Kontentə keç

Mündəricatı göstər

Həqiqi azadlığa gedən yol

Həqiqi azadlığa gedən yol

«Əgər Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız» (YƏH. 8:36).

NƏĞMƏ: 54, 36

1, 2. a) İnsanlar azadlıq əldə etmək üçün nələrə əl atır? b) Azadlıq uğrunda aparılan mübarizələr nə ilə nəticələnib?

BU GÜN bərabərlik, müstəqillik, azadlıq barədə çox danışılır. Dünyanın bir çox yerində insanlar zülmdən, ayrı-seçkilikdən və yoxsulluqdan azad olmağa çalışır. Bəziləri isə söz azadlığı, seçim azadlığı tələb edir, öz müqəddəratlarını özləri təyin etmək istəyirlər. Ürəyi istəyən kimi yaşamaq, istədiyini etmək çoxlarının arzusudur.

2 İnsanlar bu arzularına çatmaq üçün üsyan qaldırır, nümayişlər keçirir, çevrilişlər, inqilablar edirlər. Bəs azadlıq uğrunda aparılan bu mübarizələr arzuolunan nəticələr verirmi? Xeyr! Əksinə, çox vaxt bu cəhdlər faciələrə, insan tələfatına səbəb olur. Bütün bunlar Süleyman peyğəmbərin yazdığı sözlərin doğruluğunu bir daha sübut edir: «İnsanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9).

3. Həqiqi xoşbəxtlik və məmnunluq duymaq üçün nə etməliyik?

3 Şagird Yaqub həqiqi xoşbəxtlik və məmnunluq qazanmağın yolu barədə yazmışdı: «Kamil azadlıq qanununa diqqətlə baxan və ona bağlı qalan adam... öz işində xoşbəxt olacaq» (Yaq. 1:25). Kamil azadlıq qanununu verən Yehova insanların həqiqətən xoşbəxt və məmnun olması üçün bilir onlara nə lazımdır. O, yaratdığı ilk insan cütünə xoşbəxt olmaları üçün hər şey, o cümlədən həqiqi azadlıq bəxş etmişdi.

BİR ZAMAN İNSANLAR HƏQİQƏTƏN AZAD İDİ

4. Adəmlə Həvvanın sahib olduqları azadlıq barədə nə demək olar? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 Yaradılış kitabının ilk iki fəslində Adəmlə Həvvanın sahib olduqları azadlıq barədə oxuyuruq. Onlar qorxu, zülm, ehtiyac nədir bilmirdilər. Qidanın, işsizliyin dərdini çəkmir, xəstəlikdən, ölümdən azad idilər. Bu gün belə bir azadlığın yalnız xəyalını qura bilərik (Yar. 1:27—29; 2:8, 9, 15). Bəs demək olarmı ki, Adəmlə Həvvaya verilən azadlıq məhdudiyyətsiz idi?

5. Həqiqi azadlıq insanların düşündüyü azadlıqdan nə ilə fərqlənir?

5 Çoxlarının fikrincə, həqiqi azadlıq odur ki, insan nəticəsini düşünmədən ağlından keçən hər şeyi edə bilsin. «Uorld buk» ensiklopediyasında azadlıq «seçim edib onu həyata keçirmək imkanı» kimi izah olunur. Bununla yanaşı, orada belə fikir də qeyd olub: «Hüquqi tərəfdən baxdıqda, cəmiyyətdə qoyulan məhdudiyyətlər ədalətsiz, lazımsız və əsassız olmadığı təqdirdə insanları azad adlandırmaq olar». Bu sözlər göstərir ki, cəmiyyətdə azadlıqdan hər kəsin yararlanması üçün müəyyən məhdudiyyətlər labüddür. Ortaya belə bir sual çıxır: Bəs məhdudiyyətlərin ədalətli, lazımlı və əsaslı olub-olmadığına qərar verməyə kimin haqqı çatır?

6. a) Nəyə görə mütləq azadlığa yalnız Yehova sahibdir? b) İnsanlar hansı azadlığa sahibdir? Səbəbi izah edin.

6 Azadlıq məsələsində bir şeyi yadda saxlamalıyıq ki, mütləq və məhdudiyyətsiz azadlığa yalnız və yalnız Yehova Allah sahibdir. Çünki O, hər şeyin yaradanıdır və bütün kainatın Hökmdarıdır (1 Tim. 1:17; Vəhy 4:11). Allahın ucalığını, əzəmətini Davud padşahın necə gözəl sözlərlə təsvir etdiyini yadınıza salın. (1 Salnamələr 29:11, 12 ayələrini oxuyun.) Göydə və yerdə olan bütün varlıqların azadlığı isə nisbi və məhduddur. Yehova istəyir ki, biz hansı məhdudiyyətlərin ədalətli, lazımlı və əsaslı olduğuna qərar verməyə yalnız Onun haqqı çatdığını dərk edək. Allah elə ilk insanı yaradanda ona müəyyən məhdudiyyətlər qoymuşdu.

7. Qeyri-ixtiyari olaraq etdiyimiz hansı şeylər xoşbəxtliyimizə vəsilə olur?

7 Yehova Allah Adəmlə Həvvaya bir çox sahədə azadlıq versə də, müəyyən sahələrdə seçim haqqı qoymamışdı. Misal üçün, onlar anlayırdılar ki, yaşamaq üçün nəfəs almalı, yemək yeməli, yatmalıdırlar. Bu kimi şeyləri qeyri-ixtiyari etsələr də, istənilən halda bunlar məhdudiyyətdir. Bəs Adəmlə Həvva bunları etməli olduqları üçün özlərini azadlıqdan məhrum hiss edirdi? Əlbəttə ki, yox. Yehova onların hətta bu kimi adi şeylərdən də məmnunluq duymasının qeydinə qalmışdı (Zəb. 104:14, 15; Vaiz 3:12, 13). Gümrahlıq bəxş edən təmiz havanı qəbul etmək, ləziz yemək yemək, yatıb yorğunluğu çıxarmaq kimə zövq gətirmir? Biz bütün bunları özümüzə yük, yaxud məhdudiyyət hesab etmirik. Şübhəsiz ki, Adəmlə Həvva üçün də bu belə idi.

8. Allah ilk insan cütünə hansı xüsusi tapşırığı vermişdi və nə məqsədlə?

8 Yehova Adəmlə Həvvaya xüsusi bir tapşırıq vermişdi. Onlar törəyib çoxalaraq yer üzünü doldurmalı və ona sahib olmalı idilər (Yar. 1:28). Bu tapşırıq onların azadlığını əllərindən alırdımı? Sözsüz ki, yox! Bu əmrə tabe olmaqla onlar Yaradanın niyyətinin həyata keçməsində iştirak edə, yəni yer üzünü kamil insan cəmiyyətinin əbədi məskəni olacaq cənnətə çevirə bilərdilər (Əşy. 45:18). Bu gün insanın subay qalması, yaxud ailə qurub övlad sahibi olmaması Allaha itaətsizlik sayılmır. Bununla belə, ümumilikdə bütün insanlar ailə həyatının gətirdiyi çətinliklərə rəğmən, evlənir və övlad sahibi olurlar (1 Kor. 7:36—38). Səbəb odur ki, bütün bunlar insana xoşbəxtlik və məmnunluq bəxş edir (Zəb. 127:3). Adəmlə Həvva Yehovaya sadiq qalsa idi, həm nikahın, həm də ailənin bəxş etdiyi xoşbəxtliyi əbədi dada bilərdilər.

HƏQİQİ AZADLIQ NECƏ İTİRİLDİ?

9. Yaradılış 2:17 ayəsindəki əmrin ədalətsiz, lazımsız və əsassız olmadığını izah edin.

9 Yehova Adəmlə Həvvaya başqa bir əmr də vermiş və bu əmri pozduqları təqdirdə onları gözləyən aqibət barədə demişdi: «Xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yar. 2:17). Sizcə, bu əmrdə ədalətsiz, lazımsız və əsassız nəsə var idi? Doğrudanmı bu əmr Adəmlə Həvvanın azadlığını əlindən alırdı? Qətiyyən! Hətta bir sıra Müqəddəs Kitab alimləri bu əmrin məntiqli və yerində olduğunu qeyd edirlər. Məsələn, bir alim deyir: «Allahın [Yaradılış 2:16, 17 ayələrində] verdiyi əmrin məğzi o idi ki, insan üçün nəyin yaxşı... nəyin pis... olduğunu yalnız Allah bilir. İnsan hər şeyin yaxşı olmasını istəyirsə, Allaha güvənməli və itaət etməlidir. Allaha itaətsizlik edəndə isə nəyin yaxşı... nəyin pis... olduğunu özü qərarlaşdırmalı olur». Bu isə insanın daşıya biləcəyi yük deyil.

Adəmlə Həvvanın seçimi fəlakətlə nəticələndi! (9—12 abzaslara baxın)

10. Nəyə görə iradə azadlığını və nəyin yaxşı, nəyin pis olduğuna qərar vermək hüququnu bir-biri ilə qarışdırmamalıyıq?

10 Yehovanın verdiyi bu əmri oxuyarkən kimsə düşünə bilər ki, Adəmin istədiyini etmək azadlığı əlindən alınmışdı. Belə düşünənlər iradə azadlığı ilə nəyin yaxşı, nəyin pis olduğuna qərar vermək hüququnu qarışdırır. Adəmlə Həvva Allaha itaət edib-etməməyi seçməkdə sərbəst idilər. Amma nəyin yaxşı, nəyin pis olduğuna qərar vermək hüququ yalnız Yehovaya məxsusdur, tək Onun buna tam haqqı çatır. Ədən bağındakı «xeyirlə şəri bilmə ağacı» elə bunu təmsil edirdi (Yar. 2:9). Biz etdiyimiz seçimlərin nə ilə nəticələnəcəyini həmişə bilə bilmirik, qaldı ki, bu seçimlərin həmişə yaxşı nəticələnəcəyinə zəmanət verək. Elə bu səbəbdən insanların xoş niyyətdən irəli gələrək etdiyi seçimlərin, yaxud verdikləri qərarların iztirab, fəlakət və faciəyə gətirib çıxartdığının tez-tez şahidi oluruq (Məs. 14:12). Bəli, insanın bacarığı məhduddur. Yehova Adəmlə Həvvaya verdiyi əmr vasitəsilə onlara həqiqi azadlıqdan düzgün istifadə etməyi öyrətmək istəyirdi. Bəs Adəmlə Həvva buna necə qarşılıq verdi?

11, 12. Adəmlə Həvvanın seçimi nə üçün fəlakətlə nəticələndi? Nümunə çəkin.

11 Bildiyimiz kimi, Adəmlə Həvva itaətsizliyi seçdi. Şeytanın «gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» vədi Həvvaya elə xoş gəldi ki, o, «yox» deyə bilmədi (Yar. 3:5). Bəs Şeytanın dedikləri yerinə yetdi? Adəmlə Həvva daha çox azadlıq qazandı? Xeyr, əksinə, onlar çox keçmədən anladılar ki, Yehovanın sözündən çıxıb öz bildiyini etməyin sonu acınacaqlı olur (Yar. 3:16—19). Ona görə ki, Yehova insanlara nəyin yaxşı, nəyin pis olduğuna qərar vermək ixtiyarı verməyib. (Məsəllər 20:24; Ərəmya 10:23 ayələrini oxuyun.)

12 Bunu daha yaxşı başa düşmək üçün gəlin bir nümunəyə baxaq. Adətən, pilot səfərini uğurla başa çatdırmaq üçün müəyyən olunmuş uçuş xəttini izləməlidir. O, naviqasiya avadanlıqlarının, həmçinin dispetçerlə uçuş boyu əlaqə saxlamağın sayəsində sağ-salamat mənzil başına çatır. Amma göstərilən təlimatlara əməl etməsə və istədiyi xətt ilə hərəkət etsə, təyyarə qəzaya uğraya bilər. Eynilə, Adəmlə Həvva da öz istədikləri yolla getməyi seçdilər. Onlar Yehovanın təlimatlarından imtina etdilər. Bəs bu, nə ilə nəticələndi? Həm özləri, həm də gələcək nəsilləri günah və ölümə mübtəla oldu (Rom. 5:12). Adəmlə Həvva nəyin yaxşı, nəyin pis olduğunu təyin etmək ixtiyarını öz əlinə almaqla əsl azadlıqdan məhrum oldu.

HƏQİQİ AZADLIĞI NECƏ QAZANMAQ OLAR?

13, 14. Həqiqi azadlığı necə qazanmaq olar?

13 Bəzi insanlar düşünür ki, azadlıq nə qədər çox olsa, o qədər yaxşıdır. Düzdür, azadlıq bir çox sahələrdə fayda gətirir. Lakin bir anlıq təsəvvür edin: heç bir məhdudiyyət olmasa, dünya nə vəziyyətdə olar? Bununla bağlı «Uorld buk» ensiklopediyasında deyilir ki, hər bir mütəşəkkil cəmiyyətin mürəkkəb qanunları var, çünki onlar insanların azadlığını həm qorumalı, həm də məhdudlaşdırmalıdır. Bu isə asan deyil. Elə bu səbəbdən bu qədər qanun və bu qanunları izah edib tətbiq etməyə çalışan saysız-hesabsız qanunşünas və hakim var.

14 Bütün bunların tam əksinə olaraq, İsa Məsih həqiqi azadlığa nail olmağın yolunu sadə və aydın sözlərlə izah etmişdi. O demişdi: «Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh. 8:31, 32). Məsihin bəhs etdiyi həqiqi azadlığa nail olmaq üçün iki şey lazımdır. Birincisi, onun öyrətdiyi həqiqətləri qəbul etmək, ikincisi, onun şagirdi olmaq. Yalnız bu halda həqiqətən azad ola bilərik. Bəs söhbət hansı azadlıqdan gedir? Məsih izah edir: «Günah işləyən hər bir adam günahın köləsidir... Əgər Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız» (Yəh. 8:34, 36).

15. İsa Məsih bizə hansı azadlığı vəd edib?

15 İsanın vəd etdiyi azadlıq bu gün insanların can atdığı siyasi, ictimai azadlıqdan qat-qat üstündür. Məsih «Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız» deyərkən bəşəriyyətin üzləşdiyi köləliyin ən betərindən — günahın köləliyindən danışırdı. Günah bizi pis şeyləri etməyə sövq etməklə yanaşı, düzgün olduğunu bildiyimiz və ya bacardığımız şeyləri etməyə də mane olur. Məhz bu mənada biz günahın köləsiyik. Günahın nəticəsi isə məyusluq, əzab, iztirab və axırda ölümdür (Rom. 6:23). Həvari Bulus günahın köləsi olmağın nə qədər əzablı olduğunu yaxşı bilirdi. (Romalılara 7:21—25 ayələrini oxuyun.) Biz yalnız günah qandalları açılandan sonra Adəmlə Həvvanın bir zamanlar sahib olduğu həqiqi azadlığa sahib ola biləcəyik.

16. Həqiqətən azad olmaq üçün nə etməliyik?

16 İsa Məsih «sözlərimə daima əməl etsəniz» deməklə göstərir ki, onun bizi azad etməsi bizdən tələb olunan şeylər var. Nələr? Yehovanın həsr olunmuş xidmətçiləri olan bizlər özümüzü inkar edib Məsihin təlimləri çərçivəsində yaşamağı seçmişik (Mət. 16:24). Gələcəkdə onun fidyə qurbanlığının bəxş etdiyi bütün nemətləri dadanda isə biz həqiqətən azad olacağıq.

17. a) Əsl xoşbəxtliyə necə nail ola bilərik? b) Növbəti məqalədə söhbət nədən gedəcək?

17 İsa Məsihin davamçıları olan bizlər onun təlimlərinə uyğun yaşasaq, həyatımız həqiqətən mənalı və xoşbəxt olacaq. Gələcəkdə isə, günah və ölümün köləliyindən tamamilə azad olacağıq. (Romalılara 8:1, 2, 20, 21 ayələrini oxuyun.) Növbəti məqalədə bu gün sahib olduğumuz azadlıqdan ağılla istifadə etməyin yolları araşdırılır. Bu biliklərin sayəsində həqiqi azadlıq bəxş edən Allahı əbədiyyət boyu şərəfləndirə biləcəyik.