TƏLİM MƏQALƏSİ 39
NƏĞMƏ 125 «Rəhmdillilər xoşbəxtdirlər!»
Səxavət göstərin, xoşbəxt olun
«Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (HƏV. 20:35).
ƏSAS FİKİR
Başqalarına yaxşılıq edərək sevincimizi qoruya və hətta artıra bilərik.
1, 2. Nəyə görə Yehova bizi yaxşılıq edəndə daha çox sevinc duymaq qabiliyyəti ilə yaradıb?
BİZ almaqdan çox, verməkdən xoşbəxtlik duyuruq. Yehova bizi belə yaradıb (Həv. 20:35). Onda belə çıxır ki, kimsə bizim üçün nəsə edəndə biz heç bir xoşbəxtlik duymuruq? Xeyr. Kimdənsə hədiyyə almağın insana sevinc gətirdiyini hamımız bilirik, amma yenə də insan ən çox xoşbəxtliyi verəndə duyur. Əslində, Yehovanın bizi bu cür yaratması öz xeyrimizədir. Nəyə görə?
2 Yehovanın bizi belə yaratmağı sayəsində xoşbəxtliyimiz öz əlimizdə olur. Biz başqalarına yaxşılıq etmək üçün imkanlar axtararaq sevincimizə sevinc qata bilərik. Belə heyrətamiz xəlq olunmağımız valehedicidir (Zəb. 139:14).
3. Nəyə görə Yehova «xoşbəxt Allah» adlanır?
3 Müqəddəs Kitabdan başqalarına yaxşılıq etməyin xoşbəxtlik gətirdiyini bilirik. Buna görə də Yehovanın «xoşbəxt Allah» adlanması təəccüblü deyil (1 Tim. 1:11). İlk və ən çox səxavət göstərən varlıq Odur. Həvari Bulus demişkən: «Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həv. 17:28). Doğrudan da, «hər bir gözəl pay və hər bir kamil nemət» Yehovadandır (Yaq. 1:17).
4. Daha çox sevinc duymağımıza nə kömək edəcək?
4 Yəqin, hər birimiz səxavət göstərib daha çox sevinc duymaq istəyirik. Bu sahədə bizə Yehovanın nümunəsi kömək edəcək (Efes. 5:1). Gəlin həm bunu araşdıraq, həm də görək insanlar səxavətimizə görə minnətdarlıq bildirməyəndə nə edə bilərik. Bu məsləhətlər bizi təşviq edəcək ki, daima başqaları üçün nəsə edək və beləcə, sevincimizi daha da artıraq.
YEHOVA KİMİ SƏXAVƏTLİ OLUN
5. Yehova bizi maddi cəhətdən nələrlə təmin edir?
5 Yehova necə səxavət göstərir? Bir neçə nümunəyə baxaq. Yehova bizə maddi şeylər verir. Ola bilsin, dəbdəbəli həyat sürməyəcəyik, amma Yehovaya şükürlər olsun ki, əksəriyyətimizin ehtiyac duyduğu hər şeyi var. Məsələn, Onun sayəsində yeməyimiz, paltarımız və qalmağa yerimiz var (Zəb. 4:8; Mət. 6:31—33; 1 Tim. 6:6—8). Bəs Yehova fiziki tələbatlarımızı sadəcə borc hissindən irəli gələrək ödəyir? Qətiyyən! Bəs onda bunu nəyə görə edir?
6. Mətta 6:25, 26 ayələrindən nə öyrənirik?
6 Qısaca desək, Yehova fiziki tələbatlarımızı bizi sevdiyi üçün ödəyir. İsanın Mətta 6:25, 26 ayələrində dediyi sözlərə fikir verək. (Ayələri oxuyun.) Orada o, yaradılışı nümunə çəkir və quşlardan danışaraq deyir: «Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar». Görün İsa ardınca nə deyir: «Sizin göydəki Atanız onları yedizdirir». Daha sonra isə o, belə bir sual verir: «Məgər siz onlardan qiymətli deyilsiniz?» İsanın sözünün canı nə idi? Yehovanın gözündə xidmətçiləri yaratdığı heyvanlardan qat-qat dəyərlidir. Əgər Yehova onların ehtiyacını ödəyirsə, bizimkini ödəməz?! Biz səmavi Atamızın ailəsinin bir üzvüyük, buna görə də O bizim tələbatlarımızı sevgidən irəli gələrək ödəyir (Zəb. 145:16; Mət. 6:32).
7. Yehova kimi səxavətli olmağın yollarından biri hansıdır? (Həmçinin şəklə baxın.)
7 Yehova kimi biz də insanlara olan məhəbbətimizi maddi dəstəyimizlə göstərə bilərik. Hansısa dindaşınızın qida və ya geyim sarıdan korluq çəkdiyini bilirsiniz? Yehova sizin vasitənizlə onun bu ehtiyacını ödəyə bilər. Yehovanın Şahidləri, əsasən, təbii fəlakət zamanı göstərdikləri səxavətlə tanınırlar. Məsələn, COVID-19 pandemiyası zamanı bacı-qardaşlar köməyə ehtiyacı olanlara ərzaq, geyim və lazım olan digər şeyləri göndərmişdi. Çoxları ümumdünya işinə də ianə etmişdi. Bu, bütün dünyada aparılan yardım işlərini maliyyələşdirməyə kömək etmişdi. Bu əliaçıq bacı-qardaşlar İbranilərə 13:16 ayəsinə uyğun davranırdılar: «Yaxşılıq etməyi, varınızı başqaları ilə bölüşməyi yaddan çıxartmayın, çünki bu cür qurbanlar Allaha xoşdur».
8. Yehovanın verdiyi güc bizə necə kömək edir? (Filippililərə 2:13).
8 Yehova güc verir. Sonsuz gücündən xidmətçilərinə vermək Yehovaya xoşdur. (Filippililərə 2:13 ayəsini oxuyun.) Yəqin, nəfsinizi boğmaq, hansısa sınağa tab gətirmək üçün duada Yehovadan güc istədiyiniz vaxtlar olub. Bəlkə də sadəcə bu günü başa vurmaq üçün güc diləmisiniz. Duanıza cavab alanda, ola bilsin, həvari Bulusun keçirdiyi hissləri keçirmisiniz. O demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13).
9. Yehovanın gücündən səxavətlə istifadə etməsi bizim üçün hansı sahədə nümunədir? (Həmçinin şəklə baxın.)
9 Yehovadan fərqli olaraq biz sonsuz gücə sahib deyilik və onu başqalarına bəxş edə bilmərik. Amma Yehovadan nümunə götürərək öz gücümüzü başqalarının rifahı naminə istifadə edə bilərik. Məsələn, yaşlı və ya xəstə dindaşımıza ev işlərində kömək etmək və ya onun üçün bazarlıq etmək olar. Vəziyyətimiz imkan verirsə, ibadət evinin təmizliyində və qulluğunda iştirak edə bilərik. Gücümüzdən bu cür istifadə edəndə Yehovaya ibadət edən insanlara fayda gətiririk.
10. Sözlərimizlə başqalarına necə güc verə bilərik?
10 Həmçinin unutmayın ki, sözlərin böyük gücü var. Məsələn, kimi tərifləyib ruhlandıra bilərsiniz? Yaxud kimin təsəlliyə ehtiyacı var? Bəlkə, həmin insana sevginizi hiss etdirmək üçün təşəbbüs göstərəsiniz? Onun yanına getmək, ona zəng etmək, mesaj yazmaq və ya açıqca göndərmək olar. Qeyri-adi nəsə yazmağa, nəsə deməyə ehtiyac yoxdur. Ürəkdən gələn bir-iki sadə söz məhz dindaşınıza lazım olan şey ola bilər, ona həmin gün Yehovaya sadiq qalmağa və ya vəziyyətinə düzgün yanaşmağa kömək edə bilər (Məs. 12:25; Efes. 4:29).
11. Yehova hikmətindən necə istifadə edir?
11 Yehova hikmət verir. Şagird Yaqub yazmışdı: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin və ona veriləcək» (Yaq. 1:5). Bu sözlərdən göründüyü kimi Yehova hikmətini Özündə saxlamır. Onu səxavətlə başqaları ilə bölüşür. Həm də fikir verdinizsə, Yehova hikmət verəndə bunu «qınamadan», başqa sözlə, məzəmmət etmədən verir. O istəmir ki, Onun bizə yol göstərməsinə ehtiyac duyduğumuza görə özümüzü pis hiss edək. Əslində, O elə Özü bizi buna təşviq edir (Məs. 2:1—6).
12. Bildiklərimizi başqaları ilə bölüşmək üçün hansı imkanlarımız var?
12 Bəs biz Yehovadan nümunə götürüb sahib olduğumuz hikməti başqaları ilə bölüşə bilərik? (Zəb. 32:8). Yehovanın xidmətçilərinin öyrəndiklərini başqaları ilə bölüşmək üçün çox imkanı var. Məsələn, biz həqiqətdə yeni addımlayanlara təbliğ etməyi öyrədirik. Ağsaqqallar səbirlə yığıncaq xidmətçilərinə və vəftiz olunmuş qardaşlara yığıncaqdakı məsuliyyətlərinin öhdəsindən gəlməyi öyrədirlər. Həmçinin tikinti sahəsində təcrübəsi olanlar Yehovanın yolunda istifadə olunan binaların tikintisi və qulluğu ilə bağlı daha az təcrübəsi olanlara təlim keçirlər.
13. Başqalarına təlim verərkən Yehovanın qoyduğu nümunəni necə izləyə bilərik?
13 Başqalarına təlim verəndə çalışın bunu Yehovanın etdiyi kimi edəsiniz. Yehova hikmətini səxavətlə verir. Eynilə biz də kiminləsə öz biliyimizi, təcrübəmizi bölüşəndə xəsislik etməməliyik. Qorxmamalıyıq ki, bildiyimiz hər şeyi ona öyrətsək, o gəlib bizim yerimizi tutar. Belə düşünməyimiz də yanlış olar: «Mənə heç kim təlim verməyib. Mən necə öyrənmişəm, qoy o da elə öyrənsin!» Yehovanın xidmətçilərində bu cür düşüncə olmamalıdır. Biz təlim verdiyimiz insana nəinki biliyimizi, «hətta öz canımızı da verməyə hazır» olmalıyıq (1 Salon. 2:8). Ümid edirik ki, onlar da başqalarına «təlim vermək üçün yararlı» olacaqlar (2 Tim. 2:1, 2). Hər birimiz bildiklərimizi səxavətlə bölüşsək, həm özümüz daha hikmətli və xoşbəxt olacağıq, həm də başqaları.
SƏXAVƏT GÖSTƏRİB MİNNƏTDARLIQ GÖRMƏYƏNDƏ
14. Çoxları göstərdiyimiz səxavətə necə yanaşır?
14 Bacı-qardaşlar başda olmaqla, insanlara səxavət göstərəndə çox vaxt onlar bunun qarşılığında minnətdarlıqlarını bildirirlər. Kimisi açıqca yazır, kimisi də başqa yolla «çox sağ ol» deyir (Kol. 3:15). Etdiyimiz yaxşılığın müqabilində minnətdarlıq sözlərini eşidəndə xoşbəxtliyimizə xoşbəxtlik qatılır.
15. İnsanlar minnətdarlıqlarını bildirməyəndə nəyi yadda saxlamalıyıq?
15 Amma heç də hamı etdiyimiz yaxşılığa görə minnətdarlığını bildirmir. Ola bilər ki, insan üçün vaxtımızı, gücümüzü, vəsaitimizi sərf edək, amma onun bizim etdiklərimizə qiymət verdiyini heç hiss etməyək. Bu zaman sevincimizi itirməmək və ya acıqlanmamaq üçün nə edə bilərik? Məqalənin əsas ayəsini — Həvarilərin işləri 20:35 ayəsini yadımıza salaq. Səxavət göstərərkən duyduğumuz xoşbəxtlik qarşı tərəfin «sağ ol»undan asılı deyil. Göstərdiyimiz səxavətə dəyər verilmədiyini düşünsək də bunu etməkdən vaz keçməməliyik. Gəlin bizə kömək edəcək bir neçə üsula baxaq.
16. Səxavət göstərərkən nəyi yadda saxlamalıyıq?
16 Yehovanın nümunəsini izlədiyinizi yadda saxlayın. O, insanlardan yaxşılığını əsirgəmir, onlar bunun qədrini bilsə də, bilməsə də (Mət. 5:43—48). Yehova söz verir ki, Onun kimi siz də etdiyiniz yaxşılığın qarşılığında heç nə gözləməsəniz, mükafatınız böyük olacaq (Luka 6:35). Odur ki, kimsə «sağ ol» deməsə, məyus olmayın. Siz ki insanlara yaxşılıq edirsiniz, onlar qiymətləndirsə də, qiymətləndirməsə də, əsas odur, Yehova gülərüzlə etdiyiniz yaxşılığı görür və bunun mükafatını mütləq verəcək (Məs. 19:17; 2 Kor. 9:7).
17. Səxavət göstərərkən Yehovanın nümunəsini başqa necə izləyə bilərik? (Luka 14:12—14).
17 Səxavət göstərərkən Yehovadan bir sahədə də nümunə götürə bilərik. Bu barədə Luka 14:12—14 ayələrində yazılıb. (Ayələri oxuyun.) Əlbəttə, bizim üçün eyni şeyi edə biləcək kəslərə qonaqpərvərlik və ya səxavət göstərməkdə qəbahət bir şey yoxdur. Amma əgər görsək ki, nə isə umduğumuz üçün yaxşılığı edirik, onda necə? İsanın verdiyi məsləhəti sınaqdan keçirmək olar. Bizə qonaqpərvərlik göstərməyə imkanı çatmayan kəsə qonaqpərvərlik göstərə bilərik. Onda Yehovanın nümunəsini izlədiyimizə görə ürəyimizdə böyük bir sevinc olacaq. Etdiyimiz yaxşılığın qarşılığında heç nə gözləməməyi öyrənsək, sabah kimsə minnətdarlığını bildirməyəndə sevincimizi itirməyəcəyik.
18. Nə etməməliyik və nəyə görə?
18 İnsan haqda pis fikirləşməyin (1 Kor. 13:7). Kimsə bizə minnətdarlığını bildirməyəndə növbəti sual üzərində düşünə bilərik: «O, doğrudan da naşükür insandır, yoxsa sadəcə olaraq minnətdarlığını bildirməyi unudub?» Onun «çox sağ ol» deməməsinə başqa səbəblər də ola bilər. Ola bilsin, bəziləri hədsiz dərəcədə minnətdardırlar, amma bunu dilə gətirməyə çətinlik çəkirlər. Bəlkə də, onlar vaxtilə özləri başqalarına əl tutub, indi isə kimsə onlara kömək edəndə utanırlar. Səbəb hər nə olsa da, dindaşlarımızı həqiqətən seviriksə, onlar haqda pis düşünməyəcəyik və bundan sonra da səxavət göstərməkdən sevinc duyacağıq (Efes. 4:2).
19, 20. Səxavət göstərərkən səbirli olmağın hansı faydası var? (Həmçinin şəklə baxın.)
19 Səbirli olun. Səxavətli olmaqla bağlı müdrik Süleyman padşah demişdi: «Çörəyini suya burax, günlər keçər, onu yenidən taparsan» (Vaiz 11:1). Bu sözlərdən göründüyü kimi bəziləri göstərdiyimiz səxavətə görə minnətdarlığını «günlər» keçəndən sonra bildirə bilər. Gəlin bununla bağlı bir hadisəyə baxaq.
20 Uzun illər əvvəl bir rayon nəzarətçisinin arvadı yeni vəftiz olunmuş bacıya səmimi açıqca yazıb Yehovaya sadiq qalmağa təşviq etmişdi. Bacı təxminən 8 il sonra ona belə bir məktub yazmışdı: «Sənə bir şey deməyi özümə borc bilirəm. Bilirsən, bu illər boyu sən heç özün də bilmədən mənə necə kömək etmisən!» Məktubunun davamında o belə sözlər yazmışdı: «[Açıqcada] çox xoş kəlmələr yazmışdın. Mənə ən çox təsir edən isə qeyd etdiyin ayə idi. Onu heç vaxt unutmaram» a. İllər ərzində hansı çətinliklərlə üzləşdiyini qeyd edəndən sonra bacı sözünə belə davam etmişdi: «Bəzən həqiqətdən, məsuliyyətlərimdən, bir sözlə, hər şeydən uzaqlaşmaq istəyirdim. Amma belə anlarda həmişə sənin yazdığın ayə yadıma düşürdü və mənə təslim olmamağa güc verirdi». O, sözünə əlavə edir: «Bu səkkiz il ərzində heç bir şey mənə bu dərəcədə təsir etməyib». Təsəvvür etmək olar rayon nəzarətçisinin arvadı «günlər» keçəndən sonra məktubu alanda necə sevinmişdi! Vaxt gələr, biz də etdiyimiz yaxşılığın əvəzində bu cür minnətdarlıq sözləri eşidərik.
21. Nəyə görə bundan sonra da Yehovanın səxavətini nümunə götürməyə əzmlisiniz?
21 Öyrəndiyimiz kimi Yehova bizi xüsusi qabiliyyətlə yaradıb. Kimsə bizə səxavət göstərəndə sevinirik, amma ən böyük xoşbəxtliyi özümüz başqaları üçün nəsə edəndə duyuruq. Nə yaxşı ki, dindaşlarımız üçün nəsə edə bilirik. Etdiyimiz yaxşılığın müqabilində eşitdiyimiz minnətdarlıq sözləri isə ürəyimizə yağ kimi yayılır. Amma insan bizə minnətdarlığını bildirsə də, bildirməsə də düzgün davrandığımıza görə ürəyimiz rahat olacaq. Bir şeyi heç vaxt unutmayın: «Yehova [sizə] ondan da artığını verə bilər» (2 Saln. 25:9). Bizim səxavətimiz heç vaxt Yehovanın səxavətinə çata bilməz. Etdiyimiz yaxşılığın əvəzində mükafatı Yehovadan almaqdan gözəl nə ola bilər?! Odur ki, gəlin səxavətli Allahımız Yehovadan örnək almağa davam edək.
NƏĞMƏ 17 «İstəyirəm»
b ŞƏKLİN İZAHI. Səhnələşdirilmiş şəkillərdə təsvir olunub ki, rayon nəzarətçisinin arvadı bir bacını ruhlandırmaq üçün açıqca yazır. İllər sonra o etdiyi bu yaxşılığa görə minnətdarlıq məktubu alır.