Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 38

NƏĞMƏ 25 Allahın məxsusi ümməti

Xəbərdarlıqlara ciddi yanaşırsınız?

Xəbərdarlıqlara ciddi yanaşırsınız?

«Biri götürüləcək, o birisi qalacaq» (MƏT. 24:40).

ƏSAS FİKİR

Məqalədə İsanın çəkdiyi üç məsəli nəzərdən keçirəcəyik. Görəcəyik ki, onlar İsa Məsihin bu dünyanın axırında çıxaracağı hökmlə necə əlaqəlidir.

1. İsa Məsih tezliklə nə edəcək?

 BİZ bəşər tarixinin həlledici dövründə yaşayırıq. Tezliklə İsa Məsih yer üzündə yaşayan hər bir insana hökm çıxaracaq. O, həmin vaxtın yaxınlaşdığını bilməyimiz üçün gözəgörünməz hüzuru və «dövrün yekunu» ilə bağlı «əlamət» vermişdi (Mət. 24:3). Bu barədə Mətta 2425-ci fəsillərdə, həmçinin Mark 13-cüLuka 21-ci fəsildə yazılıb.

2. Bu məqalədə nəyi müzakirə edəcəyik və bunun bizə hansı köməyi dəyəcək?

2 Hökm vaxtına hazır olmağımız üçün İsa Məsih üç məsəl çəkir. Bu məsəllər bizim üçün bir xəbərdarlıqdır. Söhbət qoyunlar və keçilər haqda məsəldən, on qız haqda məsəldən və talant haqda məsəldən gedir. Hər məsəli araşdırdıqca görəcəyik ki, insanın davranışı onun haqda hansı hökmün çıxarılacağına təsir edəcək. Gəlin görək bu məsəllərdən nə öyrənirik və bunu necə tətbiq edə bilərik. İlk olaraq, qoyunlar və keçilər haqda məsəldən danışacağıq.

QOYUNLAR VƏ KEÇİLƏR

3. İsa Məsih insanlara nə vaxt hökm çıxaracaq?

3 İsa Məsih qoyunlar və keçilər haqda məsəlində insanlara nəyin əsasında hökm çıxaracağını izah edir. O, insanın xoş xəbərə necə hay verməsini və onun məsh olunmuş qardaşlarını dəstəkləyib-dəstəkləməməsini əsas götürəcək (Mət. 25:31—46). İsa Məsih hökmünü «böyük müsibət»in sonuna yaxın, Armageddondan dərhal əvvəl çıxaracaq (Mət. 24:21). Çoban qoyunları keçilərdən ayırdığı kimi İsa Məsih də onun məsh olunmuş qardaşlarını dəstəkləyənləri dəstəkləməyənlərdən ayıracaq.

4. Əşiya 11:3, 4 ayələrindən İsa Məsihin insanlara ədalətli hökm çıxaracağı necə görünür? (Şəklə baxın.)

4 Müqəddəs Kitab peyğəmbərliyindən aydın görünür ki, Yehovanın Hakim kimi təyin etdiyi İsa Məsih ədalətlə hökm çıxaracaq. (Əşiya 11:3, 4 ayələrini oxuyun.) O, insanların nə düşündüyünü, necə danışdığını və davrandığını, o cümlədən məsh olunmuş qardaşlarına münasibətini müşahidə edir (Mət. 12:36, 37; 25:40). Beləcə, o biləcək, kimlər onun məsh olunmuş qardaşlarına və onların gördüyü işə dəstək olub, kimlər olmayıb a. Məsihin qardaşlarını dəstəkləməyin əsas yollarından biri onlara təbliğ işində kömək etməkdir. Bu işi dəstəkləyənlər «saleh» sayılacaq və onların qarşısında yer üzündə əbədi yaşamaq imkanı açılacaq (Mət. 25:46; Vəhy 7:16, 17). Bu, sədaqətini qoruyan insanlar üçün möhtəşəm bir mükafatdır. Onların həm böyük müsibət zamanı, həm də ondan sonra sadiq qalması sayəsində adları «həyat kitabı»ndan silinməyəcək (Vəhy 20:15).

Yaxın gələcəkdə İsa Məsih insanlara qoyun və ya keçi hökmü çıxaracaq (4-cü abzasa baxın)


5. Qoyunlar və keçilər haqda məsəl bizi nəyə təşviq edir və bu məsəl kimlərə aiddir?

5 Sadiq qalın. İsa Məsihin qoyunlar və keçilər haqda məsəli, əsasən, yer üzündə yaşamağa ümid edənlərə aiddir. Onların imanı təkcə məsihin qardaşlarını təbliğ işində dəstəkləmələrindən yox, həmçinin İsanın təyin etdiyi sadiq və ağıllı nökərin rəhbərliyinə tabe olmalarından görünür (Mət. 24:45). Amma göydə yaşamağa ümid edənlər də bu məsəldəki xəbərdarlığa ciddi yanaşmalıdırlar, çünki İsa Məsih onların da düşüncə tərzinə, davranışına və danışığına fikir verir. Onlardan da sadiq qalmaq gözlənilir. Əslində, İsa Məsih məsh olmuşlar üçün konkret xəbərdarlıqların olduğu iki məsəl çəkmişdi. Həmin məsəllər haqda Mətta 25-ci fəsildə də yazılıb. Gəlin əvvəlcə ağıllı və ağılsız qızlar haqda məsəli müzakirə edək.

AĞILLI VƏ AĞILSIZ QIZLAR

6. Beş qız ağıllı olduğunu necə göstərdi? (Mətta 25:6—10).

6 İsa ağıllı və ağılsız qızlar haqda məsəlində bəyi qarşılamağa çıxan on qızdan danışır (Mət. 25:1—4). Onların hamısı bəylə toy məclisinə girməyə ümid edirdi. İsa qızların beşini «ağıllı», beşini isə «ağılsız» adlandırır. Ağıllı qızlar hazırlıqlı və ayıq-sayıq idilər. Onlar bəyi, lap lazım gəlsə, gecə yarısına kimi gözləməyə hazır idilər. Buna görə də onlar qaranlıq düşəndə işıq olsun deyə özləri ilə çıraq gətirmişdilər. Bu qızlar bəyin gecikməsini də nəzərə almışdılar. Buna görə də özləri ilə əlavə yağ götürmüşdülər. Beləliklə, çıraqlarının daim yanılı qalması üçün lazım olan hər şeyi etmişdilər. (Mətta 25:6—10 ayələrini oxuyun.) Bəy gələndə ağıllı qızlar onunla birlikdə toy məclisinə girdi. Eynilə Məsih gələnə kimi sədaqətini və ayıq-sayıqlığını qoruyan məsh olunmuş məsihilər də Allahın Padşahlığına daxil olub Bəyin yanında olmağa layiq görüləcəklər b (Vəhy 7:1—3). Bəs beş ağılsız qız haqda nə demək olar?

7. Beş ağılsız qızın aqibəti necə oldu və buna səbəb nə idi?

7 Ağıllı qızlardan fərqli olaraq beş ağılsız qız bəyin gəlişinə hazır deyildi. Onların çıraqları sönmək üzrə idi. Özləri ilə əlavə yağ da gətirməmişdilər. Bu qızlar bəyin gəlmək üzrə olduğunu eşidəndə yağ almağa gedirlər. Bəy gələndə onlar hələ qayıtmamışdılar. Həmin vaxt «o qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər və qapı bağlandı» (Mət. 25:10). Sonra ağılsız qızlar gəlib toy məclisinə daxil olmaq istəyəndə bəy onlara belə dedi: «Mən sizi tanımıram» (Mət. 25:11, 12). Bu qızlar bəyin gəlişini lazımi qədər gözləməyə hazır deyildilər. Məsh olunmuş məsihilər bu məsəldən nə öyrənirlər?

8, 9. Məsh olunmuşlar on qız haqda məsəldən nə öyrənə bilərlər? (Həmçinin şəklə baxın.)

8 Ayıq-sayıq və hazırlıqlı olun. İsa Məsih bu məsəli çəkəndə gələcəkdə iki qrup məsh olunmuş məsihinin olacağını nəzərdə tutmurdu. Yəni o demək istəmirdi ki, bir qrup Şeytan dünyasının sonuna kimi gözləməyə hazır olacaq, digəri isə yox. Bu məsəl bir xəbərdarlıq idi və göstərirdi ki, məsh olunmuşlar axıra kimi dözməyə hazır olmasalar, onlarla nə baş verəcək. Belə halda onlar mükafatlarını almayacaqlar (Yəh. 14:3, 4). Bu, ciddi məsələdir! İstər göydə, istərsə də yerdə yaşamağa ümid edək, bu məsəldəki xəbərdarlığı qulaqardına vurmamalıyıq. Hər birimiz hazırlıqlı, ayıq-sayıq olmalı və axıra kimi dözməyə hazır olmalıyıq (Mət. 24:13).

9 İsa Məsih on qız haqda məsəllə ayıq-sayıq və hazırlıqlı olmağın vacibliyini vurğulayandan sonra talant haqda məsəl danışır. Bu məsəl əməksevər olmağın vacibliyi barədədir.

Hər birimiz qızlar haqda məsəldəki xəbərdarlığa ciddi yanaşıb hazırlıqlı, ayıq-sayıq və sonadək dözməyə hazır olmalıyıq (8 və 9-cu abzaslara baxın)


TALANT

10. İki nökər sadiq olduğunu necə göstərdi? (Mətta 25:19—23).

10 İsa Məsih talant haqda məsəlində ağasına sadiq olan iki nökərdən və sadiq olmayan bir nökərdən danışır (Mət. 25:14—18). İki nökər sadiq olduğunu ağalarının sərvətini artırmaq üçün var gücləri ilə çalışmaqla göstərir. Ağası başqa ölkəyə getməzdən əvvəl nökərlərinin hər birinə talant əmanət edir. Bu, böyük məbləğdə pul idi. İki sadiq nökər əməksevərdir, onlar puldan ağılla istifadə edir. Nəticədə ağaları geri qayıdanda görür ki, onlar pulu ikiqat artırıblar. Ağaları buna görə onları tərifləyir. Bu iki nökər onunla birgə sevinir. (Mətta 25:19—23 ayələrini oxuyun.) Bəs üçüncü nökər barədə nə demək olar? O, ağasının əmanət etdiyi pulla nə edir?

11. «Tənbəl» nökərin aqibəti necə oldu və buna səbəb nə idi?

11 Üçüncü nökərə bir talant verilmişdi, amma o, «tənbəl» idi. Ağası onun bu talantdan ağılla istifadə etməsini istəyirdi. Nökər isə bu talantı torpağa basdırır. Ağası qayıdanda nökərin əlində ona verəcəyi bir talantdan başqa heç nəyi olmur. Nökərin düşüncəsi yanlış idi. O, ağasının sərvətini artırmadığına görə üzr istəmək əvəzinə, onu haqsız yerə «tələbkar» adlandırır. Ağası nökərin bu hərəkətindən narazı qalır və əlindəki talantı da alıb evindən qovur (Mət. 25:24, 26—30).

12. İki sadiq nökər bu gün kimi təmsil edir?

12 Məsəldəki iki sadiq nökər sadiq məsh olunmuş məsihiləri təmsil edir. Ağaları İsa Məsih onları özü ilə birgə sevinməyə dəvət edir. Onlar göylər mükafatına, birinci dirilməyə layiq görülürlər (Mət. 25:21, 23; Vəhy 20:5b). Tənbəl nökərin davranışı isə məsh olunmuş məsihilər üçün bir xəbərdarlıqdır. Hansı mənada?

13, 14. Məsh olunmuş məsihilər talant haqda məsəldən nə öyrənirlər? (Həmçinin şəklə baxın.)

13 Əməksevər və çalışqan olun. On qız haqda məsəldə olduğu kimi talant haqda məsəldə də İsa Məsih məsh olunmuşların gələcəkdə tənbəl olacaqlarını nəzərdə tutmurdu. Sadəcə, zəhmətkeş, çalışqan olmasalar, onlarla nə baş verəcəyini izah edirdi. Xəbərdarlıq edirdi ki, tənbəl olsalar, aldıqları dəvətə və Allah tərəfindən seçilməyə layiq olmadıqlarını göstərəcəklər. Bununla da onlara səmavi Padşahlığa daxil olmağa icazə verilməyəcək (2 But. 1:10).

14 İsanın on qız və talant haqda məsəlindən aydın görmək olar ki, bütün məsh olunmuş məsihilər hazırlıqlı, ayıq-sayıq, əməksevər və çalışqan olmalıdır. Bəs İsa məsh olunmuşlara başqa hansısa xəbərdarlıq vermişdi? Bəli. İsanın Mətta 24:40, 41 ayələrindəki sözləri də məsh olunmuşlara çıxarılacaq sonuncu hökmlə bağlıdır.

İsa məsh olunmuş məsihilərin əməksevər və çalışqan olduğunu görmək istəyir (13 və 14-cü abzaslara baxın) d


KİMLƏR «GÖTÜRÜLƏCƏK»?

15, 16. Mətta 24:40, 41 ayələri məsh olunmuş məsihilərin ayıq-sayıq qalmalı olduqlarını necə göstərir?

15 İsa Məsih üç məsəli çəkməmişdən əvvəl məsh olunmuşları gözləyən sonuncu hökmdən danışır. Bu hökm zamanı kimin göylər mükafatını almağa layiq olduğu aydın olacaq. Bunu izah etmək üçün o, tarlada işləyən iki kişidən və dən üyüdən iki qadından bəhs edir. Məsəldən elə görünür ki, tarlada işləyən kişilərin ikisi də eyni işi görür. Bunu dən üyüdən qadınlar haqda da demək olar. Amma İsa onlardan birinin götürüləcəyini, digərinin isə qalacağını demişdi. (Mətta 24:40, 41 ayələrini oxuyun.) Sözünün davamında İsa şagirdlərini təşviq edir: «Oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz» (Mət. 24:42). İsa on qız haqda məsəli danışandan sonra da buna bənzər sözlər işlətmişdi (Mət. 25:13). Bu fikirlər bir-biri ilə necəsə əlaqəlidir? Görünür, hə. Yalnız Allah tərəfindən seçilən və axıra kimi sadiq qalan məsh olunmuşlar «götürüləcək», yəni İsa Məsih onları Padşahlığına aparacaq (Yəh. 14:3).

16 Gözdə-qulaqda olun. Ruhani cəhətdən oyaq olmayan məsh olunmuş məsihi Yehovanın «seçdikləri» arasında olmayacaq (Mət. 24:31). Ümumi götürdükdə, gələcəyə ümidlərindən asılı olmayaraq Yehovanın bütün xidmətçiləri İsanın sərvaxt və sadiq qalmaqla bağlı xəbərdarlığına ciddi yanaşmalıdır.

17. Nəyə görə bu gün kimisə müqəddəs ruh ilə məsh olunanda Yehovanın bu qərarını sual altına almamalıyıq?

17 Biz Yehovanı yaxşı tanıyırıq. Buna görə də çıxardığı hər bir hökmə etibar edirik. Yehova son illərdə kimisə məsh etmək qərarına gələndə biz bu qərarı sual altına almırıq c. İsanın üzümlük haqda çəkdiyi məsəli yadımıza salaq (Mət. 20:1—16). İsa axşam saat beş radələrində gələn işçilər barədə nə demişdi? Demişdi ki, onlar səhərdən işləyən işçilərlə eyni zəhmət haqqını aldı. Eynilə məsh olunmuşlar da nə vaxt seçilmələrindən asılı olmayaraq sadiq qalsalar, göylər mükafatını alacaqlar.

XƏBƏRDARLIQLARA QULAQ ASIN

18, 19. Məsəllərdən nə öyrəndik?

18 Nə öyrəndik? Qoyunlar və keçilər haqda məsəl yer üzündə yaşamağa ümid edən məsihilərə göstərir ki, onlar həm indi, həm də qarşıdakı böyük müsibət zamanı sadiq qalmalıdırlar. Gələcəkdə İsa Məsih onları sadiq sayıb «əbədi həyata» qovuşmağa layiq görəcək (Mət. 25:46).

19 Həmçinin biz məsh olunmuşlar üçün xəbərdarlıq olan iki məsəldən danışdıq. On qız haqda məsəldə qızların beşi ağıllı davranır. Onlar ayıq-sayıq və hazırlıqlı idilər. Bəyi nə qədər lazımdır, o qədər gözləməyə hazır idilər. Ağılsız qızlar isə hazırlıqsız idi. Buna görə də bəy onları toy məclisinə buraxmır. Biz də İsa Məsihin bu dünyaya hökm kəsəcəyi günü lazım olduğu qədər gözləməyə hazır olmalıyıq. Talant haqda məsəldə isə biz əməksevər və çalışqan olan iki sadiq nökərdən danışdıq. Onlar ağaları üçün canla-başla işləyirdilər və onun razılığını qazandılar. Tənbəl nökərdən isə ağası razı qalmadı. Özümüz üçün hansı nəticəni çıxarırıq? Biz ta bu dünyanın sonuna kimi Yehovanın yolunda gücümüzü əsirgəməməliyik. Nəhayət, öyrəndik ki, səmavi mükafatlarını almaq üçün məsh olunmuşlar necə gözdə-qulaqda ola bilərlər. Onlar göydə İsanın yanına toplanacaqları vaxtı böyük səbirsizliklə gözləyirlər. Məsh olunmuş məsihilər Armageddon müharibəsindən sonra Quzunun toy günündə onun gəlini olacaqlar (2 Salon. 2:1; Vəhy 19:9).

20. Yehova Onun xəbərdarlıqlarına qulaq asanlar üçün nə edəcək?

20 Hökm vaxtı sürətlə yaxınlaşsa da, bizim qorxmaq üçün heç bir əsasımız yoxdur. Sadiq qalsaq, səmavi Atamız Yehova bizə «insan gücündən üstün olan gücü» verəcək və beləcə, biz «insan Oğlunun qarşısında dura» biləcəyik (2 Kor. 4:7; Luka 21:36). Göydə və ya yerdə yaşamağa ümid etməyimizdən asılı olmayaraq, İsanın məsəllərindəki xəbərdarlığa ciddi yanaşsaq, Yehovanın razılığını qazanacağıq. Allahımızın lütfü sayəsində adımız «həyat kitabında» qalacaq (Dən. 12:1; Vəhy 3:5).

NƏĞMƏ 26 «Bunu mənim üçün etdiniz»

a «Gözətçi qülləsi»nin 2024-cü il may sayında yerləşən «Yehovanın gələcək hökmləri ilə bağlı nəyi bilirik?» adlı məqaləyə baxın.

b Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2015-ci il 15 mart sayında yerləşən «Oyaq qalacaqsınız?» adlı məqaləyə baxın.

d ŞƏKLİN İZAHI. Məsh olunmuş bir bacı təbliğ zamanı rastlaşdığı qadına Müqəddəs Kitab dərsi keçir.