Kontentə keç

Mündəricatı göstər

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

3 | Düşüncənizi dəyişin

3 | Düşüncənizi dəyişin

Təlim:

«Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz» (ROMALILARA 12:2).

Mənası:

Allah bizim düşüncələrimizə fikir verir (Ərəmya 17:10). Düzdür, nifrət dolu sözlərdən, əməllərdən uzaq durmalıyıq. Ancaq bir şey var ki, nifrət insanın ürəyində, ağlında baş qaldırır. Buna görə də nifrət oyadan fikirləri dərhal ağlımızdan silib atmalıyıq. Yalnız bu halda biz büsbütün dəyişib, nifrət zəncirindən qurtula bilərik.

Siz nə edə bilərsiniz?

Başqaları haqda, xüsusən də başqa irqdən və millətdən olan insanlar haqda nə düşündüyünüzü dürüst şəkildə yoxlayın. Özünüzdən soruşun: «Mən onlara necə yanaşıram? Mənim bu münasibətim onlar haqda şəxsən bildiyim faktlara əsaslanır? Yoxsa bu münasibətimin kökündə qərəz durur?» Nifrətin, zorakılığın yer aldığı sosial mediadan, filmlərdən, yaxud əyləncədən uzaq durun.

Allahın Kəlamı nifrəti ürəyimizdən və ağlımızdan qoparıb atmağa kömək edə bilər

Öz fikirlərimizi, hisslərimizi dürüstcəsinə yoxlamaq elə də asan deyil. Amma Allahın Kəlamı bizə ürəyimizin «düşüncə və niyyətlərini üzə» çıxarmağa kömək edə bilər (İbranilərə 4:12). Odur ki, Müqəddəs Kitabı oxuyub araşdırın. Fikirlərinizi orada yazılanlarla müqayisə edin və onlara uyğunlaşdırmaq üçün var gücünüzlə çalışın. Nifrət hissi ürəyinizdə və ağlınızda kök salan güclü istehkam olsa belə, Allahın Kəlamının köməyi ilə onu qoparıb ata bilərsiniz (2 Korinflilərə 10:4, 5).