Kontentə keç

Mündəricatı göstər

Xeyrimizə olan nəsihətlər

Xeyrimizə olan nəsihətlər

Milyonlarla insan həyatın müxtəlif sahələrinə dair Müqəddəs Kitabdakı etibarlı məsləhətlərin xeyrini görüb. Gəlin bu sahələrdən dördünə nəzər salaq.

1. Ailə quruluşu

İnsanlar ailə quruluşu haqda fərqli düşünürlər və xoşbəxt ailəyə sahib olmağın sirrini müxtəlif şeylərdə görürlər.

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:33).

MƏNASI: Ailənin banisi Allahdır, buna görə də ailənin xoşbəxtliyi üçün nə lazım olduğunu O daha yaxşı bilir (Mark 10:6—9). Ərlə arvad özündən çox qarşı tərəfi düşünsə, ailələri xoşbəxt olacaq. Ərin arvadına sevgisi onunla rəftarından və onun qeydinə qalmasından görünür. Arvadın ərinə hörməti isə onun danışığından və hərəkətlərindən görünür.

MÜQƏDDƏS KİTAB NƏSİHƏTLƏRİ FAYDALIDIR: Vyetnamdan olan Kuanla Ti düşünürdü ki, ailələri heç vaxt xoşbəxt olmayacaq. Kuan kobud insan idi. O deyir: «Mən Tinin hisslərini nəzərə almırdım və çox vaxt onu alçaldırdım». Ti boşanmaq istəyirdi. O deyir: «Daha yoldaşıma etibar etmirdim, o, gözümdən düşmüşdü».

Sonradan onlar Müqəddəs Kitabı araşdırmağa başladılar və Efeslilərə 5:33 ayəsini ailələrində necə tətbiq edəcəklərini öyrəndilər. Kuan deyir: «Bu ayədən mülayim olmağın nə qədər vacib olduğunu öyrəndim. Mən Tiyə sevgimi hiss etdirdim, onun maddi, fiziki və emosional tələbatlarının qeydinə qaldım. Bu cür davranmaqla Tinin sevgisini və hörmətini qazandım». Ti deyir: «Efeslilərə 5:33 ayəsini nə qədər çox tətbiq edirəmsə, yoldaşıma hörmət göstərirəmsə, yoldaşım da mənə o qədər çox sevgi və qayğı göstərir, ailəmizdə mehribanlıq olur».

Ailə quruluşu haqda daha ətraflı məlumat əldə etmək üçün jw.org saytından «Uğurlu ailənin 12 sirri» adlı «Oyanın!» № 2, 2018 nəşrini oxuyun.

2. İnsanlarla münasibət

Adətən insanlar irqinə, milliyyətinə, görünüşünə, dininə və cinsi oriyentasiyasına görə başqalarına pis yanaşır.

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Hər cür insana hörmət edin» (1 Butrus 2:17).

MƏNASI: Müqəddəs Kitab irqçilik, homofobiya (homoseksual fərdlərə qarşı mənfi fikir və davranış) və ksenofobiya (başqa millətdən olanlardan uzaq durmaq, onlara nifrət etmək) aşılamır. Əksinə, bu kitab bizi irqindən, milliyətindən və maddi vəziyyətindən asılı olmayaraq hər kəsə hörmət göstərməyə təşviq edir (Həvarilərin işləri 10:34). Başqalarının inanc və davranışları ilə razı olmasaq belə, onlarla mehriban və hörmətcil davrana bilərik (Mətta 7:12).

MÜQƏDDƏS KİTAB NƏSİHƏTLƏRİ FAYDALIDIR: Danielə aşılanmışdı ki, Asiyadan olan insanlar onun ölkəsi üçün təhlükədir. O, Asiya mənşəli hər kəsə nifrət edirdi və çox vaxt ictimai yerlərdə onları təhqir edirdi. Daniel bölüşür: «Mən öz davranışımı “vətənpərvərlik” adlandırırdım. Fikirlərimin və hərəkətlərimin yanlış olduğunu düşünmürdüm».

Sonradan Daniel Müqəddəs Kitabı öyrənməyə başlayır. O deyir: «Mən düşüncə tərzimi tamamilə dəyişməli oldum. İnsanlara Allahın gözü ilə baxmalı idim, çünki mənşəyimizdən asılı olmayaraq hamımız Onun gözündə eyniyik». İndi Daniel insanlarla qarşılaşanda hansı hissləri keçirdiyini belə izah edir: «Onların haralı olduğu barədə heç fikirləşmirəm də. Hər cür insanı sevirəm və dünyanın hər bir yerində yaxın dostlarım var».

Ətraflı məlumat əldə etmək üçün jw.org saytından «Qərəzə çarə varmı?» adlı «Oyanın!» № 3, 2020 nəşrini oxuyun.

3. Pul

Bir çox insan xoşbəxt olmaq və daha yaxşı gələcəyə sahib olmaq üçün var-dövlət dalınca düşür.

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Hikmət də pul kimi insanın sipəridir. Amma elmin və hikmətin üstünlüyü bundadır ki, onlar öz sahibinin həyatını hifz edir» (Vaiz 7:12).

MƏNASI: Düzdür, pul lazımdır, amma o, xoşbəxtliyimizə və ya gələcəyimizə zəmanət vermir (Məsəllər 18:11; 23:4, 5). Əsl xoşbəxtlik və təhlükəsiz gələcək Müqəddəs Kitabdakı ilahi hikmətə uyğun davranmaqdan asılıdır (1 Timutiyə 6:17—19).

MÜQƏDDƏS KİTAB NƏSİHƏTLƏRİ FAYDALIDIR: İndoneziyada yaşayan Kardo adlı bir kişi bütün diqqətini var-dövlət toplamağa cəmləmişdi. O deyir: «Çoxlarının xəyalını qurduğu şeyləri mən artıq dadmışdım. Səyahətlərə çıxırdım, bahalı əşyalar, lüks avtomobillər, evlər alırdım». Amma onun yağ-bal içindəki həyatı çox çəkmədi. O deyir: «Mənə kələk gəldilər və illər ərzində gecə-gündüz çalışıb qazandığım pulları bir göz qırpımında itirdim. Həyatımı pul qazanmağa həsr etmişdim, amma sonda mənə qalan mənəvi boşluq, dəyərsizlik hissi və məyusluq oldu».

Kardo Müqəddəs Kitabın pula düzgün münasibətlə bağlı məsləhətinə əməl etməyə başladı. O, artıq bütün gücünü var-dövlət toplamağa yox, sadə həyat sürməyə cəmləyir. Kardo deyir: «Əsl və əbədi sərvət Allahla gözəl münasibətə sahib olmaqdır. Artıq başımı yastığa rahat qoyuram və sözün əsl mənasında xoşbəxtəm».

Müqəddəs Kitabın pula dair nöqteyi-nəzəri haqda öyrənmək üçün jw.org saytında yerləşən «Gözətçi qülləsi» jurnalının № 3, 2021 sayındakı «Təhsil və pul xoşbəxt gələcəyə zəmanət verir?» adlı məqaləni oxuyun.

4. Cinsi münasibət

İnsanlar arasında cinsi münasibətlə bağlı müxtəlif fikirlər var.

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Allah istəyir ki, siz... əxlaqsızlıqdan uzaq durasınız. Qoy hər kəs öz bədənini paklıqla və şərəflə idarə etməyi bacarsın, Allahı tanımayan xalqlara xas olan acgöz şəhvətin əsiri olmasın» (1 Salonikililərə 4:3—5).

MƏNASI: Müqəddəs Kitabda cinsi istəklərlə bağlı hədd qoyulur. «Əxlaqsızlıq» deyiləndə zina, fahişəlik, nikahda olmayan şəxslər arasında cinsi əlaqə, homoseksuallıq və zoofiliya (heyvanla cinsi əlaqə) nəzərdə tutulur (1 Korinflilərə 6:9, 10). Allah yalnız nikahda olan ər-arvad arasında cinsi əlaqəyə izin verir (Məsəllər 5:18, 19).

MÜQƏDDƏS KİTAB NƏSİHƏTLƏRİ FAYDALIDIR: Avstraliyada yaşayan Kayli adlı qadın deyir: «Subay olduğum üçün fikirləşirdim ki, cinsi əlaqədə olsam, sevildiyimi hiss edərəm, kimsə mənə arxa-dayaq olar. Amma gözlədiyim kimi olmadı. Əksinə, özümü dəyərsiz hiss etdim və həyatdan küsdüm».

Sonralar Kayli Müqəddəs Kitabı öyrənməyə başladı və orada cinsi münasibətlə bağlı yazılan məsləhətlərə əməl etdi. O deyir: «Görürəm ki, Allahın qoyduğu qaydalar insanı yanlış əməlin nəticəsindən və qəlb yarasından qoruyur. Hər şeyi Allahın buyurduğu kimi edirəm. İndi məni sevən və mənə dayaq olan həyat yoldaşım var. Müqəddəs Kitabdakı nəsihətlərə əməl etmək dəfələrlə məni qəlb ağrısından qoruyub!»

Ətraflı məlumat əldə etmək üçün jw.org saytından «Müqəddəs Kitabda nikaha daxil olmadan birgə yaşamaqla bağlı nə deyilir?» adlı məqaləni oxuyun.

Yaradanımız bizə nəyin düz, nəyin səhv olduğunu açıqlayır. Bu qayda-qanunlara uyğun davranmaq həmişə asan olmasa da, onlara əməl etməyə dəyər. Əmin ola bilərik ki, bu cür davransaq, əbədiyyən xoşbəxt olacağıq.