Kontentə keç

Mündəricatı göstər

Xalqını möhkəmləndirən Allahı təqlid edin

Xalqını möhkəmləndirən Allahı təqlid edin

«Qorxma, Mən səninləyəm... Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (ƏŞY. 41:10).

NƏĞMƏ: 7, 3

1. Ədəndə baş verən qiyamdan dərhal sonra Yehova Allah bəşəriyyətə hansı ümidi verdi?

YEHOVANIN bəndələrini möhkəmləndirən Allah olduğu ta əzəldən, ilk insan cütü günah edəndən görünür. Adəmlə Həvvanın üsyanından dərhal sonra Yehova onların gələcək övladlarının ümidsizliyə qapılmaması üçün vəd verdi. Yaradılış 3:15 ayəsində yazılan vədi dərk edəndə bəşəriyyətin «qədim ilan» olan Şeytan İblisə və onun bütün əməllərinə bir gün son qoyulacağına ümidi yaranacaqdı (Vəhy 12:9; 1 Yəh. 3:8).

YEHOVA QƏDİMDƏ YAŞAMIŞ BƏNDƏLƏRİNƏ DAYAQ OLUB

2. Yehova Allah Nuh peyğəmbəri necə ruhlandırdı?

2 Nuh peyğəmbər imansız insanların arasında yaşayırdı. Onun ailəsindən başqa Yehovaya ibadət edən bir nəfər də yox idi. Ətrafındakı insanlar o qədər zalım və pozğun idi ki, Nuh peyğəmbər ruhdan düşə bilərdi (Yar. 6:4, 5, 11; Yhd. 6). Lakin Yehova Nuha bundan sonra da Onun yolu ilə getməsinə güc verəcək bir xəbər verdi (Yar. 6:9). Allah Nuha tezliklə bütün pis insanları məhv edəcəyini və ailəsini xilas etmək üçün nə etməli olduğunu söylədi (Yar. 6:13—18). Bu hadisə göstərir ki, Yehova həqiqətən də bəndələrinə dayaq olan Allahdır.

3. Yehova Yuşəni necə ürəkləndirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

3 Yehova Allah Yuşəni də ruhlandırmışdı. Yuşənin qarşısında çətin tapşırıq dururdu. O, Allahın xalqını Vəd edilmiş diyara aparmalı, bunun üçün isə həmin ərazilərdə yaşayan xalqların qüdrətli orduları ilə vuruşmalı idi. Təbii ki, belə bir vəziyyətdə Yuşə təlaşa düşə bilərdi. Yehova bunun fərqində idi və bu səbəbdən Musa peyğəmbərə Yuşəni möhkəmləndirməyi tapşıraraq dedi: «Yuşəni öz yerinə təyin elə, onu ürəkləndirib qoluna qüvvət ver, çünki çayın o tayına xalqın başında o gedəcək və seyr edəcəyin diyarı onlara məhz o verəcək» (Qan. 3:28). Aldığı tapşırığın icrasına başlamazdan öncə isə Yehova onu şəxsən ruhlandıraraq demişdi: «Bir də deyirəm, cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə, çünki Mən, Allahın Yehova hər yerdə səninlə olacağam» (Yuş. 1:1, 9). Bir insanı cəsarətləndirmək üçün deyilmiş necə də güclü sözlərdir!

4, 5. a) Yehova Allah qədimdə yaşamış xalqını necə ruhlandırmışdı? b) Allah İsa Məsihi necə möhkəmləndirmişdi?

4 Yehova Allah bəndələrini ayrı-ayrılıqda ruhlandırmaqla yanaşı, bütün xalqa da ürək-dirək verirdi. O, Babildə əsarətdə olan Yəhuda xalqına təsəlli olacaq peyğəmbərlik sözləri demişdi: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm, haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam» (Əşy. 41:10). Buna bənzər əminliyi Yehova həm ilk məsihilərə, həm də bizlərə verib. (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.)

5 Yehova Allah İsa Məsihə də ürək-dirək vermişdi. Vəftiz olan zaman İsa qeybdən bir səs eşidir: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mət. 3:17). Şübhəsiz, bu sözlər İsa Məsihə bütün xidməti boyu güc vermişdi.

İSA MƏSİH İNSANLARA DAYAQ OLUB

6. İsa Məsihin talant haqda məsəli insanı nəyə təşviq edir?

6 Allahdan örnək alaraq İsa Məsih insanları ruhlandırırdı. Bu dövrün sonu ilə bağlı çəkdiyi talant haqda məsəldə o, davamçılarını sadiq qalmağa təşviq etmişdi. Məsəldə ağa sədaqətli nökərlərinin hər birini tərifləyərək deyir: «Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, sən də ağanla birgə sevin!» (Mət. 25:21, 23). Doğrudan da, bu sözlər insanı Yehovaya sədaqətlə xidmət etməyə təşviq edir.

7. İsa Məsih həvarilərini, xüsusilə də Butrusu necə ürəkləndirmişdi?

7 İsa Məsihin həvariləri tez-tez kimin daha böyük olması üstündə mübahisə edirdi. Lakin İsa onları səbirlə öyrədərək təvazökarlığa, ağa yox, xidmətçi olmağa səsləyirdi (Luka 22:24—26). Butrusun özü bir neçə dəfə səhvlərə yol verərək İsanı məyus etmişdi (Mət. 16:21—23; 26:31—35, 75). Bununla belə, İsa Butrusdan əlini üzmədi, ona ürək-dirək verdi, hətta yığıncağı möhkəmləndirməyi həvalə etdi (Yəh. 21:16).

KEÇMİŞDƏ İNSANLARA DAYAQ OLANLAR

8. Hizqiyyə sərkərdələri və xalqı hansı sözlərlə ruhlandırmışdı?

8 İsa Məsihin insanları ruhlandırmaqla bağlı qoyduğu nümunədən uzun illər öncə də, bunun vacibliyini dərk edən mömin bəndələr olub. Aşşurlular Yerusəlimə hücum etməyə hazırlaşanda Yəhuda padşahı Hizqiyyə sərkərdələri və xalqı bir araya toplayıb ruhlandırdı, nəticədə hamı onun «sözlərindən ürəkləndi». (2 Salnamələr 32:6—8 ayələrini oxuyun.)

9. Əyyub kitabından ruhlandırmaqla bağlı nə öyrənirik?

9 Başqalarını ruhlandırmaqla bağlı Əyyub peyğəmbərdən də çox şey öyrənə bilərik. Özünün təsəlliyə ehtiyac duyduğu bir vaxtda, o, «təsəlli əvəzinə əzab» verən üç dostuna bu sahədə yaxşı dərs vermişdi. Əyyub dostlarına: «Mənim yerimdə siz olsaydınız... ağzımdan çıxan sözlərlə sizə dayaq olardım, dilimin təsəllisi ilə ovundurardım», — demişdi (Əyy. 16:1—5). Nəhayətdə, Əyyub əsl təsəllini aldı, Əlihu və Yehova ona dayaq olmuşdu (Əyy. 33:24, 25; 36:1, 11; 42:7, 10).

10, 11. a) Nəyə görə İftahın qızının ürək-dirəyə ehtiyacı var idi? b) Bəs bu gün kimlərin ürək-dirəyə ehtiyacı var?

10 İftahın qızının da ürək-dirəyə ehtiyacı var idi. Əmunilərə qarşı döyüşə hazırlaşan İftah Yehovaya nəzir edib deyir ki, əgər döyüşdə qalib gəlsə, evə qayıdanda onu qarşılamağa ilk çıxan kəsi müqəddəs məkanda xidmət etməyə həsr edəcək. İftah zəfər çalıb evə qayıdanda onun qarşısına yeganə övladı, qızı çıxır. Onu görəndə İftahın qanı qaralır. Bununla belə, nəzirinə sadiq qalaraq subay qızını ömürlük Şiloya, müqəddəs çadırda xidmət etməyə göndərir (Hak. 11:30—35).

11 Bu, İftaha çətin olsa da, qızı üçün daha çətin idi. Amma o, atasının nəzirini canla-başla yerinə yetirir (Hak. 11:36, 37). Ailə qurmaq, övlad sahibi olmaq və nəsli davam etdirmək haqqını itirəcəyinə görə hamıdan çox onun təsəlliyə, dəstəyə ehtiyacı var idi. Müqəddəs Kitabda yazılıb: «İsraildə belə bir adət yarandı: israilli qızlar ildə dörd gün gedib İftahın qızını vəsf edirdilər» (Hak. 11:39, 40). Bu gün də Yehovaya daha çox xidmət etmək üçün subay qalan məsihilər tərifə və dəstəyə layiqdirlər (1 Kor. 7:32—35).

HƏVARİLƏR DİNDAŞLARINI RUHLANDIRIRDI

12, 13. Həvari Butrus «qardaşlarının imanını» necə möhkəmləndirirdi?

12 Ölümündən öncəki gecə İsa Məsih həvari Butrusa demişdi: «Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyi tələb edirdi. Amma mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin. Sən də qayıdanda qardaşlarının imanını möhkəmləndir» (Luka 22:31, 32).

Həvarilərin yazdığı məktublar birinci əsrdəki yığıncaqları ruhlandırdığı kimi, bizə də qol-qanad verir (12—17 abzaslara baxın)

13 Butrus belə də etdi, o, məsihi yığıncağının sütunu oldu (Qal. 2:9). Əllinci gün bayramında və ondan sonra da o, bacı-qardaşları öz cəsarəti ilə ürəkləndirirdi. Uzun illər etdiyi xidmətinin sonuna yaxın qardaşlara yazdığı məktubda da onun məqsədi bu idi: «Yazdım ki, sizi ruhlandırım və Allahın bu əsil lütfü barəsində ürəkdən şəhadət verim. Bu lütfü heç vaxt itirməyin» (1 But. 5:12). Butrusun Yehovadan ilham alaraq yazdığı məktublar o dövrdən bu günə kimi məsihiləri ruhlandırır. Həqiqətən də, Yehovanın vədlərinin yerinə yetməsini gözlədiyimiz müddətdə bu cür ruhlandırıcı sözlərə çox ehtiyacımız var! (2 But. 3:13).

14, 15. Həvari Yəhyanın Allahdan ilham alaraq yazdığı kəlmələr əsrlərdir məsihiləri necə möhkəmləndirir?

14 İlk məsihi yığıncağının sütunlarından biri də həvari Yəhya idi. Onun İsa Məsihin xidməti barədə yazdığı Müjdə əsrlərdir məsihilərin imanını möhkəmləndirir. Həqiqi məsihiləri fərqləndirən cəhətin məhəbbət olduğu yalnız onun Müjdəsində qeyd olunub. (Yəhya 13:34, 35 ayələrini oxuyun.)

15 Yəhyanın yazdığı üç məktubda da həqiqət inciləri yer alır. Etdiyimiz səhvlərə görə ruhdan düşəndə «İsanın qanı bizi bütün günahlardan təmizləyir» sözlərindən məgər rahatlıq tapmırıq? (1 Yəh. 1:7). Yaxud günahlarımıza görə ürəyimiz bizi didib-parçalayanda «Allah ürəyimizdən böyükdür» sözləri bizə təskinlik vermir? (1 Yəh. 3:20). «Allah məhəbbətdir» kəlməsi yalnız Yəhyanın məktubunda qeyd olunub (1 Yəh. 4:8, 16). Onun ikinci və üçüncü məktubunda isə «həqiqət yolunda» yeriyənlər təriflənir (2 Yəh. 4; 3 Yəh. 3, 4).

16, 17. Həvari Bulus dindaşlarını necə ruhlandırırdı?

16 Birinci əsrdə dindaşlarını ruhlandırmaq üçün var gücünü əsirgəməyənlərdən biri də həvari Bulus idi. Ehtimal ki, məsihilik təsis olunandan sonra həvarilərin əksəriyyəti rəhbərlik şurasının yerləşdiyi Yerusəlimdə qalmışdı (Həv. 8:14; 15:2). Yəhudiyyədəki məsihilər İsa Məsih haqqında Allahın tək olduğuna inanan insanlara danışırdılar. Həvari Bulus isə müqəddəs ruhun göstərişi ilə çoxlu allahlara ibadət edən yunanlara, romalılara və digər xalqlara təbliğ edirdi (Qal. 2:7—9; 1 Tim. 2:7).

17 Həvari Bulus müasir Türkiyə ərazisində, həmçinin Yunanıstanda və İtaliyada yaşayan qeyri-yəhudilərə təbliğ edir, məsihi yığıncaqları təsis edirdi. Soydaşlarından zülm gördükləri üçün bu yeni məsihilərin ruhlanmağa çox ehtiyacı var idi (1 Salon. 2:14). Eramızın təxminən 50-ci ilində Bulus Salonikidə yenicə yaranmış yığıncağa belə bir məktub yazmışdı: «Hamınızı dualarımızda yad edib daima Allaha şükür edirik. İmandan irəli gələn işinizi, məhəbbətlə çəkdiyiniz zəhməti və Ağamız İsa Məsihə olan ümiddən doğan dözümünüzü Atamız Allahın qarşısında həmişə anırıq» (1 Salon. 1:2, 3). Bulus həmçinin «bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» deyərək həmin məsihiləri öz dindaşlarını ruhlandırmağa təşviq edirdi (1 Salon. 5:11).

RƏHBƏRLİK ŞURASI

18. Rəhbərlik şurası Filipi necə ruhlandırmışdı?

18 Birinci əsrdəki rəhbərlik şurası həm yığıncağa rəhbərlik edən qardaşlara, həm də bütün məsihilərə dayaq olurdu. Müjdəçi Filip səməriyyəlilərə Məsih haqqında təbliğ edərkən rəhbərlik şurasındakı qardaşlar ona çox dəstək olmuşdu. Şura iki üzvünü, Butrusu və Yəhyanı göndərmişdi ki, onlar imana yeni gələnlərin müqəddəs ruh alması üçün dua etsinlər (Həv. 8:5, 14—17). Sözsüz ki, həm Filip, həm də yeni məsihilər rəhbərlik şurasının onlara dayaq olduğunu görəndə çox ruhlanmışdılar.

19. Rəhbərlik şurasının məktubları məsihilərə necə təsir edirdi?

19 Sonralar rəhbərlik şurası sünnətlə bağlı vacib bir qərar qəbul etməli idi. Musanın qanunu yəhudilərdən sünnət olunmağı tələb etdiyi kimi, qeyri-yəhudi məsihilər də sünnət olunmalı idi? (Həv. 15:1, 2). Kəlamı araşdırmağın və müqəddəs ruhun köməyi sayəsində rəhbərlik şurası daha sünnət olunmağa ehtiyac olmadığı qərarına gəlir. Sonra onlar bu qərarı məktuba yazıb qardaşlar vasitəsilə yığıncaqlara göndərirlər. «Məktubda yazılan bu ruhlandırıcı sözləri oxuyanda» bacı-qardaşlar çox sevinirlər (Həv. 15:27—32).

20. a) Bu gün Rəhbərlik Şurası bütün dünyadakı bacı-qardaşları ruhlandırmaq üçün nə edir? b) Növbəti məqalənin mövzusu nə olacaq?

20 Bu gün Yehovanın Şahidlərinin Rəhbərlik Şurası Beytel ailəsi üzvlərinə, xüsusi tamvaxtlı müjdəçilərə və ümumilikdə bütün dünyadakı bacı-qardaşlara dəstək olur. Birinci əsrdə olduğu kimi, bu gün də biz bu dəstəyi duyanda sevinirik. Rəhbərlik Şurası bir zamanlar həqiqətdə olmuş insanlara da dayaq olur. Bu məqsədlə 2015-ci ildə «Yehovaya geri dön» adlı broşür nəşr edilib. Bəs görəsən yalnız rəhbərlik edən qardaşlar Yehovadan örnək alaraq başqalarını ruhlandırmalıdır? Növbəti məqalə bu suala cavab verəcək.