Kontentə keç

Mündəricatı göstər

Səbirlə gözləməyə əzmlisiniz?

Səbirlə gözləməyə əzmlisiniz?

«Siz də səbirli olun» (YAQ. 5:8).

NƏĞMƏ: 114, 79

1, 2. a) Bizdə «Nə vaxtadək?» sualının yaranmasına səbəb nə ola bilər? b) Nəyə görə Yehovanın keçmişdə yaşamış sadiq xidmətçilərinin də bu sualı verməsi bizə təsəlli verir?

«NƏ VAXTADƏK?» Bu sualı Yehovanın sadiq peyğəmbərləri olan Əşiya və Həbquq vermişdi (Əşy. 6:11; Həb. 1:2). Davud peyğəmbər 13-cü məzmuru yazanda düz dörd dəfə bu ifadəni işlətmişdi (Zəb. 13:1, 2). İsa Məsih də ətrafındakı insanların imansızlığını görüb onlara bu sualı vermişdi (Mət. 17:17). Təəccüblü deyil ki, biz də vaxtaşırı olaraq «Nə vaxtadək?» deyə ah-nalə edirik.

2 Bəs insanı «Nə vaxtadək?» deməyə nə vadar edə bilər? Ola bilsin, haqsızlıqla üzləşirik, yaxud qocalıq, xəstəlik bizi üzür, bəlkə də, axırzamanın çətinliklərindən yorulmuşuq (2 Tim. 3:1). Ya da kiminsə xasiyyəti bizi təngə gətirib. Yehovanın fəryadımızı dilə gətirməyimizi qəbahət saymadığını bilmək ürəyimizi rahatlaşdırır.

3. Çətin vəziyyətlə üzləşəndə bizə nə kömək edə bilər?

3 Yuxarıdakı vəziyyətlərlə üzləşəndə bizə nə kömək edə bilər? İsanın şagirdi Yaqub demişdi: «Beləliklə, qardaşlar, Ağamızın hüzuru vaxtına qədər səbirli olun» (Yaq. 5:7). Bəli, hər birimizdə bu ilahi xüsusiyyət olmalıdır.

SƏBİR NƏDİR?

4, 5. a) Səbir hansı xüsusiyyətlərlə bağlıdır? b) Şagird Yaqub səbirin vacibliyini hansı nümunə əsasında izah edir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 Müqəddəs Kitabda qeyd olunur ki, səbir müqəddəs ruhun bəhrəsidir. Allahın köməyi olmadan qeyri-kamil insanlar yetərincə səbirli ola bilməzlər. Səbir Allahın ənamıdır və səbirli olmaq Ona olan sevgimizi sübut edir. Həmçinin səbir başqalarına məhəbbətimizin təzahürüdür. Səbirsizlik məhəbbət tellərini zəiflətdiyi halda, səbir göstərmək onları möhkəmləndirir (1 Kor. 13:4; Qal. 5:22). Səbir bir çox məsihi xüsusiyyətlərində özünü büruzə verir. Məsələn, çətinliklərə mərdliklə tab gətirməyə kömək edən dözüm xüsusiyyətində (Kol. 1:11; Yaq. 1:3, 4). Haqsızlıqla üzləşəndə heyif çıxmamaq, istənilən vəziyyətdə mətin qalmaq da səbirin təzahürlərindəndir. Bundan əlavə, Müqəddəs Kitab bizi çağırır ki, biz gözləməyin lazım olduğunu başa düşək. Səbirin bu yönü Yaqub 5:7, 8 ayələrində vurğulanır. (Ayələri oxuyun.)

5 Yehovanın hərəkətə keçəcəyi vaxtı gözləməyin vacib olduğunu nə üçün qəbul etməliyik? Həvari Yaqub bizim vəziyyətimizi əkinçinin işinə bənzədir. Əkinçi toxumu əkmək üçün nə qədər zəhmət çəksə də, havanın necə keçəcəyi və məhsulun nə vaxt yetişəcəyi ondan asılı deyil. O, vaxtı sürətləndirə bilməz. Əkinçi başa düşür ki, torpaqdan «qiymətli məhsul» götürmək üçün səbirlə gözləməlidir. Biz də başa düşməliyik ki, Yehovanın vədlərinin gerçəkləşəcəyi vaxtı tezləşdirmək bizim əlimizdə deyil (Mark 13:32, 33; Həv. 1:7). Odur ki, əkinçi kimi, səbirlə gözləməliyik.

6. Mikə peyğəmbərin nümunəsindən nə öyrənirik?

6 Yaşadığımız zəmanədəki şərait Mikə peyğəmbərin dövrü ilə oxşardır. O, Əhəz padşahın hakimiyyəti zamanı, rüşvətxorluğun baş alıb getdiyi dövrdə yaşamışdı. Vəziyyət o qədər bərbad idi ki, Mikə peyğəmbər o dövrün insanları haqda «əlləri pis işlərdə mahirdir» deyə bəhs edir. (Mikə 7:1—3 ayələrini oxuyun.) Peyğəmbər vəziyyəti dəyişməyə qadir olmadığını dərk edirdi. Bəs o, nə edə bilərdi? O, demişdi: «Mən isə gözümü Yehovaya dikəcəyəm, mənə qurtuluş verən Allahı səbirlə gözləyəcəyəm. Allahım məni eşidəcək» (Mik. 7:7). Biz də onun kimi səbirlə gözləməliyik.

7. Yehovanın vədlərini necə gözləməliyik?

7 Əgər Mikə peyğəmbər kimi iman sahibiyiksə, Yehovanı həvəslə gözləyəcəyik. Axı biz edamını gözləyən məhbusun vəziyyətində deyilik. Məhbusun gözləməkdən başqa çıxış yolu yoxdur və bu gözləntinin sonu heç də ürək açan deyil. Bizim vəziyyətimiz isə tamamilə fərqlidir! Biz Yehovanı gözləyirik, çünki bilirik ki, O, əbədi həyat vədini düz vaxtında həyata keçirəcək! Buna görə də biz «hər şeyə sevinclə və səbirlə» tab gətiririk (Kol. 1:11, 12). Deyinə-deyinə gözləmək, Yehovanın nə üçün tez hərəkətə keçmədiyinə görə gileylənmək isə Ona ağır gedər (Kol. 3:12).

SƏBİR NÜMUNƏLƏRİ

8. Keçmişdə yaşamış mömin insanların nümunəsini araşdırarkən nəyə diqqət yetirməliyik?

8 Yehovanın gününü səbirlə gözləməyə bizə nə kömək edə bilər? Keçmişdə yaşamış mömin insanların nümunəsi. Onlar da Yehovanın vədlərinin yerinə yetməsini səbirlə gözləmişdilər (Rom. 15:4). Bu insanların nümunəsini araşdırarkən növbəti amillərə diqqət yetirin: 1) onlar nə qədər gözləməli olmuşdular, 2) nəyə görə gözləməyə hazır idilər və 3) səbirləri necə mükafatlandırılmışdı.

İbrahim peyğəmbər nəvələri Eyslə Yaqubun dünyaya gəlməsini uzun illər gözləməli olmuşdu (9 və 10-cu abzaslara baxın)

9, 10. İbrahim peyğəmbərlə xanımı Sara Yehovanın vədinin yerinə yetməsini nə qədər gözləmişdilər?

9 İbrahim peyğəmbərlə xanımı Saranın nümunəsi üzərində düşünək. Onlar «vədləri iman və səbirlə miras alanlardan» idilər. Yehova Allah peyğəmbərə vəd vermişdi ki, onu mübarək qılacaq və övladlarını çoxaldacaq. Allahın Kəlamında oxuyuruq ki, İbrahim peyğəmbər «səbir göstərəndən sonra bu vədi aldı» (İbr. 6:12, 15). Vədin gerçəkləşməsini görmək üçün də o səbir göstərməli idi, çünki bu vəd dərhal həyata keçmədi. Yehovanın İbrahimlə bağladığı əhd e. ə. 1943-cü ilin 14 nisanında qüvvəyə mindi. Bu, İbrahim peyğəmbər, xanımı Sara və ev əhlinin Fərat çayını keçib Vəd edilmiş diyara girdiyi vaxta təsadüf etmişdi. İbrahim peyğəmbər 25 il gözlədikdən sonra, e. ə. 1918-ci ildə onun oğlu İshaq doğuldu. 60 ildən sonra isə, e. ə. 1858-ci ildə nəvələri Eys və Yaqub dünyaya gəldi (İbr. 11:9).

10 Bəs İbrahim peyğəmbər Vəd edilmiş diyarda torpaq miras aldı? Müqəddəs Kitab bu suala belə cavab verir: «[Yehova] burada [İbrahimə] heç bir mülk, hətta bir qarış torpaq da miras vermədi. İbrahim peyğəmbərin hələ uşağı yox idi, amma Allah vəd etdi ki, bu torpağı ona və ondan sonra gələcək övladlarına miras verəcək» (Həv. 7:5). İbrahim peyğəmbər Fərat çayını keçəndən yalnız 430 il sonra onun nəsli bir xalq olub həmin torpağı miras aldı (Çıx. 12:40—42; Qal. 3:17).

11. İbrahim peyğəmbər nə üçün Yehovanı gözləməyə hazır idi və o, səbrinə görə hansı mükafatları alacaq?

11 İbrahim peyğəmbər Yehovanın vədinin yerinə yetirəcəyinə əmin olduğu üçün Onu gözləməyə hazır idi. Peyğəmbərin Allaha imanı sonsuz idi. (İbranilərə 11:8—12 ayələrini oxuyun.) Baxmayaraq ki, bu vədin tam şəkildə necə yerinə yetdiyini öz gözü ilə görmək ona nəsib olmadı, o, ömrünün axırınadək səbirlə gözlədi. Bir təsəvvür edin, İbrahim peyğəmbər yer üzü Cənnətdə diriləndə necə sevinəcək! Yəqin Müqəddəs Kitabda onun haqqında və nəsli barəsində nə qədər məlumat olduğunu biləndə heyrətlənəcək *. Bundan əlavə, Yehovanın vəd olunmuş övladla bağlı vədinin yerinə yetməsində onun əvəzsiz rolu olduğunu öyrənəndə isə sevinci yerə-göyə sığmayacaq. Şübhəsiz, o, bu qədər gözlədiyinə görə peşman olmayacaq.

12, 13. Həzrəti Yusif nə üçün səbir etməli idi və o, hansı müsbət əhval-ruhiyyədə idi?

12 İbrahim peyğəmbərin nəticəsi həzrəti Yusif də səbirlə gözləməyə hazır idi. O, böyük haqsızlığın qurbanı olmuşdu. 17 yaşı olanda qardaşları onu qul kimi satır. Sonra Yusif ağasının arvadını zorlamağa cəhd göstərmək böhtanı ilə həbsə atırlar (Yar. 39:11—20; Zəb. 105:17, 18). Sanki, o, saleh əməllərinə görə mükafat almaq əvəzinə, cəza alırdı. Amma 13 il sonra hər şey birdən birə dəyişildi. Hz. Yusif zindandan çıxdı və Misirdə firondan sonra ikinci adam oldu (Yar. 41:14, 37—43; Həv. 7:9, 10).

13 Gördüyü ədalətsizliklər Yusifi qəddarlaşdırdı? Yehovaya imanını sarsıtdı? Qətiyyən! Bəs ona səbirlə gözləməyə nə kömək elədi? Yehovaya olan imanı! O başa düşürdü ki, hər şey Yehovanın nəzarəti altındadır. Bunu qardaşlarına dediyi sözlərdən də görmək olar: «Qorxmayın. Məgər mən Allaham? Siz mənə pislik etmək istəsəniz də, Allah hər şeyi xeyrə döndərdi. Gördüyünüz kimi nə qədər adamın həyatını xilas etdi» (Yar. 50:19, 20). Bəli, Yusifin bu qədər gözləməyinə dəyirdi.

14, 15. a) Davud peyğəmbərin səbri nə üçün diqqətə layiqdir? b) Peyğəmbərə səbirlə gözləməyə nə kömək elədi?

14 Davud peyğəmbər də bir çox haqsızlıqların qurbanı olub. Gənc yaşlarında İsrailin növbəti padşahı kimi məsh olunmasına baxmayaraq, o, yalnız 15 ildən sonra Yəhuda əhli üzərində padşah olmuşdu (2 İşm. 2:3, 4). Həmin illər ərzində Talut padşah bir müddət onu təqib etmiş və öldürməyə cəhd göstərmişdi *. Buna görə də Davud peyğəmbər canını qurtarmaq üçün öz yurdundan didərgin düşmüş, gah qayalarda, gah da səhralıqda yaşamaq məcburiyyətində qalmışdı. Talut padşah döyüşdə həlak olandan sonra da Davud peyğəmbər bütün İsrail xalqı üzərində padşah olmaq üçün 7 il gözləməli olmuşdu (2 İşm. 5:4, 5).

15 Davud peyğəmbər nə üçün səbirlə gözləməyə hazır idi? O, dörd dəfə «nə vaxtadək» ifadəsini işlətdiyi məzmurda bu suala cavab verir: «Sənin məhəbbətinə güvənirəm, ürəyim verdiyin qurtuluşdan şadlanacaq. Yehovanın şəninə nəğmə deyərəm, yaxşılığını məndən əsirgəməyib» (Zəb. 13:5, 6). Davud peyğəmbər Yehovanın məhəbbətinə güvənirdi. O, qurtuluşunu şadyanalıqla gözləyirdi və Yehovanın ona verdiyi gözəl nemətlər üzərində düşünürdü. Bəli, Davud peyğəmbər əbəs yerə gözləmədiyinə əmin idi.

Yehova Allah bizdən səbirli olmağı gözlədiyi kimi, Özü də səbir göstərir

16, 17. Yehova və İsa Məsih səbirlə gözləməyə dair bizə hansı gözəl nümunəni qoyub?

16 Yehova bizdən səbirli olmağı gözlədiyi kimi, Özü də səbir göstərir. Bu sahədə O, bizə nümunədir. (2 Butrus 3:9 ayəsini oxuyun.) Yehova min illərdir ki, Ədən bağında yaranan məsələnin tam şəkildə həll olunacağı, həmçinin bütün dünyada adının ucalacağı vaxtı «səbirlə gözləyir». Nəticədə, «ümidini Ona bağlayanlar», yəni səbirlə Onu gözləyənlər təsəvvür edilməyəcək dərəcədə nemətlər alacaqlar (Əşy. 30:18, haşiyə).

17 İsa Məsih də gözləməyə əzmli idi. Yer üzündə sınaqlar qarşısında sədaqətini tam qoruyandan və eramızın 33-cü ilində fidyə qurbanlığının dəyərini Allaha təqdim edəndən sonra padşah olmaq üçün 1914-cü ilə kimi gözləmişdi (Həv. 2:33—35; İbr. 10:12, 13). İsa Məsihin düşmənlərinin tamamilə məhv olması isə yalnız onun Minillik hakimiyyətinin sonunda baş verəcək (1 Kor. 15:25). Bu, az müddət deyil. Amma gözləməyə dəyər!

BİZƏ NƏ KÖMƏK EDƏCƏK?

18, 19. Səbirlə gözləməyə hazır olmağa bizə nə kömək edə bilər?

18 Şübhəsiz, hər birimiz səbirli olmalı və əzmlə gözləməliyik. Bəs bizə bu sahədə nə kömək edə bilər? Yehovadan müqəddəs ruh diləmək. Unutmayın ki, səbir müqəddəs ruhun bəhrəsidir (Efes. 3:16; 6:18; 1 Salon. 5:17—19). Yehovaya yalvarın ki, sizə səbirlə dözməyə kömək eləsin.

19 Həmçinin İbrahim, Yusif və Davud peyğəmbərə Yehovanın vədlərinin gerçəkləşməsini səbirlə gözləməyə nə kömək etdiyini unutmayın. Onlara Yehovaya olan imanları və etibarları kömək etmişdi. Bu insanlar diqqətlərini özlərinə və şəxsi rahatlıqlarına cəmləməmişdilər. Onların aldığı bol nemətlər üzərində düşünmək bizə səbir göstərməyə kömək edəcək.

20. Bizdən nə tələb olunur?

20 Buna görə də sınaqlarla mübarizə aparsanız da, səbirli olmağı qarşınıza məqsəd qoyun. Ola bilsin, bəzən biz də «Ey Yehova, nə vaxtadək?» deyə fəryad edəcəyik (Əşy. 6:11). Amma Yehovanın müqəddəs ruhunun verdiyi güc sayəsində Ərəmya peyğəmbər kimi növbəti sözləri deyəcəyik: «Yehova nəsibimdir... Odur ki, səbir edib Səni gözləyəcəyəm» (Mərs. 3:21, 24).

^ abz. 11 Yaradılış kitabının təxminən 15 fəsli İbrahim peyğəmbərə həsr olunub. Bundan əlavə, İncildə İbrahim peyğəmbər haqqında 70 dəfədən çox bəhs edilir.

^ abz. 14 Talut padşah taxta çıxandan təxminən iki il sonra davranışı ucbatından Yehovanın gözündən düşdü. Buna baxmayaraq, Yehova Taluta ölənə kimi, yəni 38 il hakimiyyət sürməsinə icazə vermişdi (1 İşm. 13:1; Həv. 13:21).