Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 17

Yehova üçün dəyərlisiniz!

Yehova üçün dəyərlisiniz!

«Yehova xalqından zövq alır» (ZƏB. 149:4).

NƏĞMƏ 108 Allahın sevgisi

İCMAL *

Səmavi Atamız hər birimizdən zövq alır (1-ci abzasa baxın)

1. Yehova bizdə nəyə fikir verir?

YEHOVA «xalqından zövq alır» (Zəb. 149:4). Bu sözlər insanın qəlbini oxşayır! Yehova bizdəki gözəl xüsusiyyətlərə fikir verir. Yaxşılığa doğru dəyişə biləcəyimizi bilir və bizi Özünə cəlb edir. Əgər biz Yehovaya sadiq qalsaq, O, əbədiyyən bizə yaxın olacaq! (Yəh. 6:44).

2. Nəyə görə bəzi məsihilərə Yehovanın onları sevdiyinə inanmaq çətindir?

2 Bəziləri belə düşünür: «Bilirəm, Yehova ümumilikdə bütün xalqını sevir, amma necə əmin ola bilərəm ki, şəxsən mənə dəyər verir?» Nəyə görə bəzilərində belə sual yaranır? Uşaqlıqda pis rəftara məruz qalan Oksana * adlı bacı deyir: «Vəftiz olunanda, öncül xidmətinə başlayanda çox xoşbəxt idim. Amma üstündən 15 il keçəndən sonra uşaqlığımla bağlı pis xatirələr mənə əzab verməyə başladı. Fikirləşirdim ki, Yehova daha məndən razı deyil, Onun məhəbbətinə layiq deyiləm». Yua adlı öncül bir bacının da uşaqlığı yaxşı keçməyib. O deyir: «Həyatımı Yehovaya həsr etdim. Çünki Onun qəlbini şad etmək istəyirdim. Amma inanmırdım ki, O nə vaxtsa məni sevər».

3. Bu məqalədə hansı sualların cavabını tapacağıq?

3 Bu sadiq məsihilər kimi, siz də Yehovanı sevirsiniz, amma ola bilsin, Onun sizi sevdiyinə şübhə edirsiniz. Bəs nəyə görə Yehova üçün dəyərli olduğunuza əmin olmalısınız? Bədbin düşüncələrə qapılanda bu vəziyyətdən çıxmağa sizə nə kömək edə bilər? Gəlin bu sualların cavabını tapaq.

YEHOVANIN MƏHƏBBƏTİNƏ ŞÜBHƏ ETMƏK TƏHLÜKƏLİDİR

4. Nəyə görə Yehovanın bizi sevdiyinə şübhə etmək təhlükəlidir?

4 Məhəbbət insanı hərəkətə təşviq edən böyük qüvvədir. Əgər Yehovanın bizi sevdiyinə, bizə dayaq olduğuna əmin olsaq, çətinliklərə baxmayaraq, Ona sidqi-ürəkdən xidmət etməyə sövq olunacağıq. Yox əgər şübhə etsək, onda gücümüz tükənəcək (Məs. 24:10). Ruhdan düşəndə və Allahın bizi sevdiyinə imanımızı itirəndə Şeytanın hücumları qarşısında aciz olacağıq (Efes. 6:16).

5. Allahın məhəbbətinə şübhə etməyin nəticələri barədə nə demək olar?

5 Bəzi sadiq məsihilər Yehovanın onları sevdiyinə şübhə etdikləri üçün ruhani cəhətdən zəifləyib. Ceyms adlı ağsaqqal deyir: «Beyteldə və başqa dildə keçirilən yığıncaqda xidmət etmək mənə xoş olsa da, bilmirdim Yehova Onun yolunda gördüyüm işlərdən razıdır, ya yox. Hətta elə oldu ki, Yehovanın dualarımı eşitdiyinə də şübhə etməyə başladım». Eyva adlı başqa bir tamvaxtlı xidmətçi deyir: «Yehovanın məhəbbətinə şübhə etməyin nə qədər təhlükəli olduğunu başa düşdüm, çünki bu, insanın Yehovanın yolunda etdiyi hər bir şeyə təsir edir. İnsan ruhani işlərdən soyuyur, Yehovaya xidmətdə sevincini itirir». Öncül və ağsaqqal kimi xidmət edən Maykl deyir: «Allah üçün dəyərli olduğunuza inanmasanız, Ondan uzaqlaşacaqsınız».

6. Allahın məhəbbəti ilə bağlı şübhələr baş qaldıranda nə etməliyik?

6 Bu bacı-qardaşların sözləri göstərir ki, bədbin düşüncəyə qapılmaq imanımız üçün nə qədər təhlükəlidir. Allahın bizi sevmədiyi ilə bağlı şübhələr baş qaldıranda nə etməliyik? Bu şübhələri dərhal ağlımızdan qovmalıyıq! Yehovadan kömək istəyin ki, narahat düşüncələrinizi Allahın sülhü ilə — ürəyinizi və fikirlərinizi qoruyan sülhlə əvəz edə biləsiniz (Zəb. 139:23; Filip. 4:6, 7). Bir şeyi də unutmayın, bu cür hisslər keçirən tək siz deyilsiniz. Bu cür mənfi hisslərlə mübarizə aparan başqa sadiq bacı-qardaşlarımız da var. Hətta Yehovanın keçmişdəki xidmətçiləri də bunlarla mübarizə aparmalı olurdu. Onlardan biri həvari Bulus idi. Gəlin görək ondan nə öyrənirik.

HƏVARİ BULUSDAN NƏ ÖYRƏNİRİK?

7. Həvari Bulusun hansı çətinlikləri olmuşdu?

7 Elə olub ki, məsuliyyətləriniz çox olduğu üçün onların öhdəsindən gələ bilməyəcəyinizi düşünəsiniz? Onda Bulusu yaxşı başa düşərsiniz. O, təkcə bir yığıncağın yox, «bütün yığıncaqların» fikrini çəkirdi (2 Kor. 11:23—28). Bəlkə də, siz xroniki xəstəlikdən əziyyət çəkirsiniz və buna görə çox vaxt sevincinizi itirirsiniz. Bulusa da uzun müddət cisminə batırılmış tikan əzab verirdi. Ola bilsin, bu hansısa fiziki qüsur idi. O, çox istəyirdi bu bəladan qurtulsun (2 Kor. 12:7—10). Yaxud, ola bilsin, etdiyiniz səhvlərə görə ruhdan düşürsünüz. Bəzən Bulus da səhvlərinə görə ruhdan düşürdü. Daima zəif cəhətləri ilə mübarizə apardığı üçün özünü «yazıq adam» adlandırmışdı (Rom. 7:21—24).

8. Bulus nəyin sayəsində çətinliklərə baxmayaraq, xidmətini davam etdirirdi?

8 Qarşılaşdığı müxtəlif çətinliklərə, onu ruhdan salan vəziyyətlərə baxmayaraq, Bulus Yehovaya xidmətini dayandırmırdı. Bəs ona güc verən nə idi? O, yaxşı bilirdi hansı zəif cəhətləri var, bununla belə, fidyəyə imanı sarsılmaz idi. O, İsanın növbəti vədini unutmurdu: «Ona [İsaya] iman edən hər adamın əbədi həyatı [olacaq]» (Yəh. 3:15; Rom. 6:23). Sözsüz ki, Bulus da fidyəyə iman gətirənlərdən biri idi. O əmin idi ki, hətta ciddi günah edənlər tövbə edərlərsə, Yehova onları da bağışlamağa hazırdır (Zəb. 86:5).

9. Həvari Bulusun Qalatiyalılara 2:20 ayəsindəki sözlərindən nə öyrənirik?

9 Bulus həm də Allahın İsa Məsih vasitəsilə ifadə etdiyi məhəbbətinin böyüklüyünə də iman edirdi. (Qalatiyalılara 2:20 ayəsini oxuyun.) Bu ayənin sonunda onun dediyi sözlərdəki əminliyə bir fikir verin, o deyir: «Məni sevən və canını uğrumda fəda edən Allahın Oğluna imanla yaşayıram». Bulus düşünmürdü ki, Yehovanın məhəbbətinin həddi var. Məsələn, o, belə fikirləşmirdi: «Bilirəm, Yehova bacı-qardaşlarımı sevir, nəyə görə sevdiyini də bilirəm. Amma məni inanmıram sevə». O, Romadakı məsihilərə demişdi: «Biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:8). Bəli, Allahın məhəbbəti intəhasızdır, onun həddi-hüdudu yoxdur!

10. Romalılara 8:38, 39 ayələrindən nə öyrənirik?

10 Romalılara 8:38, 39 ayələrini oxuyun. Bulus Allahın məhəbbətinin güclü olduğuna zərrə qədər də şübhə etmirdi. O yazmışdı ki, heç nə bizi «Allahın məhəbbətindən ayıra bilməz». Bulus Yehovanın İsrail xalqı ilə necə səbirlə davrandığını bilirdi. Onu da bilirdi ki, Yehova ona böyük mərhəmət göstərib. Bulus, bir növ, belə deyirdi: «Əgər Yehova Oğlunu mənim uğrumda ölmək üçün göndəribsə, Onun məni sevdiyinə niyə şübhə etməliyəm ki?!» (Rom. 8:32).

Yehova diqqətini keçmişdə etdiyimiz səhvlərə cəmləmir. Onun üçün önəmli olan bugünkü gələcəkdəki hərəkətlərimizdir (11-ci abzasa baxın) *

11. Həvari Bulus 1 Timutiyə 1:12—15 ayələrində yazılan günahları işləsə də, nəyə görə Yehovanın onu sevdiyinə əmin idi?

11 1 Timutiyə 1:12—15 ayələrini oxuyun. Yəqin Bulus keçmişi xatırlayanda çox pis olurdu. O özünü «ən betər» günahkar adlandırmışdı və aydındır nəyə görə. Həqiqəti dərk etməzdən öncə Bulus şəhərbəşəhər gəzərək məsihiləri amansızcasına təqib edirdi, onları zindana salırdı və onların edamını dəstəkləyirdi (Həv. 26:10, 11). Təsəvvür edin, vaxtilə Bulus bir gənc məsihinin valideynlərinin edam olunmasını dəstəkləyib. İndi həmin adamla üz-üzə gəlir. Həmin an hansı hissləri keçirərdi? O, keçmişdəki səhvlərinə görə çox peşman idi, amma bilirdi ki, keçmişi dəyişə bilməz. Bulus əmin idi ki, Məsih ondan ötrü ölüb, ona görə də belə sözlər demişdi: «İndi bu mövqeyi Allahın lütfü sayəsində tuturam» (1 Kor. 15:3, 10). Bulusdan nə öyrənirik? Şübhə etməyin ki, Məsih sizdən ötrü ölüb və sizin Yehova ilə sıx dostluq münasibəti qurmağınız üçün yol açıb (Həv. 3:19). Yehova diqqətini keçmişdə Onun xidmətçisi olmazdan qabaq və ya olandan sonra etdiyimiz səhvlərə cəmləmir. Onun üçün önəmli olan bugünkü gələcəkdəki hərəkətlərimizdir (Əşy. 1:18).

12. Heç kimin bizə dəyər vermədiyini, sevmədiyini düşünəndə 1 Yəhya 3:19, 20 ayələri bizə necə kömək edə bilər?

12 Ola bilsin, İsa Məsihin bizim günahlarımızdan ötrü öldüyü haqda düşünəndə belə qənaətə gəlmisiniz: «Mən bu dəyərli ənama layiq deyiləm». Bu cür düşünməyinizə nə səbəb ola bilər? Günahlı ürəyimizə aldanaraq düşünə bilərik ki, heç kim bizi sevmir, dəyər vermir. (1 Yəhya 3:19, 20 ayələrini oxuyun.) Belə məqamlarda unutmamalıyıq ki, «Allah ürəyimizdən böyükdür». Səmavi Atamızın məhəbbəti və əfvi xəlvətcə ürəyimizdə baş qaldıran istənilən mənfi hissdən qat-qat güclüdür. Biz özümüzü Yehovanın məhəbbətinə inandırmalıyıq. Bunun üçün Onun Kəlamını həmişə mütaliə etməli, tez-tez dua etməli və sadiq xidmətçiləri ilə müntəzəm ünsiyyət etməliyik. Nəyə görə bunları etmək olduqca vacibdir?

MÜQƏDDƏS KİTABIN, DUANIN VƏ SADİQ DOSTLARIN KÖMƏYİ

13. Allahın Kəlamının mütaliəsi bizə necə kömək edə bilər? (« Allahın Kəlamı onlara necə kömək edir?» adlı çərçivəyə baxın.)

13 Allahın Kəlamını hər gün mütaliə edin. Onda Yehovanın nə qədər mehriban Allah olduğunu daha aydın başa düşəcəksiniz. Onun sizi nə qədər çox sevdiyini anlayacaqsınız. Hər gün Allahın Kəlamından oxuduqlarınızın dərinliyinə varsanız, daha aydın düşünəcəksiniz. Çünki orada yazılanlar yanlış fikirlərinizi və hisslərinizi islah edəcək (2 Tim. 3:16). Özünü dəyərsiz hiss edən Kevin adlı bir ağsaqqal deyir: «103-cü məzmuru oxuyub dərindən düşünəndə özümə gəldim. Yehovanın mənim haqda əslində hansı fikirdə olduğunu anladım». Bayaq sözləri gətirilən Eyva deyir: «Hər günün sonunda vaxt ayırıb Yehova haqda, Onun üçün nəyin önəmli olduğu barədə düşünürəm. Beləcə, qəlbimə rahatlıq çökür, imanım möhkəmlənir».

14. Dua bizə nədə kömək edə bilər?

14 Tez-tez dua edin (1 Salon. 5:17). Kiminləsə möhkəm dost olmaq üçün onunla tez-tez və səmimi ünsiyyət etmək gərəkdir. Eyni şeyi Yehova ilə dostluğumuza da aid etmək olar. Biz duada Ona hisslərimizi, fikirlərimizi, narahatlığımızı bildirəndə göstəririk ki, Ona güvənirik və Onun bizi sevdiyinə əminik (Zəb. 94:17—19; 1 Yəh. 5:14, 15). Əvvəldə sözləri gətirilən Yua deyir: «Mən dua edəndə ancaq gün ərzində baş verənlər haqqında danışmıram. Yehovaya ürəyimi açıb, əslində nə hiss etdiyimi Ona deyirəm. Vaxt keçdikcə Yehova mənim üçün şirkət müdiri kimi yox, övladlarını sevən Ata kimi olur». (« Bunu oxumusunuz?» adlı çərçivəyə baxın.)

15. Yehova şəxsən hər birimizə necə qayğı göstərir?

15 Sadiq dostlarla ünsiyyətdə olun. Onlar Yehovadan bir paydır (Yaq. 1:17). Yehova bizə bizi «hər zaman» sevən bacı-qardaşlardan ibarət ruhani ailə bəxş edib (Məs. 17:17). Bu, səmavi Atamız Yehovanın şəxsən hər birimizə göstərdiyi qayğıdır. Bulus Koloslulara yazdığı məktubda bəzi məsihilərin adlarını çəkərək ona dayaq olduqlarını demişdi (Kol. 4:10, 11). Hətta İsa Məsihin də dostlarının köməyinə ehtiyacı olurdu və o, bu köməyi çox qiymətləndirirdi. Ona dayaq olanlar arasında həm mələklər var idi, həm də insanlar (Luka 22:28, 43).

16. Sadiq dostlar Yehovaya daha da yaxınlaşmağımıza necə kömək edə bilər?

16 Yehovanın bəxş etdiyi sadiq dostlardan kömək istəyirsiniz? Yaxud da onların köməyini qəbul edirsiniz? Dərdimizi yetkin məsihi ilə bölüşmək o demək deyil ki, biz zəifik, əksinə, bu bizi çox şeydən qoruya bilər. Məqalədə adı çəkilən Ceyms deyir: «Yetkin məsihilərlə sıx dostluğun həyatımda əvəzsiz yeri var. Mənfi fikirlərə qapılanda bu dəyərli dostlar mənə səbirlə qulaq asır, məni çox istədiklərini deyirlər. Onların simasında Yehovanın mənə sevgisini və qayğısını görürəm». Doğrudan da, iman bacı-qardaşlarımızla möhkəm dostluğa sahib olmaq olduqca vacibdir!

YEHOVANIN MƏHƏBBƏTİNİ QORUYUB-SAXLAYIN

17, 18. Kimə qulaq asmalıyıq və nəyə görə?

17 Şeytan istəyir ki, Yehovanı razı salmaq üçün apardığımız mübarizəni dayandıraq. O bizi inandırmağa çalışır ki, Yehova bizi sevmir, biz xilasa layiq deyilik. Amma məqalədən gördük ki, bu, qətiyyən belə deyil.

18 Yehova sizi sevir. Siz Onun gözündə ləl-cəvahiratsınız. Ona tabe olsanız, onda İsa Məsih kimi, siz də Onun məhəbbətini qoruyub-saxlayacaqsınız (Yəh. 15:10). Odur ki, Şeytana və daima sizi qınayan ürəyinizin səsinə qulaq asmayın. Hər birimizdəki gözəl xüsusiyyətləri görən Yehova Allahımıza qulaq asın. Əmin olun ki, «Yehova xalqından zövq alır», o xalqdan ki, siz də onun içindəsiniz!

NƏĞMƏ 141 Həyat bir möcüzə

^ abz. 5 Bəzi bacı-qardaşlara Yehovanın onları sevdiyinə inanmaq çətindir. Bu məqalədə öyrənəcəyik ki, nəyə görə Yehovanın tək-tək hər birimizi sevdiyinə əmin ola bilərik. Həmçinin görəcəyik ki, əgər Yehovanın bizi sevdiyinə şübhə ediriksə, bu şübhələri necə dəf edə bilərik.

^ abz. 2 Bəzi adlar şərtidir.

^ abz. 67 ŞƏKLİN İZAHI: Keçmişdə Bulus bir çox məsihini zindana saldırmışdı. Bulus İsa Məsihin onun uğrunda nələr etdiyini başa düşəndən sonra dəyişdi və məsihiləri ruhlandırmağa başladı. Ola bilsin, onların içində əvvəllər təqib etdiyi məsihilərin qohumları da var idi.