TƏLİM MƏQALƏSİ 17
Yehova — gözlənilməz problemlər zamanı dayağımız
«Salehin dərdi-səri çox olar, lakin Yehova onu bütün bəlalardan qurtarar» (ZƏB. 34:19).
NƏĞMƏ 44 Məzlumun duası
İCMAL a
1. Nəyə əminik?
BİZ Yehovanın xalqıyıq. Bilirik ki, O bizi sevir və bizim üçün ən yaxşı həyatı arzulayır (Rom. 8:35—39). Həmçinin əminik ki, Müqəddəs Kitab prinsiplərinə əməl etmək bizim xeyrimizədir (Əşy. 48:17, 18). Bəs gözlənilməz problemlərlə üzləşəndə nə etməliyik?
2. Hansı problemlərimiz olur və bu zaman bizdə hansı suallar yarana bilər?
2 Yehovanın hər bir xidmətçisi çətinliklərlə üzləşir. Məsələn, ola bilsin, ailə üzvümüzün hansısa hərəkəti bizi məyus etsin; sağlamlığımızda yaranan problemə görə Yehovaya istədiyimiz kimi xidmət edə bilməyək; təbii fəlakətdən zərər çəkək; yaxud imanımıza görə təqib olunaq. Bu zaman düşünə bilərik: «Niyə başıma belə bir şey gəldi? Görəsən nəyi səhv etmişəm? Yehova mənə daha kömək etmir?» Nə vaxtsa bu cür hisslər keçirmisiniz? Əgər keçirmisinizsə, ruhdan düşməyin. Yehovanın çox xidmətçisində belə hisslər olub (Zəb. 22:1, 2; Həb. 1:2, 3).
3. Zəbur 34:19 ayəsindən nə öyrənirik?
3 Zəbur 34:19 ayəsini oxuyun. Bu məzmurda iki vacib fikir var: 1) Saleh insanlar problemlərlə üzləşir, 2) Yehova onları bu problemlərdən qurtarır. Necə? Məsələn, həyata real baxmağa kömək edir. Yehova xidmətimizdən sevinc duyacağımıza söz verir, amma bu dünyada həyatımızın problemsiz olacağına zəmanət vermir (Əşy. 66:14). O istəyir ki, biz ümidimizi gələcəyə — vəd etdiyi əbədi həyata bağlayaq (2 Kor. 4:16—18). O vaxta qədər isə Yehova bizə hər gün Ona xidmət etməyə kömək edəcək (Mərs. 3:22—24).
4. Bu məqalədə nəyi araşdıracağıq?
4 Bu gündən sabaha güman yoxdur, istənilən an gözlənilməz problemlərlə üzləşə bilərik. Amma bu məqalədən görəcəyimiz kimi, Yehova Ona arxalanan xidmətçilərinə həmişə dayaq olur. Həm keçmişdəki, həm də bizim dövrümüzdəki imanlı insanların nümunələri bunu aydın göstərir (Zəb. 55:22). Bu nümunələri araşdırdıqca özünüzə növbəti sualları verin: «Mən eyni vəziyyətlə qarşılaşsaydım, necə davranardım? Bu hadisələr Yehovaya etibarımı necə möhkəmləndirir? Nə öyrəndim, nəyi həyatımda tətbiq edə bilərəm?»
QƏDİMDƏ
5. Labanın ucbatından Yaqub nələr çəkdi? (Üz qabığındakı şəklə baxın.)
5 Yehovanın qədimdə yaşamış xidmətçiləri gözləmədikləri çətinliklərlə üzləşmişdilər. Onlardan biri Yaqubdur. Atası ona demişdi ki, dayısı Labanın qızlarından biri ilə evlənsin və onu əmin etmişdi ki, belə davransa, Yehova ona bol mükafat verəcək (Yar. 28:1—4). Çünki Labangil Yehovaya ibadət edirdi. Yaqub doğru qərar verərək Kənan diyarına yollanır. Orada Labanın evinə gedir. Labanın Ləya və Rəhilə adlı iki qızı var idi. Yaqub onun kiçik qızı Rəhiləni görəndə ona bir könüldən min könülə aşiq olur. Hətta onunla evlənməzdən öncə Laban üçün yeddi il işləməyə razı olur (Yar. 29:18). Amma heç də hər şey Yaqubun istədiyi kimi olmur. Laban ona kələk gələrək böyük qızı Ləya ilə evləndirir. O, Yaquba deyir ki, bir həftə sonra Rəhilə ilə də evlənə bilər, amma bir şərtlə ki, onun üçün də yeddi il işləməlidir (Yar. 29:25—27). Laban Yaquba işində də fırıldaq gəlirdi. Ümumilikdə o, Yaqubu nə az, nə çox, düz 20 il ərzində öz maraqları üçün istifadə etmişdi! (Yar. 31:41, 42).
6. Yaqub daha hansı çətinliklərlə üzləşmişdi?
6 Yaqubun problemləri bununla bitmədi. Onun böyük ailəsi var idi və oğlanları bir-biri ilə yola getmirdilər. Hətta onlar qardaşları Yusifi qul kimi satmışdılar. Yaqubun iki oğlu Şəmun və Lavi həm ailələrinin, həm də Yehovanın adına ləkə gətirmişdilər. Üstəlik, Yaqubun sevimli arvadı Rəhilə ikinci övladlarını dünyaya gətirərkən vəfat etmişdi. Hələ bu azmış kimi, Yaqub aclıq ucbatından qoca yaşında Misirə köçməli olmuşdu (Yar. 34:30; 35:16—19; 37:28; 45:9—11, 28).
7. Yehova Yaqubdan razı qaldığını necə göstərdi?
7 Başına bu qədər bəlalar gəlsə də, Yaqub heç vaxt Yehovaya və Onun vədlərinə imanını itirmədi. Yehova da Yaquba göstərdi ki, ondan razıdır. Məsələn, Laban nə qədər hiyləyə əl atsa da, Yehova Yaquba bərəkət verirdi; onun mal-mülkü artdıqca artırdı. Daha sonra o, ölmüş bildiyi oğlu Yusifə qovuşdu. Görün o buna görə Yehovaya necə minnətdar idi! Yaqub bütün bu çətinliklərə Yehova ilə möhkəm dostluğun sayəsində tab gətirdi (Yar. 30:43; 32:9, 10; 46:28—30). Eynilə, biz də Yehova ilə möhkəm münasibətlərimizi qoruyub saxlamağın sayəsində gözlənilməz çətinliklər qarşısında mətin qala bilərik.
8. Davud nə etmək arzusunda idi?
8 Davud padşah Yehovanın yolunda ürəyindən keçən hər şeyi edə bilmədi. Onun ən böyük arzusu Yehova üçün məbəd tikmək idi. Davud bu istəyini Natan peyğəmbərə bildirdi. Peyğəmbər də onu ürəkləndirib dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Allah səninlədir» (1 Saln. 17:1, 2). Siz bir Davudun sevincini təsəvvür edin! Yəqin, Davud dərhal bu böyük layihəni planlaşdırmağa başladı.
9. Davud bəd xəbər alanda nə etdi?
9 Amma çox keçməmiş Natan bəd xəbərlə qayıtdı. «Həmin gecə» Yehova Natana dedi ki, Onun üçün məbədi Davud yox, onun oğullarından biri tikəcək (1 Saln. 17:3, 4, 11, 12). Bunu eşidəndə Davud nə etdi? Qarşısına başqa məqsəd qoydu. O, pul və material toplamağa başladı. Bununla da oğlu Süleymana layihəni həyata keçirməyə kömək etdi (1 Saln. 29:1—5).
10. Yehova Davuda hansı neməti verdi?
10 Yehova Davuda məbədi tikməyəcəyini deyəndən dərhal sonra onunla əhd bağladı. O söz verdi ki, Davudun nəslindən gələn bir nəfər əbədiyyən hakimiyyət sürəcək (2 İşm. 7:16). Yeni dünyada minillik hakimiyyət zamanı Davud öyrənəcək ki, Padşah İsa Məsih onun nəslindən gəlib. Görün bunu biləndə o nə qədər sevinəcək! Ola bilsin ki, biz də Yehova üçün ürəyimizdən keçən hər şeyi edə bilməyək. Amma, bəlkə, Yehova bizə ehtiyatda ağlımıza belə gəlməyən nemətlər saxlayır?!
11. Padşahlıq gözlədikləri vaxtda gəlməsə də, birinci əsrdəki məsihilər hansı nemətləri aldılar? (Həvarilərin işləri 6:7).
11 Birinci əsrdə yaşayan məsihilər də gözlənilməz çətinliklərlə üzləşmişdilər. Məsələn, onlar Allahın Padşahlığının gəlişini həsrətlə gözləyirdilər. Amma onun nə vaxt gələcəyini bilmirdilər (Həv. 1:6, 7). Bəs bu vaxt ərzində onlar nə edirdilər? Təbliğ işi ilə məşğul olurdular. Beləcə, xoş xəbər getdikcə vüsət alırdı və məsihilər aydın görürdülər ki, Yehova onların zəhmətinə bərəkət verir. (Həvarilərin işləri 6:7 ayəsini oxuyun.)
12. Qıtlıq zamanı birinci əsrdəki məsihilər necə davrandı?
12 Bir müddət sonra gözlənilmədən «bütün yer üzündə» bərk qıtlıq başladı (Həv. 11:28). Bu, birinci əsrdəki məsihilərdən də yan keçmədi. Bir düşünün, bu məsihilər necə əziyyət çəkirdilər. Yəqin, ailə başçılarını dərd götürmüşdü ki, evdəkiləri necə dolandıracaqlar. Bəs xidmətlərini genişləndirmək istəyən gənclər barədə nə demək olar? Onların məqsədləri nə yerdə qaldı? Yəqin, çaşbaş qalmışdılar. Hər necə olsa da, məsihilər vəziyyətə uyğunlaşdılar. Onlar təbliğ işində bacardıqları qədər iştirak edirdilər və nələri var idisə, Yəhudiyyədəki dindaşları ilə bölüşürdülər (Həv. 11:29, 30).
13. Qıtlıq zamanı məsihilər hansı nemətləri aldılar?
13 Qıtlıq zamanı məsihilər hansı nemətləri aldılar? Maddi yardım alanlar bilavasitə Yehovanın qayğısını duydular (Mət. 6:31—33). Yəqin, onların dadına çatan dindaşları ilə münasibətləri daha da möhkəmləndi. İanə edənlər, həmçinin yardım işinə hər hansı yolla dəstək olanlar isə verməyin gətirdiyi xoşbəxtliyi daddılar (Həv. 20:35). Yehova bu yeni vəziyyətə uyğunlaşan hər kəsə bol mükafat verdi.
14. Barnəba ilə Bulusun başına nə gəldi və bunun nəticəsi nə oldu? (Həvarilərin işləri 14:21, 22).
14 Birinci əsrdəki məsihilər tez-tez təqib olunurdular. Bəzən isə bu, heç gözləmədikləri vaxtda olurdu. Gəlin görək Barnəba ilə Bulus Listrada təbliğ edərkən başlarına nə gəlmişdi. Əvvəl-əvvəl şəhərin sakinləri Bulusgili xoş qarşılayıb, onlara qulaq asdılar. Amma sonra təqibçilər «camaatı qızışdırdılar» və onlar Bulusu daşa basdılar, sonra da onu ölmüş sanıb şəhərdən kənara atdılar (Həv. 14:19). Buna baxmayaraq, Barnəba ilə Bulus gedib başqa yerdə təbliğ etdilər. Bəs nəticə nə oldu? Onlar «xeyli şagird» hazırladılar, üstəlik, sözləri və nümunələri ilə dindaşlarını möhkəmləndirdilər. (Həvarilərin işləri 14:21, 22 ayələrini oxuyun.) Bəli, Barnəba ilə Bulusun təqiblər qarşısında təslim olmamaları çox adama fayda gətirdi. Biz də təslim olmayıb Yehovanın buyurduğu işi görsək, nemət sahibi olacağıq.
BİZİM DÖVRÜMÜZDƏ
15. Aleksandr Makmillan qardaşdan nə öyrənirsiniz?
15 1914-cü ildən öncə Yehovanın xalqı bəzi hadisələrin baş verəcəyini həsrətlə gözləyirdi. Götürək elə Aleksandr Makmillan qardaşı. Hamı kimi, o da düşünürdü ki, tezliklə göylər mükafatını alacaq. 1914-cü ilin sentyabr ayında söylədiyi nitqdə qardaş demişdi: «Çox güman ki, bu, söylədiyim sonuncu açıq nitqdir». Amma əlbəttə ki, bu, Aleksandr qardaşın son nitqi deyildi. Sonralar o yazmışdı: «Görünür, bəzilərimiz dərhal göylər mükafatını alacağımızı düşünməklə bir az tələsmişik. Biz canla-başla Ağaya xidmət etməliyik». Aleksandr qardaş belə də etdi. O, şövqlə xidmətini yerinə yetirdi. Qardaş bitərəfliyinə görə həbsdə olan çoxlu qardaşı ruhlandırmışdı. Qoca yaşlarında belə yığıncaqlardan qalmırdı. Gördüyümüz kimi, qardaş mükafatını alacağını gözləyərkən vaxtını Yehovaya xidmətə sərf etdi. Bəs o, bununla nə əldə etdi? 1966-cı ildə ölümündən qısa müddət əvvəl o yazmışdı: «İmanım həmişəki kimi güclüdür». Qardaş hər birimiz üçün çox gözəl örnəkdir. Əgər sınaqlarımız gözlədiyimizdən də uzun çəkirsə, qardaşın nümunəsindən çox şey öyrənə bilərik (İbr. 13:7).
16. Herbert qardaşla həyat yoldaşı hansı gözlənilməz vəziyyətlə üzləşmişdi? (Yaqub 4:14).
16 Yehovanın xalqı arasında çoxları səhhətlərində qəfil yaranan problemlərlə mübarizə aparır. Onlardan biri də Herbert Cenninqs b qardaşdır. O öz bioqrafiyasında deyir ki, arvadı ilə Qanada xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdilər və bu xidməti çox sevirdilər. Amma bir gün ona ciddi əhval pozğunluğu diaqnozu qoyuldu. Herbert qardaş Yaqub 4:14 ayəsini sitat gətirərək demişdi ki, başına belə bir şeyin gələcəyini gözləmirdi. (Ayəni oxuyun.) O yazır: «Biz reallığı qəbul etdik, Qanadan və əziz dostlarımızdan ayrılıb, [müalicəm üçün] Kanadaya qayıtmaq qərarına gəldik». Yehova Herbert qardaşa və onun yoldaşına üzləşdikləri çətinliyə baxmayaraq, Ona sədaqətlə xidmət etmələrinə kömək etdi.
17. Herbert qardaşın nümunəsi başqalarına necə kömək edib?
17 Herbert qardaşın bioqrafiyasında hisslərini açıq yazmasının başqalarına böyük köməyi dəyib. Bir bacı yazır: «Hələ heç bir məqalə mənə bu dərəcədə təsir etməmişdi… Herbert qardaşın sağlamlığının qayğısına qalmaq üçün təyinatını dayandırması mənə öz vəziyyətimə tarazlı yanaşmağa kömək etdi». Buna bənzər sözləri bir qardaş da yazmışdı: «Mən on il yığıncaqda ağsaqqal kimi xidmət etmişəm. Amma əfsuslar olsun ki, psixoloji xəstəliyimə görə bu dəyərli məsuliyyətlərimi dayandırmalı oldum. Özümü o qədər uğursuz hiss edirdim ki, hətta bacı-qardaşların bioqrafiyasını oxumaq məni bədbinləşdirirdi… Lakin Herbert qardaşın dözümü haqda oxuyanda dirçəldim». Gördüyümüz kimi, gözlənilməz vəziyyətlərdə dözüm göstərməklə başqalarını ruhlandıra bilərik. Həyatda hər şey ümid etdiyimiz kimi olmasa da, biz yenə də başqalarına iman və dözüm nümunəsi ola bilərik (1 But. 5:9).
18. Nigeriyadan olan dul bacının nümunəsindən nə öyrənirik? (Səhnələşdirilmiş şəklə baxın.)
18 COVID-19 pandemiyası kimi fəlakətlər Yehovanın çox xidmətçisinə ziyan vurub. Məsələn, Nigeriyada yaşayan dul bacımızın maddi vəziyyəti çox aşağı idi. Bir səhər qızı ona deyir ki, bişirməyə sadəcə bir stəkan düyüləri qalıb. Bəs ondan sonra nə yeyəcəklər? Bacımız qızına deyir ki, nə pulları qalıb, nə də yeməkləri. Amma sarfatlı dul qadından nümunə götürərək, son yeməklərini bişirib Yehovaya güvənməlidirlər (1 Pad. 17:8—16). Hələ heç günorta üçün nə yeyəcəklərini düşünməmişdilər ki, bacı-qardaşlar onlara iki-üç həftəlik ərzaq göndərdilər. Bacı deyir: «Heç ağlıma gəlməzdi ki, Yehova qızımla söhbətimə bu qədər diqqətlə qulaq asar». Doğrudan da, Yehovaya etibar edəndə həyatda üzləşdiyimiz qəfil problemlər bizi Ona daha da yaxınlaşdırır (1 But. 5:6, 7).
19. Aleksey Yerşov qardaş hansı təqiblə üzləşib?
19 Son illər ərzində çoxlu bacı-qardaşımız gözləmədikləri halda təqiblərlə üzləşiblər. Gəlin Rusiyada yaşayan Aleksey Yerşov qardaşın hadisəsinə baxaq. O, 1994-cü ildə vəftiz olunub. Həmin vaxt Rusiyadakı bacı-qardaşlar nisbətən azad şəkildə xidmət edirdilər. Lakin illər sonra Rusiyada vəziyyət dəyişdi. 2020-ci ildə müfəttişlər Alekseyin evinə soxulub, axtarış apardılar və bəzi əşyalarını müsadirə etdilər. Bir neçə ay sonra qardaş barədə cinayət işi açıldı. Üstəlik, ittihamlar bir nəfərin apardığı videoyazılar əsasında idi. Bu adam bir ildən çox idi ki, özünü Müqəddəs Kitabla maraqlanan insan kimi qələmə verirdi. Sən satqınlığa bir bax!
20. Aleksey qardaş Yehova ilə münasibətini necə möhkəmləndirdi?
20 Qardaşın üzləşdiyi çətinliyin hansısa müsbət nəticəsi oldu? Bəli. Onun Yehova ilə münasibəti daha da möhkəmləndi. Aleksey deyir: «Yoldaşımla daha çox dua etməyə başladıq. Mən başa düşürəm ki, Yehovanın köməyi olmadan yaranmış vəziyyətin öhdəsindən gələ bilmərəm». O, sözünə əlavə edir: «Ruh düşkünlüyü ilə mübarizədə mənə şəxsi mütaliə kömək edir. Mən keçmişdə yaşamış Allahın sadiq xidmətçilərinin nümunəsi üzərində düşünürəm. Müqəddəs Kitabda sakitliyi qorumağın və Yehovaya etibar etməyin vacibliyini göstərən çoxlu nümunələr var».
21. Bu məqalədən nə öyrəndik?
21 Bu məqalədən nə öyrəndik? İndiki dünyada bilmirsən sabah başına nə gələcək. Amma Yehova Ona etibar edən xidmətçilərinə həmişə dayaq olur. Məqalənin əsas ayəsində deyildiyi kimi, «salehin dərdi-səri çox olar, lakin Yehova onu bütün bəlalardan qurtarar» (Zəb. 34:19). Odur ki, gəlin diqqətimizi bəlalara yox, Yehovanın verdiyi gücə cəmləyək. Onda biz də həvari Bulus kimi deyəcəyik: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13).
NƏĞMƏ 38 Allah səni güclü edəcək
a Bəzən gözlənilməz çətinliklərlə üzləşirik. Bu zaman əmin ola bilərik ki, Yehova sadiq xidmətçilərini heç vaxt darda qoymaz. Yehova keçmişdə xidmətçilərinə necə dayaq olurdu? Bəs bu gün necə dayaq olur? Məqalədə Yehovanın həm keçmişdəki, həm də bizim dövrümüzdəki xidmətçilərinin nümunəsinə nəzər salacağıq və əmin olacağıq ki, Yehovaya güvənsək, O, hər zaman bizə dayaq olacaq.