TƏLİM MƏQALƏSİ 18
Məsafəni axıradək qaçın
«Qarşımdakı məsafəni axıradək qaçdım» (2 TİM. 4:7).
NƏĞMƏ 129 Dözüm göstərəcəyik
İCMAL *
1. Hər birimizdən nə gözlənilir?
ÇƏTİN bir yarışda qaçmaq istəyərdiniz, xüsusilə də xəstə və yorğun olduğunuz halda? Yəqin ki, yox. Amma həvari Bulus bütün məsihilərin yarış iştirakçıları olduqlarını demişdi (İbr. 12:1). Fərqi yoxdur, cavanıq, yoxsa yaşlı, gücümüz var, yoxsa yox, hər birimiz Yehovanın bizə vəd etdiyi mükafatı almaq üçün yarışda sona kimi iştirak etməliyik (Mət. 24:13).
2. 2 Timutiyə 4:7, 8 ayələrinə əsasən, nəyə görə Bulus alnıaçıqlıqla danışa bilirdi?
2 Bulus bu mövzuda alnıaçıqlıqla danışa bilirdi, çünki qarşısındakı «məsafəni axıradək» qaçmışdı. (2 Timutiyə 4:7, 8 ayələrini oxuyun.) Bəs həvari Bulus konkret olaraq hansı yarışdan danışırdı?
SÖHBƏT HANSI YARIŞDAN GEDİR?
3. Həvari Bulus hansı yarışdan danışırdı?
3 Bulus vacib mövzuları başa salmaq üçün hərdən qədim Yunanıstanda keçirilən idman yarışlarını misal çəkirdi (1 Kor. 9:25—27; 2 Tim. 2:5). O, bir neçə dəfə məsihi həyatını qaçış üzrə yarışda iştirak etməyə bənzətmişdi (1 Kor. 9:24; Qal. 2:2, haş.; Filip. 2:16). İnsan özünü Yehovaya həsr edib vəftiz olunanda bu «yarışa» qatılır (1 But. 3:21). Yehova ona əbədi həyat mükafatını verəndə isə finiş xəttini keçir (Mət. 25:31—34, 46; 2 Tim. 4:8).
4. Bu məqalədə nəyi araşdıracağıq?
4 Uzaq məsafəyə qaçışla məsihi həyatı arasında hansı oxşarlıq var? Çox oxşarlıq var, gəlin onlardan üçünə nəzər salaq.
Birincisi, düzgün yolu tutmalıyıq; ikincisi, diqqətimizi finiş xəttinə cəmləməliyik; üçüncüsü, yol boyu üzləşəcəyimiz çətinlikləri aşmalıyıq.DÜZGÜN YOLU TUTUN
5. Biz hansı yolu tutmalıyıq və nəyə görə?
5 Yarışda iştirak edən qaçışçılar mükafat almaq üçün yarış təşkilatçılarının təyin etdiyi yolla qaçmalıdır. Eynilə, biz də əbədi həyat mükafatını almaq istəyiriksə, məsihi yolunu tutmalı, başqa sözlə, məsihi həyat tərzi ilə yaşamalıyıq (Həv. 20:24; 1 But. 2:21). Amma Şeytan və onun izi ilə gedən kəslər istəyir ki, biz başqa istiqamət tutaq; «onlarla birlikdə» qaçaq (1 But. 4:4). Şeytanın yolu ilə gedənlər bizim tutduğumuz həyat yoluna rişxənd edib, öz yollarının daha yaxşı olduğunu və azadlığa apardığını iddia edirlər. Amma onlar çox yanılırlar! (2 But. 2:19).
6. Braynın nümunəsindən nə öyrənirik?
6 Şeytan dünyasına uyan qaçışçılar çox keçməmiş başa düşürlər ki, tutduqları yol azadlığa yox, köləliyə aparır (Rom. 6:16). Brayn adlı bir nəfərin nümunəsinə baxaq. Valideynləri ona məsihi yolunu tutmağı aşılayırdılar. Amma yeniyetmə yaşlarında olanda Brayn bu yolun xoşbəxtliyə apardığına şübhə etməyə başladı. Beləcə, o, Şeytanın normalarına uyğun yaşayanlarla birgə qaçmaq qərarına gəldi. Brayn deyir: «O vaxt başa düşmürdüm ki, arzusunda olduğum bu dırnaqarası azadlıq məni asılılıq tələsinə salacaq. Get-gedə narkotik və spirtli içki aludəçisi oldum, pozğun həyat sürməyə başladım. Növbəti bir neçə il ərzində daha güclü narkotik maddələrin dadına baxdım və beləcə, onlardan çoxunun qulu oldum... Bu tələbatlarımı təmin etmək üçün narkotik satmağa başladım». Nəhayət, Brayn Yehovanın qayda-qanunları ilə yaşamaq qərarına gəldi. O, tutduğu yolu dəyişdi və 2001-ci ildə vəftiz olundu. Brayn məsihi yolu ilə getdiyi üçün indi sözün əsl mənasında xoşbəxtdir *.
7. Mətta 7:13, 14 ayələrinə əsasən, qarşımızda hansı iki yol var?
7 Düzgün yolu tutmağımız olduqca vacibdir! Şeytan istəyir ki, hamımız «həyata aparan» ensiz yolda qaçmağı dayandırıb, çoxlarının qaçdığı enli yola qədəm qoyaq. Bu, məşhur və asan yoldur, amma «məhvə aparan» yoldur. (Mətta 7:13, 14 ayələrini oxuyun.) Düzgün yolla getmək və bu yoldan sapmamaq üçün Yehovaya bel bağlamalı və Ona qulaq asmalıyıq.
DİQQƏTİNİZİ MÜKAFATA CƏMLƏYİN
8. Qaçışçılar büdrəyib yıxılanda nə edirlər?
8 Uzun məsafə üzrə yarışda qaçışçılar büdrəyib yıxılmamaq üçün diqqətlərini qarşılarındakı yola cəmləyirlər. Lakin ola bilər ki, iştirakçılar təsadüfən bir-birini itələsin, yaxud ayaqları çalaya düşsün. İşdir, onlar yıxılsalar, ayağa qalxıb yarışı davam etdirirlər. Qaçışçılar diqqəti onları yıxan amillərə yox, finiş xəttinə və qazanmaq istədikləri mükafata cəmləyirlər.
9. Büdrəyən zaman nə etməliyik?
9 Həyat yolundakı yarışda iştirak edən bizlər söz və davranışımızla səhv edib dəfələrlə büdrəyirik. Yaxud da ola bilər ki, bizimlə birgə qaçanlar səhvləri ilə bizi incitsin. Bu kimi hallar gözləniləndir. Hər birimiz qeyri-kamilik və eyni yolda — dar yolda qaçırıq. Buna görə də məcazi dillə desək, bəzən bir-birimizə dəyirik. Bulus da qeyd etmişdi ki, hərdən birimizin digərindən şikayəti olacaq (Kol. 3:13). Amma gəlin diqqətimizi bizi büdrədən amilə yox, qarşıdakı mükafata cəmləyək. İşdir, büdrəsək, ayağa qalxıb qaçmağa davam edək. Əgər kin saxlayıb acıqlı qalsaq və ayağa qalxmaq istəməsək, finiş xəttini keçməyəcək və mükafatı almayacağıq. Üstəlik, dar yolda qaçanlara mane olacağıq.
10. Başqalarının «iman yolundan dönməsinə bais» olmamaq üçün nə edə bilərik?
10 Dindaşımızın «yıxılmasına, iman yolundan dönməsinə bais» olmamağın digər yolu öz hüquqlarımızı tələb etmək əvəzinə, mümkün qədər güzəştə getməkdir (Rom. 14:13, 19—21; 1 Kor. 8:9, 13). Bizim iştirak etdiyimiz yarış digər yarışlardan fərqlənir. Digər yarışların iştirakçıları bir-biri ilə rəqabət aparır və hər kəs çalışır ki, mükafatı özü qazansın. Onlar yalnız özlərini düşünür. Buna görə də qabağa keçmək üçün hətta digər iştirakçıları kənara itələyə bilərlər. Onlardan fərqli olaraq, biz bir-birimizlə yarışmırıq (Qal. 5:26; 6:4). Məqsədimiz mümkün qədər çox adama bizimlə birgə finiş xəttini keçməyə və həyat mükafatını almağa kömək etməkdir. Ona görə də həvari Bulusun Allahdan ilham alaraq yazdığı məsləhətə əməl etməyə çalışırıq. O demişdi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filip. 2:4).
11. Qaçışçılar diqqətlərini nəyə cəmləyir və nə üçün?
11 Adətən qaçışçılar diqqətlərini qarşılarındakı yola cəmləməklə yanaşı, finiş xəttini də unutmurlar. Xətti hələ görməsələr də, onu keçib mükafatı qazandıqlarını təsəvvürlərində canlandırırlar. Daima bu mükafat barədə düşünmək onlara motivasiya verir.
12. Yehova bizə hansı mükafatı verəcəyinə zəmanət verir?
12 Yehova həyat uğrunda yarışı başa vuranlara göydə, yaxud da yer üzü cənnətdə əbədi həyat mükafatı verəcəyinə zəmanət verir. Müqəddəs Kitab bu mükafat barədə məlumat verdiyindən, biz gələcəkdə həyatımızın necə gözəl olacağını təsəvvür edə bilirik. Ümidimizi ürəyimizdə və zehnimizdə canlı tutsaq, heç nəyin bizi büdrətməsinə yol verməyəcəyik.
ÇƏTİNLİKLƏRƏ RƏĞMƏN QAÇMAĞA DAVAM EDİN
13. Qədimdəki qaçışçılardan hansı üstünlüyümüz var?
13 Qədim Yunan oyunlarında qaçışçılar yorğunluq və ağrılarla mübarizə aparmalı olurdu. Onlar yalnız etdikləri məşqlərə və öz güclərinə güvənə bilərdilər. Həmin qaçışçılar kimi, biz də yarışda necə qaçmalı olduğumuza dair təlim alırıq. Lakin bizim bu qaçışçılardan üstünlüyümüz var. Biz tükənməz güc-qüvvətə sahib olan Yehovaya bel bağlaya bilərik. O söz verir ki, Ona güvənsək, nəinki bizə təlim verəcək, həmçinin bizi güclü edəcək! (1 But. 5:10).
14. 2 Korinflilərə 12:9, 10 ayələri çətinliklərlə mübarizədə bizə necə kömək edir?
14 Bulusun bir çox çətinliyi var idi. Təhqir və təqib olunması bir yana, o, bəzən özünü çox zəif hiss edirdi, öz təbirincə desək, cisminə bir tikan batırılmışdı və bununla mübarizə aparmalı olurdu (2 Kor. 12:7). Lakin Bulus bu çətinliklərə xidmətini dayandırmaq üçün bir səbəb kimi yox, Yehovaya bel bağlamaq üçün bir fürsət kimi baxırdı. (2 Korinflilərə 12:9, 10 ayələrini oxuyun.) Bu cür düşüncəyə sahib olduğu üçün Yehova ona bütün çətinliklərində kömək etdi.
15. Həvari Bulusdan örnək almağın sayəsində nəyi duya bilərik?
15 Ola bilər ki, biz də imanımıza görə təhqir olunaq və ya təqiblərə məruz qalaq. Yaxud ola bilsin, səhhətimiz zəifdir və gücümüz tükənib. Həvari Bulusdan örnək alsaq, bu çətinliklər Yehovanın dəstəyini duymaq üçün bir fürsət olacaq.
16. Səhhətiniz zəif olsa da, nə edə bilərsiniz?
16 Yatağa, yaxud əlil arabasına məhkumsunuz? Dizlərinizdə taqət, gözlərinizdə nur qalmayıb? Necə düşünürsünüz, belə vəziyyətdə gənc və sağlam insanlarla birgə həyat uğrunda yarışda qaçmağınız mümkündür? Əlbəttə, mümkündür! Bu gün əbədi həyata aparan yolda bir çox yaşlı və səhhəti zəif olan iman bacı-qardaşımız qaçır. Sözsüz ki, onlar bunu öz gücləri hesabına etmir. Onlar ibadət görüşünə telefon bağlantısı vasitəsilə qoşulmaqla, yaxud görüşün video yazısına baxmaqla Yehovadan güc alırlar. Həmçinin həkimlərə, tibb bacılarına və qohumlarına təbliğ etməklə şagird hazırlamaq işində iştirak edirlər.
17. Yehova fiziki məhdudiyyətləri olan kəslərə necə yanaşır?
17 Qoymayın ki, fiziki məhdudiyyətləriniz sizi ruhdan salsın və həyat uğrunda yarışda qaça bilməyəcəyinizi düşünəsiniz. Yehova imanınıza və illər ərzində Onun uğrunda çəkdiyiniz zəhmətə görə Zəb. 9:10). Əksinə, sizə daha da yaxınlaşacaq. Səhhəti ilə bağlı problemləri olan bir bacının sözlərinə diqqət yetirək: «Səhhətim pisləşdikcə başqaları ilə həqiqət barədə danışmaq imkanım azalır. Amma bilirəm ki, hətta Yehovanın yolunda gördüyüm kiçik işlər belə, Onun qəlbini sevindirir və bu, mənə xoşbəxtlik bəxş edir». Ruhdan düşəndə unutmayın ki, tək deyilsiniz, Yehova sizinlədir. Həvari Bulusun nümunəsi üzərində düşünün və onun ruhlandırıcı sözlərini yadınıza salın. O demişdi: «Zəifliklərə... qatlaşmaqdan həzz alıram. Mən zəif olanda güclüyəm» (2 Kor. 12:10).
sizi çox sevir. İndi Yehovanın köməyinə daha çox ehtiyacınız var və O, əsla sizdən üz döndərməyəcək (18. Nəyə görə Yehovanın bəzi xidmətçiləri daha ağır vəziyyətdədirlər?
18 Əbədi həyata aparan yolda qaçanların bəziləri başqa bir çətinliklə üzləşir. Onlar başqalarının görüb duya bilməyəcəyi problemlərlə mübarizə aparırlar. Məsələn, depressiyadan əziyyət çəkir və ya güclü narahatlıq keçirirlər. Nəyə görə demək olar ki, Yehovanın bu əziz xidmətçiləri daha ağır vəziyyətdədirlər? Çünki insanın qolu sınıqdırsa və ya əlil arabasına məhkumdursa, hər kəs bu problemi görə və kömək etmək istəyə bilər. Amma mənəvi və ya əqli iztirab çəkənlərin pis vəziyyətdə olduqları üzdən görünməyə bilər. Çəkdikləri ağrılar qolu-qıçı sınmış insanın ağrıları qədər gerçək olsa da, bəzən onlar başqalarının şəfqətindən kənarda qalır.
19. Mefiboşetin nümunəsindən nə öyrənirik?
19 Əgər hansısa çətinlikləriniz xidmətinizi məhdudlaşdırırsa, yaxud başqalarının sizi düz başa düşmədiyinə görə məyus olmusunuzsa, Mefiboşetin nümunəsi sizi ruhlandıra bilər (2 İşm. 4:4). O, əlil idi və buna görə əziyyət çəkirdi. Üstəlik, Davud padşah yanlış qənaətə gələrək ona qarşı haqsızlıq etmişdi. Əslində, başına gələnlərin heç birində Mefiboşetin günahı yox idi. Amma o, buna görə bədbin insana çevrilmədi. Mefiboşet həyatındakı müsbət şeyləri qiymətləndirirdi. O, Davudun keçmişdə ona göstərdiyi xeyirxahlığa görə minnətdar idi (2 İşm. 9:6—10). Beləcə, Davud padşah yanlış qənaətə gələndə Mefiboşet vəziyyətə hərtərəfli baxmağa çalışmışdı. Davudun səhvinin onu zalımlaşdırmasına yol verməmişdi. Nə də Davudun etdiklərinə görə Yehovanı günahlandırmamışdı. Mefiboşet Yehovanın məsh etdiyi padşahı bacardığı qədər dəstəkləmək barədə düşünürdü (2 İşm. 16:1—4; 19:24—30). Yehova da onun bu gözəl nümunəsini Öz Kəlamına yazdırdı ki, ondan örnək alaq (Rom. 15:4).
20. Bəziləri narahatlıq ucbatından hansı hissləri keçirir, bəs onlar nəyə əmin ola bilər?
20 Bəzi bacı-qardaşlar həmişə güclü narahatlıq hissi yaşadıqlarından cəmiyyət içində olanda həyəcan, təlaş keçirirlər. Onlara çox adam olan yerdə olmaq çətin gəlsə də, yığıncaq görüşlərinə, toplantılara gəlməyə davam edirlər. Tanımadıqları insanlarla danışmağa çəkinsələr də, təbliğə çıxırlar. Əgər bunları etmək sizə də çətindirsə, əmin olun ki, siz tək deyilsiniz. Çoxları bu kimi şeylərlə mübarizə aparır. Yadda saxlayın ki, Yehova bütün ürəklə etdiyiniz işlərdən razıdır. Təslim olmamağınız göstərir ki, O sizdən razıdır və sizə lazım olan gücü verir * (Filip. 4:6, 7; 1 But. 5:7). Fiziki məhdudiyyətlərinizə və ya mənfi emosiyalara rəğmən, Yehovaya xidmət edirsinizsə, Onun sizdən razı qaldığına əmin ola bilərsiniz.
21. Yehovanın köməyi sayəsində hər birimiz nəyi bacaracağıq?
21 Nə yaxşı ki, qaçış üzrə yarışlarla həvari Bulusun danışdığı yarış arasında fərq var. Müqəddəs Kitab dövründə keçirilən qaçış üzrə yarışlarda yalnız bir nəfər mükafat qazanırdı. Amma məsihi yolunda sədaqətli qalan hər bir kəs əbədi həyat mükafatını alacaq (Yəh. 3:16). Həmçinin qaçış üzrə yarışın bütün iştirakçıları fiziki cəhətdən möhkəm olmalı idi, əks halda, onların qalib gəlmək ehtimalı çox az olurdu. Lakin məsihi yolunda qaçışda iştirak edən bizlərin bir çoxu heç də möhkəm fiziki sağlamlığa sahib deyil. Bununla belə, biz dözümlə qaçırıq (2 Kor. 4:16). Yehovanın köməyi ilə hər birimiz məsafəni axıradək qaçacağıq!
NƏĞMƏ 144 Gözün mükafatda olsun!
^ abz. 5 Bu gün Yehovanın xidmətçilərindən bəziləri yaşlılığın gətirdiyi çətinliklərdən, bəziləri xəstəliklərdən əziyyət çəkir. Ümumiyyətlə, hərdən hamımız özümüzü taqətsiz hiss edirik. Bu zaman həyat uğrunda yarışı davam etdirmək mümkünsüz görünə bilər. Bu məqalədə araşdıracağıq ki, həvari Bulusun haqqında danışdığı yarışda dözümlə qaçıb qalib gəlmək üçün nələr edə bilərik.
^ abz. 6 «Gözətçi qülləsi»nin 2013-cü il 1 yanvar sayında yer alan «Müqəddəs Kitab həyatları dəyişir» adlı məqaləyə baxın.
^ abz. 20 Narahatlıqla mübarizə barədə əlavə məlumat almaq, eləcə də bu problemin öhdəsindən gələn şəxslərin həyat hekayələrini izləmək üçün jw.org® saytında 2019-cu il may buraxılışına baxa bilərsiniz. KİTABXANA > JW TELEVİZİYASI bölməsinə daxil olun.
^ abz. 63 ŞƏKLİN İZAHI. Yaşlı qardaş xidmətdə fəal olması sayəsində məsihi yolunda qaça bilir.
^ abz. 65 ŞƏKLİN İZAHI. Kimisə spirtli içki içməyə təhrik etməklə, yaxud özümüz hədd qoymadan içməklə bacı-qardaşlarımızı büdrədə bilərik.
^ abz. 67 ŞƏKLİN İZAHI. Xəstəxanada yatmalı olan qardaş tibb işçilərinə şahidlik verməklə məsihi yolunda qaça bilir.