Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Zəbur 144:12—15 ayələri Allahın xalqına aiddir, yoxsa 11-ci ayədə bəhs olunan şər əməl sahiblərinə?

İbranicə yazılan bu ayəni iki cür anlamaq olar. Lakin növbəti amillər bizə düzgün mənanı anlamağa kömək edir.

  1. 144-cü məzmurun kontekstinə nəzər salaq. 12-ci ayədə istifadə olunan «onda» sözü göstərir ki, 12-dən 14-ə kimi ayələrdəki nemətlər saleh insanlara aiddir. O kəslərə ki, şər əməl sahiblərinin əlindən dad edib, qurtulmağı diləyir (11-ci ayə). 15-ci ayədəki «bəxtəvərdir» və «bəxtiyardır» sözləri də göstərir ki, söhbət eyni insanlardan — «Allahı Yehova olan» xalqdan gedir.

  2. Bu izahat sədaqətli insanların ilahi nemətlər alacağını göstərən digər ayələrlə də vəhdət təşkil edir. 144-cü məzmurda Davud peyğəmbərin hissləri qələmə alınıb. Burada o, Allahın İsrail xalqını düşmənlərin əlindən qurtarıb onlara firavanlıq və xoşbəxtlik verəcəyinə ümid etdiyini bildirir (Lav. 26:9, 10; Qan. 7:13; Zəb. 128:1—6). Peyğəmbərin bu ümidi Allahın verdiyi vədlərə əsaslanır. Məsələn, Qanunun təkrarı 28:4 ayəsində Allahın vədi yazılıb: «Övladlarınız çox, torpağınızın bəhrəsi bol olacaq, heyvanlarınızın balaları, buzovlarınız, quzularınız saya gəlməyəcək». Həqiqətən də, Davud padşahın oğlu Süleymanın hakimiyyəti illərində ölkədə görünməmiş sülh və əmin-amanlıq hökm sürmüşdü. Ən əsası isə, Süleymanın hakimiyyəti Məsihin padşah kimi idarə edəcəyi vaxta işarə idi (1 Pad. 4:20, 21; Zəb. 72:1—20).

Xülasə, 144-cü məzmurdakı sözlərin Allahın xalqına aid olduğunu anlamaq bütün məzmura aydınlıq gətirir. Yəni Allahın bütün şər əməl sahiblərini məhv edib xalqına sülh və firavanlıq bəxş edəcəyinə dair həsrətlə gözlədiyimiz ümid qabarıq görünür (Zəb. 37:10, 11).