Kontentə keç

Mündəricatı göstər

Nəyə görə insan qocalır və ölür?

Nəyə görə insan qocalır və ölür?

ALLAH insanların ölməyini niyyət etməmişdi. Ulu valideynlərimiz Adəmlə Həvva əqli və fiziki cəhətdən kamil yaradılmışdılar. Onlar bu gün də sağ ola bilərdilər. Bu, Yehovanın Ədən bağındakı bir ağacla bağlı Adəmə dediyi sözlərdən aydın görünür.

Allah Adəmə demişdi: «Ondan [ağacdan] yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:17). Əgər Adəm istənilən halda qocalıb öləcəkdisə, onda bu əmrin heç bir mənası olmazdı. Adəm bilirdi ki, ağacın meyvəsindən yeməsə, ölməyəcək.

ALLAH İNSANLARIN ÖLMƏSİNİ NİYYƏT ETMƏMİŞDİ

Adəmlə Həvva sağ qalmaq üçün həmin ağacın meyvəsinə möhtac deyildilər. Çünki bağda başqa meyvə ağacları var idi (Yaradılış 2:9). Bu ağacdan yeməməklə Adəmlə Həvva onlara həyat verən Allaha tabe olduqlarını göstərəcəkdilər. Həmçinin bununla göstərəcəkdilər ki, Allahın onlara yol göstərməyə ixtiyarı olduğunu qəbul edirlər.

NƏYƏ GÖRƏ ADƏMLƏ HƏVVA ÖLDÜ?

Adəmlə Həvvanın nəyə görə öldüyünü anlamaq üçün biz bir söhbətə diqqət yetirməliyik. Bu söhbət qədimdə baş tutsa da, onun hər birimizə təsiri var. Şeytan ilandan istifadə edərək məkrli bir yalan danışdı. Müqəddəs Kitabda yazılıb: «İlan Yehova Allahın yaratdığı bütün vəhşi heyvanlardan ən ehtiyatlısı idi. O, qadından soruşdu: “Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?”» (Yaradılış 3:1).

Həvva ona dedi: «Bağdakı ağacların meyvəsindən yeyə bilərik. Ancaq bağın ortasındakı ağac haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!”» İlan cavabında qadına dedi: «Yox, əsla ölməzsiniz. Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Beləliklə, Şeytan iddia etdi ki, Yehova Allah yalan danışaraq ilk valideynlərimizdən yaxşı bir şeyi gizlədib (Yaradılış 3:2—5).

Həvva eşitdiklərinə inandı. O, ağaca o qədər baxdı ki, ağac gözünə xoş görünməyə başladı və ağacdan meyvə dərib yedi. Sonra isə «əri yanında olanda ona da verdi və o da yedi» (Yaradılış 3:6).

Allah Adəmə dedi: «Ondan yeyən gün hökmən öləcəksən» (YARADILIŞ 2:17)

Təsəvvür etmək olar ki, sevimli övladlarının bilə-bilə itaətsizlik etməsi Yehova Allaha necə ağır getdi. O, Adəmə dedi: «Torpağa qayıdacaqsan, çünki ondan yaradılmısan. Torpaqsan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:17—19). Bu belə də oldu. «Adəm 930 il ömür sürüb öldü» (Yaradılış 5:5). Adəm göyə, yaxud ruhani aləmə getmədi. Yehova Allah Adəmi torpaqdan yaratmazdan əvvəl o mövcud deyildi. Eynilə, öləndə də yaradıldığı torpaq kimi cansız oldu. Onun mövcudluğuna son qoyuldu. Bu, əsl faciədir!

BİZ KAMİL DEYİLİK

Adəmlə Həvva bilərəkdən itaətsizlik etdiklərinə görə kamilliyi və əbədi yaşamaq imkanını itirdilər. Onların orqanizmində dəyişiklik baş verdi; onlar qeyri-kamil, günahlı oldular. Amma Adəmlə Həvvanın itaətsizliyi təkcə özlərinə ziyan etmədi. Onlar günahı övladlarına da ötürdülər. Romalılara 5:12 ayəsində deyilir: «Günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib».

Müqəddəs Kitabda günah və ölüm bütün ümmətləri örtən pərdə, bütün xalqların üzərinə sərilmiş örtük adlanır (Əşiya 25:7). Bu pərdə bəşəriyyəti zəhərli duman kimi bürüyüb. Bu elə bir dumandır ki, heç kim ondan yaxa qurtara bilmir. Doğrudan da, «Adəmin ucbatından hamı ölür» (1 Korinflilərə 15:22). Bu yerdə, bir mömin insanın verdiyi sual adamın ağlına gəlir: «Ölümə mübtəla olan bu cisimdən məni kim xilas edəcək?» Bizi kimsə xilas edə bilər? (Romalılara 7:24).