BİOQRAFİYA
Yehovaya xidmətdə keçən dolğun ömür
1951-ci il idi. Mən Ruenə təzəcə çatmışdım. Bura Kanadanın Kvebek əyalətinin kiçik bir şəhəri idi. Mənə verilən ünvandakı qapını döydüm. Qapını Gilad məktəbində təlim almış xüsusi təyinatlı müjdəçi Marsel Filto qardaş a açdı. O, 23 yaşlı hündür qardaş idi, mən isə 16 yaşlı bəstəboy gənc idim. Ona öncül təyinat məktubumu göstərdim. O, məktubu oxudu, mənə baxıb dedi: «Anan bilir ki, buradasan?»
AİLƏM
Mən 1934-cü ildə Kanadanın Ontario əyalətində mədən şəhəri olan Timminsdə anadan olmuşam. Valideynlərim İsveçrədən mühacir kimi bura köçmüşdülər. Təxminən 1939-cu ildə anam «Gözətçi qülləsi» nəşrlərini oxumağa və Yehovanın Şahidlərinin ibadət görüşlərində iştirak etməyə başladı. O məni və bacı-qardaşlarımı da özü ilə bu görüşlərə aparırdı. Anam qısa zamanda Yehovanın Şahidi oldu.
Atam bunu yaxşı qarşılamadı, amma anam həqiqəti sevirdi və Yehovaya sadiq qalmağa əzmli idi. Hətta 1940-cı illərin əvvəlində Kanadada Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunanda belə, o, Yehovaya sadiq qaldı. Atam anamla kobud danışsa da, anam həmişə onunla mehriban, hörmətcil davranırdı. Anamın gözəl nümunəsi mənə və altı bacı-qardaşıma həqiqəti qəbul etməyə kömək etdi. Xoşbəxtlikdən, tədricən atamın münasibəti yumşaldı və o bizimlə daha mehriban olmağa başladı.
TAMVAXTLI XİDMƏTƏ BAŞLAYIRAM
Mən 1950-ci ilin yayında Nyu-York şəhərində keçirilən «Teokratiyanın inkişafı» adlı toplantıda iştirak etdim. Orada dünyanın müxtəlif yerlərindən olan bacı-qardaşlarla tanış oldum. Həmçinin Gilad məzunlarının ruhlandırıcı müsahibələrini dinlədim. Bütün bunlar məni Yehovanın yolunda daha çox iş görməyə təşviq etdi, tamvaxtlı xidmətə başlamağa daha da həvəsləndim. Evə qayıdan kimi öncül olmaq üçün ərizə doldurdum. Kanada filialından mənə məktub yazıb bildirdilər ki, əvvəlcə vəftiz olunmalıyam. Beləcə, mən 1950-ci il oktyabrın 1-də vəftiz olundum və bir ay sonra öncül xidmətinə başladım. İlk
təyinatım Kapaskasinq şəhərinə idi. Bu şəhər həmin vaxt yaşadığım ərazidən çox uzaq idi.1951-ci ilin yazında filial fransız dilində danışa bilən Yehovanın Şahidlərini Kvebek əyalətinə köçməyə təşviq etdi. Orada əhali fransızca danışır. Kvebekdə təbliğçilərə böyük tələbat var idi. Mən həm fransız, həm də ingiliscə danışa bilirdim, ona görə də bu çağırışa hay verdim. Mən Ruenə təyin olundum. Bu ərazidə heç kəsi tanımırdım. Əlimdə bircə yuxarıda haqqında danışdığım ünvan var idi. Amma hər şey yaxşı oldu. Biz Marsellə yaxın dost olduq. Növbəti dörd il boyunca Kvebekdə təbliğ etməkdən böyük sevinc duydum. Bu müddət ərzində xüsusi öncül oldum.
GİLAD MƏKTƏBİ VƏ UZUN İNTİZARLA GÖZLƏDİKLƏRİM
Kvebekdə olarkən Nyu-Yorkun Saut-Lansinq şəhərində keçirilən Gilad məktəbinin 26-cı sinfinə dəvət alanda çox sevindim. 1956-cı il fevralın 12-si məzun oldum. Məni indiki Qanaya b (Qərbi Afrika) təyin etdilər. Amma əvvəlcə sənədlərimi hazırlamaq üçün “bir neçə həftəlik” Kanadaya qayıtmalı idim.
Amma elə oldu ki, sənədlər düzələnə qədər düz yeddi ay Torontoda qalmalı oldum. Bu vaxt ərzində Krips qardaşın ailəsi mənə öz evinin qapısını açdı. Orada onların qızı Şeyla ilə tanış oldum. Biz bir-birimizə vurulduq. Hazırlaşırdım ki, ona evlilik təklifi edim mənə viza verdilər. Şeyla ilə dua edib qərara gəldik ki, təyinat yerinə getməyim daha düzgün olar. Amma dedik, əlaqəni kəsməyək, məktublaşaq görək gələcəkdə bizdə evlənmək alınacaq, ya yox. Qərar vermək asan deyildi, amma zaman göstərdi ki, doğru qərar vermişdik.
Qatarla, yük gəmisi ilə və təyyarə ilə bir ay səyahət edəndən sonra Qananın paytaxtı Akkraya gəlib çatdım. Orada vilayət nəzarətçisi təyin olundum. Mənim təyinatıma bütün Qanaya, qonşuluqda yerləşən Fil dişi sahilinə (indiki Kot-d’İvuar) və Toqolanda (indiki Toqo) səyahət etmək daxil idi. Çox vaxt bu ərazilərə filialın verdiyi “Cip”lə təkbaşına
gedirdim. Ziyarətlərimin hər dəqiqəsindən böyük zövq alırdım.Həftəsonları rayon toplantıları ilə bağlı tapşırıqlarım olurdu. Bizim toplantı zalımız yox idi. Buna görə də qardaşlar qızmar günəşdən qorunmaq üçün bambuk ağaclarından çardaq düzəldib üstünü palma budaqları ilə örtürdülər. Yeməkxanada soyuducu olmadığına görə qardaşlar heyvanları diri-diri saxlayıb, toplantıya gələnlərə yemək vermək üçün kəsirdilər.
Bu toplantılarda gülməli hadisələr də olurdu. Xüsusi təyinatlı müjdəçi Herbert Cenninqs c qardaş nitqlə çıxış edən vaxt yeməkxanadan inək qaçdı. O, hürkmüş halda auditoriya ilə səhnə arasında o yana-bu yana qaçmağa başladı. Cenninqs qardaş nitqinə fasilə verdi. Dörd cüssəli qardaş inəyi ram edib auditoriyanın alqışları ilə yeməkxanaya qaytardı.
Adətən həftə ərzində mən yaxınlıqdakı kəndlərdə «Yeni dünya cəmiyyətinin fəaliyyəti» adlı filmi göstərirdim. Bunun üçün iki dirəyə və ya iki ağaca ağ kətan parça bağlayıb, proyektorla filmi əks etdirirdim. Bu, kəndlilərin yaman xoşuna gəlirdi. Çoxları ömürlərində ilk dəfə idi kinoya baxırdılar. Onlar insanların vəftiz olunduğu səhnəyə baxanda böyük şövqlə əl çalırdılar. Bu filmin sayəsində onlar başa düşürdülər ki, Yehovanın Şahidləri beynəlxalq təşkilatdır və aralarında birlik var.
Afrikada təxminən iki il xidmət edəndən sonra 1958-ci ildə Nyu-York şəhərindəki beynəlxalq toplantıda iştirak edəcəyim üçün çox sevinirdim. Şeylanı orada görmək böyük xoşbəxtlik idi! O, Kvebekdən gəlmişdi. Orada xüsusi öncül kimi xidmət edirdi. Biz məktublaşırdıq, amma indi yenidən qovuşduq. Mən ona evlilik təklifi elədim. O da razılaşdı. Sonra Neytan Norr qardaşa d məktub yazıb xahiş etdim ki, mümkündürsə, Şeyla Gilad məktəbini keçib mənimlə birgə Afrikada xidmət etsin. Qardaş razılaşdı. Nəhayət, Şeyla Qanaya gəldi və biz 1959-cu il oktyabrın 3-ü Akkrada evləndik. Aydın görürdük ki, xidməti həyatımızda birinci yerə qoyduğumuz üçün Yehova işlərimizi avand etdi.
KAMERUNDA BİRGƏ XİDMƏT EDİRİK
1961-ci ildə bizi Kameruna təyin etdilər. Qardaşlar məndən orada yeni filialın yaranmasına kömək etməyi xahiş etdilər. Bununla əlaqədar çox məşğul idim. Yeni filial xidmətçisi kimi hələ öyrənməli olduğum nə qədər şey var idi. Daha sonra 1965-ci ildə Şeylanın hamilə olduğunu öyrəndik. Etiraf edim ki, valideyn olmaq fikrinə alışmaq üçün bizə vaxt lazım oldu. Amma bir müddət sonra bu yeni məsuliyyətə görə artıq sevinməyə başladıq. Kanadaya dönmək üçün planlar da qurmuşduq. Elə bu məqamda sarsıdıcı bir xəbər aldıq.
Öyrəndik ki, uşaq Şeylanın bətnində ölüb. Həkim bizə doğulmamış körpəmizin oğlan olduğunu dedi. Üstündən 50 ildən çox keçsə də, hələ də bu hadisəni unutmamışıq. Baş verənlərə görə hədsiz kədərlənsək də, əvvəlki təyinatımızda qaldıq. Biz bu təyinatımızı çox sevirdik.
Kamerunda qardaşlar siyasi bitərəfliklərinə görə tez-tez təqiblərlə üzləşirdilər. Bu təqiblər xüsusilə prezident seçkiləri ərəfəsində daha da güclənirdi. 1970-ci il mayın 13-ü qorxduğumuz şey başımıza gəldi: hökumət Yehovanın Şahidlərinin fəaliyyətini rəsmi şəkildə qadağan etdi və gözəl filial binamızı müsadirə etdi. Ora beş ay idi ki köçmüşdük. Hökumət bir həftənin içində mən və Şeyla da daxil olmaqla bütün xüsusi təyinatlı müjdəçiləri ölkədən deportasiya etdi. Buradakı bacı-qardaşları qoyub getmək bizim üçün çox çətin idi, çünki onlar bizə çox əziz idi. Onlara görə narahat idik, bilmirdik başlarına nə gələcək.
Növbəti altı ay ərzində biz Fransa filialında qaldıq. Mən burada da Kamerundakı bacı-qardaşların tələbatlarının qayğısına qalmaq üçün əlimdən gələni edirdim. Həmin ilin dekabrında bizi Nigeriya filialına təyin etdilər. Bu filial Kamerundakı təbliğ işinə nəzarət etməyə başlamışdı. Nigeriyada bacı-qardaşlar bizi çox isti qarşıladılar. Orada bir neçə il sevinc içində xidmət etdik.
ÇƏTİN QƏRAR QARŞISINDA
1973-cü ildə biz çox çətin bir qərar verməli olduq. Şeylanın səhhətində ciddi problemlər var idi. Toplantı üçün Nyu-Yorkda olduğumuz vaxt o, göz yaşları içində mənə dedi: «Artıq davam edə bilmirəm. Axır vaxtlar elə hey xəstəyəm, yorğunam». O, 14 ildən çox idi ki, mənimlə birgə Qərbi Afrikada xidmət edirdi. Bu illər ərzində sədaqətlə xidmət etdiyinə görə onunla fəxr edirdim, amma nələrisə dəyişmək lazım idi. Vəziyyətimizi götür-qoy etdik. Bu barədə çoxlu, hərarətli dualar etdik. Qərara gəldik ki, Kanadaya geri qayıdaq. Orada Şeylanın səhhətinin qayğısına daha yaxşı qala biləcəkdik. Xüsusi təyinatlı müjdəçilik işimizi və tamvaxtlı xidmətimizi dayandırmaq indiyədək verdiyimiz ən çətin və ürək ağrıdan qərar idi.
Kanadaya qayıdandan sonra köhnə dostumun yanında işə düzəldim. O, Torontonun şimalında yerləşən bir şəhərdə avtosalonda işləyirdi. Biz ev kirayələdik, ikinci əl mebel
aldıq. Bunun sayəsində yeni həyatımızı borca girmədən başladıq. İstəyirdik, sadə yaşayaq. Ümid edirdik, nə vaxtsa tamvaxtlı xidmətə yenidən başlayarıq. Bu ümidimiz gözlədiyimizdən də tez gerçəkləşdi.Mən hər şənbə Norvalda (Ontario əyaləti) toplantı zalının tikintisində kömək etməyə başladım. Bir müddət sonra toplantı zalının nəzarətçisi olmaq təklifini aldım. Şeylanın səhhəti günü-gündən yaxşılaşdığı üçün düşündük ki, bu yeni təyinatın öhdəsindən gələ bilərik. Beləcə, 1974-cü ilin iyun ayında toplantı zalındakı mənzilə köçdük. Yenidən tamvaxtlı xidmətə qayıtdığımıza görə çox sevinirdik.
İki il sonra səyyar xidmətə dəvət aldıq. Şükürlər olsun ki, Şeylanın səhhəti get-gedə yaxşılaşırdı. Buna görə də bu dəvəti qəbul etdik. Təyin olunduğumuz rayon Manitobada yerləşirdi. Kanadanın bu əyaləti şaxtalı qışı ilə tanınırdı. Amma bacı-qardaşların səmimi münasibəti qəlbimizi isidirdi. Bir şeyi başa düşdük: Harada xidmət etməyimiz elə də önəmli deyil, önəmli olan olduğumuz yerdə Yehovaya xidməti davam etdirməkdir.
HƏYAT DƏRSİ
Bir neçə il səyyar xidmətdə olduqdan sonra 1978-ci ildə biz Kanada Beytelinə dəvət olunduq. Çox keçməmiş acı təcrübəmdən vacib bir şey öyrəndim. Bu mənim üçün həyat dərsi oldu. Bir gün Monrealda keçirilən xüsusi görüşdə fransız dilində bir saat yarımlıq nitq söyləyirdim. Təəssüf ki, nitqim dinləyicilərə maraqsız gəldi. Xidmət şöbəsindən olan bir qardaş mənə nitqimlə bağlı məsləhət verdi. Düzünü desəm, yaxşı natiq olmadığımı o vaxt hələ başa düşmürdüm. Buna görə də məsləhətə pis yanaşdım. Qardaşla söhbətimiz çəp gəldi. Düşünürdüm, o məni ancaq tənqid etdi, heç tərifləmədi. Səhvim onda idi ki, mən fikrimi məsləhətin verilmə tərzinə və onu verən kəsə cəmləmişdim.
Bir neçə gün sonra filial komitəsinin üzvü bu məsələ ilə bağlı mənimlə danışdı. Məsləhətə düzgün yanaşmadığımı boynuma aldım və peşman olduğumu bildirdim, sonra isə mənə məsləhət verən qardaşla danışdım. Sağ olsun, üzrxahlığımı qəbul etdi. Bu hadisə təvazökarlıqla bağlı mənim üçün həyat dərsi oldu və ömürlük yaddaşıma həkk olundu (Məs. 16:18). Bu barədə Yehovaya dəfələrlə dua etmişəm və özümə söz vermişəm ki, bir də heç vaxt məsləhətə pis yanaşmayım.
Artıq 40 ildən çoxdur ki, Kanada Beytelindəyəm. 1985-ci ildən isə filial komitəsinin üzvü kimi xidmət edirəm. 2021-ci ilin fevral ayında mənə ağır itki üz verdi: ömür-gün yoldaşım Şeyla ölüm yuxusuna getdi. Onun yoxluğuna dözmək mənim üçün çox çətindir, üstəlik, səhhətimlə bağlı problemlərim var. Amma Yehovaya xidmətdə o qədər məşğul, o qədər xoşbəxtəm ki, ömrümün necə keçib getdiyini hiss etmirəm (Vaiz 5:20). Həyatım boyu nə qədər çətinliyim olsa da, sevincli günlərimin sayı onlardan çox olub. Yehovanı həyatımda hər şeydən üstün tutmağın və 70 il tamvaxtlı xidmətdə olmağın sayəsində ömrüm çox mənalı, dolğun keçib. Dua edirəm ki, gənc bacılar və qardaşlar da daima Yehovanın işini həyatlarında birinci yerə qoysunlar. Onda onların da həyatı nemətlərlə dolu və rəngarəng olacaq. Bu, yalnız Yehovaya xidmət etməyin sayəsində mümkündür.
a Marsel Filto qardaşın «Yehova gücüm, pənahımdır» adlı bioqrafiyasını «Gözətçi qülləsi»nin 2000-ci il 1 fevral sayından (türk.) oxuya bilərsiniz.
b 1957-ci ilədək Afrikanın bu bölgəsi Britaniya müstəmləkəsi idi və «Qızıl sahil» adlanırdı.
c Herbert Cenninqs qardaşın «Sabah başınıza nəyin gələcəyini bilmirsiniz» adlı bioqrafiyasını «Gözətçi qülləsi»nin 2000-ci il 1 dekabr sayından (türk.) oxuya bilərsiniz.
d Neytan Norr qardaş həmin vaxt təşkilatın fəaliyyətinə rəhbərlik edirdi.