Kontentə keç

Mündəricatı göstər

Bioqrafiya

Dözümün qarşılığında aldığımız mükafatlar

Dözümün qarşılığında aldığımız mükafatlar

«SƏN necə rəhmsiz atasan. Hamilə arvadını, körpə qızını atmısan. Onlara kim baxacaq? Bu yolu at, evinə qayıt!» — deyə KQB * işçisi üstümə qışqırdı. Mən isə dedim: «Xeyr! Mən ailəmi atmamışam. Məni siz burada saxlayırsınız, özü də heç nəyin üstündə!» Polis sözümü ağzımda qoyub dedi: «Yehovanın Şahidi olmaqdansa, gedib bir cinayət törətsəydin ondan yaxşı idi».

Bu hadisə 1959-cu ildə Rusiyanın İrkutsk şəhərindəki bir həbsxanada baş vermişdi. İstəyirəm sizə yoldaşım Mariya ilə «salehlik uğrunda» nələrə qatlaşmalı olduğumuzdan və sonda hansı mükafatları aldığımızdan bəhs edim (1 But. 3:13, 14).

Mən 1933-cü ildə Ukraynanın Zolotniki kəndində dünyaya göz açmışam. 1937-ci ildə xalamla yoldaşı Fransadan bizə qonaq gəlmişdilər. Onlar da Yehovanın Şahidi idilər. Onlar bizə Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi «Hökumət» və «Qurtuluş» adlı kitablar verdilər. Bu kitabları oxuyandan sonra atamın Allaha olan imanı yenidən alovlandı. Əfsuslar olsun ki, 1939-cu ildə o, bərk xəstələnib öldü. Ancaq ölümündən əvvəl anama demişdi: «Bu, həqiqətdir. Bunu uşaqlara da öyrət».

YENİ TƏBLİĞ ƏRAZİSİ — SİBİR

1951-ci ilin aprelində hökumət Yehovanın Şahidlərini kütləvi şəkildə SSRİ-dən Sibirə sürgün etməyə başladı. Məni, anamı və kiçik qardaşım Qriqorini Qərbi Ukraynadan sürgün elədilər. Biz qatarla 6000 kilometr yol gedəndən sonra Sibirin Tulun şəhərinə çatdıq. İki həftə sonra isə böyük qardaşım Boqdanı yaxınlıqda olan Anqarsk şəhərindəki düşərgəyə gətirdilər. Onu 25 il müddətinə əmək düşərgəsinə məhkum etmişdilər.

Mən, anam və Qriqori Tulun şəhərinin ətraf qəsəbələrində təbliğ edirdik, amma tədbirli davranmalı idik. Məsələn, əvvəlcə həmin ərazidə inək satan insanların olub-olmadığını soraqlayırdıq. Belə insanları tapandan sonra isə onlarla inəklərin məhsuldar heyvan olduqları barədə danışmağa başlayırdıq. Beləliklə, söhbət gedib Yaradana çıxırdı. Həmin vaxt qəzetlərin birində Yehovanın Şahidləri haqda yazılmışdı ki, onlar inək adı ilə qoyun axtarırlar. Bəli, biz «qoyunları» — Allahı axtaran həlim insanları tapırdıq. Təbliğ edilməmiş bu ərazilərdə səmimi və qonaqpərvər insanlarla Müqəddəs Kitabı öyrənmək bizə zövq verirdi. Bu gün Tulun şəhərində yüzdən çox təbliğçisi olan bir yığıncaq var.

MARİYANIN İMANI SINAĞA ÇƏKİLİR

Həyat yoldaşım Mariya həqiqəti Ukraynada, İkinci Dünya müharibəsi dövründə öyrənib. 18 yaşı olanda bir KQB işçisi ondan əl çəkmir, Mariyanı onunla münasibətdə olmağa təhrik edirdi. Amma Mariya onun bu cəhdlərinə qarşı dururdu. Bir gün o, evə gələndə həmin adamın onun yatağına uzandığını görür. Mariya dərhal oradan qaçır. Kişi elə özündən çıxır ki, Mariyanı hədələyib Yehovanın Şahidi olduğuna görə həbsə atdıracağını deyir. Belə də olur. 1952-ci ildə Mariyanı 10 il müddətinə həbs edirlər. Həmin vaxt o, özünü Yusif peyğəmbər kimi hiss edirdi. Peyğəmbər Allaha sadiq qaldığına görə həbsə atılmışdı (Yar. 39:12, 20). Mariyanı məhkəmə zalından həbsxanaya aparan sürücü yolda ona demişdi: «Heç nədən qorxma. Həbsdə də namusunu qoruyanlar var». Bu sözlər Mariyanı ürəkləndirmişdi.

1952—1956-cı illər ərzində Mariyanı Rusiyanın Qorki şəhərinin (Nijnı Novqorodun keçmiş adı) yaxınlığındakı əmək düşərgəsinə göndərirlər. Ona qışın ayazında ağacları qazıb kökündən çıxarmağı əmr etmişdilər. Əlbəttə ki, bu, onun sağlamlığına təsirsiz ötüşmədi. Amma 1956-cı ildə Mariyanı azadlığa buraxdılar və o, Tulun şəhərinə gedir.

ARVAD-UŞAĞIMDAN AYRI

Tulunda yaşayan bir qardaş mənə dedi ki, bura gələn bir bacını qarşılamaq lazımdır. Mən velosipedimə minib onu qarşılamağa və yükünə kömək etməyə yollandım. Elə ilk baxışdan Mariyaya aşiq oldum. Onun ürəyini fəth etmək elə də asan olmadı. Amma mən bunu bacardım. Biz 1957-ci ildə ailə qurduq. Bir il sonra İrina adında qızımız dünyaya gəldi. Amma vüsal şirinliyi çox çəkmədi. 1959-cu ildə Müqəddəs Kitaba əsaslanan nəşrlərin çapına görə məni həbsə atdılar. Yarım il ərzində təkadamlıq kamerada qaldım. Dözə bilmək üçün Allaha daima dua edir, həmd nəğmələri oxuyur və azadlığa çıxandan sonra necə təbliğ edəcəyim haqda düşünürdüm.

Əmək düşərgəsində, 1962-ci il

Həbsdə olduğum müddətdə dindirilmələrin birində müstəntiq mənə qışqıraraq dedi: «Az qalıb, sizin hamınızı qarışqa kimi əzəcəyik». Mən isə cavab verdim: «İsa Məsih demişdi ki, Allahın Padşahlığı haqda xoş xəbər bütün dünyada təbliğ olunacaq. Buna heç kim mane ola bilməz». Onda müstəntiq taktikasını dəyişərək məni imanımdan döndərmək üçün dilə tutmağa çalışdı. Görəndə ki, bu da işə yaramır, məni 7 il müddətinə Saransk şəhərinin yaxınlığındakı əmək düşərgəsinə göndərdilər. Yolda xəbər tutdum ki, ikinci qızımız, Olqa dünyaya gəlib. Yoldaşımla uşaqlarım məndən uzaq düşsə də, ikimizin də Yehovaya sadiq qalması mənə təsəlli verirdi.

Mariya, qızlarımız Olqa və İrina, 1965-ci il

Tulundan Saranska qatarla gəlib getmək 12 gün vaxt alırdı. Bununla belə, Mariya ildə bir dəfə gəlib məni ziyarət edirdi. Hər il o mənə bir cüt təzə ayaqqabı gətirirdi. Bu ayaqqabıların dabanında «Gözətçi qülləsi» jurnalının nüsxələrini gizlədirdi. Bir dəfə onun ziyarəti mənim üçün daha xüsusi oldu. Çünki o özü ilə iki qızımızı da gətirmişdi. Onları görəndə hansı hissləri keçirdiyimi ifadə etmək çətindir.

YENİ ƏRAZİLƏR — YENİ ÇƏTİNLİKLƏR

1966-cı ildə mən azadlığa buraxıldım. Ailəlikcə Qara dəniz yaxınlığındakı Armavir şəhərinə köçdük. Orada iki oğlumuz, Yaroslav və Pavel dünyaya göz açdı.

Çox keçmədi ki, KQB işçiləri evimizdə axtarışlar aparmağa başladılar. Onlar Müqəddəs Kitaba əsaslanan nəşrləri axtarırdılar. Hər yeri ələk-vələk edirdilər, hətta inəklərin yemlərinin içinə də baxırdılar. Bir dəfə evimizdə axtarış aparan KQB işçiləri istidən qan-tərə batmışdılar, üst-başları toz-torpaq içində idi. Mariyanın onlara yazığı gəldi, çünki onlar sadəcə əmr qulu idilər. Buna görə də onlara meyvə şirəsi verdi, üstlərini təmizləmələri üçün paltar şotkası, bir ləyən su və dəsmal gətirdi. KQB-nin rəisi gələndə işçilər bizi tərifləyib onlara etdiyimiz yaxşılıq haqda danışdılar. Evimizdən çıxanda rəis gülümsəyib bizə əl elədi. «Pisliyə yaxşılıqla qalib gəl» məsləhətinə uyğun davranmağın gözəl nəticə verdiyini görəndə çox sevindik (Rom. 12:21).

Aparılan axtarışlara rəğmən biz Armavirdə təbliğ etməyə davam edirdik. Həmçinin yaxınlıqdakı Kurqaninsk şəhərinə gedib oradakı kiçik qrupu möhkəmləndirirdik. Bu gün Armavirdə altı, Kurqaninskdə isə dörd yığıncağın olduğunu bilmək məni çox sevindirir.

Bu illər ərzində Allahla münasibətlərimizin zəiflədiyi anlar da olurdu. Minnətdarıq ki, Yehova sədaqətli qardaşlar vasitəsilə bizə düzəlişlər verərək imanımızı möhkəmləndirirdi (Zəb. 130:3). Bundan əlavə, KQB-nin gizli agentləri ilə eyni yığıncaqda xidmət etmək də bizim üçün güclü sınaq oldu. Onlar xidmətdə çox fəal idilər, bəzilərinə hətta təşkilatda müəyyən işlər də həvalə olunmuşdu. Amma bir müddətdən sonra onların iç üzü açıldı.

1978-ci ildə Mariya yenə hamilə qaldı. Həmin vaxt onun 45 yaşı var idi, üstəlik xroniki ürək çatışmazlığından əziyyət çəkirdi. Hamiləlik onun həyatı üçün təhlükə yaratdığından həkimlər uşağı abort etdirməyə təkid edirdilər. Mariya isə bunun əleyhinə idi. Buna görə də bəzi həkimlər əllərində iynə onun dalınca düşmüşdülər ki, iynəni vurub vaxtından əvvəl doğuş həyata keçirsinlər. Bətnindəki uşağı qorumaq üçün Mariya xəstəxanadan qaçdı.

KQB bizə şəhəri tərk etməyə əmr verdi. Biz Estoniyanın (o vaxt SSRİ-nin tərkibində idi) Tallin şəhərinin yaxınlığındakı bir kəndə köçdük. Tallində həkimlərin dediyinin əksinə olaraq, Mariya sapsağlam oğlan uşağı dünyaya gətirdi. Onun adını Vitali qoyduq.

Sonralar biz Estoniyadan Rusiyanın cənubundakı Nezlobnaya ərazisinə köçdük. Biz qonşuluqdakı kurort şəhərlərdə ehtiyatla təbliğ edirdik. Bura dünyanın dörd bir yanından insanlar gəlirdi. Onlar bura müalicə almaq üçün gəlsələr də, əbədi həyat ümidi ilə geri qayıdırdılar.

ÖVLADLARIMIZI YEHOVANIN YOLUNDA BÖYÜDÜRÜK

Biz əlimizdən gələni edirdik ki, övladlarımız Yehovanı sevsin, Ona ibadət etmək istəsin. Uşaqlarımızın ruhani inkişafı üçün tez-tez evimizə bacı-qardaşları dəvət edirdik. Onlardan biri də qardaşım Qriqori idi. O, 1970—1995-ci illər ərzində səyyar nəzarətçi kimi xidmət etmişdi. Qriqori bizə gələndə evimizdə toy-bayram olurdu, çünki o, çox şən və zarafatcıl insan idi. Qonaqlarımız olanda həmişə Müqəddəs Kitaba əsaslanan oyunlar oynayırdıq. Beləcə, uşaqlarımız Müqəddəs Kitabdakı tarixi məlumatları sevməyə başladılar.

Oğullarım və gəlinlərim

(soldan sağa): Yaroslav, Pavel, Vitali

(soldan sağa): Alyona, Raya, Svetlana

1987-ci ildə oğlumuz Yaroslav Latviyanın Riqa şəhərinə köçdü. Orada açıq təbliğ etmək mümkün idi. Ancaq etiqadına görə hərbi xidmətdən imtina etdiyi üçün onu bir il yarım müddətinə həbs etdilər. Bu vaxt ərzində oğlum doqquz fərqli həbsxanada yatmışdı. Oğluma həbsdə olduğum illər barədə danışdıqlarım ona dözməyə güc vermişdi. Yaroslav sonralar öncül kimi xidmət etməyə başladı. 1990-cı ildə digər oğlumuz Pavel 19 yaşı olanda Yaponiyanın şimalındakı bir adada, Saxalində öncül kimi xidmət etmək istədiyini bildirdi. Əvvəl-əvvəl biz onun getməsini istəmirdik. Bütün adada cəmi 20 təbliğçi var idi və biz adadan 9000 kilometr uzaqda yaşayırdıq. Ancaq sonra biz razılıq verdik və bu, ən düzgün qərar idi. Oradakı insanlar xoş xəbərə hay verirdilər. Bir neçə ilin içində Saxalində səkkiz yığıncaq yarandı. Pavel 1995-ci ilə kimi orada xidmət etdi. O vaxta qədər evdə yalnız sonbeşiyimiz Vitali qalmışdı. O, uşaqlıqdan Müqəddəs Kitabı oxumağı xoşlayırdı. On dörd yaşı olanda Vitali öncül kimi xidmət etməyə başladı. İki il ərzində mən də onunla öncül kimi xidmət etdim. Bu, unudulmaz illər idi. 19 yaşı olanda Vitali xüsusi öncül kimi təyin olundu.

Uzun illər bundan öncə, 1952-ci ildə KQB işçisi Mariyaya demişdi: «Bu yoldan dön, yoxsa on il həbsdə çürüyəcəksən. Oradan çıxanda artıq qoca olacaqsan, heç kimə lazım olmayacaqsan». Amma onun sözlərinin əksinə olaraq, biz sədaqətli Allahımız Yehovanın, övladlarımızın və həqiqəti öyrətdiyimiz insanların məhəbbəti ilə əhatə olunmuşuq. Uşaqlarımızın xidmət etdiyi ərazilərə gedib onlara baş çəkəndə ürəyimiz dağa dönür. Övladlarımızın Yehovanı tanımağa kömək etdiyi insanlarla tanış olub, onların necə minnətdar olduqlarını görürük.

YEHOVANIN KƏRAMƏTİNƏ ŞÜKÜR

1991-ci ildə Yehovanın Şahidlərinin fəaliyyəti hüquqi cəhətdən tanındı. Bu qərar təbliğ işinə yeni təkan verdi. Yığıncağımız hər həftə qonşu şəhər və kəndlərə getmək üçün hətta bir avtobus da aldı.

Mariya ilə mən, 2011-ci il

Xoşbəxtəm ki, Yaroslav və onun yoldaşı Alyona, Pavel və yoldaşı Raya Beyteldə xidmət edirlər. Sonbeşiyimiz Vitali və yoldaşı Svetlana isə səyyar xidmətdədirlər. Böyük qızımız İrina ailəsi ilə birgə Almaniyada yaşayır. Onun yoldaşı Vladimir və üç oğlu ağsaqqal kimi xidmət edirlər. O biri qızımız Olqa isə Estoniyada yaşayır. Tez-tez əlaqə saxlayırıq. Arvadım Mariya 2014-cü ildə vəfat etdi. Onun diriləcəyi günü səbirsizliklə gözləyirəm. Mən indi Belqorod şəhərində yaşayıram. Buradakı qardaşlar mənə çox dayaq olurlar.

Yehovaya xidmət etdiyim bu uzun illər ərzində öyrəndim ki, sədaqəti qorumaq bəzən baha başa gəlsə də, Yehovanın verdiyi qəlb rahatlığı tayı-bərabəri olmayan bir xəzinədir. Mariya ilə mənim Yehovanın yolunda möhkəm qalmağımız sayəsində təsəvvür eləmədiyim nemətlər almışıq. 1991-ci ildə SSRİ dağılmazdan öncə burada 40 000 təbliğçi var idi. İndi isə əvvəllər SSRİ-nin tərkibində olan ölkələrdə 400 000-dən çox təbliğçi var! Hal-hazırda 83 yaşındayam. Ağsaqqal kimi xidmət edirəm. Yehovanın dayağı sayəsində çox şeylərə dözə bildim. Həqiqətən də, Yehova mənə bol-bol nemətlər bəxş edib! (Zəb. 13:5, 6).

^ abz. 4 «KQB» keçmiş Sovet Dövlət Təhlükəsizlik Komitəsinin rusca qısaltmasıdır.