Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 11

Yehovanın səsinə qulaq asın

Yehovanın səsinə qulaq asın

«Bu, Mənim sevimli Oğlumdur... Ona qulaq asın» (MƏT. 17:5).

NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir

İCMAL *

1, 2. a) Yehova sözünü insanlara necə çatdırıb? b) Bu məqalədə nəyi araşdıracağıq?

YEHOVA xidmətçilərilə danışmağı xoşlayır. O, keçmişdə sözünü peyğəmbərləri, mələkləri və İsa Məsih vasitəsilə çatdırırdı (Ams. 3:7; Qal. 3:19; Vəhy 1:1). Bu gün Onun səsini Kəlamı vasitəsilə eşidə bilərik. Yehova Müqəddəs Kitabı nazil edib ki, Onun düşüncə tərzini öyrənib yollarını dərk edək.

2 İsa Məsih yer üzündə olanda Yehova üç dəfə Öz dərgahından danışmışdı. Gəlin görək Yehova nə demişdi, Onun sözlərindən nə öyrənirik və bunun bizə hansı faydası var.

«SƏN MƏNİM SEVİMLİ OĞLUMSAN»

3. Mark 1:9—11 ayələrinə əsasən, İsa Məsih vəftiz olunan zaman Yehova nə demişdi və bu sözlər hansı üç faktı təsdiq edir?

3 Mark 1:9—11 ayələrində Yehovanın göydən danışdığı ilk vəziyyət qeydə alınıb. (Ayələri oxuyun.) Yehova deyir: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam». Atasının onu sevdiyini, ona etibar etdiyini eşitmək sözsüz ki, İsaya dərin təsir bağışlamışdı! Yehovanın sözləri İsa Məsih haqda üç mühüm faktı təsdiq edir. Birincisi, İsa Yehovanın Oğludur, ikincisi, Yehova Oğlunu sevir, üçüncüsü, Yehova Oğlundan razıdır. Gəlin bunları bir-bir araşdıraq.

4. Vəftiz olunan zaman İsa Məsih hansı mənada Allahın Oğlu oldu?

4 «Oğlumsan». Yehovanın bu sözləri İsa Məsihlə Onun arasında yeni münasibətin başladığına işarə edir. İsa Məsih göydə olanda Allahın ruhani oğlu idi. Lakin vəftiz olunan zaman o, müqəddəs ruhla məsh edildi. Bu zaman Yehova vurğuladı ki, İsa Məsih Onun məsh olunmuş Oğlu olaraq göyə qayıdıb Padşah və Baş Kahin olmaq ümidinə sahib oldu (Luka 1:31—33; İbr. 1:8, 9; 2:17). Odur ki, vəftiz olunan zaman Atasının ona «sən Mənim sevimli Oğlumsan» deməsi təəccüblü deyil (Luka 3:22).

Bizi tərifləyəndə, ruhlandıranda ürəklənirik (5-ci abzasa baxın) *

5. Məhəbbət göstərməkdə və ruhlandırmaqda Yehovanı necə təqlid edə bilərik?

5 «Sevimli Oğlumsan». Yehovanın məhəbbətini və razılığını ifadə etməsindən öyrənirik ki, biz də başqalarını ruhlandırmaq üçün fürsət axtarmalıyıq (Yəh. 5:20). Yaxın bildiyimiz biri gördüyümüz işlərə görə bizi tərifləyəndə, bizə məhəbbət göstərəndə ürəklənirik. Bizim kimi, dindaşlarımızın və ailə üzvlərimizin də xoş sözlərə ehtiyacı var. Onları tərifləməklə imanlarını möhkəmləndirir və Yehovaya sədaqətlə xidmət etmələrinə stimul veririk. Xüsusilə də valideynlərin övladlarını həvəsləndirməsi gərəkdir. Valideyn övladına məhəbbət göstərəndə, səmimi-qəlbdən tərifləyəndə onun tərəqqisinə kömək edir.

6. İsa Məsihə etibar etməyə hansı əsasımız var?

6 «Səndən çox razıyam». Yehova bu sözlərlə İsaya etibar etdiyini, tapşırdığı işi sədaqətlə başa çatdıracağına əmin olduğunu göstərdi. Yehova İsadan bu qədər arxayındırsa, deməli, biz də tamamilə əmin ola bilərik ki, o, Atasının bütün vədlərini yerinə yetirəcək (2 Kor. 1:20). İsanın nümunəsi haqda düşünəndə ondan öyrənmək və izi ilə getmək istəyimiz daha da artır. Yehova İsa Məsihə etibar etdiyi kimi, xidmətçilərinin də bir xalq kimi Oğlundan örnək alacağından arxayındır (1 But. 2:21).

«ONA QULAQ ASIN»

7. Mətta 17:1—5 ayələri əsasında Yehovanın göydən danışdığı hadisəni ətraflı təsvir edin.

7 Mətta 17:1—5 ayələrini oxuyun. Yehovanın göydən ikinci dəfə danışması Məsihin görkəmi dəyişdiyi hadisə zamanı baş verir. Həmin vaxt İsa Məsih Butrus, Yaqub və Yəhya ilə birgə uca bir dağın başına qalxmışdı. Həvarilər burada olanda qeyri-adi bir görüntü görürlər. İsanın üzü şəfəq saçır, paltarı par-par parıldayır. Musa və İlyas peyğəmbərin görkəmində iki nəfər peyda olur və İsa ilə onu gözləyən ölüm və dirilməsi barədə söhbət etməyə başlayır. Həvarilər mürgüləsə də, tam oyananda bu möhtəşəm görüntünü gördülər (Luka 9:29—32). Sonra onların başının üstünü parlaq bulud alır və buludun içindən bir səs gəlir, bu, Allahın səsi idi! Yehova İsa vəftiz olunan zaman qeyd etdiyi kimi, bu dəfə də, «bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» deyərək ondan məmnun qaldığını və onu sevdiyini bildirir. Lakin bu dəfə Yehova əlavə edir: «Ona qulaq asın».

8. Görüntü İsa Məsihə və şagirdlərinə necə təsir etmişdi?

8 Bu görüntüdə İsanın gələcəkdə Allahın Padşahlığının Padşahı kimi sahib olacağı şöhrət və qüdrət təsvir olunurdu. Şübhəsiz ki, bu görüntü İsanı cəsarətləndirdi, çəkəcəyi əzablara, dəhşətli ölümə dözməyə güc verdi. Görüntü həmçinin şagirdlərin imanını möhkəmləndirdi, onları qarşıda gözləyən zəhmət dolu gərgin illərə və üzləşəcəkləri sınaqlara hazırladı. Həvari Butrusun təxminən 30 il sonra da İsanın görkəminin dəyişməsini xatırlaması görüntünün hələ də yaddaşında canlı qaldığını göstərirdi (2 But. 1:16—18).

9. İsa Məsih şagirdlərinə hansı nəsihətləri vermişdi?

9 «Ona qulaq asın». Yehova aydın göstərdi ki, Oğlunun sözünə qulaq asıb, ona itaət etməyimizi istəyir. Bəs İsa yer üzündə olanda nə haqda danışırdı? O, çox vacib mövzulara toxunurdu. Misal üçün, o, şagirdlərinə müjdəni yaymağın üsullarını öyrədir və dəfələrlə onları oyaq qalmağa səsləyirdi (Mət. 24:42; 28:19, 20). Həmçinin onları var gücləri ilə çalışmağa və təslim olmamağa təşviq edirdi (Luka 13:24). İsa davamçılarına bir-birini sevməyin, birliyi qorumağın və əmrlərinə itaət etməyin vacibliyini vurğulayırdı (Yəh. 15:10, 12, 13). Doğrudan da, onun verdiyi nəsihətlər çox praktiki idi. Bu nəsihətlər keçmişdə olduğu kimi, bu gün də dəyərlidir.

10, 11. İsa Məsihə qulaq asdığımızı necə göstərə bilərik?

10 İsa Məsih deyirdi: «Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır» (Yəh. 18:37). Biz bir-birimizə qarşı səbirli olub bir-birimizi ürəkdən bağışlamaqla onun səsinə qulaq asdığımızı göstəririk (Kol. 3:13; Luka 17:3, 4). Ona qulaq asdığımızı göstərməyin bir yolu da «həm əlverişli, həm də çətin» vaxtlarda xoş xəbəri təbliğ etməyimizdir (2 Tim. 4:2).

11 İsa Məsih deyirdi: «Mənim qoyunlarım səsimə qulaq asırlar» (Yəh. 10:27). Məsihin davamçıları nəinki onun səsini eşidir, həm də eşitdiklərinə əməl edir. «Həyatın qayğıları» onların fikrini yayındırmır (Luka 21:34). Əksinə, onlar ən çətin vəziyyətlərdə belə, Məsihin əmrlərinə itaət etməyi hər şeydən üstün tuturlar. Bir çox bacı-qardaşımız ağır sınaqlarla üzləşir, bəziləri əleyhdarların hücumlarına məruz qalır, digərləri son dərəcə yoxsul şəraitdə yaşayır, yaxud təbii fəlakətlərin qurbanı olur. Lakin onlar nəyin bahasına olursa-olsun, Yehovaya sədaqətlərini qoruyurlar. İsa Məsih bu bacı-qardaşlara vəd verir: «Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək» (Yəh. 14:21).

Xidmət diqqətimizin yayınmamasına kömək edir (12-ci abzasa baxın) *

12. İsa Məsihə qulaq asdığımızı daha necə göstərə bilərik?

12 İsa Məsihə qulaq asdığımızı göstərməyin daha bir yolu bizə rəhbərlik etmək üçün təyin etdiyi kəslərlə əməkdaşlıq etməkdir (İbr. 13:7, 17). Son illər ərzində Allahın təşkilatında çoxlu dəyişiklik olub. Məsələn, təbliğ işində yeni vəsait və üsullardan istifadə olunur, həftəiçi görüşlərin tərtibatı dəyişib, ibadət evlərinin təmizliyində, tikintisində və təmir-bərpa işlərinin aparılmasında müəyyən yeniliklər həyata keçirilib. Sözsüz ki, məhəbbətdən irəli gələn və ölçülüb-biçilmiş təlimatlara görə çox minnətdarıq! Əmin ola bilərik ki, Yehova təşkilatı vasitəsilə verdiyi göstərişlərə əməl etmək cəhdlərimizi avand edəcək.

13. İsa Məsihə qulaq asmaq hansı faydanı gətirir?

13 İsa Məsihin öyrətdiklərinə qulaq asmaq bizə fayda gətirir. Məsih təlimlərinin davamçılarına təravət gətirəcəyini vəd edərək demişdi: «Boyunduruğum rahat, yüküm yüngüldür» (Mət. 11:28—30). İsa Məsihin həyatından və xidmətindən bəhs edən dörd Müjdənin də daxil olduğu Allahın Kəlamı bizi təravətləndirir, ruhlandırır və hikmət bəxş edir (Zəb. 19:7; 23:3). Məsih demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28).

«UCALTMIŞAM, YENƏ DƏ UCALDACAĞAM»

14, 15. a) Yəhya 12:27, 28 ayələri əsasında Yehovanın göydən üçüncü dəfə danışdığı hadisəni təsvir edin. b) Yehovanın sözləri Məsihə necə təsir etdi?

14 Yəhya 12:27, 28 ayələrini oxuyun. Yəhyanın müjdəsində Yehovanın göydən danışdığı üçüncü hadisə qələmə alınıb. İsa Məsih ölümündən bir neçə gün öncə sonuncu dəfə Pasxanı qeyd etmək üçün Yerusəlimə gəlir. O, ürəyinin sıxıldığını deyərək dua edir: «Ata, Öz adını ucalt». Atası cavabında göydən deyir: «Ucaltmışam, yenə də ucaldacağam».

15 Məsihin ürəyini sıxan üzərindəki böyük məsuliyyət idi, o, Yehovaya sadiq qalmalı idi. İsa amansızcasına qamçılanacağını və dəhşətli ölümlə üzləşəcəyini bilirdi (Mət. 26:38). Amma onun üçün ən önəmlisi Atasının adını ucaltmaq idi. İsa küfr danışmaqda ittiham olunurdu və ölümü ilə Atasının adını bədnam edəcəyinə görə narahatlıq keçirirdi. Sözsüz ki, Yehovanın sözlərindən sonra o əmin oldu ki, Yehova adını ucaldacaq. Atasının sözləri onun ürəyini sakitləşdirdi və qarşıda gözləyən sınaqlara dözməyə güc verdi. Bəlkə də, həmin vaxt Yehovanın sözlərinin mənasını yalnız o anlamışdı. Lakin Yehova bizlərdən ötrü bu sözləri Kəlamına həkk etdirdi (Yəh. 12:29, 30).

Yehova Öz adını ucaldacaq və xalqını qurtaracaq (16-cı abzasa baxın) *

16. Allahın adına görə narahatlıq keçirməyimizə nələr səbəb ola bilər?

16 İsa Məsih kimi, ola bilsin, biz də Yehovanın adına qara yaxılmasına görə narahatıq. Ola bilsin, biz də ədalətsiz rəftara məruz qalırıq. Bəlkə də, əleyhdarların yaydıqları şayiələrin Yehovanın adına və təşkilatına ləkə vurduğunu düşünüb narahatlıq keçiririk. Belə vəziyyətlərdə Yehovanın sözləri ürəyimizi sakitləşdirəcək. Biz həddən artıq narahat olmamalıyıq. Əmin ola bilərik ki, «Allahın hər bir ağıldan üstün olan sülhü» ürəyimizi və fikirlərimizi Məsih İsa vasitəsilə qoruyacaq (Filip. 4:6, 7). Yehova Öz adını mütləq ucaldacaq! O, mömin bəndələrini Şeytanın və onun dünyasının vurduğu bütün zərərdən qurtaracaq (Zəb. 94:22, 23; Əşy. 65:17).

YEHOVAYA QULAQ ASMAĞIN FAYDASI

17. Əşiya 30:21 ayəsinə əsasən, Yehova bu gün bizimlə necə danışır?

17 Yehova bu gün də xidmətçiləri ilə danışır. (Əşiya 30:21 ayəsini oxuyun.) Düzdür, biz Onun səsini göydən eşitmirik. O, öyüdlərini nazil etdiyi Kəlamı — Müqəddəs Kitab vasitəsilə verir. Bundan başqa, Yehova müqəddəs ruhu ilə yönəltdiyi «sadiq və ağıllı nökərbaşı» vasitəsilə xidmətçilərinə «yemək paylarını» verir (Luka 12:42). Görün bizim istər çap formatda, istərsə də onlayn şəkildə nə qədər materiallarımız, nə qədər videolarımız və audio nəşrlərimiz var!

18. Yehovanın sözü imanınızı və cəsarətinizi necə artırır?

18 Gəlin Yehovanın İsa Məsihə dediyi sözləri heç vaxt yaddan çıxarmayaq! Yehovanın Müqəddəs Kitabda yazılmış sözləri bizi əmin edir ki, hər şey Onun nəzarəti altındadır və O, Şeytanın və dünyasının vurduğu bütün zərəri aradan qaldıracaq. Gəlin Yehovanın səsinə diqqətlə qulaq asmağa əzmli olaq! O zaman həm indiki, həm də qarşıda üzləşəcəyimiz istənilən çətinlikdən başıuca çıxacağıq. Müqəddəs Kitabda deyilir: «Siz gərək dözümlü olasınız ki, Allahın iradəsini yerinə yetirib Onun vəd etdiyi şeyi alasınız» (İbr. 10:36).

NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»

^ abz. 5 İsa Məsih yer üzündə olanda Yehova düz üç dəfə göydən onunla danışmışdı. Bu hadisələrin birində İsanın şagirdlərini ona qulaq asmağa səsləmişdi. Bu gün Yehova bizimlə İsanın da təlimlərinin daxil olduğu Kəlamı və təşkilatı vasitəsilə danışır. Bu məqalədə Yehova və İsa Məsihə qulaq asmağın bizə hansı faydanı gətirdiyini öyrənəcəyik.

^ abz. 52 ŞƏKİLİN İZAHI. Ağsaqqal yığıncaq xidmətçisinin ibadət evinə qulluq etdiyini və yığıncaqda ədəbiyyat işləri ilə məşğul olduğunu görüb onu səmimi-qəlbdən tərifləyir.

^ abz. 54 ŞƏKİLİN İZAHI. Syerra-Leonedə bir ər-arvad balıqçını ibadət görüşünə dəvət edir.

^ abz. 56 ŞƏKİLİN İZAHI. Fəaliyyətlərinin qadağa altında olduğu bir ölkədə Yehovanın Şahidləri ibadət görüşünü evdə keçirir. Diqqət çəkməmək üçün onlar sərbəst geyimdədir.