Kontentə keç

Mündəricatı göstər

Yaxşılıq. Ona necə yiyələnməli?

Yaxşılıq. Ona necə yiyələnməli?

SÖZSÜZ Kİ, hər kəs yaxşı insan kimi tanınmaq istəyir. Lakin indiki zəmanədə belə insan olmaq o qədər də asan deyil. Bu gün bir çoxları «yaxşılığın düşməni»dir (2 Tim. 3:3). Onların yaxşılıq və pisliklə bağlı öz standartları olduğundan «pisə yaxşı, yaxşıya pis» deyirlər (Əşy. 5:20). Bundan əlavə, qeyri-kamilliyin və keçmişdə yaşananların insanın üzərində təsiri böyükdür. Ola bilsin, biz də bir bacının keçirdiyi hissləri keçiririk. Uzun illər Yehovaya xidmət etməsinə baxmayaraq, o deyir: «İnanmıram, nə vaxtsa yaxşı insan olum».

Hər şeyə rəğmən, hər birimiz yaxşı insan ola bilərik. Yaxşılıq xüsusiyyəti müqəddəs ruhun bəhrəsidir. Müqəddəs ruh isə bizə mane ola biləcək xarici və daxili amillərdən qat-qat qüdrətlidir. Gəlin yaxşılıq xüsusiyyətini daha ətraflı araşdıraq və onu tam təzahür etdirməyin yollarını öyrənək.

YAXŞILIQ NƏDİR?

Yaxşılıq yüksək mənəvi xüsusiyyətdir və onda zərrə qədər də pislik yoxdur. Bu xüsusiyyət özünü başqalarının rifahı naminə edilən xeyirxah əməllərdə büruzə verir.

Yəqin fikir vermisiniz ki, adətən, insanlar öz ailə üzvlərinə, dostlarına yaxşılıq edir. Lakin həqiqətən yaxşı olmaq təkcə bununla məhdudlaşmır. Düzdür, heç birimiz bu xüsusiyyəti mükəmməl şəkildə təzahür etdirə bilmərik. Çünki «dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). Həvari Bulus səmimi şəkildə etiraf etmişdi: «Bilirəm ki, məndə, yəni cismimdə yaxşı bir şey yoxdur» (Rom. 7:18). Bütün bunları nəzərə alaraq, yaxşılıq xüsusiyyətini özümüzdə yetişdirmək üçün yaxşılığın Mənbəyinə üz tutmalıyıq.

YEHOVA YAXŞILIQ MƏNBƏYİDİR

Yehova Allah nəyin yaxşı olduğuna dair normalar təyin edir. Onun haqqında yazılıb: «Sən kəramət sahibisən, işlərin də kəramətlidir. Mənə qayda-qanununu öyrət» (Zəb. 119:68). Ayədə Yehovanın kəramət sahibi, başqa sözlə, yaxşılığın təcəssümü olduğu deyilir. Gəlin Yehovanın kəramətinin iki yönü haqda danışaq.

Yehova kəramət sahibidir. Kəramət Yehovanın varlığının ayrılmaz hissəsidir. Onun bütün xüsusiyyətləri kəramətindən, yəni yaxşılıq xüsusiyyətindən qaynaqlanır. Məsələn, Yehovanın Musa peyğəmbərlə danışdığı vaxt baş verənləri yadımıza salaq. O demişdi: «Sənə Öz kəramətimi göstərəcəyəm və qarşında Yehova adını bəyan edəcəyəm». Yehovanın calalını, o cümlədən kəramətini görən peyğəmbər bu sözləri eşidir: «Yehova, Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah. Minlərcə nəsillərə məhəbbət göstərən, təqsiri, asiliyi və günahları bağışlayan, günahkarısa əsla cəzasız qoymayan... Allah» (Çıx. 33:19; 34:6, 7). Bu sözlərdən aydın görünür ki, Yehovanın bütün varlığı Onun kəramətini, yaxşılığını əks etdirir. Baxmayaraq ki, İsa Məsih insanlar arasında yaxşılığa dair ən mükəmməl örnək idi, o, Yehova haqda demişdi: «Yalnız bir yaxşı Varlıq var» (Mət. 19:17).

Yaradılış Yehovanın kəramətini əks etdirir

Yehovanın işləri kəramətlidir. Yehovanın etdiyi hər bir şey Onun kəramətindən xəbər verir. «Yehova hamıya qarşı kəramətlidir, bütün işlərində mərhəməti görünür» (Zəb. 145:9). Onun yaxşılığı qərəzsiz olduğuna görə bütün insanlara həyat bəxş edir və yaşamaq üçün lazım olan şeylərlə təmin edir (Həv. 14:17). Yehovanın kəraməti həmçinin bizi bağışlamasında da əks olunur. Məzmurçu yazır: «Ey Yehova, kəramətlisən, bağışlayansan» (Zəb. 86:5). Əmin ola bilərik ki, «kamillik yolunda yeriyənlərdən Yehova yaxşılığını əsirgəməz» (Zəb. 84:11).

«YAXŞILIQ ETMƏYİ ÖYRƏNİN»

Yehova Allah bizi Öz bənzərində yaratdığı üçün biz də yaxşı olub, yaxşı işlər görə bilərik (Yar. 1:27). Lakin bunun üçün Onun Kəlamındakı «yaxşılıq etməyi öyrənin» çağırışına hay verməliyik (Əşy. 1:17). Bəs yaxşılıq etməyi necə öyrənə bilərik? Gəlin bunun üç yolunu araşdıraq.

Birincisi, duada Yehovadan müqəddəs ruh diləyək. Bu ruh məsihilərə sözün əsl mənasında yaxşı insan olmaqda kömək edir (Qal. 5:22). Bəli, müqəddəs ruh bizə pislikdən ikrah edib, yaxşılığa sarılmağa kömək edə bilər (Rom. 12:9). Belə ki, Kəlama əsasən, Allahımız Yehova «hər cür xeyirxah sözdə və əməldə» dilimizə təpər, qolumuza qüvvət verməyə qadirdir (2 Salon. 2:16, 17).

İkincisi, Allahdan ilham almış Kəlamı oxumalıyıq. Onda Yehova bizə «xeyrin bütün yollarını» öyrədəcək və bizi «hər cür yaxşı işə» hazır edəcək (Məs. 2:9; 2 Tim. 3:17). Müqəddəs Kitabı oxuyub dərinliyinə varmaqla ürəyimizi Allaha və Onun iradəsinə aid şeylərlə doldururuq. Beləcə, xəzinəmizə sonra karımıza gələcək yaxşı şeylər əlavə etmiş oluruq (Luka 6:45; Efes. 5:9).

Üçüncüsü, var gücümüzlə çalışmalıyıq ki, «yaxşıdan nümunə» götürək (3 Yəh. 11). Düzdür, bizim üçün ən gözəl nümunə Yehova Allah və İsa Məsihdir. Amma Müqəddəs Kitabda örnək ala biləcəyimiz digər nümunələr də var. Məsələn, yaxşı əməlləri ilə yadda qalan insanlar arasında Tabitə və Barnəbanın adını çəkmək olar (Həv. 9:36; 11:22—24). Müqəddəs Kitabdan onların haqqında araşdıraraq özünüz üçün yaxşı nümunə götürə bilərsiniz. Mütaliə zamanı onların başqalarına necə kömək etdiyinə fikir verin. Həmçinin ailə üzvlərinizə və dindaşlarınıza necə kömək edə biləcəyiniz üzərində düşünün. Bundan əlavə, Tabitə və Barnəbanın etdiyi yaxşılıqların onların özünə hansı fayda gətirdiyinə də diqqət yetirin. Yaxşılıq etmək sizə də fayda gətirəcək.

Bu gün də yaxşı əməlləri ilə örnək olan çoxlu bacı-qardaşımız var. Məsələn, yığıncağımızdakı zəhmətkeş, yaxşılığı sevən ağsaqqallardan nümunə götürə bilərik. Həmçinin yaxşı şeylər öyrədən sədaqətli bacılarımız da gözəl örnəkdir (Tit. 1:8; 2:3). Rozlin adlı bir bacı deyir: «Rəfiqəm yığıncaqdakı bacı-qardaşlara kömək etmək, onları ruhlandırmaq üçün əlindən gələni edir. Onların vəziyyətləri barədə düşünür, tez-tez kiçik hədiyyələr verir və ya başqa yollarla qayğı göstərir. Mənimçün o, sözün əsl mənasında, yaxşı insandır».

Yehova xalqını yaxşılığı axtarmağa səsləyir (Ams. 5:14). Belə etsək, Yehovanın qayda-qanunlarını sevməklə yanaşı, Onun gözündə yaxşı olan işləri görmək istəyimiz də artacaq.

Yaxşı insan olaq, yaxşılığa can ataq

Yaxşılıq etmək başqaları üçün hansısa qeyri-adi bir şey etmək, bahalı hədiyyə almaq demək deyil. Məsələn, rəssamın portret yaratması üçün fırça ilə bir-iki böyük xətt çəkməsi kifayət deyil, portret onun cızdığı çoxlu kiçik cizgilər nəticəsində ərsəyə gəlir. Eynilə, bizim də yaxşı insan olduğumuz etdiyimiz çoxlu kiçik xeyirxahlıqlardan görünəcək.

Müqəddəs Kitab bizi yaxşı işə hazır olmağa səsləyir (2 Tim. 2:21; Tit. 3:1). İnsanların üzləşdikləri vəziyyətlərə diqqət yetirsək, onların «xeyri və qüvvətlənməsi üçün» müxtəlif üsullar tapacağıq (Rom. 15:2). Məsələn, ola bilsin, onlarla nəyisə paylaşacağıq (Məs. 3:27). Yaxud sadə süfrə açıb onları qonaq dəvət etmək və ya birgə vaxt keçirməyi təklif etmək olar. Kiminsə xəstələndiyini biləndə ona baş çəkə, zəng edə, yaxud mesaj yaza bilərik. Bəli, bir çox yollarla «imanı möhkəmləndirmək üçün yaxşı söz» söyləyib bizi dinləyənlərə fayda gətirə bilərik (Efes. 4:29).

Yehovadan örnək alaraq biz insanlara fərq qoymur və hamıya yaxşılıq etməyə çalışırıq. Bunun ən gözəl yolu Padşahlıq haqda xoş xəbəri hamı ilə bölüşməkdir. İsa Məsihin buyurduğu kimi, hətta bizə nifrət edənlərə də yaxşılıq etməyin yollarını axtarmalıyıq (Luka 6:27). Xeyirxah olmaq, yaxşılıq etmək heç vaxt səhv deyil, çünki «bunlara qarşı çıxan qanun yoxdur» (Qal. 5:22, 23). Hətta sınaqlarla və ya təqiblərlə üzləşəndə də yaxşılıq etməkdən qalmasaq, insanlarda həqiqətə qarşı maraq oyada və beləcə, Yehovanın adını ucalda bilərik (1 But. 3:16, 17).

YAXŞILIQ YERDƏ QALMAZ

«Yaxşı adam əməllərinin mükafatını alar» (Məs. 14:14). Söhbət hansı mükafatlardan gedir? İnsanlara yaxşılıq etsək, çox ehtimal ki, onlar da bizimlə yaxşı rəftar edəcəklər (Məs. 14:22). Hətta belə olmasa da, yaxşılıq etməyə davam etməliyik. Nəticədə, bizim xeyirxah işlərimiz insanın ürəyini yumşalda və qəlbindəki buzları əridə bilər (Rom. 12:20, haş.).

Pislikdən dönüb yaxşılıq etməyin özümüzə də faydası var. Bunu bir çox dindaşımız təsdiq edir. Məsələn, Nensi adlı bir bacının nümunəsinə nəzər salaq. O deyir: «Çox vecsiz, ədəbsiz, saymazyana insan idim. Amma Allahın yaxşılığa dair qayda-qanunlarını öyrənib tətbiq etdikcə özümü daha xoşbəxt hiss etməyə başladım. İndi şəxsi ləyaqət və özümə hörmət hissim var».

Yaxşılıq xüsusiyyətini özümüzdə yetişdirməyə çalışmağımızın ən əsas səbəbi odur ki, biz Yehova Allahın qəlbini sevindirmək istəyirik. Hətta etdiyimiz yaxşılıqları başqaları görməsə də, Yehova görür. O bizim hər bir yaxşı əməl və fikirlərimizdən agahdır (Efes. 6:7, 8). Bunun mükafatı nədir? Müqəddəs Kitabda yazılıb: «Yehova yaxşı adamdan razı qalar» (Məs. 12:2). Buna görə də gəlin yaxşılıq xüsusiyyətinə yiyələnməyə davam edək. Yehova vəd verir ki, «yaxşı iş görən hər kəsə... şərəf, hörmət və sülh» bəxş edəcək (Rom. 2:10).