Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 15

Məsihin son sözlərindən nə öyrənirik?

Məsihin son sözlərindən nə öyrənirik?

«Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın» (MƏT. 17:5).

NƏĞMƏ 17 «İstəyirəm»

İCMAL *

1, 2. İsa son sözlərini hansı şəraitdə demişdi?

ERAMIZIN 33-cü ili, nisanın 14-ü idi. Gündüz vaxtı idi. İsanı haqsız yerə ittiham etdikdən və törətmədiyi cinayətə görə təqsirli bildikdən sonra ona lağ edib, amansız işgəncələr verdilər. Sonra isə əllərindən və ayaqlarından dirəyə mıxladılar. Aldığı hər nəfəs, dediyi hər söz ona əzab verirdi. Amma o danışmağa məcbur idi. Çünki deyəcəyi sözlər çox vacib idi.

2 Gəlin görək İsa Məsih işgəncə dirəyində olanda nə demişdi və biz bu sözlərdən nə öyrənirik. Başqa sözlə, gəlin ona qulaq asaq (Mət. 17:5).

«ATA, ONLARI BAĞIŞLA»

3. «Ata, onları bağışla» deyəndə İsa kimləri nəzərdə tuturdu?

3 İsa nə demişdi? İsa işgəncə dirəyində olanda belə dua etdi: «Ata, onları bağışla». İsa kimləri nəzərdə tuturdu? Onun növbəti sözləri bu suala cavab verir: «Çünki nə etdiklərini bilmirlər» (Luka 23:33, 34). Ehtimal ki, İsa onun əllərini və ayaqlarını dirəyə mıxlayan Roma əsgərlərini nəzərdə tuturdu. Onlar İsanın kim olduğunu bilmirdi. Ola bilsin, İsa izdihamın arasında olan bəzi adamları da nəzərdə tuturdu. Belə ki, onlar həmin vaxt İsanın edam olunmasını tələb etsələr də, sonradan ona iman gətirmişdilər (Həv. 2:36—38). İsa ölümə layiq bir iş tutmamışdı. Bununla belə, o qəzəblənmədi (1 But. 2:23). Ölümünə bais olanlara kin bəsləmədi. Əksinə, dua edib Yehovadan xahiş etdi ki, onları bağışlasın.

4. İsanın ona qarşı çıxanları bağışlamasından nə öyrənirik?

4 Nə öyrənirik? İsa kimi, biz də başqalarını bağışlamağa hazır olmalıyıq (Kol. 3:13). Bəziləri, məsələn, qohumlarımız bizim əqidəmizi, həyat tərzimizi anlamadıqları üçün bizə qarşı çıxır. Ola bilsin, onlar bizim barəmizdə yalan danışırlar, başqalarının yanında bizi alçaldırlar, ədəbiyyatlarımızı cırırlar və ya təhdid edib bizə xəsarət yetirəcəklərini deyirlər. Bizə qarşı çıxanlara kin bəsləməkdənsə, yaxşı olardı ki, Yehovaya dua edək onların gözünü açsın, qoy bir gün onlar da həqiqəti qəbul etsinlər (Mət. 5:44, 45). Hərdən bağışlamaq çətin olur, xüsusən də bizə qarşı böyük haqsızlıq edilibsə. Amma qəzəbin və kinin ürəyimizdə kök salmasına yol versək, özümüzə zərər yetirərik. Bir bacı deyir: «Mən başa düşürəm ki, bağışlamaq, kiminsə pis hərəkətlərinə göz yummaq, yaxud onların səndən istifadə eləməsinə yol vermək demək deyil. Bağışlamaq kini ürəyindən qovmaq deməkdir» (Zəb. 37:8). Biz bağışlayanda başımıza gələn pis hadisələrin bizi acıqlı insana çevirməsinə yol vermirik (Efes. 4:31, 32).

«SƏN MƏNİMLƏ CƏNNƏTDƏ OLACAQSAN»

5. İsa onunla birlikdə edam olunmuş cinayətkara nə vəd verdi və nəyə görə bu vədi verdi?

5 İsa nə demişdi? İsa ilə birlikdə iki cinayətkar da dirəkdə edam olunmuşdu. Əvvəl-əvvəl cinayətkarların ikisi də İsanı təhqir edirdi (Mət. 27:44). Amma sonra onlardan biri daha təhqir etmədi. O başa düşdü ki, İsa heç bir pis iş görməyib (Luka 23:40, 41). Üstəlik, o, İsanın diriləcəyinə və bir gün Padşah kimi idarə edəcəyinə inandığını göstərdi. O, ölüm ayağında olan İsaya dedi: «İsa, Padşahlığına gələndə məni yada sal» (Luka 23:42). Bu insanın necə də böyük imanı var idi! İsa ona cavab verdi: «Bunu bil: sən mənimlə [Padşahlıqda yox] Cənnətdə olacaqsan» (Luka 23:43). Diqqət yetirin, İsa ümumi danışmırdı, «sən» deməklə şəxsən onun özünə müraciət edirdi. İsa Atasının mərhəmətli olduğunu bilirdi. Buna görə də ölmək üzrə olan bu cinayətkara əminliklə ümid vermişdi (Zəb. 103:8).

6. İsanın cinayətkara dediyi sözlərdən nə öyrənirik?

6 Nə öyrənirik? İsa Atasının calalını mükəmməl sürətdə əks etdirirdi (İbr. 1:3). Yehova mərhəmət göstərib bizi bağışlamağa hazırdır. Amma bir şərtlə, gərək biz keçmiş günahlarımıza görə tövbə edək və İsa Məsihin tökülən qanı sayəsində günahlarımızın bağışlanacağına iman edək (1 Yəh. 1:7). Amma bəziləri inana bilmir ki, Yehova onların əvvəlki günahlarını bağışlaya bilər. Əgər sizdə də bəzən belə fikirlər yaranırsa, onda düşünün: İsa ölüm ayağında ikən yenicə iman gətirmiş cinayətkara mərhəmət göstərdi. Görün onda Yehova Ona sədaqətlə ibadət edən və əmrlərinə itaət etmək üçün əlindən gələni edən xidmətçilərinə necə mərhəmət göstərir (Zəb. 51:1; 1 Yəh. 2:1, 2).

«BU, SƏNİN OĞLUNDUR!.. BU, SƏNİN ANANDIR!»

7. Yəhya 19:26, 27 ayələrinə əsasən, İsa Məryəmə və Yəhyaya nə dedi və nə üçün?

7 İsa nə demişdi? (Yəhya 19:26, 27 ayələrini oxuyun.) İsa anasına görə narahat idi. Çox ehtimal ki, o, həmin vaxt artıq dul idi. İsanın bacı-qardaşları, yəqin ki, analarının maddi tələbatlarını ödəyəcəkdilər. Bəs onun ruhani tələbatlarını kim ödəyəcəkdi? Həmin vaxt qardaşlarının İsanın şagirdi olduğuna dair heç bir məlumat yoxdur. Yəhya isə İsanın sadiq həvarisi və yaxın dostlarından biri idi. İsa onunla birlikdə Yehovaya ibadət edən kəslərə ruhani ailəsi kimi baxırdı (Mət. 12:46—50). Buna görə də çox sevdiyi anasını Yəhyaya tapşırdı. O əmin idi ki, Yəhya anasının ruhani rifahının qeydinə qalacaq. Odur ki, anasına dedi: «İndən belə bu, sənin oğlundur!» Sonra Yəhyaya dedi: «İndən belə bu, sənin anandır!» Həmin gündən etibarən Yəhya bir oğul kimi Məryəmin qeydinə qaldı. İsa onu dünyaya gətirən, boya-başa çatdıran və son anına qədər yanından ayrılmayan anasına necə də böyük məhəbbət göstərdi!

8. İsanın Məryəmə və Yəhyaya dediyi sözlərdən nə öyrənirik?

8 Nə öyrənirik? Bizim dindaşlarımızla münasibətimiz ailə üzvlərimizlə münasibətimizdən möhkəm ola bilər. Doğmalarımız bizə qarşı çıxa bilər, hətta bizi tərk edə bilərlər. Amma İsanın vəd etdiyi kimi, Yehovaya və Onun təşkilatına bağlı qalsaq, itirdiklərimizdən «yüzqat» artığını alacağıq. Dindaşlarımız arasından çoxları bizim oğlumuz, qızımız, anamız, atamız olacaq (Mark 10:29, 30). Bu ruhani ailənin üzvlərini iman, Yehovaya və bir-birilərinə məhəbbət birləşdirir. Belə bir ailənin üzvü olmağı kim istəməz ki?! (Kol. 3:14; 1 But. 2:17).

«ALLAHIM, NİYƏ MƏNİ TƏRK ETDİN?»

9. İsanın Mətta 27:46 ayəsindəki sözləri hansı mənanı kəsb edir?

9 İsa nə demişdi? Son nəfəsini verməzdən əvvəl İsa ucadan dedi: «Allahım, Allahım, niyə məni tərk etdin?» (Mət. 27:46). Müqəddəs Kitabda İsanın nəyə görə belə dediyi izah olunmur. Amma gəlin görək bu sözlər hansı mənanı kəsb edir. Birincisi, İsa bu sözləri söyləməklə Zəbur 22:1 ayəsindəki peyğəmbərliyi yerinə yetirdi *. Bundan əlavə, bu sözlər göstərdi ki, Yehova həmin an Oğlunu qorumurdu (Əyy. 1:10). İsa başa düşürdü ki, imanını ölənədək tam sınasınlar deyə, Atası onu düşmənlərinin əlinə verib. Heç bir insanın imanı bu dərəcədə sınanmayıb. Bundan əlavə, bu sözlər təsdiq edirdi ki, o ölümə layiq heç bir cinayət törətməmişdi.

10. İsanın Atasına dediyi sözlərdən nə öyrənirik?

10 Nə öyrənirik? İlk növbədə, biz gözləməməliyik ki, Yehova imanımızı sınayan çətinliklərdən bizi qoruyacaq. Necə ki İsa Məsih son həddə qədər sınandı, biz də lazım gələrsə, imanımız uğrunda ölümə də getməyə hazır olmalıyıq (Mət. 16:24, 25). Amma biz əminik ki, Allah gücümüzdən artıq sınanmağımıza yol verməyəcək (1 Kor. 10:13). Bundan başqa, öyrənirik ki, biz də, İsa kimi, haqsız yerə əzab çəkə bilərik (1 But. 2:19, 20). İnsanlar pis iş tutduğumuza görə yox, dünyaya məxsus olmadığımıza və həqiqətə şahidlik etdiyimizə görə bizə qarşı çıxırlar (Yəh. 17:14; 1 But. 4:15, 16). İsa başa düşürdü ki, Yehova onun əzab çəkməsinə nəyə görə izin verib. Ancaq İsadan fərqli olaraq, bəzən sadiq insanlar sınaqlar vaxtı Yehovanın bütün bunlara nəyə görə yol verdiyini anlaya bilmirlər (Həb. 1:3). Mərhəmətli və səbirli Allahımız bilir ki, onların imanı heç də zəif deyil. Əslində, bu insanlar Allahın onlara təsəlli verməsinə möhtacdırlar (2 Kor. 1:3, 4).

«SU İSTƏYİRƏM»

11. İsa Yəhya 19:28 ayəsindəki sözləri nə üçün demişdi?

11 İsa nə demişdi? (Yəhya 19:28 ayəsini oxuyun.) Nəyə görə İsa «su istəyirəm» demişdi? Müqəddəs Yazılarda yazılmış sözün yerinə yetməsi üçün. Bu söz Zəbur 22:15 ayəsində yazılmış peyğəmbərlikdir. Orada deyilir: «Gücüm saxsı parçası kimi quruyub, dilim damağıma yapışıb». Həmçinin o qədər işgəncədən sonra, o cümlədən dirəkdə çəkdiyi dəhşətli ağrılardan sonra yəqin ki, İsa çox susamışdı. Susuzluğunu yatırmaq üçün onun köməyə ehtiyacı var idi.

12. İsanın «su istəyirəm» sözlərindən nə öyrənirik?

12 Nə öyrənirik? İsa hisslərini dilə gətirməyin zəiflik əlaməti olduğunu düşünmürdü. Biz də belə düşünməməliyik. Əksər hallarda ehtiyaclarımız barədə başqalarına danışmırıq. Amma bəzən köməyə ehtiyacımız olur. Bu zaman başqalarından kömək istəməyə çəkinməməliyik. Məsələn, əgər yaşlanmışıqsa, yaxud səhhətimiz zəifdirsə, dostumuzdan xahiş edə bilərik ki, bizi mağazaya, yaxud həkimə aparsın. Əgər ruhdan düşmüşüksə, ağsaqqaldan, yaxud digər yetkin məsihi dostumuzdan xahiş edə bilərik ki, bizə qulaq assın və ya könlümüzü şad etmək üçün «xoş söz» söyləsin (Məs. 12:25). Bir şeyi unutmamalıyıq: bacı-qardaşlar bizi sevir və dar gündə bizə kömək etmək istəyir (Məs. 17:17). Onlar bizim ürəyimizdən keçənləri oxuya bilməzlər. Biz təşəbbüs göstərib köməyə ehtiyac duyduğumuzu dilə gətirməsək, onlar bunu bilə bilməzlər.

«TAMAM OLDU!»

13. İsa ölənə qədər kamil qalmaqla hansı işləri tamamladı?

13 İsa nə demişdi? Nisanın 14-ü təxminən günorta saat 3-də İsa ucadan dedi: «Tamam oldu!» (Yəh. 19:30). Son nəfəsini verməzdən öncə İsa arxayın idi ki, Yehovanın ona tapşırdığı hər şeyi yerinə yetirib. İsa ölənə qədər kamil qalmaqla bir sıra işləri tamamladı. Birincisi, o, Şeytanın yalançı olduğunu sübut etdi. İsa göstərdi ki, Şeytan nə edir etsin, kamil insan sona qədər sadiq qala bilər. İkincisi, İsa öz həyatını fidyə verdi. Bu fidyənin sayəsində qeyri-kamil insanlar Allahın qarşısında saleh sayıla və əbədi yaşaya bilərlər. Üçüncüsü, İsa sübut etdi ki, Yehovanın hakimiyyəti ədalətlidir və Atasının adını rüsvayçılıqdan təmizlədi.

14. Hər günümüzü necə yaşamalıyıq? İzah edin.

14 Nə öyrənirik? Biz sadiqliyimizi qorumaq üçün hər gün var gücümüzlə çalışmalıyıq. Gəlin Gilad məktəbinin keçmiş müəllimi Maksvel Frend qardaşın sözlərinə diqqət yetirək. Bir dəfə beynəlxalq toplantıda Maksvel qardaş sadiqliklə bağlı nitqində belə sözlər demişdi: «Bu günün işini, bu gün deyə biləcəyin sözü sabaha saxlama. Bilmirsən sabaha sağ çıxacaqsan, yoxsa yox. Hər gününü elə yaşa ki, sanki bu, əbədi həyata layiq olduğunu göstərmək üçün son şansındır». Gəlin hər günü elə yaşayaq ki, sanki bu, sadiq qalmaq üçün son şansımızdır. Onda, hətta ölümlə üzləşsək belə, biz deyə biləcəyik: «Yehova, mən sadiqliyimi qorumaq, Şeytanın yalançı olduğunu sübut etmək, adını təmizə çıxarmaq və hakimiyyətini dəstəkləmək üçün əlimdən gələni eləmişəm».

«RUHUMU SƏNİN ƏLİNƏ ƏMANƏT EDİRƏM»

15. Luka 23:46 ayəsinə əsasən, İsada hansı əminlik var idi?

15 İsa nə demişdi? (Luka 23:46 ayəsini oxuyun.) İsa tam əminliklə dedi: «Ata, ruhumu Sənin əlinə əmanət edirəm». İsa bilirdi ki, gələcək həyatı Yehovadan asılıdır və əmin idi ki, Atası onu unutmayacaq.

16. Coşuanın nümunəsindən nə öyrənirik?

16 Nə öyrənirik? Həyatınızı Yehovanın əllərinə əmanət edin. Bunun üçün bütün qəlbinizlə Yehovaya etibar etməlisiniz (Məs. 3:5). Gəlin, ölümcül xəstəliyə tutulmuş 15 yaşlı Coşuanın nümunəsinə baxaq. O, Allahın qanununa zidd gedən müalicə üsullarından imtina etmişdi. Ölümündən bir qədər əvvəl anasına demişdi: «Anacan, mən Yehovanın əllərindəyəm. Tam əminliklə sənə bunu deyə bilərəm: bilirəm ki, Yehova məni mütləq dirilmə vaxtı həyata qaytaracaq. O mənim ürəyimdəkiləri bilir və mən Onu həqiqətən sevirəm». Hər birimiz özümüzdən soruşa bilərik: «İmanımı sınayan həyati təhlükəli vəziyyətlə üzləşsəm, həyatımı Yehovanın əllərinə etibar edərəm, məni xatırlayacağına inanaram?»

17, 18. Bu məqalədən nə öyrəndik? (Həmçinin « İsa Məsihin son sözlərindən öyrəndiklərimiz» adlı çərçivəyə baxın.)

17 İsa Məsihin ölüm ayağında dediyi sözlərdən mühüm şeylər öyrəndik. Bu sözlər bizə xatırlatdı ki, başqalarını bağışlamalıyıq. Həmçinin Yehovanın bizi bağışlayacağına inanmalıyıq. Biz çox xoşbəxtik ki, bacı-qardaşlardan ibarət gözəl ruhani ailəmiz var. Onlar həmişə bizə kömək etməyə hazırdır. Amma dara düşəndə biz gərək özümüz təşəbbüs göstərib onlardan kömək istəyək. Bilirik ki, başımıza nə gəlirsə gəlsin, Yehova bizə dözməyə kömək edəcək. Həmçinin gördük ki, hər günümüzü sadiqliyimizi sübut etmək üçün son gün kimi yaşamaq çox vacibdir. Əmin olmalıyıq ki, həyatımız etibarlı əllərdə, Yehovanın əlindədir.

18 Həqiqətən də İsanın işgəncə dirəyində dediyi sözlərdə dərin məna var. Öyrəndiklərimizə əməl etməklə Yehovanın Oğlu barədə dediyi növbəti sözlərə tabe oluruq: «Ona qulaq asın» (Mət. 17:5).

NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin

^ abz. 5 Mətta 17:5 ayəsində deyilir ki, Yehova Oğlunun sözünə qulaq asmağımızı istəyir. Bu məqalədə İsanın işgəncə dirəyində dediyi sözlərdən nələr öyrənə biləcəyimiz araşdırılır.

^ abz. 9 İsanın Zəbur 22:1 ayəsindən sitat gətirməsinin səbəbləri barədə bu sayın «Oxucuların sualları» rubrikasından öyrənə bilərsiniz.