Kontentə keç

Mündəricatı göstər

Məsul qardaşlara örnək olan Timuti

Məsul qardaşlara örnək olan Timuti

ÖTƏN İL ərzində bütün dünyada minlərlə qardaş yığıncaq xidmətçisi və ağsaqqal təyin olunub. Əgər bu qardaşlardan biri də sizsinizsə, sözsüz ki, bu şərəfli xidmətə görə sevinc duyursunuz.

Amma yəqin müəyyən narahatlıq, həyəcan da keçirirsiniz. Ceyson adlı bir ağsaqqal bölüşür: «Təzə təyin olunanda işin çoxluğu məni qorxutdu». Musa və Ərəmya peyğəmbər də Yehovadan yeni təyinat alanda işin öhdəsindən gələ bilməyəcəklərini düşünürdülər (Çıx. 4:10; Ərm. 1:6). Əgər sizdə də belə hisslər varsa, gəlin görək onları necə aşa və inkişaf etməyə davam edə bilərsiniz. Timutinin nümunəsi bizə kömək edəcək (Həv. 16:1—3).

TİMUTİDƏN ÖRNƏK ALIN

Həvari Bulus Timutini onunla birgə təbliğ səyahətinə çıxmağa dəvət edəndə ehtimal ki, Timutinin haradasa 20 yaşı var idi. Gənc olduğu üçün Timutinin əvvəl-əvvəl özünə əminliyi yox idi, o, yeni təyinatını icra etməyə çəkinirdi (1 Tim. 4:11, 12; 2 Tim. 1:1, 2, 7). Lakin təxminən 10 il sonra Bulus Filippidəki yığıncağa onun haqqında növbəti sözləri demişdi: «Əgər Ağamız İsa məsləhət bilərsə, ümid edirəm, tezliklə Timutini yanınıza göndərəcəyəm... Axı onun kimi can-dildən sizin qeydinizə qalacaq başqa heç kimim yoxdur» (Filip. 2:19, 20).

Nəyin sayəsində Timuti belə yaxşı ağsaqqal olmuşdu? Timutinin nümunəsindən 6 vacib dərs öyrənə bilərik.

1. O, dindaşlarının qeydinə qalırdı. Həvari Bulus Filippidəki qardaşlara yazmışdı: «[Timuti] can-dildən sizin qeydinizə qalacaq» (Filip. 2:20). Bəli, Timuti həqiqətən də dindaşlarına can yandırırdı. Onların Yehova ilə münasibətlərinin möhkəm olmasını istəyirdi və bunun üçün əlindən gələni edirdi.

Əziz qardaşlar, çalışın sərnişinləri avtobusa mindirməkdən çox dayanacağa vaxtında çatmağı düşünən avtobus sürücüsünə bənzəməyəsiniz. İyirmi ildən çoxdur ağsaqqal kimi xidmət edən Vilyam yeni təyinat alan qardaşlara belə bir məsləhət verir: «Bacı-qardaşları sevin. Təşkilati işlərdən çox, bacı-qardaşların ehtiyaclarına xüsusi diqqət yetirin».

2. O, ruhani işləri ön plana qoyurdu. Timutinin başqalarından fərqli olduğunu göstərərək həvari Bulus demişdi: «Başqaları Məsih İsanın yox, öz mənafelərini düşünürlər» (Filip. 2:21). Bulus bu məktubu Romada olanda yazmışdı. O, fikir vermişdi ki, Romadakı qardaşlar fikirlərini daha çox şəxsi işlərinə cəmləyir, ruhani işlərə elə də can yandırmırlar. Amma Timuti onlar kimi deyildi. O, xoş müjdəni yaymaq üçün fürsət yarananda «Mən gedərəm! Məni göndər!» deyən Əşiya peyğəmbərin əhval-ruhiyyəsini təzahür etdirirdi (Əşy. 6:8).

Şəxsi və ruhani öhdəliklər arasında tarazlığı necə qorumaq olar? İlk növbədə, işlərinizi vacibliyinə görə sıralayın. Bulus xəbərdarlıq edirdi: «Daha vacib şeyləri ayırd etməyi» öyrənin (Filip. 1:10). Qoy Allahın vacib bildiyi şeylər sizin üçün də vacib olsun. İkincisi, yükünüzü azaldın. Vaxtınızı və gücünüzü alan şeylərdən azad olun. Bulus Timutiyə məsləhət verərək «gəncliyə xas istəklərdən qaç,.. salehliyə, imana, məhəbbətə və sülhə can at» demişdi (2 Tim. 2:22).

3. O, xidmətə can qoyurdu. Həvari Bulus filippililərə demişdi: «Timutinin necə ad qazandığını yaxşı bilirsiniz: o, atası ilə bərabər nökərçilik edən uşaq kimi, müjdənin vüsət almasında mənimlə birlikdə canla-başla xidmət edib» (Filip. 2:22). Timuti tənbəl insan deyildi. O, Bulusla çiyin-çiyinə çalışırdı və bunun nəticəsində aralarındakı dostluq münasibətləri daha da möhkəmlənirdi.

Yehovanın təşkilatında iş həmişə var. Bu iş insana əsl məmnunluq gətirir və bizi bacı-qardaşlara daha da yaxınlaşdırır. Odur ki, qoy sizin də məqsədiniz «həmişə Rəbbin işində» çox çalışmaq olsun (1 Kor. 15:58).

4. O, öyrəndiklərinə əməl edirdi. Həvari Bulus Timutiyə yazmışdı: «Sən isə mənim təlimimi, həyat yolumu, amalımı, imanımı, səbrimi, məhəbbətimi, dözümümü izləyirsən» (2 Tim. 3:10). Timuti öyrəndiyi hər şeyə əməl etdiyi üçün ona daha böyük məsuliyyətlər həvalə olunurdu (1 Kor. 4:17).

Bəs sizə məsləhət verə biləcək ruhən yetkin dostunuz var? Əgər yoxdursa, niyə də axtarmayasınız?! Uzun illərdir ağsaqqal kimi xidmət edən Tom adlı bir qardaş deyir: «Təcrübəli bir ağsaqqal, sanki məni qanadları altına almışdı. O mənə çox şey öyrətdi. Həmişə ondan məsləhət alır və onlara əməl edirdim. Bunun sayəsində özünəinam hissim sürətlə artdı».

5. O, həmişə öz üzərində işləyirdi. Həvari Bulus Timutini «mömin insan olmaq üçün» var gücü ilə çalışmağa səsləyirdi (1 Tim. 4:7). Necə ki idmançının məşqçisi olsa da, onun özündən çox şey asılı olur, eynilə Timuti də öz üzərində işləməli idi. Bulus bu sahədə ona gözəl məsləhət vermişdi: «Özünü Müqəddəs Yazıları camaat qarşısında oxumağa, öyüd-nəsihət və təlim verməyə həsr et... Bütün bunlar barəsində dərindən düşün və özünü bunlara tamamilə həsr et ki, hamı səndəki inkişafı aydın görsün» (1 Tim. 4:13—15).

Siz də bacarıqlarınızı təkmilləşdirməlisiniz. Qoymayın ruhaniliyiniz eyni səviyyədə qalsın, çalışın təşkilatın verdiyi son göstərişlərdən dala qalmayasınız. Özünəarxayınlıq hissinin yaranmasına yol verməyin, yəni düşünməyin ki, təcrübənizin çox olduğundan istənilən məsələni axtarış aparmadan həll edə bilərsiniz. Timuti kimi özünüzə və verdiyiniz təlimlərə həmişə diqqət yetirin (1 Tim. 4:16).

6. O, Yehovanın gücünə arxalanırdı. Timutinin xidməti haqda düşünən Bulus ona belə bir yaddaşlıq etmişdi: «Daxilimizdə yaşayan müqəddəs ruhun köməyi ilə bu gözəl əmanəti qoruyub saxla» (2 Tim. 1:14). Ona həvalə olunan xidməti qorumaq üçün Timuti Allahın müqəddəs ruhuna bel bağlamalı idi.

Uzun illərdir ağsaqqal olan Donald deyir: «Məsuliyyət almış qardaşlar Yehova ilə münasibətlərini qiymətləndirməli və qorumalıdırlar. Belə etsələr, getdikcə “gücləri artar”. Onlar Allahdan müqəddəs ruh istəsələr və ruhun bəhrəsini özlərində yetişdirsələr, yığıncaq üçün əsl hədiyyə olacaqlar» (Zəb. 84:7; 1 But. 4:11).

MƏSULİYYƏTLƏRİNİZİ QİYMƏTLƏNDİRİN

Bu gün ağsaqqal və yığıncaq xidmətçisi təyin olunan neçə-neçə qardaşın ruhani cəhətdən inkişaf etdiyini görmək çox xoşdur. Yuxarıda adı çəkilən Ceyson deyir: «Ağsaqqal olduğum müddətdə çox şey öyrəndim və özümə inamım artdı. İndi təyinatımdan zövq duyur, onu böyük bir şərəf hesab edirəm!»

Bəs siz ruhani cəhətdən püxtələşməyə əzmlisiniz? Timutidən örnək almağı qarşınıza məqsəd qoyun. Onda siz də Yehovanın xalqı üçün əsl hədiyyə olacaqsınız!