Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 36

NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir

«Sözün icraçısı olun»

«Sözün icraçısı olun»

«Sözün icraçısı olun,.. onu təkcə eşitməklə kifayətlənməyin» (YAQ. 1:22).

ƏSAS FİKİR

Məqalə Müqəddəs Kitabı hər gün oxumağa həvəs oyadacaq. Bundan əlavə, oxuduqlarımızın üzərində düşünməyin və onları həyatımızda tətbiq etməyin yolunu öyrənəcəyik.

1, 2. Nəyə görə Allahın xidmətçiləri xoşbəxtdirlər? (Yaqub 1:22—25).

 YEHOVA və İsa Məsih bizim xoşbəxt olmağımızı istəyir. Zəbur 119:2 ayəsində deyilir: «Nə xoşbəxtdir Onun öyüdlərinə riayət edən, bütün qəlbi ilə Onu axtaran insan!» İsa Məsih də buna bənzər fikir söyləmişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28).

2 Biz, Yehovanın xidmətçiləri xoşbəxt insanlarıq. Bunun üçün çox səbəbimiz var. Onlardan biri Allahın Kəlamını hər gün oxumağımız və orada yazılanlara əməl etməyə çalışmağımızdır. (Yaqub 1:22—25 ayələrini oxuyun.)

3. Allahın Kəlamından oxuduqlarımıza əməl etməyin hansı xeyrini görürük?

3 Kəlamda yazılanları icra etməyin bizə bir çox sahədə xeyri var. Məsələn, bununla biz Yehovanı razı salırıq, bu isə bizə xoşbəxtlik gətirir (Vaiz 12:13). Ailə üzvlərimizlə və dindaşlarımızla münasibətlərimiz yaxşılaşır. Yəqin, bunu özünüz də hiss etmisiniz. Bundan başqa, Yehovanın buyurduğu kimi davranmayan insanların üzləşdiyi xeyli problemdən uzaq oluruq. Davud padşah bir nəğmədə Yehovanın qanunlarından, buyruqlarından və hökmlərindən bəhs edərkən belə bir nəticəyə gəlmişdi: «Onlara əməl edənin böyük mükafatı var» (Zəb. 19:7—11). Biz bu sözlərlə tamamilə razıyıq.

4. Nəyə görə Allahın Kəlamının icraçısı olmaq elə də asan deyil?

4 Allahın Kəlamının icraçısı olmaq üçün biz Müqəddəs Kitabı mütaliə edib Onun iradəsini qavramağa çalışmalıyıq. Amma işimiz başımızdan aşdığı üçün bunu etmək həmişə asan olmur. Odur ki, mütaliə üçün vaxt tapmalıyıq. Gəlin Müqəddəs Kitabı hər gün oxumağa kömək edəcək bəzi məsləhətləri araşdıraq. Həmçinin oxuduqlarımızın üzərində düşünməyin və onları tətbiq etməyin yolunu öyrənək.

ALLAHIN KƏLAMINI OXUMAĞA VAXT AYIRIN

5. Vaxtımızın çoxu hansı işlərə gedir?

5 Yehovanın xidmətçiləri çox məşğuldurlar. Biz Müqəddəs Kitabda buyrulan müxtəlif məsuliyyətlərimizi icra etməyə xeyli vaxt sərf edirik (1 Tim. 5:8). Məsələn, həm özümüzü, həm ailə üzvlərimizi dolandırmaq üçün işləyirik. Kimisi yaşlı və ya xəstə qohumlarına baxır. Üstəlik, hər birimiz öz sağlamlığımızın qeydinə qalmalıyıq. Buna da az vaxt getmir. Bütün bunlardan başqa yığıncaqda da müəyyən işlərimiz olur. Öhdəmizə düşən ən vacib işlərdən biri də xoş xəbəri təbliğ etməkdir. Bəs siz öz məsuliyyətinizi yerinə yetirə-yetirə, Allahın Kəlamını hər gün oxumağa, oxuduqlarınızın üzərində düşünməyə və onlara əməl etməyə necə vaxt tapa bilərsiniz?

6. Müqəddəs Kitabı hər gün oxumaq üçün nə etməliyik? (Həmçinin şəklə baxın.)

6 Məsihilər üçün Müqəddəs Kitabı oxumaq «daha vacib» şeylərin sırasındadır. Odur ki, bu məsələyə ciddi yanaşmalıyıq (Filip. 1:10). «Zəbur» kitabının lap əvvəlində xoşbəxt insanla bağlı belə sözlər yazılıb: «O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır» (Zəb. 1:1, 2). Aydın məsələdir ki, bu cür oxumaq üçün vaxt ayırmaq lazımdır. Bəs Müqəddəs Kitabı oxumağın ən yaxşı vaxtı hansıdır? Hərəyə bir vaxt uyğun gələ bilər. Amma gərək elə vaxt seçək ki, bunu hər gün etmək mümkün olsun. Viktor adlı qardaş deyir: «Mən Müqəddəs Kitabı səhərlər oxumağı xoşlayıram. Düzdür, səhərlər tez durmaq mənə çətin gəlir, amma həmin vaxt fikrimi yayındıran daha az şey olur, beynim ayıq olur və diqqətimi cəmləyə bilirəm». Bəlkə, bu sizə də uyğun vaxtdır? Özünüzdən soruşun: «Mənim üçün Müqəddəs Kitabı nə vaxt oxumaq daha uyğundur?»

Müqəddəs Kitabı hər gün oxumaq üçün sizə hansı vaxt əl verir? (6-cı abzasa baxın)


OXUDUQLARINIZIN DƏRİNLİYİNƏ VARIN

7, 8. Oxuduqlarımızdan tam fayda əldə etməyə nə mane ola bilər? Nümunə çəkin.

7 Müqəddəs Kitabı oxumaq üçün vaxt təyin etsəniz də, diqqət yetirməli olduğunuz başqa bir məqam da var. Olubmu ki, nə isə oxuyandan az sonra heç nə yadınızda qalmasın? Bu hamımızla baş verib. Təəssüf ki, Müqəddəs Kitabı oxuyanda da belə şey ola bilər. Bəlkə də, hər gün bir neçə fəsil oxumağı məqsəd qoymuşuq. Bu, tərifəlayiqdir. Bəli, biz məqsədlər qoymalıyıq və onlara çatmaq üçün səy göstərməliyik (1 Kor. 9:26). Amma Müqəddəs Kitabı oxumaq sadəcə başlanğıcdır — gözəl bir başlanğıc. Allahın Kəlamının mütaliəsindən tam faydalanmaq istəyiriksə, daha çoxunu etməliyik.

8 Belə bir nümunəyə baxaq. Bitkinin böyüməsi üçün yağış vacibdir. Amma qısa vaxtda leysan yağsa, torpaq suyu canına hopdura bilməyəcək və yağışın çox yağmasının heç bir faydası olmayacaq. Amma yağış yavaş-yavaş yağanda torpaq suyu canına çəkə bilir, bu da bitkinin böyüməsinə kömək edir. Eynilə Müqəddəs Kitabı tez-tələsik oxusaq, oxuduqlarımızı qavramayacağıq, onlar yadımızda qalmayacaq və tətbiq edə bilməyəcəyik (Yaq. 1:24).

Torpağın suyu canına çəkməsi üçün vaxt lazım olduğu kimi, Allahın Kəlamından oxuduqlarımız üzərində düşünmək və tətbiq etmək üçün də vaxt lazımdır (8-ci abzasa baxın)


9. Müqəddəs Kitabı sürətlə oxumaq vərdişimiz varsa, nə etməliyik?

9 Müqəddəs Kitabı sürətlə oxuduğunuzu görsəniz, nə etməlisiniz? Aram-aram oxuyun. Çalışın ya oxuya-oxuya düşünəsiniz, ya da oxuyandan sonra düşünməyə vaxt ayırasınız. Bunu etmək elə də çətin deyil. Oxuduqlarınızın dərinliyinə varmaq üçün mütaliəyə ayırdığınız vaxtı uzada bilərsiniz, yaxud daha az ayə oxuyub, qalan vaxtı oxuduqlarınız üzərində düşünə bilərsiniz. Bayaq adı çəkilən Viktor deyir: «Çalışıram, Müqəddəs Kitabın oxunmasını qısa edim. Adətən bir fəsil oxuyuram. Səhər tezdən oxuduğum üçün günün qalan hissəsini düşünməyə vaxtım olur». Nə qədər oxumağınızdan asılı olmayaraq, elə bir sürətlə oxuyun ki, oxuduqlarınız üzərində düşünə biləsiniz. (Zəb. 119:97; « Düşünmək üçün suallar» adlı çərçivəyə baxın.)

10. Öyrəndiklərinizi necə tətbiq edəcəyinizə dair nümunə çəkin (1 Salonikililərə 5:17, 18).

10 Mütaliəni nə vaxt etməyinizdən və ona nə qədər vaxt ayırmağınızdan asılı olmayaraq, oxuduqlarınızı necə tətbiq edəcəyiniz barədə də düşünün. Allahın Kəlamından bir parça oxuyandan sonra özünüzdən soruşun: «Bu məlumatı indi və ya yaxın gələcəkdə necə tətbiq edə bilərəm?» Tutalım, mütaliə edərkən 1 Salonikililərə 5:17, 18 ayələrini oxuyursunuz. (Ayələri oxuyun.) Bu iki ayəni oxuyandan sonra dayanıb düşünün: «Nə qədər tez-tez dua edirəm? Dualarım səthi deyil ki? Nələrə görə minnətdaram?» Bəlkə də, qərara gələcəksiniz ki, üç konkret şeyə görə Yehovaya minnətdarlığınızı bildirəsiniz. Müqəddəs Kitabdan öyrəndikləriniz üzərində bu cür düşünməyə bir neçə dəqiqə vaxt ayırmağınız belə onu başa düşməyə və tətbiq etməyə kömək edəcək. Görün hər gün ayələri belə təhlil etsəniz, bunun sizə nə qədər faydası olacaq! Bax onda Allahın Sözünün daha yaxşı icraçıları olacaqsınız. Yaxşı, bəs görsəniz ki, üzərində işləməli olduğunuz çox şey var, onda nə edə bilərsiniz?

GÜCÜNÜZ ÇATAN MƏQSƏDLƏR QOYUN

11. Bəzən bizi nə ruhdan sala bilər? Nümunə çəkin.

11 Müqəddəs Kitabı oxuyanda çox şeyin üzərində işləməli olduğunuzu görmək sizi ruhdan sala bilər. Belə bir səhnəni təsəvvürünüzdə canlandırın: Bu gün Müqəddəs Kitab mütaliənizdən ayrı-seçkilik etməməklə bağlı məsləhət oxuyursunuz (Yaq. 2:1—8). Görürsünüz ki, başqalarına qarşı rəftarınızı yaxşılaşdırmalısınız. Buna görə də bəzi dəyişikliklər etmək qərarına gəlirsiniz. Sizə əhsən! Səhəri gün oxuduğunuz ayələr dili cilovlamağın vacibliyindən bəhs edir (Yaq. 3:1—12). Bu ayələr üzərində düşünəndə görürsünüz ki, hərdən siz də xoşagəlməyən sözlər işlədirsiniz, mənfi şeylər deyirsiniz. Buna görə də müsbət, ruhlandırıcı danışmağı qarşınıza məqsəd qoyursunuz. Növbəti gün isə oxuduğunuz ayələr dünya ilə dostluq etməmək barədədir (Yaq. 4:4—12). Fikirləşirsiniz ki, əyləncə məsələsində daha seçici olmalısınız. Artıq dördüncü günə çatanda nə qədər şeyin üzərində işləməli olduğunuzu görüb ruhdan düşə bilərsiniz.

12. Müqəddəs Kitabı oxuyarkən dəyişiklik etməli olduğunuzu görəndə nəyə görə ruhdan düşməməlisiniz? (Həmçinin haşiyəyə baxın.)

12 Əgər özünüzdə çox şeyi düzəltməlisinizsə, ruhdan düşməyin. Bu, ürəyinizin vəziyyətinin yaxşı olduğundan xəbər verir. Təvazökar və dürüst insanın Müqəddəs Kitabı oxumaqda məqsədi zəif yönlərini görüb üzərində işləməkdir a. Nəzərə alın ki, «yeni şəxsiyyəti» geyinmək bir dəfəyə mümkün deyil. Bu, davamlı prosesdir (Kol. 3:10). Bəs bundan sonra da Allahın Sözünün icraçısı olmağa sizə nə kömək edəcək?

13. Gücünüz çatan sayda məqsəd qoymağa sizə nə kömək edər? (Həmçinin şəklə baxın.)

13 Oxuduğunuz hər şeyi bir dəfəyə tətbiq etməyə çalışmayın. Gücünüz çatan sayda məqsəd qoyun (Məs. 11:2). Belə bir şey edə bilərsiniz: üzərində işləmək istədiyiniz sahələrin siyahısını tutun. Sonra siyahıdan bir və ya iki sahəni seçin. Əvvəlcə onların üzərində işləyin, sonra isə başqalarına keçin. Bəs nədən başlamaq olar?

Müqəddəs Kitabdan öyrəndiyiniz hər şeyi birdən həyata keçirməkdənsə, gücünüz çatan məqsədlər qoyun. Diqqətinizi bir və ya iki sahəyə kökləyin (13 və 14-cü abzaslara baxın)


14. Hansı məqsədlərdən başlaya bilərsiniz?

14 Sizə asan olan məqsəddən başlaya bilərsiniz. Yaxud üzərində daha çox işləməli olduğunuz sahəni seçə bilərsiniz. Məqsədinizi müəyyən edəndən sonra nəşrlərimizdən axtarış aparın. Məsələn, «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI», yaxud «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti sizə bu sahədə kömək edə bilər. Məqsədiniz barədə Yehovaya dua edin, Ondan qəlbinizdə həm arzu oyatmasını, həm də sizə güc verməsini diləyin (Filip. 2:13). Sonra isə öyrəndiklərinizi həyata keçirin. Qoyduğunuz ilk məqsədə çatdığınızı gördükcə, çox güman, digər məqsədlərinizin də üzərində işləməyə həvəslənəcəksiniz. Hansısa sahədə dəyişikliyə nail olanda, yaxud hansısa məsihi xüsusiyyətinizi yaxşılaşdıranda, ehtimal ki, digər sahələrin üzərində də işləmək sizə asan olacaq.

QOY ALLAHIN SÖZÜ SİZDƏ FƏALİYYƏT GÖSTƏRSİN

15. Yehovanın xalqını Müqəddəs Kitabı oxuyan bir çox insandan fərqləndirən nədir? (1 Salonikililərə 2:13).

15 Bəzi insanlar Müqəddəs Kitabı dəfələrlə oxuyub. Bəs onlar oxuduqlarına ürəkdən inanırlar? Müqəddəs Kitabın öyrətdiyi kimi yaşamağa və özlərində düzəliş etməyə çalışırlar? Xeyr. Təəssüf ki, insanların çoxu Müqəddəs Kitaba uyğun yaşamır. Bu, həmin insanlarla Yehovanın Şahidləri arasında necə böyük fərqin olduğunu göstərir. Birinci əsrdə yaşayan məsihilər kimi bizlər də Müqəddəs Kitabı «necə var elə, Allahın sözü kimi» qəbul edirik. Üstəlik, onun bizdə fəaliyyət göstərməsi üçün əlimizdən gələni edirik. (1 Salonikililərə 2:13 ayəsini oxuyun.)

16. Allahın Sözünün icraçısı olmağa bizə nə kömək edər?

16 Allahın Kəlamını oxuyub tətbiq etmək həmişə asan olmur. Ola bilsin, vaxt tapıb oxumağa çətinlik çəkirik. Yaxud da sürətli oxumağa meyilliyik və oxuduqlarımızın üzərində düşünmürük. Bəlkə də dəyişməli olduğumuz sahələrin çoxluğu bizi ruhdan salır. Çətinliyimiz nə olursa olsun, aşılmaz deyil. Yehovanın köməyi ilə bunun öhdəsindən gələ bilərik. Gəlin Onun köməyini qəbul edək və unutqan dinləyici olmayıb Allahın Sözünün icraçısı olaq. Şübhəsiz, Allahın Kəlamını nə qədər çox mütaliə etsək və öyrəndiklərimizi tətbiq etsək, bir o qədər xoşbəxt olacağıq (Yaq. 1:25).

NƏĞMƏ 94 Allahın Kəlamına görə minnətdarıq

a jw.org saytından «Həmyaşıdların nə deyir? Müqəddəs Kitabı oxumaq» adlı videoya baxın.