Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

İsanın təbliğə göndərdiyi 70 şagird Ağanın şam yeməyi təsis olunan zaman harada idi? Onlar İsanı tərk etmişdilər?

Ağanın şam yeməyi təsis olunanda 70 şagirdin orada olmaması o demək deyil ki, İsa bu şagirdlərindən narazı idi, yaxud onlar onu tərk etmişdilər. İsa sadəcə həmin mərasimdə həvariləri ilə olmaq istəyirdi.

İsa həm 12 həvarisindən, həm də 70 şagirdindən razı idi. Bunu nəyə əsasən deyə bilərik? Bildiyimiz kimi, İsanın çoxlu şagirdi var idi. İsa onların arasından əvvəlcə 12 kişi seçib onları həvari adlandırdı (Luka 6:12—16). O, Cəlilədə olanda bu «on iki həvarisini yanına çağırıb» onları «Allahın Padşahlığını təbliğ etməyə və xəstələri sağaltmağa göndərdi» (Luka 9:1—6). Sonra isə Yəhudiyyədə olanda «yetmiş şagird təyin edib onları iki-iki göndərdi» (Luka 9:51; 10:1). Nəticədə, İsanın müxtəlif ərazilərdə onun haqda təbliğ edən şagirdləri oldu.

Ölümündən qısa müddət əvvəl İsa və həvariləri Yerusəlimə getdi. Amma İsanın Yəhudiyyədən, Cəlilədən və Pereyadan olan bütün şagirdlərini yığıb böyük bir Pasxa bayramı keçirmək fikri yox idi. Onun şagirdi olan bu yəhudilər Pasxanı hər bir halda keçirəcəkdilər və yəqin, bunu ailələri ilə birgə edəcəkdilər (Çıx. 12:6—11, 17—20). Bu dəfə İsa Pasxanı yalnız həvariləri ilə keçirmək istəyirdi. O, həvarilərinə demişdi: «Mən çox arzulayırdım ki, əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə yeyim» (Luka 22:15).

Bu, səbəbsiz yerə deyildi. İsa bilirdi ki, «bəşəriyyətin günahını yuyan Allahın Quzusu» kimi tezliklə öldürüləcək (Yəh. 1:29). Bu, Yerusəlimdə, uzun illər ərzində Allaha qurbanların gətirildiyi şəhərdə baş verəcəkdi. İsanın fidyə qurbanlığı Pasxa quzusundan daha böyük dəyərə malik olacaqdı. Pasxa quzusu israillilərə Yehovanın onları Misirdən necə azad etdiyini xatırladırdı. Məsih isə ölümü ilə bütün bəşəri günah və ölümdən azad edəcəkdi (1 Kor. 5:7, 8). İsanın bu qurbanlığı sayəsində 12 həvari məsihi yığıncağının bünövrəsini təşkil edəcəkdi (Efes. 2:20—22). Maraqlıdır ki, müqəddəs şəhər olan Yerusəlimin «bünövrəsində 12 daş var idi» və «daşların üstündə Quzunun 12 həvarisinin adı yazılmışdı» (Vəhy 21:10—14). Bəli, bu sadiq həvarilər Allahın niyyətinin yerinə yetməsində böyük rol oynayacaqdılar. İndi başa düşmək olar nəyə görə İsa sonuncu Pasxanı və ardınca Ağanın şam yeməyi mərasimini həvariləri ilə birgə qeyd etmək istəyirdi.

Düzdür, bu 70 şagird və digər şagirdlər həmin axşam İsa ilə birgə şam yeməyində deyildilər. Bununla belə, sadiq qalmış bütün şagirdlər İsanın təsis etdiyi Ağanın şam yeməyindən faydalanacaqdılar. Digər məsihilər də məsh olunduqca İsanın həmin gecə şagirdlərinə bəhs etdiyi Padşahlıq əhdinə daxil olacaqdılar (Luka 22:29, 30).