Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 15

İsanın möcüzələrindən nə öyrənirik?

İsanın möcüzələrindən nə öyrənirik?

«[İsa] ölkəni gəzib-dolaşaraq insanlara yaxşılıq [edirdi], İblisin əziyyət verdiyi adamları [sağaldırdı]» (HƏV. 10:38).

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

İCMAL a

1. İsanın ilk möcüzəsi haqda danışın.

 ERAMIZIN 29-cu ilinin sonlarıdır. İsa xidmətinə yenicə başlayıb. O, anası Məryəm və şagirdlərindən bəziləri Nasirənin şimalında yerləşən Qanəyə toya dəvət olunub. Bu ailə ilə Məryəmin yaxın münasibəti var, ona görə də Məryəm toya gələn qonaqlara qulluq edir. Birdən toyda problem yaranır: şərab qurtarır. Bu ailə və bəylə gəlin hamının yanında biabır ola bilər b. Ola bilsin, qonaqların sayı gözləniləndən çox olub. Məryəm tez oğlunun yanına gedib deyir: «Şərabları yoxdur» (Yəh. 2:1—3). İsa nə edir? Qeyri-adi bir şey: suyu əla şəraba çevirir (Yəh. 2:9, 10).

2, 3. a) İsa möcüzə göstərmək bacarığından necə istifadə edirdi? b) İsanın göstərdiyi möcüzələri araşdırmağın hansı xeyri var?

2 İsa xidmət etdiyi illər ərzində çoxlu möcüzələr göstərmişdi c. Onun möcüzələri on minlərlə insana xeyir gətirmişdi. Məsələn, götürək İsanın sadəcə iki möcüzəsini. Birincisində o, 5000 kişini, ikincisində isə 4000 kişini doyuzdurmuşdu. Qadınlarla uşaqları da saysaq, ümumilikdə bu iki möcüzə zamanı 27 000-dən çox insan yeyib doymuşdu (Mət. 14:15—21; 15:32—38). Hələ üstəlik həmin vaxt İsa çoxlu xəstəni də sağaltmışdı (Mət. 14:14; 15:30, 31). Sözsüz, həmin insanlar bu möcüzələri görüb valeh olmuşdular.

3 İsanın möcüzələrindən çox şey öyrənə bilərik. Bu məqalədə onun göstərdiyi bəzi möcüzələri araşdıracağıq və öyrəndiklərimiz imanımızı artıracaq. Həmçinin öyrənəcəyik ki, möcüzələr edərkən İsanın göstərdiyi təvazökarlıqdan və şəfqətdən necə örnək götürə bilərik.

YEHOVA VƏ İSA BARƏDƏ ÖYRƏNDİYİMİZ DƏRSLƏR

4. İsanın möcüzələrindən öyrəndiyimiz dərslər kimə imanımızı artırır?

4 İsanın möcüzələrindən tək onun barədə yox, həm də Yehova barədə çox şey öyrənirik. Axı onun bütün möcüzələrinin mənbəyi Yehova idi! Həvarilərin işləri 10:38 ayəsində deyilir ki, Allah «İsanı müqəddəs ruhla və qüvvə ilə məsh etdi», o, «ölkəni gəzib-dolaşaraq insanlara yaxşılıq etdi», «İblisin əziyyət verdiyi adamları sağaltdı… Allah bu adamla idi». Həmçinin unutmayın ki, İsanın dediyi və etdiyi hər şey, o cümlədən göstərdiyi möcüzələr Atasının düşüncəsini və hisslərini əks etdirirdi (Yəh. 14:9). Gəlin görək İsanın möcüzələri hansı üç sahədə imanımızı möhkəmləndirir.

5. İsa nəyə görə möcüzələr göstərirdi? (Mətta 20:30—34).

5 Birincisi, İsa və Atası bizi çox sevir. İsa Məsihin insanları sevdiyi nədən görünür? Məsələn, o, yer üzündə olarkən insanların əzabına son qoymaq üçün möcüzələr göstərirdi. Bir dəfə iki kor kişi İsadan xahiş etmişdi ki, onları sağaltsın. (Mətta 20:30—34 ayələrini oxuyun.) İsanın «bu adamlara yazığı gəldi» və onları sağaltdı. «Yazığı gəlmək» kimi tərcümə olunan yunan feili daxildən gələn dərin şəfqət hissini bildirir. Bu cür şəfqət hissi məhəbbətdən qaynaqlanır. Bu hiss İsanı həmçinin təşviq etmişdi ki, acları doyursun və cüzamlı adamı sağaltsın (Mət. 15:32; Mark 1:41). Əmin ola bilərik ki, rəhmli Allahımız Yehova və Oğlu bizi sevir və əzablarımızı görmək onlara qəlb ağrısı verir (Luka 1:78; 1 But. 5:7). Onlar bəşəriyyətə zülm verən bütün bəlalara son qoymağı həsrətlə gözləyirlər!

6. Yehova İsaya hansı səlahiyyəti verib?

6 İkincisi, Yehova İsaya bəşəriyyətin bütün problemlərini həll etmək ixtiyarı verib. Möcüzələri vasitəsilə İsa göstərmişdi ki, qarşısında aciz olduğumuz problemləri aradan qaldırmağa qadirdir. Məsələn, o bizi bəşəriyyətin problemlərinin kökündə duran günahdan və onun nəticəsi olan xəstəlik və ölümdən qurtarmaq iqtidarındadır (Mət. 9:1—6; Rom. 5:12, 18, 19). Göstərdiyi möcüzələr sübut edir ki, o, «hər cür» xəstəni sağalda bilir, hətta ölüləri dirildə bilir (Mət. 4:23; Yəh. 11:43, 44). Həmçinin İsanın şiddətli fırtınanı ram etmək və insanları şər ruhi qüvvələrdən azad etmək səlahiyyəti var (Mark 4:37—39; Luka 8:2). Yaxşı ki, Yehova İsaya bu qədər ixtiyar verib!

7, 8. a) İsanın möcüzələri sizi nəyə əmin edir? b) Siz gələcəkdə hansı vədin gerçəkləşməsini gözləyirsiniz?

7 Üçüncüsü, əmin ola bilərik ki, Allahın Padşahlığının hakimiyyəti altında gözəl nemətlər alacağıq. İsanın yer üzündə göstərdiyi möcüzələrdən öyrənirik ki, o, Allahın Padşahlığının Padşahı kimi tezliklə bundan da böyük işlər görəcək. O nələr edəcək? Biz tam sağlam olacağıq, çünki İsa bütün xəstəliklərə, əlilliyə son qoyacaq (Əşy. 33:24; 35:5, 6; Vəhy 21:3, 4). Heç vaxt aclıq nədir bilməyəcəyik, təbii fəlakətlərin qurbanı olmayacağıq (Əşy. 25:6; Mark 4:41). Üstəlik, qəbirlərdə olan əzizlərimizə yenidən qovuşacağıq (Yəh. 5:28, 29). Bəs siz gələcəkdə hansı vədin gerçəkləşməsini gözləyirsiniz?

8 İsanın göstərdiyi möcüzələrdən onun iki xüsusiyyəti — təvazökarlığı və şəfqəti aydın görünür. Biz də özümüzdə bu xüsusiyyətləri yetişdirməliyik. Gəlin İsanın iki möcüzəsini nəzərdən keçirək. Elə başlayaq Qanədəki toydan.

TƏVAZÖKARLIQ DƏRSİ

9. İsa toyda nə etmişdi? (Yəhya 2:6—10).

9 Yəhya 2:6—10 ayələrini oxuyun. Toyda şərab qurtaranda İsa nəsə etməyə borclu idi? Xeyr. Çünki heç bir yerdə peyğəmbərlik olunmamışdı ki, Məsih suyu şəraba çevirəcək. Bəs sizin toyunuzda oxşar vəziyyət yaşansaydı, məsələn, nəsə qurtarsaydı, özünüzü necə hiss edərdiniz? Yəqin ki, xəcalət çəkərdiniz. Elə İsanın da bu ailəyə yazığı gəldi, onların, əsas da bəylə gəlinin xəcalət çəkməsini istəmədi. Buna görə də o, əvvəldə qeyd etdiyimiz möcüzəni göstərdi. Haradasa 390 litrlik suyu əla şəraba çevirdi. Bəs nəyə görə bu qədər çox? Onun bu səxavəti sayəsində ailə toydan sonra qalan şərabı ya özləri istifadə edə bilərdi, ya da satıb bəylə gəlinə kömək edə bilərdi. Bir düşünün, bəylə gəlin həmin vaxt hansı hissləri keçirirdilər!

İsadan nümunə götürün, etdiyiniz heç bir şeylə öyünməyin (10 və 11-ci abzaslara baxın) e

10. Yəhya 2-ci fəsildə hansı maraqlı məqamlar qeyd olunub? (Həmçinin şəklə baxın.)

10 Bu hadisədə bəzi maraqlı məqamlar var. İsa küpləri su ilə özü doldurmuşdu? Xeyr. O, bunu xidmətçilərə tapşırmışdı. Çünki diqqəti özünə çəkmək istəmirdi (Yəh. 2:6, 7). Bəs suyu şəraba çevirəndən sonra, İsa şərabı sərpayıya özü apardı? Xeyr. Bunu da xidmətçilərə tapşırdı (Yəh. 2:8). O, şərabla dolu qədəhi əlinə alıb qonaqların qarşısında «baxın, necə əla şərab düzəltmişəm» demədi.

11. İsanın möcüzəsindən nə öyrənirik?

11 İsanın bu möcüzəsindən nə öyrənirik? Onun təvazökar olduğunu. İsa göstərdiyi möcüzə ilə öyünmədi. Ümumiyyətlə, o heç vaxt etdiyi şeylərlə öyünmürdü. Əksinə, İsa təvazökar idi, həmişə vurğulayırdı ki, etdiyi hər şeyə görə Atasına borcludur (Yəh. 5:19, 30; 8:28). Biz də İsadan nümunə götürərək təvazökar olsaq, etdiyimiz şeylərlə öyünməyəcəyik. Gəlin Yehovaya xidmətdə nə ediriksə edək, özümüzlə yox, qulluq etdiyimiz gözəl Allahımızla öyünək (Ərm. 9:23, 24). Həmişə Yehovanı ucaldaq. Axı Onun köməyi olmadan biz heç nə edə bilmərik! (1 Kor. 1:26—31).

12. Başqa hansı sahədə İsa kimi təvazökar ola bilərik? Nümunə çəkin.

12 Başqa hansı sahədə İsa kimi təvazökar ola bilərik? Gəlin belə bir səhnəni təsəvvür edək. Bir ağsaqqal gənc yığıncaq xidmətçisinə ilk açıq nitqini hazırlamağa kömək edir, özü də bunun üçün xeyli vaxt ayırır. Onun sayəsində gənc qardaş ruhlandırıcı nitq söyləyir və bunu hamı bəyənir. Yığıncaqdan sonra bir nəfər həmin ağsaqqala yaxınlaşıb deyir: «Qardaş əla çıxış etdi». Bu vəziyyətdə ağsaqqal necə davranacaq? O: «Hə, yaxşı idi. Ona kömək etmək üçün çox vaxt ayırmışam»,— deyəcək? Yoxsa, əksinə, təvazökarlıqla belə deyəcək: «Əla nitq idi. Ona afərin!» Əgər biz təvazökar olsaq, başqaları üçün nəsə yaxşı bir şey edəndə bunu insanlara bəyan etməyə lüzum görməyəcəyik. Yehovanın etdiklərimizi görməsi və qiymətləndirməsi bizim üçün kifayət olacaq. (Mətta 6:2—4 ayələri ilə əlaqələndirin; İbr. 13:16.) Yehova görəndə ki, İsa kimi təvazökarıq, bizimlə qürur duyur (1 But. 5:6).

ŞƏFQƏT DƏRSİ

13. İsa Nain şəhərinin yaxınlığında nə görür və nə edir? (Luka 7:11—15).

13 Luka 7:11—15 ayələrini oxuyun. Gəlin İsanın xidmətinə başlayandan təxminən iki il sonra göstərdiyi bir möcüzədən danışaq. O, Cəlilənin Nain şəhərinə gəlir. Bu şəhər Şunamdan elə də uzaq deyil. Təxminən 900 il öncə Əlyəsə peyğəmbər Şunamda bir qadının oğlunu diriltmişdi (2 Pad. 4:32—37). İsa şəhər darvazasına yaxınlaşanda görür ki, oradan bir cənazə çıxarırlar. Bir dul qadının oğlu ölmüşdü. Üstəlik, bu onun yeganə oğlu idi. Amma qadın tək deyildi, onun yanında şəhər camaatından çoxlu adam var idi. İsa onları dayandırıb ağlasığmaz bir şey edir — bu yaslı ananın oğlunu dirildir. Müjdələrdə İsanın ölüləri diriltdiyi üç hadisə yazılıb. Bu onlardan birincisi idi.

İsadan nümunə götürün, yaslı insanlara şəfqət göstərin (14—16 abzaslara baxın)

14. Luka 7-ci fəsildə hansı maraqlı məqamlar qeyd olunub? (Həmçinin şəklə baxın.)

14 Gəlin bu hadisədəki bəzi maraqlı məqamlara fikir verək. Diqqət yetirin, İsa yaslı ananı gördü və sonra «ona yazığı gəldi» (Luka 7:13). Deməli, o gördü ki, yaslı qadın ağlaya-ağlaya mafənin önündə gedir və bunu görəndə onun halına acıdı. Amma İsa sadəcə ananın yanından ötüb keçmədi. Həm də şəfqət göstərdi. Həmin ana ilə danışdı və ürək-dirək verib dedi: «Ağlama». Sonra isə bir şey etdi: oğlanı dirildib «anasına verdi» (Luka 7:14, 15).

15. İsanın göstərdiyi möcüzədən nə öyrənirik?

15 İsanın göstərdiyi bu möcüzədən nə öyrənirik? Öyrənirik ki, yaslı insanlara şəfqət göstərməliyik. Təbii ki, biz İsa kimi ölüləri dirildə bilmərik, amma müşahidəçi olub, ürəyimizdə yaslı insana qarşı şəfqət oyada bilərik. Daha sonra şəfqəti əməldə göstərib, hansısa sözümüzlə ona təsəlli verə bilərik və ya başqa cür kömək edə bilərik d (Məs. 17:17; 2 Kor. 1:3, 4; 1 But. 3:8). Hətta sadə bir sözümüzün və ya hərəkətimizin insana böyük köməyi dəyə bilər.

16. Səhnələşdirilmiş şəkildə təzəlikcə övladını itirmiş ananın hadisəsindən nə öyrənirsiniz?

16 Bir hadisəyə nəzər salaq. Bir neçə il bundan öncə ibadət evində nəğmə oxunan zaman bir bacı fikir verir ki, bir ana ağlayır. Nəğmə dirilmə ümidi barədə idi. Həmin ananın təzəlikcə qızı ölmüşdü. Ona görə də bacı tez onun yanına gedir, onu qucaqlayır və nəğmənin qalanını onunla birgə oxuyur. Ana daha sonra belə demişdi: «Ürəyimdə bacı-qardaşlara sevgim aşıb-daşdı. Biz köməyi məhz burada — ibadət evində ala bilərik». O həmin gün yığıncağa gəldiyinə görə çox sevinirdi. Yehova pərişan insanlara şəfqət göstərməyimizi, hətta onlar üçün etdiyimiz ən xırda şeyləri belə görür və qiymətləndirir (Zəb. 34:18).

MÖCÜZƏLƏRİ ARAŞDIRIB, İMANINIZI MÖHKƏMLƏNDİRİN

17. Bu məqalədən nə öyrəndik?

17 Müjdələrdən İsanın möcüzələri barədə araşdırsaq, imanımızı möhkəmləndirən çox şey öyrənə bilərik. Bu möcüzələrdən görürük ki, Yehova və İsa bizi çox sevir, İsa bütün bəşəriyyətin problemlərini həll etməyə qadirdir və tezliklə Padşahlığın hakimiyyəti altında Allahın vəd etdiyi nemətləri alacağıq. Bu möcüzələri araşdırarkən yaxşı olar ki, İsanın xüsusiyyətlərini necə əks etdirə biləcəyimiz haqda düşünək. Bəlkə, fərdi mütaliənizdə və ya ailəvi ibadət zamanı İsanın digər möcüzələrini də nəzərdən keçirəsiniz? Görün bu möcüzələrdən nə öyrənirsiniz, sonra isə öyrəndiklərinizi başqaları ilə bölüşün. Belə etsəniz, insanlarla maraqlı söhbətləriniz alınacaq (Rom. 1:11, 12).

18. Növbəti məqalədə nə haqda danışacağıq?

18 Xidmətinin sonuna yaxın İsa daha bir nəfəri diriltdi. Bu, Müjdələrdə yazılmış üç dirilmə hadisəsindən sonuncusu idi. Amma həmin möcüzə digərlərindən fərqlənirdi. Bu dəfə İsa dörd günün ölüsü olan bir yaxın dostunu diriltmişdi. Onun bu möcüzəsindən nə öyrənirik? Dirilmə ümidinə imanımızı necə möhkəmləndirə bilərik? Növbəti məqalədə bu suallara cavab tapacağıq.

NƏĞMƏ 20 Əziz Oğlunu qurban verdin

a O, güclü fırtınanı ram edir, xəstələri sağaldır və ölüləri dirildirdi. İsanın möcüzələri barədə oxuyanda adam heyrətə gəlir! Bu möcüzələr Müqəddəs Kitabda bizi əyləndirmək üçün yazılmayıb, onlardan çox şey öyrənə bilərik. Gəlin görək bu möcüzələr Yehovaya və İsaya imanımızı necə artırır və özümüzdə hansı xüsusiyyətləri yetişdirməliyik.

b Bir Müqəddəs Kitab alimi deyir: «Şərqdə qonaqpərvərlik göstərmək müqəddəs borc hesab olunurdu və süfrəyə hər şey artıqlaması ilə qoyulurdu. Əsas da toyda əsl qonaqpərvər insanın süfrəsi bol olmalı idi».

c Müjdələrdə İsanın 30-dan çox möcüzəsindən bəhs olunur. Bundan əlavə, onun bir çox möcüzəsi ümumiləşdirilib yazılıb. Məsələn, bir dəfə «bütün şəhər» onun yanına gəlmişdi və o, «müxtəlif azarı olan xəstələri» sağaltmışdı (Mark 1:32—34).

d «Gözətçi qülləsi»nin 2016-cı il 3 nömrəli sayında yerləşən «Yaslılara dayaq olun» adlı məqalədə yaslı insana təsəlli verməklə bağlı məsləhətlər var.

e ŞƏKLİN İZAHI. İsa qıraqda dayanıb, bəylə gəlin və qonaqlar əla şərab içir.