Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 16

«Qardaşın diriləcək»!

«Qardaşın diriləcək»!

«İsa [Martaya] dedi: “Qardaşın diriləcək”» (YƏH. 11:23).

NƏĞMƏ 151 Yehova çağıracaq

İCMAL a

1. Bir uşaq dirilməyə olan imanını hansı sözlərlə göstərmişdi?

 METYU adlı bir oğlanın səhhətində ciddi problem var idi və o, bir neçə dəfə əməliyyat olunmalı idi. Bir dəfə onlar ailəlikcə JW televiziyasının aylıq proqramına baxırdılar. Həmin vaxt Metyunun yeddi yaşı var idi. Proqramın sonuna yaxın musiqili video göstərildi. Video dirilmə zamanı ölən əzizlərimizi qarşılamaqla bağlı idi b. Proqram qurtarandan sonra Metyu valideynlərinə yaxınlaşdı və əllərindən tutaraq dedi: «Ana, ata, görürsünüz? Mən ölsəm də diriləcəyəm. Məni gözləyərsiniz. Hər şey yaxşı olacaq». Təsəvvür edirsiniz, Metyunun valideynləri dirilmənin oğulları üçün bu qədər real olduğunu görəndə hansı hissləri keçirmişdilər?!

2, 3. Nəyə görə dirilmə ümidi barədə düşünməliyik?

2 Yaxşı olardı ki, vaxtaşırı hər birimiz dirilmə ümidi barədə düşünək (Yəh. 5:28, 29). Nəyə görə? Çünki həyatda nə ilə üzləşəcəyimizi bilmirik. Ola bilsin, ciddi xəstəliyə tutulaq və ya əziz adamımızı qəfil itirək (Vaiz 9:11; Yaq. 4:13, 14). Dirilməyə ümid bizə bu cür çətinliklərə dözməyə kömək edəcək (1 Salon. 4:13). Bu ümidimiz nəyə əsaslanır? Müqəddəs Kitabı oxuyanda əmin oluruq ki, səmavi Atamız bizi çox yaxşı tanıyır və bizə dərin məhəbbət bəsləyir (Luka 12:7). Yehova bizi yaxşı tanımasa, bizi eyni xasiyyətlə və eyni xatirələrlə necə həyata qaytara bilər? Həmçinin görün Yehova bizi nə qədər sevir ki, bizə əbədi yaşamaq imkanı verib. Hətta ölsək belə O bizi dirildəcək.

3 Bu məqalədə öyrənəcəyik ki, dirilmənin olacağına nəyə görə inana bilərik. Sonra isə imanımızı möhkəmləndirən bir hadisəyə nəzər salacağıq. Məqalənin əsas ayəsində yazılan «Qardaşın diriləcək» sözləri məhz həmin hadisədən götürülüb (Yəh. 11:23). Sonda müzakirə edəcəyik ki, dirilməyə ümidimizin daha real olması üçün nə edə bilərik.

DİRİLMƏYƏ İNANMAĞIMIZIN SƏBƏBLƏRİ

4. Kiminsə sözünün üstündə duracağına inanmaq üçün nəyə əmin olmalıyıq? Nümunə çəkin.

4 Kiminsə sözünün üstündə duracağını necə bilmək olar? Bunun üçün əmin olmalıyıq ki, o, bunu etməyi ürəkdən istəyir və buna qadirdir. Gəlin bir nümunəyə baxaq. Təsəvvür edin ki, qasırğa evinizə güclü zərər yetirib. Bir dostunuz sizə söz verib deyir: «Ürəyini sıxma, evi təmir etməyə sənə kömək edəcəyəm». Dostunuz bu sözləri səmimi-qəlbdən deyir. Buna görə də əminsiniz ki, sizə kömək etməyi ürəkdən istəyir. Əgər o, təcrübəli bənnadırsa və lazımi alətləri varsa, bilirsiniz ki, o, bunu bacarar. Siz onun sözünə inanırsınız. Bəs Allahın dirilmə vədi barədə nə demək olar? Yehova ölüləri diriltməyi doğrudan da istəyir? O, buna qadirdir?

5, 6. Yehovanın ölüləri diriltmək istədiyinə nəyə görə əminik?

5 Yaradanımız ölüləri diriltmək istəyir? Əlbəttə. O, Müqəddəs Kitabın bir neçə yazarına ölüləri dirildəcəyi ilə bağlı vədini yazdırıb (Əşy. 26:19; Huşə 13:14; Vəhy 20:11—13). Yehova söz verəndə onu yerinə yetirir, O, sözünün ağasıdır (Yuş. 23:14). Allahımız ölüləri həyata qaytaracağı günü həsrətlə gözləyir. Bunu haradan bilirik?

6 Gəlin Əyyub peyğəmbərin sözlərinə nəzərə salaq. O əmin idi ki, ölsə belə Yehova onu dirildəcəyi günün həsrətini çəkəcək (Əyy. 14:14, 15). Yehova bütün ölən xidmətçilərinə eyni hissləri bəsləyir. Yehova onları xoşbəxt, sağlam həyata qaytarmağı arzulayır. Bəs Onu tanımadan ölən milyardlarla insan barədə nə demək olar? Allahımızın onlarla bağlı niyyəti nədir? Məhəbbətli Yaradanımız onları da həyata qaytaracaq (Həv. 24:15). Yehova istəyir ki, həmin insanların da onunla dost olmaq, yer üzündə əbədi yaşamaq fürsəti olsun (Yəh. 3:16). Gördüyümüz kimi, Yehova ölüləri diriltməyi çox istəyir.

7, 8. Yehovanın ölüləri diriltməyə qadir olduğuna nəyə görə əminik?

7 Bəs Yehova ölüləri diriltməyə qadirdir? Əlbəttə. Axı O, Qüdrət Sahibidir (Vəhy 1:8). O, istənilən düşməni, hətta ölümü məhv etməyə qadirdir (1 Kor. 15:26). Bunu bilmək bizi qüvvətləndirir, rahatlıq verir. Gəlin Emma Arnold adlı bacının nümunəsinə baxaq. O və ailəsi İkinci Dünya müharibəsi zamanı güclü iman sınağı ilə üzləşmişdilər. Emma əzizlərinin ölümünə görə pərişan olan qızına təsəlli vermək üçün belə demişdi: «Əgər ölüm əbədi olsaydı, o, Allahdan da güclü olardı». Təbii ki, Allahdan güclü heç nə ola bilməz! Qadir Allahımız həyatı yaratdığı kimi, ölüləri yenidən həyata qaytarmağa da qadirdir.

8 Yehovanın ölüləri diriltməyə qadir olduğunu sübut edən başqa bir amil də var: Onun yaddaşının həddi-hüdudu yoxdur. Yehova ulduzların hər birini adı ilə çağırır (Əşy. 40:26). Eynilə ölən kəslərin də heç birini unutmur (Əyy. 14:13; Luka 20:37, 38). Dirildəcəyi kəslərlə bağlı hər şey — həm genetik kodları, həm həyatda yaşadıqları, həm də xatirələri xırdalığına kimi Onun yaddaşındadır.

9. Yehovanın dirilmə vədinə nəyə görə inanırsınız?

9 Gördüyümüz kimi, Yehovanın gələcəkdə ölüləri dirildəcəyinə tam əmin ola bilərik. Çünki O, bunu həm istəyir, həm də buna qadirdir. Bu vədə inanmaq üçün daha bir əsasımız var: O, qədimdə ölüləri dirildib. Yehova bir neçə mömin insana, eləcə də İsaya ölüləri diriltmək qabiliyyəti vermişdi. Gəlin Yəhya 11-ci fəsildə yazılan bir dirilmə hadisəsinə baxaq.

İSANIN ƏZİZ DOSTU ÖLÜR

10. İsa İordanın o tayında olanda Beytaniyyədə nə baş verir və o nə edir? (Yəhya 11:1—3).

10 Yəhya 11:1—3 ayələrini oxuyun. Eramızın 32-ci ilinin sonlarıdır. İsanın yaxın dostları — İlazər və onun iki bacısı Məryəmlə Marta Beytaniyyədə yaşayır (Luka 10:38—42). İlazər bərk xəstələnir və bacıları buna görə çox narahatdır. Onlar İsaya xəbər göndərirlər. Həmin vaxt İsa İordanın o tayında Beytaniyyədən iki günlük uzaqlıqda idi (Yəh. 10:40). Təəssüf ki, xəbər İsaya gəlib çatanda İlazər ölür. Amma İsa dostunun öldüyünü bilsə də, daha iki gün olduğu yerdə qalır. Sonra isə Beytaniyyəyə gedir. İsa ora çatanda İlazər artıq dörd gün idi ki ölmüşdü. Orada İsa dostları üçün bir şey edir və bununla Yehovanı da ucaldır (Yəh. 11:4, 6, 11, 17).

11. Bu hadisədən dostluqla bağlı nə öyrənirik?

11 Bu hadisədən dostluqla bağlı vacib bir dərs öyrənirik. Fikir verin ki, Məryəmlə Marta İsaya xəbər göndərəndə ondan Beytaniyyəyə gəlməsini xahiş etmədilər. Sadəcə əziz dostunun xəstə olduğunu dedilər (Yəh. 11:3). İlazər öləndə İsa onu uzaqdan da dirildə bilərdi. Amma o, Məryəmlə Martanın yanında olmaq üçün Beytaniyyəyə getdi. Bəs sizin elə bir dostunuz varmı ki, ondan xahiş etmədən dadınıza çatsın? Əgər belə dostunuz varsa, arxayınsınız ki, dar gündə ona arxalana bilərsiniz (Məs. 17:17). Gəlin İsa kimi, biz də başqaları üçün belə bir dost olaq. İndi isə baxaq görək hadisənin davamında nə baş verir.

12. İsa Martaya nə söz verdi və nəyə görə bu, boş söz deyildi? (Yəhya 11:23—26).

12 Yəhya 11:23—26 ayələrini oxuyun. Marta xəbər tutur ki, İsa Beytaniyyənin yaxınlığındadır. O, dərhal İsanın yanına gedir və belə deyir: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi» (Yəh. 11:21). Düzdür, İsa İlazəri sağalda bilərdi. Amma o, daha əlamətdar bir şey etmək istəyirdi. İsa ona belə bir söz verir: «Qardaşın diriləcək». Sözünün əsassız olmadığını göstərmək üçün isə belə deyir: «Dirilmə və həyat mənəm». Bəli, Yehova İsaya həyat və ölüm üzərində səlahiyyət verib. Bundan əvvəl İsa bir qızı və bir oğlanı diriltmişdi. Qızı ölümündən çox keçməmiş, oğlanı isə, görünür, öldüyü gün diriltmişdi (Luka 7:11—15; 8:49—55). Bəs İsa dörd gündür ölü olan və bədəni artıq çürüməyə başlayan insanı dirildə bilər?

«İLAZƏR, ÇÖLƏ ÇIX!»

İsa yaslı dostlarının dərdinə şərik idi (13 və 14-cü abzaslara baxın)

13. Yəhya 11:32—35 ayələrinə əsasən, İsa Məryəmin və başqalarının ağladığını görəndə nə etdi? (Həmçinin şəklə baxın.)

13 Yəhya 11:32—35 ayələrini oxuyun. Gəlin görək sonra nə baş verir. İlazərin o biri bacısı Məryəm İsanı qarşılamağa gedir. O da bacısının dediyini deyir: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». Məryəm və oradakı insanlar matəm içində idilər. Onların üzündəki acını, gözlərindəki yaşı görəndə İsa çox kədərləndi. Dostlarının halına o qədər acıdı ki, göz yaşlarını saxlaya bilmədi. İsa yaxınını itirməyin necə böyük bir dərd olduğunu çox yaxşı başa düşür. Buna görə də o, göz yaşlarımıza səbəb olan ölümü aradan qaldırmağın həsrətindədir.

14. İsanın Məryəmin ağladığını görüb ağlamasından Yehova haqda nə öyrənirik?

14 Məryəmin ağladığını görüb İsanın da ağlaması göstərir ki, Yehova rəhmli Allahdır. Nəyə görə belə deyə bilərik? Keçən məqalədən də gördüyümüz kimi, İsa Atasının düşüncə və hisslərini mükəmməl surətdə əks etdirir (Yəh. 12:45). İsa dərdli dostlarını görəndə onların halına o qədər acıdı ki, hətta ağladı. Deməli, bizim kədər göz yaşlarımızı görəndə Yehovanın da bizə görə ürəyi yanır (Zəb. 56:8). Bunu biləndə insan rəhmli Allahımız Yehovaya daha da yaxın olmaq istəyir.

İsanın ölüm üzərində səlahiyyəti var (15 və 16-cı abzaslara baxın)

15. Yəhya 11:41—44 ayələrinə əsasən, İlazərin sərdabəsinin yanında nələr baş verir? (Həmçinin şəklə baxın.)

15 Yəhya 11:41—44 ayələrini oxuyun. İsa İlazərin qoyulduğu sərdabəyə yaxınlaşır və buyurur ki, daşı kənara çəksinlər. Marta İsanı fikrindən daşındırmağa çalışır. Deyir ki, İlazərin cəsədi, yəqin, indiyə iylənər. Ancaq İsa ona deyir: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?» (Yəh. 11:39, 40). İsa hamının qarşısında göyə baxıb ucadan dua edir. O, bundan sonra baş verəcək hadisələrə görə bütün şərəfi Yehovaya vermək istəyir. Sonra isə ucadan çağırır: «İlazər, çölə çıx!» Həmin vaxt İlazər sərdabədən çölə çıxır. Bununla İsa qeyri-mümkün görünən bir şeyi mümkün edir.

16. Yəhya 11-ci fəsildəki hadisə dirilməyə imanımızı necə möhkəmləndirir?

16 Yəhya 11-ci fəsildə yazılan bu hadisə bizim dirilməyə olan imanımızı möhkəmləndirir. Necə? İsanın Martaya verdiyi sözü yadımıza salaq: «Qardaşın diriləcək» (Yəh. 11:23). Atası kimi, İsanın da o vədi yerinə yetirməyə həm istəyi, həm də gücü var idi. İsanın göz yaşları sübut etdi ki, onun bu istəyi güclüdür. O, ölümə və ölümün insanlara gətirdiyi ağrı-acıya son qoymaq arzusundadır. İlazər sərdabədən çıxanda İsa bir daha sübut etdi ki, ölüləri diriltməyə qadirdir. Həmçinin İsanın Martaya dediyi sözlər üzərində düşünün: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?» (Yəh. 11:40). Bizim dirilmə vədinin gerçəkləşəcəyinə inanmağımız üçün əsaslı sübutlarımız var. Bəs dirilməyə olan ümidimizin daha da real olması üçün nə edə bilərik?

DİRİLMƏ ÜMİDİNƏ İMANINIZI MÖHKƏMLƏNDİRİN

17. Müqəddəs Kitabdakı dirilmə hadisələrini oxuyarkən nələrin üzərində düşünməliyik?

17 Dirilmə hadisələrini oxuyun və üzərində düşünün. Müqəddəs Kitabda yer üzündə yaşamaq üçün dirildilən səkkiz nəfərin hadisəsi var c. Bəlkə, bu hadisələrin hər birini diqqətlə araşdırasınız? Onları araşdırdıqca unutmayın ki, həmin insanlar gerçək şəxslər idi. Onların arasında kişilər, qadınlar və uşaqlar var idi. Həmin hadisələrdən nə öyrənə biləcəyiniz barədə düşünün. Görün hər hadisə Yehovanın ölüləri diriltmək istədiyini və buna qadir olduğunu necə sübut edir. Ən əsası isə İsanın dirilməsi barədə düşünün. Çünki bu, baş vermiş ən vacib dirilmə hadisəsidir. Unutmayın ki, onun dirilməsinə yüzlərlə insan şahid olub və bu bizim dirilməyə olan imanımızı möhkəmləndirməyə əsas verir (1 Kor. 15:3—6, 20—22).

18. Dirilmə ümidi ilə bağlı nəğmələrdən necə faydalana bilərsiniz? (Həmçinin haşiyəyə baxın.)

18 Dirilmə ilə bağlı «ruhani nəğmələr» oxuyun və üzərində düşünün d (Efes. 5:19). Bu nəğmələr dirilməyə ümidimizi daha real edir və bu möhtəşəm ümidə olan imanımızı möhkəmləndirir. Onlara qulaq asın, oxuyub məşq edin və ailəvi ibadətinizdə nəğmənin sözlərini müzakirə edin. Həmçinin nəğmənin sözlərini əzbərləyin və onu ürəyinizə həkk edin. Belə etsəniz, sınaqlarla üzləşəndə və ya əziz adamınızı itirəndə Yehova müqəddəs ruhu ilə bu nəğmələri sizin yadınıza salacaq və onlardan güc, təsəlli alacaqsınız.

19. Dirilmə ilə bağlı nələri xəyalınızda canlandıra bilərsiniz? (« Onlardan nə soruşacaqsınız?» adlı çərçivəyə baxın.)

19 Təxəyyülünüzü işə salın. Yehova bizə özümüzü yeni dünyada təsəvvür etmək bacarığı verib. Bir bacı deyir: «Özümü yeni dünyada o qədər təsəvvür etmişəm ki, sanki oradakı qızılgüllərin ətrini duyuram». Qədimdə yaşayan mömin kişi və qadınlarla görüşəcəyiniz günü təsəvvür edin. Siz kiminlə görüşmək arzusundasınız? Ona hansı sualları verəcəksiniz? Həmçinin vəfat etmiş doğmalarınızla görüşəcəyiniz günü təsəvvür edin. Onlara deyəcəyiniz ilk sözü, qucaqlaşacağınız anı və sevinc göz yaşlarınızı xəyalınızda canlandırın.

20. Nəyə qəti qərarlı olmalıyıq?

20 Bizə dirilmə ümidi bəxş etdiyinə görə Yehovaya şükürlər olsun! Əmin ola bilərik ki, bu vəd gerçəkləşəcək. Çünki Yehova bunu həm istəyir, həm də buna qadirdir. Gəlin bu dəyərli vədə imanımızı daim möhkəmləndirək. Belə etsək, Allahımıza daha yaxın olacağıq. O Allaha ki, hər birimizə belə bir söz verir: «Doğman diriləcək».

NƏĞMƏ 147 Əbədi həyat vədi

a Əgər yaxınınız vəfat edibsə, yəqin, dirilmə ümidi sizə təsəlli verir. Bəs başqalarına dirilməyə inandığınızı necə izah edərdiniz? Dirilməyə ümidinizin daha real olması üçün nə edə bilərsiniz? Bu məqalənin məqsədi bizə bu sahədə kömək etməkdir.

b Bu musiqili video «Yeni dünya yaxındır» adlanır; video JW televiziyasının 2016-cı il noyabr buraxılışında yer alır.

c «Gözətçi qülləsi» jurnalının 2015-ci il 1 avqust sayının 4-cü səhifəsində yerləşən «Müqəddəs Kitabdakı səkkiz dirilmə hadisəsi» adlı çərçivəyə (türk.) baxın.

d «Yehovanı şövqlə tərənnüm edin» kitabından növbəti nəğmələri oxuya bilərsiniz: «Özünü yeni dünyada təsəvvür et» (nəğmə 139), «Gözün mükafatda olsun!» (nəğmə 144), «Yehova çağıracaq» (nəğmə 151). Həmçinin jw.org saytında olan növbəti mahnıları oxuya bilərsiniz: «Yeni dünya yaxındır» adlı iki mahnı«Cənnətə səyahət» mahnısı.