündə bir bloknotum var, ora görməli olduğum işləri yazıram. Bu, mənə nizamlı olmağa və işimi axırıncı dəqiqəyə saxlamamağa kömək edir».
TƏNHALIQ
Kirstin adlı bir qadının yoldaşı onu dörd uşaqla atıb getmişdi. Bu ağır günlərində ona hansı ayənin köməyi dəydi? Məsəllər 17:17 ayəsi. Orada yazılır: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır». Kirstin kömək üçün dindaşlarına, Yehova Allaha ibadət edən insanlara üz tutdu. O deyir: «Dostlarım hər cəhətdən məni qayğıyla əhatə etdi. Kimisi qapımın ağzına ərzaq, kimisi gül qoyurdu. Onlar bizə düz üç dəfə başqa evə köçməyə kömək ediblər. Dindaşlarımdan biri isə mənə iş tapdı. Dostlarım həmişə yanımda idilər».
Ötən məqalələrdə haqqında danışdığımız Sofiya da tənhalıqla mübarizə aparırdı. O, hər şeyini itirən zaman keçirdiyi hissləri xatırlayır: «Sanki ətrafımda hər kəsin həyatı davam edirdi, mən isə kənarda qalmışdım. Özümü çox tənha hiss edirdim». Müqəddəs Kitabdakı bəzi ayələr Sofiyaya təsəlli oldu. Onlardan biri Zəbur 68:6 ayəsidir: «Allah kimsəsizlərə yurd verir, yuva verir». O deyir: «Başa düşürdüm ki, bu ayədə söhbət yalnız adi evdən getmir, Allah mənə Onu sevənlərin arasında səmimi münasibətin və ruhi bağlılığın hökm sürdüyü təhlükəsiz bir mühit — məcazi ev verməyi vəd edir. Onu da bilirdim ki, başqalarıyla yaxın münasibətimin olması üçün ilk növbədə Yehova ilə yaxın olmalıyam. Zəbur 37:4 ayəsindəki “Qoy səadətin Yehova olsun, O, qəlbinin muradını çin edər” sözləri mənə kömək oldu».
Sofiya deyir: «Yehovaya daha möhkəm bağlanmalı idim. O, ən yaxşı Dostdur. Bundan sonra Yehovanı sevən insanlarla yaxın olmaq üçün birgə edə biləcəyimiz işlərin siyahısını tutdum. Başqalarının müsbət cəhətlərini görməyi və onlarla yalnız gözəl xüsusiyyətləri varmış kimi davranmağı öyrəndim».
Təbii ki, Allaha ibadət edən insanlar da kamil deyil. Hamı kimi onlar da problemlərlə mübarizə aparır. Amma Müqəddəs Kitabdan öyrəndikləri onları əllərindən gələn qədər başqalarına kömək etməyə təşviq edir. Bu cür insanlarla dost olmağa dəyər. Bəs qarşısında aciz qaldığımız problemlərlə, məsələn, xroniki xəstəlik və kədər hissi ilə mübarizədə Allahın Kəlamı bizə kömək edə bilərmi?
Müqəddəs Kitab prinsiplərinə əməl etməyiniz sizə əsl dostlar tapmağa kömək edə bilər