Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 18

Yığıncaqda bir-birinizi ruhlandırın

Yığıncaqda bir-birinizi ruhlandırın

«Gəlin bir-birimizə qarşı diqqətli olub… bir-birimizi ruhlandıraq» (İBR. 10:24, 25).

NƏĞMƏ 88 Mənə yollarını öyrət

İCMAL a

1. Yığıncaqlarda nəyə görə şərhlər veririk?

 BİZ yığıncağa niyə gəlirik? Əvvəla, Yehovanı ucaltmaq üçün (Zəb. 26:12; 111:1). Həmçinin bu çətin dövrdə bir-birimizi möhkəmləndirmək üçün (1 Salon. 5:11). Əl qaldırıb şərh verməklə hər iki məqsədə çatmış oluruq.

2. Yığıncaqda nə vaxt şərh verə bilərik?

2 Bizim hər həftə yığıncaqlarda şərh vermək imkanımız olur. Məsələn, həftəsonu «Gözətçi qülləsi»nin müzakirəsində. Həftəiçi görüşlərdə isə «Hikmət xəzinəsindən incilər», «Müqəddəs Kitab dərsi» və müzakirə üçün olan digər bəndlərdə şərh verə bilərik.

3. Şərh verməklə bağlı hansı çətinliyimiz ola bilər? İbranilərə 10:24, 25 ayələri bu sahədə bizə necə kömək edə bilər?

3 Hər birimiz Yehovanı ucaltmaq və dindaşlarımızı möhkəmləndirmək istəyirik. Amma bəzən şərh vermək çətin olur. Həyəcanlandığımız üçün şərh verə bilmirik, yaxud şərh verməyi çox istəyirik, amma əlimizi qaldıranda bəzən qardaşlar bizə söz vermir. Bəs bu çətinliklərin öhdəsindən necə gələ bilərik? Həvari Bulusun ibranilərə yazdığı məktubda bu suala cavab verilir. Həmin məktubda o, birgə yığışmağın vacibliyini vurğulayır və deyir ki, əsas məqsədimiz bir-birimizi ruhlandırmaq olmalıdır. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Əgər yadda saxlasaq ki, sadə şərhlərimizlə də bir-birimizi ruhlandıra bilərik, onda şərh verməkdən çəkinməyəcəyik. Digər tərəfdən də, istədiyimiz qədər şərh verə bilməsək də, sevinəcəyik ki, başqaları daha çox şərh verə bildi (1 But. 3:8).

4. Bu məqalədə hansı üç məqamdan danışılacaq?

4 Adətən balaca yığıncaqlarda şərh verənlərin sayı az olur. Böyük yığıncaqlarda isə əksinə, çox adam əl qaldırır. Bu məqalədə öyrənəcəyik ki, hər iki halda bir-birimizi necə ruhlandıra bilərik. Sonda isə öyrənəcəyik ki, şərhlərimizin ruhlandırıcı olması üçün nə edə bilərik.

BALACA YIĞINCAQDA BİR-BİRİNİZİ RUHLANDIRIN

5. Əgər görüşdə iştirak edənlərin sayı azdırsa, bir-birimizi necə ruhlandıra bilərik?

5 Balaca yığıncaqda və ya qrupda şərh verənlərin sayı elə də çox olmur. Hətta bəzən görüşü aparan qardaş gözləyir ki, kimsə əl qaldırsın. Bu zaman adama elə gələ bilər ki, görüş qurtarmaq bilmir. Belə halda çətin ki kimsə görüşdən ruhlansın. Bəs siz öz tərəfinizdən nə edə bilərsiniz? Çalışın tez-tez əl qaldırasınız. Onda başqaları da sizə baxıb şərh verməyə həvəslənəcək.

6, 7. Şərh verərkən həyəcanımızı necə azalda bilərik?

6 Şərh verməyin adı gələndə həyəcan sizi bürüyür? Bu hiss çoxlarında olur. Amma bacı-qardaşları ruhlandırmaq naminə, bəlkə, həyəcanınızı azaltmaq üçün hansısa yollar tapasınız? Bunu necə etmək olar?

7 «Gözətçi qülləsi»nin köhnə saylarından gözəl məsləhətlər tapa bilərsiniz b. Məsələn, yaxşı hazırlaşın (Məs. 21:5). Mövzuya yaxşı hazırlaşanda şərh vermək insana daha asan olur. Həmçinin qısa şərhlər verin (Məs. 15:23; 17:27). Qısa şərh verəndə insan o qədər də həyəcanlanmır. Bacı-qardaşlar üçün qısa, məsələn, bir-iki cümlədən ibarət olan şərhləri başa düşmək daha asan olur, nəinki uzun-uzadı, özünə çoxlu fikir daxil edən şərhləri. Öz sözlərinizlə qısa şərhlər versəniz, göstərəcəksiniz ki, yaxşı hazırlaşmısınız və mövzu barədə anlayışınız var.

8. Əlinizdən gələni etdiyinizi görəndə Yehova hansı hissləri keçirir?

8 Yuxarıda verilən məsləhətlərə əməl etsəniz də, ola bilsin, yenə də stres keçirirsiniz, bir-iki dəfədən artıq şərh verə bilmirsiniz. Bu zaman əmin ola bilərsiniz ki, Yehova əlinizdən gələni etdiyinizi görür və qiymətləndirir (Luka 21:1—4). Əlinizdən gələni etmək gücünüz çatmayan şeyi etmək demək deyil (Filip. 4:5). Nə edə biləcəyinizi müəyyən edin, onu etmək üçün məqsəd qoyun və Yehovaya dua edin ki, sizə həyəcanınızı boğmağa kömək etsin. Kimisi üçün ilk məqsəd bir qısa şərh vermək ola bilər.

BÖYÜK YIĞINCAQDA BİR-BİRİNİZİ RUHLANDIRIN

9. Böyük yığıncaqlarda hansı çətinlik olur?

9 Əgər yığıncağınızda təbliğçilərin sayı çoxdursa, sizin də başqa çətinliyiniz ola bilər. Ola bilsin, o qədər bacı-qardaş əl qaldırır ki, sizə tək-tük söz verilir. Məsələn, Daniella c adlı bir bacı yığıncaqda şərh verməyi çox xoşlayır. O başa düşür ki, şərh vermək ibadətin bir hissəsidir, bu yolla Müqəddəs Kitab həqiqətləri ürəyində daha dərin kök salır və bacı-qardaşları ruhlandırır. Amma Daniella böyük yığıncağa keçəndə əvvəlki qədər şərh verə bilmirdi. Bəzən isə bütün yığıncaq boyu bir dəfə də olsun ona söz verilmirdi. O deyir: «Çox dilxor olurdum. Elə hiss edirdim ki, sanki məni böyük bir şərəfdən məhrum ediblər. Bu hal dəfələrlə təkrarlananda adama elə gəlir ki, qardaş bunu qəsdən edir».

10. Nə etsək, şərh vermək imkanımız daha çox olar?

10 Daniella bacının hissləri sizə tanışdır? Elədirsə, bəlkə də, ağlınızdan keçir ki, daha şərh verməyəsiniz, oturub sadəcə görüşə qulaq asasınız. Amma belə etməyin. Əksinə, şərh verməyə cəhd edin. Hər görüşə bir neçə şərh hazırlayın. Belə etsəniz, əvvəldə sizə söz verilməsə də, görüş boyu hələ də şərh vermək imkanınız olacaq. «Gözətçi qülləsi»nin təlim nəşrinə hazırlaşanda hər abzasın məqalənin əsas mövzusu ilə necə əlaqəli olduğu barədə düşünün. Onda müzakirə boyu şərh vermək üçün həmişə fikriniz olacaq. Bundan əlavə, bəzi abzaslarda dərin təlimlər müzakirə olunur və onları izah etmək daha qəlizdir (1 Kor. 2:10). Həmin abzaslara şərh hazırlaya bilərsiniz. Çünki adətən belə abzaslara əl qaldıranların sayı az olur. Bəlkə də, bütün bu məsləhətlərə əməl etsəniz də, artıq neçə görüşdür ki, şərh verə bilməmisiniz. Bu zaman nə etmək olar? Görüşdən əvvəl bəndi aparacaq qardaşa yaxınlaşıb hansı suala cavab vermək istədiyinizi deyə bilərsiniz.

11. Filippililərə 2:4 ayəsi bizi nəyə təşviq edir?

11 Filippililərə 2:4 ayəsini oxuyun. Həvari Bulus Allahdan ilham alaraq məsihiləri təşviq etmişdi ki, başqalarını da fikirləşsinlər. Yığıncaq görüşləri zamanı bu məsləhətə necə əməl edə bilərik? Bizim kimi başqalarının da şərh vermək istədiyini unutmamalıyıq.

Söhbət zamanı başqalarına danışmağa imkan verdiyimiz kimi, yığıncaqda da başqalarına şərh verməyə imkan verməliyik (12-ci abzasa baxın)

12. Yığıncaqda başqalarını ruhlandırmağın bir yolu hansıdır? (Həmçinin şəklə baxın.)

12 Gəlin belə bir nümunə barədə düşünək. Dostlarınızla söhbət edəndə ancaq siz danışırsınız, yoxsa imkan verirsiniz ki, onlar da danışsın? Təbii ki, istəyərdiniz ki, onlar da söhbətə qoşulsunlar. Eynilə yığıncaqlarda da istəyərdik ki, daha çox adam şərh versin. Əslində, bacı-qardaşları ruhlandırmağın ən yaxşı yollarından biri onlara imanlarını ifadə etməyə imkan verməkdir (1 Kor. 10:24). Gəlin görək bunu necə edə bilərik.

13. Görüş zamanı daha çox adamın şərh verməsinə necə imkan yarada bilərik?

13 Əvvəla, həmişə çalışın qısa şərh verəsiniz, onda başqalarına da şərh verməyə vaxt qalacaq. Ağsaqqallar və təcrübəli təbliğçilər bu sahədə nümunə olmalıdırlar. Qısa şərh verəndə belə, çalışın çox fikrə toxunmayasınız. Əgər abzasdakı bütün fikirləri vurğulasanız, onda başqalarına deməyə söz qalmayacaq. Bu abzasda iki tövsiyə verildi: çalışın şərhləriniz qısa olsun və çox fikrə toxunmayın. Əgər bu abzasa ilk şərhi siz versəniz, bəlkə, bu iki məqamdan yalnız birini vurğulayasınız?

Əlinizi qaldırmamaq nə vaxt yaxşı olardı? (14-cü abzasa baxın) f

14. Əlimizi neçə dəfə qaldıracağımıza qərar verərkən nəyi nəzərə almalıyıq? (Həmçinin şəklə baxın.)

14 Həmçinin hikmətli olun, nə qədər əl qaldırdığınıza fikir verin. Əlinizi tez-tez qaldırsanız, görüşü aparan qardaş özünü məcbur biləcək ki, hər dəfə sizə söz versin. Onda siz bir neçə dəfə şərh verdiyiniz halda, başqaları heç şərh verməyəcək. Nəticədə onlar ruhdan düşüb, əllərini heç qaldırmayacaqlar (Vaiz 3:7).

15. a) Görüşü aparan qardaş bizə söz verməsə, buna necə yanaşmalıyıq? b) Görüşü aparan qardaşa hər kəsi nəzərə almağa nə kömək edə bilər? (« Görüşü aparanlara» adlı çərçivəyə baxın.)

15 Ola bilsin, müzakirə zamanı çox adam əl qaldırdığı üçün istədiyiniz qədər şərh verə bilməyəsiniz. Hətta bəzən ola bilər ki, sizə heç söz verilməsin. Bu, xoş deyil. Amma çalışmalıyıq ki, həmin qardaşın bizimlə qəsd-qərəzliyi olduğunu düşünməyək (Vaiz 7:9).

16. Şərh verənləri necə ruhlandıra bilərik?

16 Əgər istədiyiniz qədər şərh verə bilmirsinizsə, bəlkə, başqalarının şərhlərini diqqətlə dinləyəsiniz və görüşdən sonra onları şərhlərinə görə tərifləyəsiniz? Sizin tərif sözləriniz bacı-qardaşları vermək istədiyiniz şərh qədər ruhlandıra bilər (Məs. 10:21). Tərifləmək də bir-birimizi ruhlandırmağın yoludur.

BİR-BİRİMİZİ RUHLANDIRMAĞIN DİGƏR YOLLARI

17. a) Valideynlər uşaqlarına yaşlarına uyğun şərhlər hazırlamağa necə kömək edə bilərlər? b) Videoya əsasən, şərh hazırlayanda hansı dörd addımı atmaq lazımdır? (Haşiyəyə baxın.)

17 Yığıncaqlarda bir-birimizi ruhlandırmağın başqa hansı yolu var? Əgər valideynsinizsə, uşaqlarınıza yaşlarına uyğun şərhlər hazırlamağa kömək edin (Mət. 21:16). Bəzən ər-arvad problemləri və ya əxlaq məsələləri kimi ciddi mövzular müzakirə olunur. Amma bu zaman da uşaqların şərh verə biləcəyi bir-iki abzas tapmaq olar. Həmçinin uşaqlarınıza izah edin ki, hər əl qaldıranda onlara söz veriləcəyini düşünməsinlər. Onda onların yerinə başqasına söz veriləndə məyus olmayacaqlar (1 Tim. 6:18) d.

18. Şərh verərkən diqqəti özümüzə çəkməmək üçün nə edə bilərik? (Məsəllər 27:2).

18 Hər birimiz öz şərhlərimizlə Yehovanı ucalda və dindaşlarımızı ruhlandıra bilərik (Məs. 25:11). Hərdənbir öz başımıza gəlmiş hadisədən danışmaq olar. Amma ehtiyatlı olmalıyıq ki, özümüz barədə çox danışmayaq. (Məsəllər 27:2 ayəsini oxuyun; 2 Kor. 10:18.) Əksinə, çalışaq ki, şərhlərimiz əsas etibarilə Yehova, Onun Kəlamı və xalqı ilə bağlı olsun (Vəhy 4:11). Düzdür, əgər sualda öz fikrimizi demək tələb olunursa, bunu edə bilərik. Məsələn, məqalənin növbəti abzasına sual bu qəbildəndir.

19. a) Yığıncaqda başqalarını fikirləşməyimiz hansı nəticələri gətirəcək? (Romalılara 1:11, 12). b) Şərh verməklə bağlı sizin nə xoşunuza gəlir?

19 Şərh verməklə bağlı sərt qaydalar yoxdur, bununla belə, hamımız çalışmalıyıq ki, bir-birimizi ruhlandıraq. Ola bilsin, bunun üçün daha çox şərh verməyimiz lazım gəlsin. Yaxud əksinə, bu o deməkdir ki, nə qədər şərh verməyimizdən asılı olmayaraq, buna qane olacağıq və başqalarının da şərh verdiyinə görə sevinəcəyik. Əgər yığıncaq görüşlərində başqalarını fikirləşsək, onda hamımız bir-birimizi ruhlandıracağıq. (Romalılara 1:11, 12 ayələrini oxuyun.)

NƏĞMƏ 93 Görüşlərimizə xeyir-dua ver

a Yığıncaqda şərhlər verməklə bir-birimizi ruhlandırırıq. Amma bəziləri həyəcanlandığı üçün şərh verə bilmir. Bəziləri isə, əksinə, şərh verməyi xoşlayır və daha çox şərh vermək istəyərdilər. Hər iki vəziyyətdə nə edə bilərik ki, bir-birimizə qarşı diqqətli olub bir-birimizi ruhlandıraq? Şərhlərimizlə dindaşlarımızı məhəbbətə və yaxşı işlərə necə təşviq edə bilərik? Məqalədə bu sualların cavabını tapacağıq.

c Ad şərtidir.

d jw.org saytında «Yehovanın dostu ol. Gəl şərh hazırlayaq» adlı videoya baxın.

f ŞƏKLİN İZAHI. Böyük yığıncaqda olan bir qardaş artıq şərh verib və başqalarına da şərh verməyə imkan yaradır.