Kontentə keç

Mündəricatı göstər

Gənclər, ruhani məqsədlər qoymusunuz?

Gənclər, ruhani məqsədlər qoymusunuz?

«Hər işini Yehovaya tapşır, onda niyyətin baş tutar» (MƏS. 16:3).

NƏĞMƏ: 135, 144

1—3. a) Bütün gənclər hansı çətinliklə üzləşir? Nümunə əsasında izah edin. (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Gənclərə bu vəziyyətdə düzgün davranmağa nə kömək edəcək?

TƏSƏVVÜR EDİN Kİ, xüsusi bir mərasim üçün başqa bir şəhərə getməlisiniz. Avtobusa minmək üçün avtovağzala gəlirsiniz. Burada sərnişinlərin və avtobusların çoxluğundan adam çaş-baş qalır. Amma nə yaxşı ki, siz hara gedəcəyinizi, hansı avtobusa minəcəyinizi bilirsiniz! Sözsüz ki, başqa yerə gedən avtobusa minməzsiniz, çünki onun sizi səhv istiqamətə aparacağını bilirsiniz.

2 Gənclər də müəyyən mənada belə vəziyyətdədirlər. Onları qarşıda uzun bir səyahət gözləyir. Bəzən qarşılarında o qədər imkanlar və seçimlər durur ki, bilmirlər hansı qərarı versinlər. Əziz gənclər, əgər siz həyatda tutduğunuz istiqaməti bilirsinizsə, düzgün qərar vermək asan olacaq. Bəs siz hansı istiqamətdə getməlisiniz?

3 Məqalə gəncləri Yehovanı razı salmaq amalı ilə yaşamağa təşviq edir. Bu isə təhsil, iş, evlənmək, uşaq sahibi olmaq da daxil, həyatımızın istənilən sahəsində qərar verərkən Yehovanı nəzərə almaq, həmçinin ruhani məqsədlərə can atmaq deməkdir. Diqqətini Yehovaya xidmətə cəmləyən gənclər əmin ola bilər ki, həyatda uğur qazanmaq üçün Yehova onlara bol nemət verəcək. (Məsəllər 16:3 ayəsini oxuyun.)

RUHANİ MƏQSƏDLƏR QOYMAĞIN VACİBLİYİ

4. Bu məqalədə söhbət nədən gedəcək?

4 Ruhani məqsədləri lap kiçik yaşlarından qoymaq məsləhətdir. Azı üç səbəbə görə. Araşdıracağımız ilk iki səbəb ruhani məqsədlərə can atmağın Yehova ilə münasibətləri möhkəmləndirdiyini göstərir. Üçüncü səbəb isə, kiçik yaşlardan ruhani məqsədlər qoymağın faydasını vurğulayır.

5. Ruhani məqsədlər qoymağa ilk növbədə bizi nə təşviq etməlidir?

5 Birinci və ən vacib səbəb odur ki, ruhani məqsəd qoymaqla biz Yehovanın məhəbbətinə və bizim üçün etdiyi yaxşılıqlara görə minnətdarlıq bildiririk. Məzmurçu yazmışdı: «Nə yaxşıdır Sənə həmd etmək, ey Yehova... Əməllərinlə məni sevindirdin, ey Yehova, əllərinin işindən cuşa gəlirəm» (Zəb. 92:1, 4). Yehovanın bəxş etdiyi şeylər barədə düşünün. Həyatınız, imanınız, Müqəddəs Kitab, yığıncaq, gələcəyə olan parlaq ümidiniz... Bu qədər nemətlərin qarşısında Yehovaya minnətdar olmamaq necə mümkündür?! Minnətdarlıq bildirməyin ən yaxşı yolu ruhani hədəflər qoymaqdır. Bunun sayəsində siz Yehovaya daha yaxın olacaqsınız.

6. a) Ruhani məqsədlər insanın Yehova ilə münasibətində necə əks olunur? b) Erkən yaşlardan hansı məqsədləri qoymaq olar?

6 İkinci səbəb odur ki, ruhani məqsəd qoyub onlara nail olmağa çalışanda siz Yehovanın gözündə xoş olan işlər görmüş olursunuz. Bu isə Yehova ilə münasibətlərinizi daha da möhkəmləndirir. Həvari Bulus demişdi: «Axı Allah ədalətsiz deyil ki,.. Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Məqsədlər qoymaq üçün böyüməyi gözləmək lazım deyil. Məsələn, Kristina Yehovanın sədaqətli xidmətçilərinin bioqrafiyalarını oxumağı qarşısına məqsəd qoyanda cəmi 10 yaşı var idi. Vəftiz olana qədər Müqəddəs Kitabı başdan-ayağa oxumağı məqsəd qoyanda Tobi 12 yaşında idi. Maksim 11, bacısı Noemi isə 10 yaşında vəftiz olmuşdu. Hər ikisi Beyteldə xidmət etmək arzusunda idi və bu məqsəddən yayınmamaq üçün onlar Beytel ərizəsini evlərinin divarından asmışdılar. Bəs siz qarşınıza hansı məqsədləri qoya bilərsiniz? Elə indidən bu məqsədlərə doğru irəliləyin! (Filippililərə 1:10, 11 ayələrini oxuyun.)

7, 8. a) Məqsəd qoymaq qərar verməyi necə asanlaşdırır? b) Nəyə görə Demaris bacı ali təhsil almamaq qərarına gəlmişdi?

7 Erkən yaşda ruhani məqsədlər qoymağın üçüncü səbəbi qərar qəbul etməklə bağlıdır. Yeniyetmələr təhsil, iş və digər sahələrdə qərarlar qəbul etməli olur. Qərar verməyi iki yolayrıcında qalmağa bənzətmək olar. Gedəcəyi yolu bilən adama düzgün yolu seçmək çətin olmur. Eləcə də insanın həyatda məqsədi olanda ona düzgün qərar vermək asan olur. Məsəllər 21:5 ayəsində yazılıb: «Çalışqanın niyyəti uğur gətirər». Əziz gənclər, niyyətinizi nə qədər tez müəyyən etsəniz, o qədər tez uğur qazanarsınız. Yeniyetmə yaşında vacib qərar verməli olan Demaris adlı bir bacı buna özü şahid olub.

8 Demaris orta məktəbi əla qiymətlərlə bitirmişdi. Universitetin hüquq fakültəsində ödənişsiz təhsil almaq imkanı olduğu halda, o, bankda işləməyi seçir. Demaris nəyə görə bu qərara gəlir? Uşaqlıqdan öncül olmağı qarşısına məqsəd qoyan Demaris bacı deyir: «Öncül kimi xidmət etmək üçün yarımştat işdə işləmək lazımdır. Hüquq diplomu ilə yaxşı pul qazanmaq olar, amma çətin ki, yarımştat iş tapardım». O artıq iyirmi ildir ki, öncül kimi xidmət edir. Görəsən, Demaris yeniyetmə yaşlarında qoyduğu məqsəd və verdiyi qərara görə peşmandır? O deyir: «İşlədiyim bankda çoxlu hüquqşünaslarla qarşılaşıram. Əgər hüquq sahəsində təhsil alsaydım, indi onların gördüyü işi görərdim. Görürəm ki, onların çoxu gördükləri işdən həzz almır. Lakin mən verdiyim qərar sayəsində bütün bu illər ərzində sevinclə öncüllük edirəm və onların keçirdiyi məyusluq hissindən uzağam».

9. Gənclərimizi tərifləmək üçün hansı səbəblərimiz var?

9 Bütün dünyadakı gənc bacı-qardaşlar ən gözəl təriflərə layiqdir. Çünki Yehovaya ibadət və ruhani məqsədlər onların həyatında əsas yeri tutur. Bu gənclər xoşbəxt həyat sürür, eyni zamanda hər bir işlərində Yehovanın rəhbərliyinə tabe olmağı öyrənirlər. Bura təhsil, iş və ailə həyatını misal çəkmək olar. Süleyman peyğəmbər yazmışdı: «Bütün qəlbinlə Yehovaya etibar et... Hər işində Onu düşün, O da yollarını rəvan edər» (Məs. 3:5, 6). Gənc bacı-qardaşlar Yehovanın gözündə çox dəyərlidir. Yehova onları çox sevir, qoruyur, yol göstərir və onlara nemətlər bəxş edir.

TƏBLİĞ ETMƏYƏ HAZIRLIQLI OLUN

10. a) Nə üçün təbliğ işi həyatımızda vacib yeri tutmalıdır? b) Təbliğ işində daha səriştəli olmaq üçün nə edə bilərik?

10 Yehovanın bəyəndiyi kimi yaşamağa çalışan gənc sözsüz ki, təbliğ xidmətinə ciddi yanaşacaq. İsa Məsih «müjdə təbliğ edilməlidir» demişdi (Mark 13:10). Yubanmadan təbliğ etməli olduğumuz üçün bu iş həyatımızda vacib yer tutmalıdır. Daha çox təbliğ etməyi qarşınıza məqsəd qoya bilərsiniz? Bəlkə, öncül xidmətinə başlaya bilərsiniz? Bəs əgər xidmətdən elə də sevinc duymursunuzsa, onda necə? Etiqadınızı daha yaxşı izah etməyi necə öyrənə bilərsiniz? İki məqam köməyinizə çatar: birincisi, yaxşı hazırlaşın, ikincisi, etiqadınızı bölüşməkdən usanmayın. Onda təbliğdən duyacağınız sevincə məəttəl qalacaqsınız.

Şahidlik vermək üçün qabaqcadan necə hazırlaşırsınız? (11 və 12-ci abzaslara baxın)

11, 12. a) Gənclər şəhadət verməyə qabaqcadan necə hazırlaşa bilər? b) Bir gənc məktəbdə yaranan fürsətdən necə istifadə etmişdi?

11 Sinif yoldaşlarınızın ən çox verdiyi suallara əvvəlcədən cavab hazırlaya bilərsiniz. Misal üçün, «Allahın varlığına nə üçün inanırsan?» sualına cavab vermək üçün jw.org saytından məqalələr tapmaq olar. MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > YENİYETMƏLƏR bölməsində «Mən nəyə görə Allaha inanıram?» adlı çalışma vərəqəsi var. Orada qeyd olunan İbranilərə 3:4, Romalılara 1:20 və Zəbur 139:14 ayələrinin köməyi ilə etiqadınızı daha yaxşı izah edəcəksiniz. Çalışma vərəqələri vasitəsilə yaranan bütün suallara əvvəlcədən cavab hazırlaya bilərsiniz. (1 Butrus 3:15 ayəsini oxuyun.)

12 Sinif yoldaşlarınızı jw.org saytını ziyarət etməyə təşviq edin. Məsələn, Luka adlı bir oğlan dərsdə müxtəlif dinlər müzakirə olunan zaman görür ki, dərslikdə Yehovanın Şahidləri haqda bəzi yanlış məlumatlar yazılıb. Onu həyəcan bürüsə də, cəsarətini toplayıb yazılanların səhv olduğunu göstərmək üçün müəllimədən icazə istəyir. Müəllimə razılaşır. Luka həm öz etiqadını izah edə bilir, həm də bütün sinif yoldaşlarını saytımızla tanış edir. Hətta müəllimə uşaqlara tapşırır ki, «Əl-qol atmadan xuliqanın cavabını ver» adlı qələm animasiyasına evdə baxsınlar. Gözəl şahidlik verdiyi üçün Lukanın sevinci yerə-göyə sığmırdı.

13. Nəyə görə maneələrlə üzləşəndə təslim olmamalıyıq?

13 Bəzən getdiyiniz yol kələ-kötürlü ola bilər, amma ruhdan düşməyin (2 Tim. 4:2). Çətinliklər yarananda məqsədinizdən möhkəm yapışın. On yeddi yaşı olanda Katarina bütün iş yoldaşlarına təbliğ etməyi qarşısına məqsəd qoyur. İş yoldaşlarından birinin onu dəfələrlə təhqir etməsinə baxmayaraq, Katarina bacı məqsədindən dönmür. Onun təmkini, gözəl davranışı digər həmkarı Hansa xoş təsir bağışlayır. O, bizim nəşrləri oxumağa və Müqəddəs Kitabı öyrənməyə başlayır. Nəticədə, Hans vəftiz olur. Katarina həmin vaxt başqa yerə köçdüyü üçün bütün bunlardan xəbərsiz idi. Üstündən 13 il keçir. Ailəsi ilə birgə ibadət evində oturan Katarina dəvət olunmuş natiq elan olunanda gözlərinə inana bilmir: bu, Hans idi! Nə yaxşı ki, o vaxt Katarina iş yoldaşlarına təbliğ etmək məqsədindən dönməmişdi!

MƏQSƏDİNİZDƏN DÖNMƏYİN

14, 15. a) Təzyiqlərlə üzləşən zaman gənclər nəyi unutmamalıdır? b) Gənclər həmyaşıdlarının təzyiqinə necə qarşı dura bilər?

14 Yuxarıdakı abzaslarda gənclər diqqətlərini Yehovaya xidmətə cəmləməyə təşviq olundu. Gördük ki, bunun üçün ruhani məqsədlər qoyub onlara can atmaq lazımdır. Əziz gənclər, ola bilsin, həmyaşıdlarınız yalnız əylənmək barədə düşünür və sizi də buna təşviq edir. Onlar gec-tez görməlidir ki, qoyduğunuz məqsədlərə çatmaq sizin üçün nə qədər vacibdir. Yol verməyin ki, gənclərin təzyiqi sizi məqsədinizdən döndərsin. Yuxarıda çəkdiyimiz avtobus nümunəsini yadınıza salın. Yəqin ki, sadəcə sərnişinlərin əyləndiyini görüb başqa istiqamətə gedən avtobusa minməzdiniz.

15 Həmyaşıdların təsirinə uymamağın bir neçə yolu var. Misal üçün, çalışın nəfsinizi sınayan vəziyyətlərə düşməyəsiniz (Məs. 22:3). Yanlış hərəkətlərin nə ilə nəticələnəcəyini gözünüzün qabağına gətirin (Qal. 6:7). Həmçinin məsləhətə ehtiyac duyduğunuzu qəbul edin. Təvazökarlıq xüsusiyyəti sizə valideynlərinizin və yığıncaqdakı yetkin məsihilərin məsləhətinə qulaq asmağa kömək edəcək. (1 Butrus 5:5, 6 ayələrini oxuyun.)

16. Təvazökarlığın fayda gətirdiyini göstərən nümunə çəkin.

16 Təvazökarlıq xüsusiyyəti Kristof adlı bir qardaşa məsləhəti qəbul etməyə kömək etdi. Vəftiz olandan qısa müddət sonra o, fitnes mərkəzində idmanla məşğul olmağa başlayır. Oradakı gənclər Kristofu onların idman klubuna qoşulmağa dəvət edirlər. O, bu haqda bir ağsaqqalla danışır. Ağsaqqal ona qərar verməzdən öncə bəzi təhlükələr, məsələn, rəqabət ruhuna yoluxmaq riski barədə düşünməyi məsləhət görür. Buna rəğmən, Kristof həmin kluba qoşulmaq qərarına gəlir. Amma çox keçməmiş görür ki, bu idman zorakı, hətta təhlükəlidir. O, yenə ağsaqqallarla danışır və onlar ona Müqəddəs Kitab əsasında məsləhət verirlər. Kristof deyir: «Yehova mənə yaxşı məsləhətçilər yetirdi və mən gec də olsa, Onun məsləhətinə qulaq asdım». Bəs siz məsləhəti qəbul edəcək qədər təvazökarsınız?

17, 18. a) Yehovanın gənclərlə bağlı istəyi nədir? b) İnsan böyüyəndən sonra nəyin peşmançılığını çəkə bilər və bu peşmançılığı yaşamamaq üçün nə edə bilərik? Nümunə çəkin.

17 «Sevin, ey cavan, nə qədər ki cavansan! Qoy cavanlıq günlərində ürəyin şad olsun!» (Vaiz 11:9). Bəli, Yehova gənclərin xoşbəxtliyini istəyir. Bu məqalədə öyrəndiniz ki, xoşbəxt olmağın bir yolu ruhani məqsədlər qoyub planlarınızı Yehovanın iradəsinə uyğun qurmaqdır. Bunu nə qədər tez etsəniz, Yehovanın rəhbərliyini, müdafiəsini və nemətlərini bir o qədər tez görəcəksiniz. Yehovanın Öz Kəlamı vasitəsilə sizə verdiyi gözəl məsləhətlər haqda düşünün. «Cavanlıq günlərində Ulu Yaradanını xatırla» məsləhəti qoy həyatınızın şüarı olsun (Vaiz 12:1).

18 Bir şey dəqiqdir: siz əvvəl-axır böyüyəcəksiniz. Bəzən böyüklər gənc ikən qoyduqları yanlış məqsədlərin, yaxud ümumiyyətlə məqsədsiz yaşamağın peşmançılığını çəkirlər. Amma gənc yaşlarında diqqətinizi ruhani məqsədlərə cəmləsəniz, böyüyəndə də verdiyiniz qərarlara görə sevinc duyacaqsınız. Miryana adlı bir bacımız buna gözəl nümunədir. Yeniyetmə yaşlarında o, istedadlı idmançı idi. Hətta onu Qış Olimpiya Oyunlarında iştirak etməyə dəvət etmişdilər. Amma o, qərara gəlir ki, tamvaxtlı xidmətə başlasın. Üstündən otuz il keçsə də, Miryana bacı yoldaşı ilə birgə hələ də tamvaxtlı xidmətdədir. O deyir: «Şan-şöhrət, var-dövlət, vəzifə — hamısı gəldi-gedər şeylərdir və boş məqsədlərdir. Ən ali və daimi məqsədlər Allaha ibadət etmək və insanlara Allahı tanımağa kömək eləməkdir».

19. Uşaq yaşlarından ruhani məqsədlər qoymağın faydalarını sadalayın.

19 Gənclər, siz çoxlu çətinliklərlə üzləşirsiniz. Amma afərin sizə ki, bu çətinlikləri aşıb diqqətinizi Yehovaya ibadətə cəmləyirsiniz. Qarşınıza ruhani məqsədlər qoyur, təbliğ işini hər şeydən üstün tutur, bu dünyanın sizi məqsədlərinizdən yayındırmasına yol vermirsiniz. Əmin ola bilərsiniz ki, zəhmətiniz hədər getmir. Ətrafınızda sizi sevən və sizə kömək etməyə hazır olan bacı-qardaşlarınız var. Odur ki, hər işinizi Yehovaya tapşırın. Onda niyyətiniz baş tutar.