Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 15

Ərazinizdəki insanlara necə yanaşırsınız?

Ərazinizdəki insanlara necə yanaşırsınız?

«Başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır» (YƏH. 4:35).

NƏĞMƏ 64 Biçin işində sevinclə iştirak edək

İCMAL *

1, 2. İsa Məsih Yəhya 4:35, 36 ayələrindəki sözləri deyərkən nə nəzərdə tuturdu?

İSA MƏSİH tarlaların arası ilə yol gedirdi. Çox güman ki, həmin vaxt taxıl təzəcə boy atmağa başlamışdı (Yəh. 4:3—6). Məhsul təxminən dörd ay sonra biçinə hazır olacaqdı. Odur ki, İsa Məsihin dediyi növbəti sözlər insanlara qəribə gələ bilərdi: «Başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır». (Yəhya 4:35, 36 ayələrini oxuyun.) O, nəyi nəzərdə tuturdu?

2 Aydındır ki, İsa Məsih məcazi biçindən, insanları toplamaqdan danışırdı. Bir az öncə baş verənlərə diqqət yetirin. Yəhudilərlə səməriyyəlilər arasında heç bir münasibət olmadığı halda, İsa səməriyyəli qadına təbliğ etmişdi və qadın onu dinləmişdi! Belə ki, İsa Məsih məhsulun biçinə hazır olduğundan danışan vaxt həmin qadından İsa haqda eşidən xeyli səməriyyəli onu dinləməyə gəlirdi (Yəh. 4:9, 39—42). Müqəddəs Kitabı şərh edən bir kitabda deyilir: «İnsanların canfəşanlığı onların biçinə hazır taxıla bənzədiyini göstərirdi».

Təbliğ sahəmizdə məhsulun «biçinə hazır» olduğunu görürüksə, nə etməliyik? (3-cü abzasa baxın)

3. İnsanlara İsa Məsihin yanaşdığı kimi yanaşmaq təbliğ fəaliyyətinizi necə yaxşılaşdıracaq?

3 Bəs sizin müjdə çatdırdığınız insanlar barədə nə demək olar? Siz onlara «biçinə hazır olan taxıl» kimi yanaşırsınız? Belədirsə, bu özünü üç şeydə göstərəcək. Birincisi, siz təbliğ işinin nə qədər təcili olduğunu nəzərə alaraq daha səylə xidmət edəcəksiniz. Çünki biçin dövrü məhduddur, vaxt itirmək olmaz. İkincisi, insanların xoş xəbərə hay verdiyini gördükcə daha xoşbəxt olacaqsınız. Müqəddəs Kitabda deyilir: «Biçin vaxtı sevinən adamlartək... sevindilər» (Əşy. 9:3). Üçüncüsü, təbliğ etdiyiniz hər insana Məsihin gələcək şagirdi kimi baxacaqsınız. Buna görə də onlara maraqlı gələcək mövzuda təqdimat hazırlayacaqsınız.

4. Bu məqalədə həvari Bulus haqda nə öyrənəcəyik?

4 Bəlkə də, İsa Məsihin davamçıları düşünürdü ki, səməriyyəlilər heç vaxt onun şagirdi ola bilməz. Amma İsa belə düşünmürdü. Əksinə, onlara gələcək şagirdi kimi yanaşırdı. Biz də sahəmizdəki insanlara Məsihin gələcək şagirdi kimi yanaşmalıyıq. Həvari Bulus bu sahədə bizə gözəl nümunə qoyub. Ondan nə öyrənə bilərik? Bu məqalədə araşdıracağıq ki, Bulus 1) təbliğ etdiyi insanların nəyə inandığını necə müəyyən edirdi, 2) onların maraq dairəsini necə öyrənirdi və 3) nəyin sayəsində onlara Məsihin gələcək şagirdi kimi yanaşırdı.

ONLAR NƏYƏ İNANIRLAR?

5. Nəyə görə həvari Bulusa sinaqoqa gələnlərlə danışmaq rahat idi?

5 Həvari Bulus yəhudi sinaqoqunda tez-tez təbliğ edirdi. Məsələn, Salonikidəki sinaqoqda «üç şənbə dalbadal [yəhudilərlə] Müqəddəs Yazılara əsaslanaraq söhbət» aparmışdı (Həv. 17:1, 2). Görünür, sinaqoqda danışmaq Bulusa rahat idi. O, yəhudi idi (Həv. 26:4, 5). Yəhudilərin nəyə inandığını bildiyinə görə onlara rahatlıqla təbliğ edirdi (Filip. 3:4, 5).

6. Afinanın bazar meydanındakı insanlar Bulusun sinaqoqda təbliğ etdiyi insanlardan nə ilə fərqlənirdi?

6 Həvari Bulus onu təqib edənlərin əlindən Salonikiyə, daha sonra isə Veriyaya qaçmalı olmuşdu. Oradan da Afinaya gəlmişdi. O, burada da «sinaqoqda yəhudilərlə və Allaha ibadət edən digər adamlarla... söhbət etməyə» başlamışdı (Həv. 17:17). Amma bazar meydanında təbliğ etdiyi insanlar sinaqoqa gələnlərdən fərqlənirdi. Onların arasında filosoflar və digər qeyri-yəhudilər də var idi. Bu insanlar Bulusun dediklərinə «yeni təlim» kimi yanaşırdı. Ona belə deyirdilər: «Sözlərin bizə qəribə gəlir» (Həv. 17:18—20).

7. Həvarilərin işləri 17:22, 23 ayələrinə əsasən, Bulus təbliğ üsulunu necə dəyişmişdi?

7 Həvarilərin işləri 17:22, 23 ayələrini oxuyun. Həvari Bulus Afinadakı qeyri-yəhudilərə sinaqoqdakı yəhudilərə təbliğ etdiyi kimi təbliğ etmirdi. Görünür, o, Afinadakı insanların nəyə inandığı haqda düşünürdü. Bulus ətrafı diqqətlə müşahidə edir, əhalinin dini ayinlərinə fikir verirdi. Daha sonra onların ibadətləri ilə Müqəddəs Yazılarda üst-üstə düşən məqamlar tapırdı. Bir Müqəddəs Kitab şərhçisi deyir: «Yəhudi məsihi olaraq o başa düşürdü ki, bütpərəst yunanlar yəhudilərin və məsihilərin ibadət etdiyi tək Allaha ibadət etmir. Bununla belə, haqqında danışdığı Allahın əslində afinalılar üçün yad olmadığını göstərməyə çalışırdı». Beləcə, Bulus təbliğ üsulunu onlara uyğunlaşdırırdı. O, afinalılara demişdi ki, elə onların səcdə qıldıqları «Naməlum Allah» haqda danışır. Başqa xalqdan olanlar Müqəddəs Yazılarla tanış olmasalar da, Bulus onların məsihi olmayacağı qənaətinə gəlməmişdi. Əksinə, onlara «biçinə hazır olan taxıl» kimi yanaşırdı və təqdimatını onlara uyğunlaşdırırdı.

Həvari Bulusdan örnək alaraq müşahidəçi olun, təqdimatınızı insanlara uyğunlaşdırın və hamıya Məsihin gələcək şagirdi kimi baxın (8, 12 və 18-ci abzaslara baxın) *

8. a) Ərazinizdəki insanların nəyə inandığını necə müəyyən edə bilərsiniz? b) Öz dini olduğunu deyən şəxsə nə demək olar?

8 Həvari Bulus kimi müşahidəçi olun. Ərazinizdəki insanların nəyə inandığını bilməyinizə kömək edəcək şeylərə fikir verin. Evə baxanda ev sakini haqda nə demək olar? Sakinin adından, xarici görkəmindən və ya işlətdiyi sözlərdən onun dini mənsubiyyətini müəyyən etmək olar? Bəlkə də, özü şəxsən deyib ki, öz dini var. Bir xüsusi öncül bu cür məqamlarda belə deyir: «Məqsədim sizə öz dinimi qəbul etdirmək deyil, sadəcə sizinlə bir mövzu barədə danışmaq istəyirəm...»

9. Dindar insanla hansı ortaq mövzuda danışmaq olar?

9 Dindar insanla hansı mövzuda danışmaq olar? Ortaq mövzu tapmağa çalışın. Ola bilsin, o, tək Allaha ibadət edir, İsa Məsihin peyğəmbər olduğunu qəbul edir və ya tezliklə pisliyə son qoyulacağı bir vaxtda yaşadığımıza inanır. Ortaq inanclarınız əsasında Müqəddəs Kitab müjdəsini bölüşün. Onda, çox ehtimal ki, qarşı tərəf sizi maraqla dinləyəcək.

10. Nə etməyə çalışmalıyıq və nə üçün?

10 Nəzərə alın ki, insanlar dinlərinin öyrətdiyi hər şeyi qəbul etməyə bilər. Buna görə də təbliğ etdiyiniz insanın hansı dinə mənsub olduğunu öyrənəndən sonra onun şəxsən nəyə inanıb-inanmadığını öyrənməyə çalışın. Avstraliyada xüsusi öncül kimi xidmət edən Deyvid adlı qardaş deyir: «İndi çoxları fəlsəfə ilə dini inancları birləşdirir». Albaniyada yaşayan Donalta bacı deyir: «Təbliğdə rastlaşdığımız bəzi insanlar hansısa dinə mənsub olduqlarını desələr də, sonra bildirirlər ki, əslində Allaha inanmırlar». Argentinada xüsusi təyinatlı müjdəçi kimi xidmət edən bir qardaş qeyd edir ki, bəziləri Üç üqnuma inandıqlarını desələr də, əslində, Atanın, Oğulun və müqəddəs ruhun bir Allah olduğuna inanmırlar. O deyir: «Bunu nəzərə alanda təbliğ etdiyim insanla ortaq mövzu tapmaq daha asan olur». Odur ki, insanların əslində nəyə inandıqlarını öyrənməyə çalışın. Onda həvari Bulus kimi, siz də «hər cür adam üçün hər şey» olacaqsınız (1 Kor. 9:19—23).

ONLAR ÜÇÜN NƏ MARAQLIDIR?

11. Həvarilərin işləri 14:14—17 ayələrinə əsasən, həvari Bulus Listradakı insanlarda xoş xəbərə necə maraq oyatmışdı?

11 Həvarilərin işləri 14:14—17 ayələrini oxuyun. Həvari Bulus insanların nəyə inandığını öyrənir və təqdimatını onlara uyğunlaşdırırdı. Məsələn, Listradakı insanların Müqəddəs Yazılar haqda demək olar ki, heç bir biliyi yox idi. Buna görə də Bulus onlara aydın olacaq dəlillər gətirirdi. Onlarla bol məhsul, həyatdan zövq almaq bacarığı haqda danışırdı. O, dinləyicilərinin asanlıqla başa düşəcəyi söz və nümunələrdən istifadə edirdi.

12. İnsanın maraq dairəsini öyrənmək və təqdimatınızı ona uyğunlaşdırmaq üçün nə edə bilərsiniz?

12 Ərazinizdəki insanlara nəyin maraqlı olacağını bilmək üçün bəsirətli olun və təqdimatınızı onlara uyğunlaşdırın. İnsana, yaxud evinə yaxınlaşarkən onun maraq dairəsini necə müəyyən edə bilərsiniz? Qeyd olunduğu kimi, müşahidəçi olun. Ola bilsin, insan bağ-bağçaya qulluq edir, kitab oxuyur, maşınını təmir edir və ya başqa bir iş görür. Münasibdirsə, elə insanın məşğuliyyəti əsasında söhbətə başlamaq olar (Yəh. 4:7). Hətta insanın geyimindən də onun milliyyəti, peşəsi, hətta sevdiyi idman komandası haqda nəsə öyrənmək olar. Qustavo deyir: «Mən köynəyində məşhur müğənninin şəkli olan 19 yaşlı bir oğlanla söhbətə başladım. Ondan köynəyindəki şəkil barədə soruşdum, o da həmin müğənnini nə üçün bəyəndiyini söylədi. Bu söhbət Müqəddəs Kitab dərsinə aparıb çıxardı və indi həmin oğlan bizim qardaşımızdır».

13. Müqəddəs Kitab dərsini necə təklif edə bilərsiniz ki, insanda maraq oyansın?

13 Müqəddəs Kitab dərsini elə təklif edin ki, insanda maraq oyansın; öyrəndiklərinin onun həyatını necə yaxşılaşdıracağını göstərin (Yəh. 4:13—15). Misal üçün, həqiqətə maraq göstərən bir qadın bacını evinə dəvət etdi. Bacı evə daxil olanda divardakı sertifikatı görüb anladı ki, qadın pedaqogika üzrə professordur. O, qadına bildirdi ki, biz də Müqəddəs Kitabın təlim proqramı və ibadət görüşlərimiz vasitəsilə insanları maarifləndiririk. Qadın Müqəddəs Kitabı öyrənməyə razılıq verdi, səhərisi gün ibadət görüşünə getdi, daha sonra isə rayon toplantısına qatıldı. Bir il sonra vəftiz olundu. Odur ki, növbəti suallar üzərində düşünün: «Təkrar söhbət etdiyim insanlar üçün nə maraqlıdır? İnsanlarda Müqəddəs Kitab dərslərinə maraq oyada bilərəm?»

14. Müqəddəs Kitab dərsini hər şagirdə necə uyğunlaşdıra bilərsiniz?

14 Müqəddəs Kitab dərsinə başladıqdan sonra isə hər dərsə hazırlaşın. Şagirdin ailəsi, təhsili, yaşadıqları və maraq dairəsi haqda düşünün. Hazırlaşarkən Müqəddəs Kitab həqiqətlərini izah etmək üçün oxuyacağınız ayələri, göstərəcəyiniz videoları və çəkəcəyiniz nümunələri əvvəlcədən fikirləşin. «Şagirdə nə maraqlı gələ bilər və ürəyinə nə təsir edə bilər?» — sualı üzərində düşünün (Məs. 16:23). Albaniyada Flora adlı öncül bacının dərs keçdiyi bir qadın qəti şəkildə demişdi ki, «mən dirilmə təlimini qəbul edə bilmərəm». Flora qadına bu təlimi qəbul etdirməyə çalışmadı. O deyir: «Mən düşündüm ki, əvvəlcə o, dirilməni vəd edən Allahı tanımalıdır». O vaxtdan başlayaraq Flora hər dərsdə Yehovanın məhəbbətini, hikmətini və qüdrətini vurğulayırdı. Bir müddət sonra həmin qadın dirilməyə asanlıqla iman gətirdi. Hal-hazırda o, Yehovanın fəal xidmətçisidir.

ONLARA MƏSİHİN GƏLƏCƏK ŞAGİRDİ KİMİ BAXIN

15. Həvarilərin işləri 17:16—18 ayələrinə əsasən, afinalıların hansı davranışı Bulusu əsəbiləşdirmişdi, bəs nəyə görə onlardan əlini üzmədi?

15 Həvarilərin işləri 17:16—18 ayələrini oxuyun. Həvari Bulus Afina şəhərinin bütlərlə, əxlaqsızlıqla və bütpərəstlikdən doğan fəlsəfə ilə dolu olduğunu görsə də, afinalılardan əlini üzmədi. Hətta onlar Bulusu təhqir etsələr də, o, təbliğ etməyə davam edirdi. Bulus özü də, onun təbirincə desək, əvvəllər küfr danışan, Allahın xalqını təqib edən və çox azğın adam idi, amma sonradan məsihi olmuşdu (1 Tim. 1:13). Necə ki İsa Məsih həvari Bulusa gələcək şagirdi kimi yanaşmışdı, eləcə də Bulus afinalıların gələcəkdə Məsihin şagirdi ola biləcəyinə inanırdı. Və o yanılmadı (Həv. 9:13—15; 17:34).

16, 17. Hər cür insanın Məsihin şagirdi ola biləcəyini nə göstərir? Nümunə çəkin.

16 Birinci əsrdə cürbəcür mənşələrdən olan insanlar Məsihin şagirdi oldu. Həvari Bulus yunan şəhəri Korinfdə yaşayan məsihilərə məktubunda qeyd etmişdi ki, yığıncaqdakıların bəziləri bir zamanlar cinayətkar olub və ya son dərəcə pozğun həyat tərzi sürüb. Sonra sözünə əlavə edib demişdi: «Sizlərdən də bəziləri belə idi. Ancaq siz... yuyulub təmizləndiniz» (1 Kor. 6:9—11). Bəs siz onlara dəyişib Məsihin şagirdi olacaq şəxslər kimi yanaşardınız?

17 Bu gün bir çoxları Məsihin şagirdi olmaq üçün lazımi dəyişikliklər etməyə hazırdır. Misal üçün, Avstraliyada yaşayan Yukina adlı bir xüsusi öncül hər cür insanın Müqəddəs Kitabdakı xəbərə hay verə biləcəyini anlayıb. Bir dəfə o, daşınmaz əmlak ofisində olanda bədənində çoxlu döyməsi olan, hədsiz boş paltar geyinmiş bir qadına fikir verir. Yukina deyir: «Bir anlıq çəkindim, amma sonra onunla danışmağa başladım. Sən demə, Müqəddəs Kitab onun üçün o qədər dəyərlidir ki, hətta döymələrinin bəziləri Zəbur kitabından olan ayələrdir!» Bu qadın Müqəddəs Kitabı öyrənməyə və ibadət görüşlərinə gəlməyə başladı *.

18. Nəyə görə insanlar haqda qabaqcadan nəticə çıxarmamalıyıq?

18 İsa Məsih tarlaların biçinə hazır olduğunu deyəndə əksər insanların onun davamçısı olacağını gözləyirdi? Xeyr. Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, az sayda insan ona iman gətirəcək (Yəh. 12:37, 38). Həmçinin İsa Məsih ürəkləri oxumağı bacarırdı, buna görə də çoxlarının onun dediklərini qəbul etməyəcəyini bilirdi (Mət. 9:4). Buna baxmayaraq, İsa diqqətini ona iman gətirəcək az sayda insana cəmləmişdi və hər kəsə cidd-cəhdlə təbliğ edirdi. İsa belə davranırdısa, görün ürəkləri oxumaq iqtidarında olmayan bizlər təbliğ etdiyimiz ərazi və ya ayrı-ayrı insanlar barədə qabaqcadan nəticə çıxarmamaq üçün nə qədər ehtiyatlı olmalıyıq. İnsanlara Məsihin gələcək şagirdi kimi yanaşmalıyıq. Burkina-Fasoda xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Mark bununla bağlı deyir: «İnkişaf edəcəyini düşündüyüm insanlar çox vaxt dərsləri dayandırır. Əksini düşündüyüm insanlar isə daha çox inkişaf edir. Beləcə, gördüm ki, ən yaxşısı Yehovanın ruhunun rəhbərliyinə etibar etməkdir».

19. Ərazimizdəki insanlara necə yanaşmalıyıq?

19 İlk baxışdan elə görünə bilər ki, ərazimizdə «biçinə hazır» çox az insan tapmaq olar. Amma İsa Məsihin şagirdlərinə dediyi sözləri unutmayın. Məhsul yetişib, biçinə hazırdır. İnsanlar dəyişə bilər və Məsihin şagirdi ola bilər. Yehova onlara bu cür yanaşır, onları «ləl-cəvahir» kimi görür (Həq. 2:7). Əgər biz də insanlara Yehova Allah və İsa Məsih kimi yanaşsaq, onların ailəsi, təhsili, həyatda yaşadıqları və maraq dairəsi haqda öyrənəcəyik. Onda onlara yad insanlar kimi yox, gələcək bacı-qardaşımız kimi baxacağıq.

NƏĞMƏ 57 Hər cür insana müjdə çatdıraq

^ abz. 5 Ərazinizdəki insanlara münasibətiniz təbliğ və təlim işinizə necə təsir edir? Bu məqalədə İsa Məsihin və həvari Bulusun təbliğ etdikləri insanlara necə yanaşdığını öyrənəcəyik. Həmçinin araşdıracağıq ki, onların nümunəsi qarşılaşdığımız insanların nəyə inandığını və maraq dairəsini nəzərə almağımıza, eləcə də onlara Məsihin gələcək şagirdi kimi baxmağımıza necə kömək edə bilər.

^ abz. 17 «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasında insanların necə dəyişə biləcəyinə dair çoxlu nümunələr var. Bu rubrika 2017-ci ilə qədər «Gözətçi qülləsi»ndə nəşr olunurdu. İndi isə jw.org® saytında dərc olunmağa davam edir. HAQQIMIZDA > SƏRGÜZƏŞTLƏR bölməsinə daxil olun.

^ abz. 57 ŞƏKLİN İZAHI. Ev-ev təbliğ edən bir ər-arvad sahələrindəki evlərə fikir verir: 1-ci ev səliqəli, güllü-çiçəklidir, 2-ci evdə uşaqlı ailə yaşayır, 3-cü ev həm çöldən, həm də içəridən çirklidir, 4-cü evdə isə dindar ailə yaşayır. Sizcə, hansı evdə yaşayan insanın Məsihin gələcək şagirdi olmaq ehtimalı daha çoxdur?