Kontentə keç

Mündəricatı göstər

İndi də xoşbəxt olmaq mümkündür

İndi də xoşbəxt olmaq mümkündür

GÜN GƏLƏCƏK xəstəlik, qocalıq, ölüm olmayacaq. Siz də belə həyatda yaşaya bilərsiniz. Lakin bu gün həyat problemlərlə və çətinliklərlə doludur. Bəs bu gün nisbətən xoşbəxt yaşamaq mümkündür? Müqəddəs Kitabda deyilən yolla yerimək sizə indidən xoşbəxt yaşamağa və həyatdan məmnunluq duymağa kömək edə bilər. Gəlin həyatda qarşılaşdığımız bəzi çətinlikləri və Müqəddəs Kitabda verilən məsləhətləri nəzərdən keçirək.

GÖZÜTOX OLUN

Müqəddəs Kitabın məsləhəti: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İbranilərə 13:5).

Bu gün dünyada sonsuz sayda məhsul və xidmət növləri reklam olunur və insanlara aşılanır ki, bunlarsız keçinmək mümkün deyil. Ancaq Müqəddəs Kitabda deyilir ki, biz nəyimiz varsa, ona qane ola bilərik. Necə?

Pulpərəstlikdən uzaq olun. İnsanlar puldan ötrü sağlamlıqlarından, ailədən, dostluqdan, əxlaq dəyərlərindən, hətta öz mənliklərindən keçməyə hazırdılar (1 Timutiyə 6:10). Halbuki pul belə qurbanlara dəyməz! Axı var-dövlət sevən adamın gözü heç vaxt doymur (Vaiz 5:10).

İnsanlara dəyər verin, əşyalara yox. Düzdür, maddi şeylər əlimizdən tutur. Lakin əşyalar bizi sevə, bizim qədrimizi bilə bilməz. Bunu yalnız insan edə bilər. Əsl dostumuz olarsa, həyatdan məmnunluq duya bilərik (Məsəllər 17:17).

MÜQƏDDƏS KİTABDAKI MƏSLƏHƏTLƏRƏ ƏMƏL ETMƏKLƏ ARTIQ BU GÜN XOŞBƏXT OLA BİLƏRİK

XƏSTƏLİK VAXTI DÖZÜMLÜ OLUN

Müqəddəs Kitabın məsləhəti: «Şad ürək cana məlhəmdir» (Məsəllər 17:22).

Sevinc «məlhəm» kimi bizə xəstəliyə dözməyə kömək edə bilər. Bəs xəstələnən zaman adam necə sevinə bilər?

Şükür edin. İnsan yalnız problemləri barədə düşünsə, hər günü qara olacaq (Məsəllər 15:15). Müqəddəs Kitabda isə deyilir ki, «şükür edənlərdən olun» (Koloslulara 3:15). Nə qədər kiçik də olsa, həyatınızdakı yaxşı şeyləri qiymətləndirməyi öyrənin. Günəşin qürubu, sərin meh, sevdiyiniz insanın təbəssümü. Bütün bunlar həyatınıza məna qata bilər.

Başqalarına kömək edin. Səhhətimizlə bağlı problem yaşasaq da, yaddan çıxarmamalıyıq ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Etdiyimiz köməyə görə insanların minnətdarlığını eşidəndə sevinəcəyik və fikrimiz öz problemlərimizdən yayınacaq. Biz insanlara yaxşılıq edəndə öz həyatımız yaxşılaşacaq.

NİKAH TELLƏRİNİ MÖHKƏMLƏNDİRİN

Müqəddəs Kitabın məsləhəti: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).

Bir yerdə az vaxt keçirən cütlüklər münasibətlərinə zərər vura bilərlər. Odur ki, ərlə arvad nikahlarına ciddi yanaşmalıdırlar. Bu, həyatda ən vacib şeylərdən biridir.

Birlikdə nəsə edin. Sizə maraqlı olan məşğuliyyətlərlə tək məşğul olmaqdansa, birlikdə nəsə etməyi planlaşdırın. Müqəddəs Kitabda deyilir: «İki nəfər bir nəfərdən yaxşıdır» (Vaiz 4:9). Birlikdə yemək bişirmək, idman etmək, çay içmək, hansısa hobbi ilə məşğul olmaq olar.

Sevginizi göstərin. Müqəddəs Kitab ərlə arvada bir-birini sevməyi və hörmət etməyi buyurur (Efeslilərə 5:28, 33). Xoş təbəssüm, nəvazişlə qucaqlamaq, yaxud kiçik hədiyyə vermək nikahı möhkəmləndirə bilər. Sözsüz ki, ərlə arvad yalnız bir-birilə intim münasibətdə olmalıdırlar (İbranilərə 13:4).