Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 6

Kamilliyinizi qoruyun!

Kamilliyinizi qoruyun!

«O, kamilliyindən dönmür» (ƏYY. 2:3).

NƏĞMƏ 34 Kamillik yolunda yeriyək

İCMAL *

1. Üç dindaşımız Yehovaya necə sədaqət göstərib?

YEHOVANIN ŞAHİDLƏRİNİN qarşılaşdığı 3 fərqli səhnəyə diqqət yetirin. 1) Məktəbdə oxuyan bir bacının müəllimi bir gün sinifdə deyir ki, bütün şagirdlər keçirilən tədbirdə iştirak etməlidir. Bacı bu tədbirin Yehovaya məqbul olmadığını bildiyi üçün hörmətcil şəkildə iştirak edə bilməyəcəyini deyir. 2) Utancaq xasiyyətli gənc bir qardaş ev-ev təbliğ edən zaman növbəti evdə Yehovanın Şahidlərini ələ salan bir məktəb yoldaşının yaşadığını anlayır. Lakin o, heç nəyə baxmayaraq, həmin evə yaxınlaşıb qapını döyür. 3) Ailəsini dolandırmaq üçün var gücü ilə işləyən bir qardaşımızın müdiri ondan nadürüst davranmağı və ya qanunsuzluq etməyi tələb edir. Baxmayaraq ki, qardaş işini itirə bilər, müdirinə Allahın ondan dürüst olmağı və qanuna itaət etməyi tələb etdiyini söyləyir (Rom. 13:1—4; İbr. 13:18).

2. Hansı sualları müzakirə edəcəyik və nə üçün?

2 Yəqin bu dindaşlarımızda cəsarət, dürüstlük kimi xüsusiyyətlərin olduğuna diqqət yetirdiniz. Amma onların hər birində bir mühüm cəhət var — bu da onların kamillik yolunda yeriməsidir. Onların üçü də Yehovaya sədaqət göstərir, Onun qanunlarını pozmaqdan imtina edir. Bu, onların kamil insan olduqlarını göstərir. Sözsüz, Yehova kamilliklərini qoruduqlarına görə onların hər biri ilə fəxr edir. İstəyirik ki, Yehova bizimlə də fəxr etsin. Elə isə gəlin bu sualları müzakirə edək: Kamillik nədir? Bu xüsusiyyətə nəyə görə ehtiyacımız var? Bu çətin zəmanədə kamilliyi qorumaq əzmimizi necə möhkəmləndirə bilərik?

KAMİLLİK NƏDİR?

3. a) Yehovanın xidmətçiləri üçün kamillik nədir? b) Kamilliyin nə olduğunu nümunələr əsasında izah edin.

3 Yehovanın xidmətçiləri üçün kamil olmaq Yehovanı bütün ürəklə sevmək, Ona sarsılmaz sədaqət göstərmək mənasını verir. Belə insan verdiyi bütün qərarlarda ilk növbədə Yehovanın istəyini nəzərə alır. Gəlin Müqəddəs Kitabda bu sözün necə işləndiyinə diqqət yetirək. Orada «kamil» sözü tam, qüsursuz, yaxud bütöv mənalarında işlənir. Misal üçün, israillilərin Yehovaya qurban gətirdikləri heyvanlar Qanuna əsasən, sağlam, qüsursuz olmalı idi * (Lav. 22:21, 22). Allahın xalqı ayağı, qulağı, gözü olmayan, yaxud xəstə heyvanı qurban gətirə bilməzdi. Yehova üçün gətirilən qurbanın tam, qüsursuz və bütöv olması vacib idi (Məl. 1:6—9). Bu, təəccüblü deyil. Elə biz özümüz də çürük mer-meyvə, cırıq dəftər-kitab, yaxud bəzi hissələri olmayan əşyanı almaq istəmərik. Əksinə istəyirik ki, aldığımız şey qüsursuz, bütöv olsun. Yehova da istəyir ki, bizim Ona bəslədiyimiz məhəbbət və sədaqət tam, qüsursuz və bütöv olsun.

4. a) Günahlı insan hansı mənada kamil ola bilər? b) Zəbur 103:12—14 ayələrindən Yehovanın bizə münasibəti barədə nə öyrənirik?

4 Bəs kamil olmaq o deməkdirmi ki, günahsız olmalıyıq? Ola bilsin, günahlı olduğumuz və çoxlu səhvlərə yol verdiyimiz üçün düşünürük ki, kamil olmaq mümkün deyil. Ancaq Allah bu gün bizdən mütləq, yəni tam mənada kamillik gözləmir. Bunu haradan bilirik? Gəlin iki səbəbə nəzər salaq. Birincisi, Yehova diqqətini bizim nöqsanlarımıza cəmləmir. Onun Kəlamında deyilir: «Ey Yah, ancaq səhvlərimizi görsəydin, kim dayana bilərdi, ey Yehova?» (Zəb. 130:3). Yehova bizim günahlı olduğumuzu bilir və bizi səxavətlə bağışlayır (Zəb. 86:5). İkincisi, Yehova məhdudiyyətlərimizdən agahdır və bacarığımızdan artığını tələb etmir. (Zəbur 103:12—14 ayələrini oxuyun.) Bəs biz Yehovanın gözündə hansı mənada tam, qüsursuz və bütöv ola bilərik?

5. Hansı mənada kamilliyə gedən yol məhəbbətdən keçir?

5 Yehovanın xidmətçiləri üçün kamilliyə aparan yol məhəbbətdən keçir. Allaha məhəbbətimiz, sədaqətimiz tam, qüsursuz və bütöv olmalıdır. Əgər məhəbbətimiz sınaqlar zamanı belə, bu cür qalırsa, bu bizim kamilliyimizdən xəbər verir (1 Saln. 28:9; Mət. 22:37). Yuxarıda bəhs etdiyimiz üç dindaşımızı bir də xatırlayaq. Onlar nə üçün belə davranmışdılar? Məgər gənc bacımız məktəbdə əylənməyi sevmir? Yaxud ev-ev təbliğ edən qardaşımızın ələ salınmaqdan xoşu gəlir? Bəlkə, ailə başçısı olan qardaşımız işini itirmək istəyir? Əlbəttə, yox. Onlar Yehovanın salehlik normalarından agahdır və diqqətlərini Onu razı salmağa cəmləyiblər. Yehovaya məhəbbət bu bacı-qardaşları təşviq edir ki, qərar verərkən hər zaman Onun fikrini nəzərə alsınlar. Bununla da onlar kamillik yolu ilə getdiklərini əməldə göstərirlər.

NƏ ÜÇÜN KAMİL OLMALIYIQ?

6. a) Nə üçün kamil olmaq vacibdir? b) Adəmlə Həvva kamillik yolundan necə döndü?

6 Hər birimizin kamil olması nə üçün vacibdir? Çünki Şeytan həm Yehovaya, həm də bizə meydan oxuyub. Yehovaya asi çıxdığı üçün bu mələk Şeytan, başqa sözlə «Əleyhdar» adlanır. O, Ədən bağında Yehovanı pis, xudbin və nadürüst Hökmdar olmaqda ittiham edərək Onun adına qara yaxmışdı. Əfsuslar olsun ki, Adəmlə Həvva ona qoşulub Yehovaya üsyan etdi (Yar. 3:1—6). Ədəndə yaşayarkən onların Yehovaya məhəbbətlərini möhkəmləndirmək üçün saysız-hesabsız imkanları var idi. Lakin Şeytan Yehovanı ittiham edən zaman onların məhəbbəti tam, qüsursuz və bütöv deyildi. Daha sonra ortaya başqa sual çıxdı: Kimsə Allaha məhəbbətdən irəli gələrək sadiq qalacaq? Başqa sözlə, insanlar mükəmməl surətdə Allahın yolu ilə gedə bilər? Bu sual Əyyub peyğəmbərlə bağlı qalxmışdı.

7. Əyyub 1:8—11 ayələrinə əsasən, Yehova Əyyub barədə nə düşünürdü? Bəs Şeytan Əyyub haqda hansı fikirdə idi?

7 Əyyub israillilərin Misirdə olduğu dövrdə yaşayırdı. Həmin dövrdə onun kimi kamil insan yox idi. O da bizim kimi günahlı bəndə idi, səhvlər edirdi. Amma kamil sədaqətinə görə Yehova onu çox sevirdi. Görünür, Şeytan insanların kamilliklərini qoruya bilməyəcəkləri ilə bağlı artıq Yehovaya rişxənd etmişdi. Buna görə də Yehova Şeytanın diqqətini Əyyuba yönəldir. Əyyubun həyat tərzi Şeytanın iddialarının yalan olduğunu sübut edirdi! Şeytan Əyyubun kamilliyini sınamaq üçün Yehovadan izin istəyir. Yehova əziz dostu Əyyuba güvəndiyi üçün Şeytana izin verir. (Əyyub 1:8—11 ayələrini oxuyun.)

8. Şeytan Əyyuba necə hücum çəkdi?

8 Şeytan qəddardır, qatildir. O, Əyyub peyğəmbərin var-dövlətini taladı, nökərlərini məhv etdi, onu cəmiyyət arasında nüfuzdan saldı, on əziz balasını əlindən aldı. Sonra Əyyubun özünü nişan aldı, onu təpədən-dırnağacan ağrıyan çibanlarla vuraraq xəstəliyə düçar elədi. Peyğəmbərin arvadı kədərdən o qədər pərişan idi ki, onu kamilliyindən dönməyə, Allaha lənət edib ölməyə sövq etmişdi. Əyyub da özünə ölüm arzulayırdı. Amma bütün bunlara baxmayaraq, hələ də Allaha sədaqətini qoruyurdu. Sonra Şeytan başqa üsula əl atdı: Əyyubu kamillik yolundan döndərmək üçün üç dostundan istifadə elədi. Ona baş çəkməyə gələn dostları təsəlli vermək əvəzinə, rəhmsizcəsinə onu günlərlə tənqid atəşinə tuturdular. Onlar iddia edirdilər ki, guya bütün bu bəlaları onun başına Allah gətirib və kamil qalmağa çalışması Allahın vecinə deyil. Onlar hətta deyirdilər ki, Əyyub pis adamdır, başına gələn əzablara layiqdir! (Əyy. 1:13—22; 2:7—11; 15:4, 5; 22:3—6; 25:4—6).

9. Üzləşdiyi sınaqlara baxmayaraq, Əyyub nəyi etmədi?

9 Bəs Əyyub peyğəmbər bu əzablar qarşısında necə davrandı? O, səhvsiz deyildi. Əyyub qəzəblənib saxta dostlarını məzəmmət elədi, sonradan peşman olacağı sözlər dedi. Üstəlik, Allahı yox, özünü haqlı çıxarmağa çalışdı (Əyy. 6:3; 13:4, 5; 32:2; 34:5). Bununla belə, o hətta həyatının ən çətin anlarında Allahdan üz döndərməyi ağlına da gətirmədi. Saxta dostlarının yalanlarına inanmadı. O dedi: «Əsla sizə haqq qazandırmaram! Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyy. 27:5). Əyyubun bu sözlərindən görmək olar ki, o, kamil qalmağa qətiyyətli idi. O, təslim olmadı. Bu bizdə də alınar.

10. Şeytanın Əyyubla bağlı ittihamlarının sizə hansı aidiyyəti var?

10 Şeytanın Əyyubla bağlı qaldırdığı ittihamlar hamımıza aiddir. Hansı mənada? Mahiyyət etibarilə Şeytan deyir ki, əslində siz Allahı sevmirsiniz, həyatınızı qorumaqdan ötrü Allaha ibadət etməyə son qoyarsınız və kamilliyinizi sonadək qorumayacaqsınız (Əyy. 2:4, 5; Vəhy 12:10). Yəqin ki, bu ittihamları eşitmək sizə qəlb ağrısı verir. Amma gəlin düşünək: Yehova sizə o qədər etibar edir ki, Şeytana sizi sınağa çəkməyə izin verir. Bununla qarşınızda möhtəşəm bir imkan açır: siz kamilliyinizi qoruyaraq Şeytanın yalançı olduğunu sübut edə bilərsiniz. Yehova sizin sadiq qala biləcəyinizə əmindir. Üstəlik, O, bu sahədə sizə kömək edəcəyinə söz verir (İbr. 13:6). Kainatın Hökmdarının bizə etibar etdiyini bilmək necə də gözəl hissdir! Kamil olmağın nə qədər vacib olduğunu yəqin indi daha yaxşı başa düşürsünüz. Çünki bunun sayəsində biz Şeytanın yalanlarını təkzib edirik, Yehovanın adını ucaldırıq və Onun hakimiyyətini dəstəkləyirik. Bəs kamilliyimizi necə qoruya bilərik?

KAMİLLİYİMİZİ NECƏ QORUYA BİLƏRİK?

11. Əyyub peyğəmbərdən nə öyrənirik?

11 «Son dərəcə çətin» bir dövr olan axırzamanda Şeytan Allahın xidmətçilərinə qarşı hücumlarını artırıb (2 Tim. 3:1). Bəs bu cür çətin bir zəmanədə kamilliyimizi qorumaq qətiyyətimizi necə möhkəmləndirə bilərik? Əyyubdan bu sahədə də çox şey öyrənə bilərik. O, hələ başına sınaqlar gəlməzdən xeyli əvvəl Yehovaya dəfələrlə sədaqət göstərmişdi. Gəlin görək kamilliyimizi qorumaq üçün Əyyubdan hansı üç sahədə örnək götürə bilərik.

Kamilliyi qorumaq əzmimizi hansı yollarla möhkəmləndirə bilərik? (12-ci abzasa baxın) *

12. a) Əyyub 26:7, 8, 14 ayələrində vurğulandığı kimi, Əyyub Yehovaya ehtiram hissini necə yetişdirmişdi? b) Ürəyimizi Yehovaya ehtiram hissi ilə doldurmaq üçün nə edə bilərik?

12 Əyyub peyğəmbər Yehovaya ehtiram hissi inkişaf etdirərək Ona olan məhəbbətini möhkəmləndirirdi. Peyğəmbər yaradılış möcüzələrini müşahidə etmək üçün vaxt ayırırdı. (Əyyub 26:7, 8, 14 ayələrini oxuyun.) O, Allahın yaratdığı Yer kürəsi, səma, buludlar və şimşək üzərində düşünəndə heyrətə gəlirdi. Bununla belə, başa düşürdü ki, Allahın yaratdıqları barəsində hələ bilmədiyi şeylər çoxdur. Əyyub peyğəmbər Yehovanın buyruqlarına da böyük hörmətlə yanaşırdı. O demişdi: «Tələb etdiyindən də artığını etmişəm» (Əyy. 23:12). Əyyub Yehovaya böyük ehtiram bəsləyirdi. O, səmavi Atasını sevir və Onu razı salmaq istəyirdi. Bunun sayəsində Əyyubun kamilliyini qorumaq qətiyyəti möhkəmlənirdi. Biz də ona bənzəməyə çalışmalıyıq. Bizim yaradılış möcüzələri haqda biliyimiz Əyyub peyğəmbərin günlərindəki insanlardan daha çoxdur. Üstəlik, əlimizdə Müqəddəs Kitab bütöv şəkildə olduğundan oradan Yehova haqda dəqiq məlumat ala bilirik. Bütün bu öyrəndiklərimiz ürəyimizi böyük ehtiramla doldurur. Yehovanın iradəsinə olan hörmət hissi isə bizi, öz növbəsində, Yehovanı sevməyə, Ona itaət etməyə, həmçinin mükəmməl surətdə Onun yolu ilə getməyə təşviq edəcək (Əyy. 28:28).

Pornoqrafiyadan uzaq durmaq kamilliyimizi qorumaq əzmimizi möhkəmləndirəcək (13-cü abzasa baxın) *

13, 14. a) Əyyub 31:1 ayəsi Əyyubun itaətkar olduğunu necə göstərir? b) Əyyub peyğəmbərdən necə örnək ala bilərik?

13 Əyyub peyğəmbər hər şeydə itaətkarlıq göstərərək kamilliyini qorumaq əzmini möhkəmləndirmişdi. O bilirdi ki, Allaha sədaqətli olmaq üçün itaətkar olmalıdır. Eynilə, biz də hər dəfə itaətkarlıq göstərəndə kamilliyimizi qorumaq qətiyyətimiz artır. Əyyub peyğəmbər gündəlik həyatda Allaha itaət etmək üçün əlindən gələni edirdi. Məsələn, əks cinslə münasibətdə ehtiyatlı idi. (Əyyub 31:1 ayəsini oxuyun.) O başa düşürdü ki, arvadından başqa hansısa qadına romantik münasibət bəsləmək düzgün deyil. Bu gün yaşadığımız dünya bizi hər tərəfdən seksual xarakterli şeylərlə atəşə tutub. Bəs biz Əyyub peyğəmbərdən örnək alaraq nikahda olmadığımız şəxsə pis gözlə baxmamaq üçün əlimizdən gələni edirik? Həmçinin açıq-saçıq və ya pornoqrafik şəkillərə baxmamağa qətiyyətliyik? (Mət. 5:28). Əgər hər gün bu sahələrdə özümüzə hakim olsaq, kamilliyimizi qorumaq əzmimiz möhkəmlənəcək.

Maddiyyata tarazlı yanaşmaq kamilliyimizi qorumaq əzmimizi möhkəmləndirəcək (14-cü abzasa baxın) *

14 Əyyub peyğəmbər həmçinin maddi şeylərə münasibətdə də Allaha itaət edirdi. O başa düşürdü ki, mal-mülkə bel bağlasa, bu, cəzaya layiq günah sayılar (Əyy. 31:24, 25, 28). Bu gün biz maddiyyata hədsiz önəm verən bir dünyada yaşayırıq. Əgər pula və mal-mülkə tarazlı yanaşmağı buyuran Müqəddəs Kitab prinsiplərinə əməl etsək, kamilliyimizi qorumaq əzmimizi möhkəmləndirəcəyik (Məs. 30:8, 9; Mət. 6:19—21).

Ümidimizi zehnimizdə canlı saxlamaq kamilliyimizi qorumaq əzmimizi möhkəmləndirəcək (15-ci abzasa baxın) *

15. a) Hansı mükafatı almaq ümidi Əyyub peyğəmbərə kamilliyini qorumağa kömək eləmişdi? b) Yehovanın vədlərinə dair ümidimizi canlı tutmağın bizə hansı köməyi var?

15 Əyyub peyğəmbər ümidini Allahdan alacağı mükafata cəmləməklə kamilliyini qorudu. O inanırdı ki, sadiqliyi Allah üçün önəmlidir (Əyy. 31:6). Sınaqlarına rəğmən, Əyyub Allahın ona sonda mükafat verəcəyinə əmin idi. Sözsüz ki, bu əminlik ona kamilliyini qorumağa kömək etmişdi. Əyyubun sədaqəti Yehovaya elə xoş təsir bağışlamışdı ki, o hələ günahlı ikən ona bol nemət verdi (Əyy. 42:12—17; Yaq. 5:11). Gələcəkdə isə onu daha böyük nemətlər gözləyir. Bəs siz kamilliyinizə görə Yehovadan mükafat alacağınıza tam əminsiniz? Yehova Allah dəyişməyib (Məl. 3:6). Göstərdiyimiz sədaqəti qiymətləndirdiyini daim yadda saxlasaq, möhtəşəm gələcəyə olan ümidimiz canlı qalacaq (1 Salon. 5:8, 9).

16. Nə etməyə qəti qərarlı olmalıyıq?

16 Odur ki, kamilliyinizdən heç vaxt dönməməyə qəti qərarlı olun. Ola bilsin, hərdən kamillik yolunda tək olduğunuzu hiss edəcəksiniz. Amma siz heç vaxt tək olmayacaqsınız. Siz bütün dünyada sədaqətini qoruyan milyonlarla bacı-qardaşın sırasında olacaqsınız. Həmçinin keçmişdə ölümlə üz-üzə qalanda belə, kamilliyini qorumuş mömin kişi və qadınların sırasına qoşulacaqsınız (İbr. 11:36—38; 12:1). Qoy Əyyub peyğəmbərin dediyi sözlər sizin də həyat şüarınız olsun: «Mən son nəfəsimədək sadiq qalacağam!» Həmçinin qoy kamilliyiniz Yehovanın adını əbədiyyət boyu şərəfləndirsin!

NƏĞMƏ 124 Sədaqətli olaq

^ abz. 5 Kamillik nədir? Nəyə görə Yehova Allah xidmətçilərinin bu xüsusiyyətini qiymətləndirir? Bu xüsusiyyətin hər birimizdə olması nə üçün vacibdir? Məqalədə bu suallara Müqəddəs Kitaba əsaslanan cavab verilir. Həmçinin məqalə hər gün kamillik yolu ilə yerimək qətiyyətimizi möhkəmləndirmək üçün nə etməli olduğumuzu aydın görməyə kömək edəcək. Kamillik yolu ilə yerimək bizə çoxlu nemətlər gətirəcək.

^ abz. 3 İbrani dilində heyvana aid işlənən «sağlam», «qüsursuz» sözü ilə insana aid işlənən «kamil» sözünün kökləri bir-birinə yaxındır.

^ abz. 50 ŞƏKİLİN İZAHI: Şəkildə Əyyub peyğəmbərin cavan yaşları təsvir olunub, o, övladlarına Yehovanın yaratdıqları haqda danışır.

^ abz. 52 ŞƏKİLİN İZAHI: Qardaş pornoqrafiyaya baxan iş yoldaşlarına qoşulmaq istəmir.

^ abz. 54 ŞƏKİLİN İZAHI: Qardaş büdcəsinə uyğun olmayan və ehtiyac duymadığı böyük, bahalı televizor almaq təklifini rədd edir.

^ abz. 56 ŞƏKİLİN İZAHI: Qardaş vaxt ayırıb Cənnətdə yaşamaq ümidi barədə düşünür və dua edir.