Yaşamağa taqətiniz qalmayanda
HEÇ elə olubmu ki, mənəvi iztirablar ucbatından canınıza qıymaq istəmisiniz? Əgər belə olubsa, Adriananı başa düşərsiniz. O, şiddətli narahatçılıq keçirirdi, kədərə və məyusluğa qərq olmuşdu. Adrianaya kliniki depressiya diaqnozu qoymuşdular.
Yaponiyalı Kaoru qoca, xəstə valideynlərinə baxırdı. O deyir: «Həmin vaxt işdə son dərəcə gərginlik yaşanırdı. Sonradan iştahım küsdü, yuxusuzluq problemi başladı. Beynimə belə fikirlər gəlirdi ki, ölsəm, bütün bunlardan canım qurtarar».
Nigeriyalı Ojebodi deyir: «Həmişə o qədər kədərli olurdum ki, ağlamaq üçün bir himə bənd idim. Axırda bezib intihar etmək üçün yollar axtarmağa başladım». Xoşbəxtlikdən, Ojebodi, Kaoru və Adriana həyatlarına qəsd etmədilər. Ancaq hər il yüz minlərlə insan intihara əl atır.
HARA ÜZ TUTMALI?
Özünə qəsd edən insanların əksəriyyəti kişilər olur. Onlar kömək istəməyə utanırlar. Bir peyğəmbər demişdi ki, xəstələr həkimə möhtacdırlar (Luka 5:31). Əgər sizin də beyninizə belə fikirlər gəlirsə, kömək istəməyə çəkinməyin. Depressiyadan əziyyət çəkənlərin çoxu müalicə alandan sonra özlərini yaxşı hiss edirlər. Ojebodi, Kaoru və Adriana müalicə olunduqdan sonra vəziyyətləri yaxşılaşdı.
Depressiyanı dərmanlarla, söhbət terapiyası ilə müalicə edirlər. Həmçinin doğmalar, dostlar şəfqətlə, səbirlə belə adamlara kömək edə bilərlər. İnsanın ən yaxşı dostu Yehova Allahdır. O, Müqəddəs Kitab vasitəsilə insana çox böyük köməklik göstərə bilər.
İZTİRABLARIN BİRDƏFƏLİK ÇARƏSİ VARMI?
Depressiyaya mübtəla olanlara uzunmüddətli müalicə lazım gəlir. Onlar öz həyat tərzlərində, vərdişlərində dəyişiklik etməyi öyrənməlidirlər. Əgər siz də depressiyadan əziyyət çəkirsinizsə, ruhdan düşməyin, Ojebodi kimi, gələcəyə nikbin baxın. O deyir: «Mən Əşiya 33:24 ayəsinin yerinə yetməsini, heç kəsin xəstəyəm deməyəcəyi vaxtı səbirsizliklə gözləyirəm». Siz də Ojebodi kimi, Allahın vədindən təsəlli tapın. Allah vəd edir ki, yer üzündə ağrı-acı olmayacaq (Vəhy 21:1, 4). Həmin vaxt əqli və emosional ağrı-acıya son qoyulacaq. Onlar artıq olmayacaq. Sizə əzab verən hisslər yadınıza düşməyəcək, daha xatırlanmayacaq (Əşiya 65:17).