Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 37

NƏĞMƏ 118 «İmanımızı artır»

Sonadək sadiq qalmağa kömək edən məktub

Sonadək sadiq qalmağa kömək edən məktub

«Başlanğıcda bizdə olan qətiyyəti sonadək [qoruyacağıq]» (İBR. 3:14).

ƏSAS FİKİR

İbranilərə məktubdan öyrəndiyimiz dərslər bizə bu dünyanın sonuna kimi dözüm göstərməyə və sadiq qalmağa kömək edəcək.

1, 2. a) Həvari Bulus ibranilərə məktub yazanda Yəhudiyyədə vəziyyət nə yerdə idi? b) Nəyə görə bu məktub tam vaxtında idi?

 İSA MƏSİHİN ölümündən sonrakı illərdə Yəhudiyyədə və Yerusəlimdə yaşayan məsihilər üçün ağır bir dövr başladı. Elə məsihi yığıncağı yaranar-yaranmaz, onlar güclü təqiblərlə üzləşdilər (Həv. 8:1). Bundan təxminən 20 il sonra isə oradakı məsihilərin ciddi maddi sıxıntıları oldu. Görünür, buna səbəb daha öncə ölkədə baş qaldıran qıtlıq idi (Həv. 11:27—30). Amma eramızın təxminən 61-ci ilində nisbətən sakitlik yarandı. Məsihilər qarşıda onları gözləyən təqiblərlə müqayisədə daha az təqib olunurdular. Elə həmin dövrdə onlar həvari Bulusdan bir məktub aldılar. Bu məktub düz vaxtında idi.

2 İbranilərə məktub ona görə vaxtında idi ki, bu sakitlik dövrü uzun çəkməyəcəkdi. Məktubdakı məsləhətlər məsihiləri tezliklə üzləşəcəkləri müsibətə hazırladı. İsa Məsihin Yerusəlimin dağılması ilə bağlı dediyi peyğəmbərliyin yerinə yetməsinə az qalmışdı (Luka 21:20). Düzdür, bunun dəqiq nə vaxt baş verəcəyini nə Bulus, nə də məsihilər bilmirdi. Amma nə qədər ki vaxt var idi, onlar həmin vaxta hazır olmaları üçün dözüm və iman kimi xüsusiyyətlər yetişdirə bilərdilər (İbr. 10:25; 12:1, 2).

3. Nəyə görə İbranilərə məktub bu gün məsihilər üçün xüsusilə maraqlıdır?

3 İbrani məsihilərlə müqayisədə bizi qarşıda daha böyük müsibət gözləyir (Mət. 24:21; Vəhy 16:14, 16). Gəlin görək Yehova onlara hansı məsləhətləri vermişdi və biz özümüz üçün bundan nə öyrənə bilərik.

«YETKİNLİYƏ DOĞRU İRƏLİLƏYƏK»

4. Məsihiliyi qəbul edən yəhudilər hansı çətinliklərlə üzləşmişdilər? (Həmçinin şəklə baxın.)

4 Məsihiliyi qəbul edən yəhudilər həyatlarında köklü dəyişikliklər etməli idi və bu, asan deyildi. Vaxtilə onlar Allahın seçilmiş xalqı idi, Yerusəlim Allahın Padşahlığının yer üzündəki mərkəzi idi. Məbəd pak ibadətin icra olunduğu yer idi. Bütün sadiq yəhudilər din xadimlərinin öyrətdiklərinə uyğun olaraq Musanın qanununa əməl edirdilər. Onlara yemək, sünnət məsələsi və başqa xalqlarla münasibətə dair qaydalar verilmişdi. Amma İsa Məsihin ölümündən sonra Musanın qanunu ləğv olundu və daha məbəddə qurban gətirməyə ehtiyac yox idi. Məsihiliyi qəbul etmiş yəhudilər üçün ibadət tərzlərini dəyişmək asan deyildi (İbr. 10:1, 4, 10). Hətta yetkin məsihilər, məsələn, həvari Butrus da bəzi dəyişikliklərə alışa bilmirdi (Həv. 10:9—14; Qal. 2:11—14). Bu məsihilər yeni etiqadlarına görə yəhudi din xadimlərinin hədəfinə çevrilmişdi.

İbrani məsihilər həqiqətdən bərk yapışmalı və onlara qarşı çıxan yəhudi din xadimlərinin yalan fikirlərinə uymamalı idilər (4 və 5-ci abzaslara baxın)


5. Məsihilər özlərini nədən gözləməli idi?

5 Yəhudi məsihilərin əleyhinə çıxan iki cəbhə var idi. Birincisi, yəhudi din xadimləri idi. Onlar bu məsihilərlə dönük kimi rəftar edirdilər. Digəri isə yığıncaqdakılardan idi. Yəhudi məsihilərdən bəziləri Məsihin davamçılarının Musanın qanununa əməl etmələrini israr edirdilər. Görünür, buna səbəb təqiblə üzləşmək qorxusu idi (Qal. 6:12). Bəs sadiq məsihilərə həqiqətə bağlı qalmağa nə kömək etmişdi?

6. Həvari Bulus dindaşlarını nəyə təşviq etmişdi? (İbranilərə 5:14—6:1).

6 İbranilərə yazdığı məktubunda həvari Bulus məsihiləri Allahın Kəlamının dərinliyinə varmağa təşviq etmişdi. (İbranilərə 5:14—6:1 ayələrini oxuyun.) O, Tövratdan sitatlar gətirərək məsihi ibadət tərzinin iudaizmdən daha üstün olduğunu izah etmişdi a. Bulus bilirdi ki, əgər onların biliyi artsa və həqiqəti daha dərindən dərk etsələr, onda yalanı doğrudan ayırd edib yollarını azmayacaqlar.

7. Bu gün biz hansı çətinliklərlə üzləşirik?

7 İbrani məsihilər kimi biz də Yehovanın salehlik normalarına zidd gedən məlumatlarla, fikirlərlə qarşılaşa bilərik. Əleyhdarlar çox vaxt əxlaqla bağlı Müqəddəs Kitaba əsaslanan etiqadımızı pisləyib tolerant olmadığımızı, rəhmsiz davrandığımızı iddia edirlər. Bu dünyanın düşüncə tərzi Yehovanın kamil fikirlərindən getdikcə daha da uzaqlaşır (Məs. 17:15). Buna görə də biz əleyhdarların bizi ruhdan salmaq, bizi azdırmaq üçün söylədiyi yalanları ayırd etməyi və onları rədd etməyi bacarmalıyıq (İbr. 13:9).

8. Ruhani cəhətdən yetkinləşmək üçün nə edə bilərik?

8 Bulusun ibrani məsihilərə verdiyi məsləhətə biz də əməl etməliyik, yəni yetkinliyə doğru irəliləməliyik. Bunun üçün həqiqətin dərinliyinə varmalı və Yehovanın düşüncə tərzinə yaxşı bələd olmalıyıq. Bu proses həsr olunub vəftiz olunduqdan sonra da davam etməlidir. Həqiqətdə neçə müddətdir olmağımızdan asılı olmayaraq, hər birimiz Allahın Kəlamını müntəzəm mütaliə etməliyik (Zəb. 1:2). Yaxşı mütaliə cədvəlimiz olsa, Bulusun ibranilərə məktubunda qeyd etdiyi bir xüsusiyyəti özümüzdə yetişdirəcəyik. Söhbət imandan gedir (İbr. 11:1, 6).

«İMAN EDİB HƏYATINI QORUYANLARDANIQ»

9. Nəyə görə ibrani məsihilərin imanı güclü olmalı idi?

9 İbrani məsihilərə Yəhudiyyənin üzərinə gələcək müsibətdən sağ çıxmaq üçün güclü iman lazım idi (İbr. 10:37—39). İsa şagirdlərinə demişdi ki, qoşunların Yerusəlimi mühasirəyə aldığını görəndə dağlara qaçsınlar. Bu göstəriş həm şəhərdə, həm də ətraf kəndlərdə yaşayan bütün məsihilərə aid idi (Luka 21:20—24). O vaxtlar insanlar düşmənin hücumunu görəndə adətən Yerusəlim kimi istehkamlı şəhərlərə sığınırdılar. Buna görə də dağlara qaçmaq məsihilərə məntiqsiz gələ bilərdi və bunu etmək üçün böyük iman lazım idi.

10. Güclü iman məsihiləri nəyə təşviq edəcəkdi? (İbranilərə 13:17).

10 Bundan əlavə, ibrani məsihilər İsanın yığıncağı idarə etmək üçün təyin etdiyi qardaşlara da etibar etməli idilər. Görünür, rəhbərlik edən qardaşlar yığıncaqda olan hər kəsin İsanın göstərişinə vaxtında və nizamlı şəkildə əməl edə bilməsi üçün konkret göstərişlər vermişdilər. (İbranilərə 13:17 ayəsini oxuyun.) Bulus ibrani məsihilərə belə demişdi: «Sizə rəhbərlik edənlərə itaət edin». «İtaət edin» kimi tərcümə olunan yunan ifadəsi hərfən «əmin olmaq» mənasını verir və göstərir ki, insan rəhbərlik verən kəsin göstərişlərinə onun səlahiyyətinə görə yox, ona etibardan, əminlikdən irəli gələrək əməl edir. Buna görə də ibrani məsihilər müsibət başlamazdan əvvəl rəhbərlik edən qardaşlara etibar etməyi öyrənməli idi. Əgər onlar sakitlik dövründə rəhbərlik edən qardaşların göstərişlərinə itaət etmişdilərsə, müsibət başlarının üstünü kəsdirəndə onların dediyi kimi davranmaq daha asan olacaqdı.

11. Nəyə görə bu gün məsihilərin imanlarının güclü olması vacibdir?

11 İbrani məsihilər kimi bizim də imanımız möhkəm olmalıdır. Bu gün insanlara dünyanın sonuna az qaldığını deyəndə əksəriyyət buna inanmır, hətta bizi lağa qoyurlar (2 But. 3:3, 4). Bundan əlavə, böyük müsibətdə nələrin baş verəcəyi ilə bağlı müəyyən məlumatımız olsa da, çox şeyi bilmirik. Odur ki, dünyanın sonunun düz vaxtında gələcəyinə və Yehovanın həmin vaxt bizim qeydimizə qalacağına güclü imanımız olmalıdır (Həb. 2:3).

12. Böyük müsibətdən xilas olmağa bizə nə kömək edəcək?

12 Həmçinin biz Yehovanın bizə rəhbərlik etmək üçün təyin etdiyi «sadiq və ağıllı nökər»ə də imanımızı möhkəmləndirməliyik (Mət. 24:45). Öyrəndiyimiz kimi, qədimdə romalılar Yerusəlimi mühasirəyə alanda ibrani məsihilərə həyati vacib, konkret göstərişlər verilmişdi. Eynilə böyük müsibət başlayanda, ola bilsin, bizə də bu cür göstərişlər veriləcək. Ona görə də biz indidən Yehovanın təşkilatında rəhbərlik edən kəslərə etibar etməyi öyrənməliyik. Əgər indi gələn göstərişlərə tabe olmaq sizə çətindirsə, düşünməyin ki, böyük müsibət zamanı bunu etmək sizə asan olacaq.

13. Nəyə görə İbranilərə 13:5 ayəsindəki məsləhət yerində idi?

13 İbrani məsihilər qaçmaqla bağlı işarəni gözlədikləri vaxta qədər sadə həyat sürməli, pulpərəst olmamalı idilər. (İbranilərə 13:5 ayəsini oxuyun.) Onların bəziləri qıtlıq, kasıbçılıq görmüşdü (İbr. 10:32—34). Amma, görünür, etiqadlarına görə bu qədər zülmlərə dözənlərin bəziləri var-dövlətə sipər kimi baxıb daha çox pul qazanmağa başlamışdı. Halbuki nə qədər pulları olsa da, bu onları yaxınlaşan məhvdən qurtarmayacaqdı (Yaq. 5:3). Maddi şeylərə bağlı olanlara ev-eşiklərini, mal-mülklərini arxada qoyub qaçmaq çox yəqin ki, daha çətin olacaqdı.

14. İmanımız güclüdürsə, maddi şeylərlə bağlı hansı qərarları verəcəyik?

14 Əgər bu dünyanın sonunun yaxınlaşdığına güclü imanımız olsa, daha çox pul, mal-mülk qazanmağın vacib olduğunu düşünməyəcəyik. Böyük müsibət zamanı pulun heç bir dəyəri olmayacaq. Müqəddəs Kitaba əsasən, insanlar «gümüşlərini küçələrə tökəcəklər», çünki başa düşəcəklər ki, «qızıl-gümüşləri Yehovanın qəzəb günündə onları xilas etməyəcək» (Hizq. 7:19). Daha çox pul qazanmağa can atmaqdansa, elə qərarlar verməliyik ki, həm sadə həyat sürək, həm də ailəmizi dolandıra bilək. Bunun üçün lazımsız borca girmək istəyinə qarşı durmalıyıq və vaxtımızın çoxunu sahib olduğumuz əşyaların qulluğuna sərf etməməliyik. Bundan əlavə, mal-mülkümüzə həddən artıq bağlı olmamalıyıq (Mət. 6:19, 24). Çünki bu dünyanın sonunu gözlədiyimiz müddətdə mal-mülkümüzlə Yehovaya etibar arasında seçim etməli ola bilərik.

«SİZ GƏRƏK DÖZÜMLÜ OLASINIZ»

15. Nəyə görə ibrani məsihilərə dözümlü olmaq çox vacib idi?

15 Yəhudiyyədə vəziyyət getdikcə pisləşirdi. Buna görə də ibrani məsihilər xidmətlərini davam etdirə bilmələri üçün dözümlü olmalı idilər (İbr. 10:36). Onlardan bəziləri əvvəllər güclü təqiblərlə üzləşsələr də, əksəriyyəti sakitlik dövründə məsihiliyi qəbul etmişdi. Bulus məsihilərə xatırlatdı ki, qarşıda onları daha böyük təqiblər gözləyir və İsa kimi ölənə qədər sadiq qalmağa hazır olmalıdırlar (İbr. 12:4). Yəhudi əleyhdarlar məsihilərin sayının artdığını gördükcə daha qəzəbli, daha qəddar olurdular. Bulus ibranilərə məktub yazmazdan cəmi bir neçə il əvvəl insanlar onun Yerusəlimdə təbliğ etdiyini görüb hücum çəkmişdilər. Qırxdan çox yəhudi and içmişdi ki, «Bulusu öldürməyincə nə su içəcəklər, nə də çörək yeyəcəklər» (Həv. 22:22; 23:12—14). Bu məsihilər dini fanatizmə və nifrətə baxmayaraq, yenə də ibadət etmək üçün bir yerə toplaşmalı, təbliğ etməli və imanlarını möhkəm saxlamalı idilər.

16. İbranilərə məktub təqiblərə düzgün yanaşmağa necə kömək edir? (İbranilərə 12:7).

16 İbrani məsihilərə üzləşdikləri təqiblərə dözməyə nə kömək edəcəkdi? Bulus bilirdi ki, onlar sınaqlara düzgün yanaşmağı öyrənməli idilər. Məsihilər başa düşməli idi ki, üzləşdikləri sınaq vasitəsilə Yehova onlara təlim verə bilər. (İbranilərə 12:7 ayəsini oxuyun.) Bu təlim ibrani məsihilərə məsihi xüsusiyyətlərini yetişdirməyə və ya onları təkmilləşdirməyə kömək edəcəkdi. Diqqətlərini sınaqlarının müsbət cəhətlərinə cəmləmək ibrani məsihilərə dözüm göstərməyə kömək edəcəkdi (İbr. 12:11).

17. Bulus təqiblərə dözməklə bağlı nəyi öyrənmişdi?

17 Bulus ibrani məsihiləri sınaqlara böyük qətiyyətlə sinə gərməyə təşviq etmişdi. O bu barədə məsləhət verəndə nədən danışdığını bilirdi. Çünki əvvəllər özü məsihiləri təqib etmişdi və bilirdi, təqibçilərdən nə gözləmək olar. O həm də təqiblərə dözməyin yolundan agah idi. Çünki məsihi olandan sonra üzləşmədiyi təqib qalmamışdı (2 Kor. 11:23—25). Buna görə də Bulus sınaqlara dözmək üçün nəyin lazım olduğu barədə əminliklə danışırdı. O bu məsihilərə məsləhət gördü ki, sınaqlarla üzləşəndə özlərinə yox, Yehovaya güvənsinlər. Bulus cəsarətlə belə deyə bilirdi: «Yehova dayağımdır, əsla qorxmaram» (İbr. 13:6).

18. Gələcəkdə hamımızla nə baş verəcək və həmin vaxta necə hazırlaşa bilərik?

18 Bəzi bacı-qardaşlarımız hal-hazırda təqiblərə dözürlər. Dualarımızla, etdiyimiz yardımla onları sevdiyimizi göstərə bilərik (İbr. 10:33). Bununla yanaşı, Müqəddəs Kitabda yazılmış bir şeyi unutmamalıyıq: «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq» (2 Tim. 3:12). Buna görə də qarşıdakı çətinliklərə hamımız hazırlaşmalıyıq. Gəlin bundan sonra da Yehovaya tam şəkildə etibar edək və Onun istənilən sınaq zamanı bizə kömək edəcəyinə zərrə qədər də şübhə etməyək. Yehova vaxtı çatanda bütün sadiq xidmətçilərinə rahatlıq, qurtuluş verəcək (2 Salon. 1:7, 8).

19. Böyük müsibətə hazırlaşmaq üçün hansı addımları atmalıyıq? (Həmçinin şəklə baxın.)

19 Sözsüz, Bulusun ibranilərə yazdığı məktub onlara qarşıdakı müsibətə hazırlaşmağa kömək etmişdi. O, məktubunda məsihiləri Allahın Kəlamını dərindən araşdırıb daha yaxşı başa düşməyə təşviq etmişdi. Bunun sayəsində onlar imanlarını zəiflədəcək təlimləri ayırd edib aldanmayacaqdılar. Bulus həm də onları imanlarını möhkəmləndirməyə təşviq etmişdi. Beləcə, ibrani məsihilər İsa Məsihin və yığıncaqda rəhbərlik edən qardaşların göstərişlərinə dərhal əməl edəcəkdilər. Bundan əlavə, o, ibrani məsihilərə demişdi ki, sınaqlarına düzgün yanaşsalar və onlara Yehovadan təlim almaq imkanı kimi baxsalar, onda dözüm göstərə biləcəklər. Gəlin biz də Yehovanın ilhamı ilə yazılmış bu məsləhətlərə ciddi yanaşaq. O zaman sonadək sadiq qala biləcəyik (İbr. 3:14).

Sadiq məsihilər dözüm göstərməyin bəhrəsini biçdilər. Onlar Yəhudiyyədən qaçandan sonra birgə toplaşmağa davam edirdilər. Biz onlardan nə öyrənə bilərik? (19-cu abzasa baxın)

NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin

a Təkcə bir fəsildə Bulus Tövratdan azı yeddi dəfə sitat gətirib məsihi ibadət tərzinin iudaizmdən üstün olduğunu göstərmişdi (İbr. 1:5—13).