Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 19

Yeni dünya vədinə imanınızı möhkəmləndirin

Yeni dünya vədinə imanınızı möhkəmləndirin

«Allah… dediyini etməzmi?» (SAY. 23:19).

NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq

İCMAL a

1, 2. Yeni dünya gələnə qədər nə etməliyik?

 TEZLİKLƏ bu şər dünya olmayacaq, biz salehliyin hökm sürəcəyi yeni dünyada yaşayacağıq (2 But. 3:13). Bu vədinə görə Yehovaya nə qədər şükür etsək azdır. Düzdür, biz bilmirik, yeni dünya nə vaxt gələcək. Amma dünyada baş verən hadisələr açıq-aydın göstərir ki, o günə çox az qalıb (Mət. 24:32—34, 36; Həv. 1:7).

2 Həmin günə qədər isə imanımızı daima möhkəmləndirməliyik. Çünki həqiqətə təzə gələnlərin də, illərdir həqiqətdə olanların da imanı getdikcə zəifləyə bilər. Həvari Bulus zəif imanı «bizə əngəl törədən günah» adlandırmışdı, yəni bu, elə bir günahdır ki, asanlıqla onun toruna düşə bilərik (İbr. 12:1). İmanımızın zəifləməməsi üçün yeni dünyanın yaxın olduğunu göstərən sübutları həmişə araşdırmalıyıq (İbr. 11:1).

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Bu məqalədə biz Yehovanın gələcəklə bağlı vədinə imanımızı möhkəmləndirməyin üç yolundan danışacağıq. Görəcəyimiz kimi, 1) fidyənin dəyəri barədə fikirləşməliyik, 2) Yehovanın qüdrəti barədə düşünməliyik və 3) ibadətimizlə bağlı işlərə vaxt ayırmalıyıq. Daha sonra müzakirə edəcəyik ki, Yehovanın Həbquq peyğəmbərə dediyi sözlər bizim imanımızı necə möhkəmləndirir. Amma əvvəlcə gəlin görək hansı vəziyyətlərdə yeni dünya vədinə imanımız sınana bilər.

HANSI VƏZİYYƏTLƏRDƏ MÖHKƏM İMAN LAZIMDIR?

4. Hansı qərarları verərkən güclü iman lazımdır?

4 Hər gün irili-xırdalı qərarlar veririk. Bu qərarlarımız dost, əyləncə, təhsil, nikah, uşaqlarımız və dünyəvi işimizlə bağlı olur. Qərarlar verərkən bizə möhkəm iman lazımdır. Bu suallar üzərində düşünün: «Əminəm ki, bu dünya gəldi-gedərdir və yeni dünyanın bir addımlığındayam? Verdiyim qərarlardan bu aydın görünür? Yoxsa “ölüm hər şeyin sonudur” deyib, bu dünyadan ikiəlli yapışan insanlar kimi qərarlar verirəm?» (Mət. 6:19, 20; Luka 12:16—21). Əgər yeni dünyanın ovucumuzun içində olduğuna imanımızı möhkəmləndirsək, onda daha yaxşı qərarlar verəcəyik.

5, 6. Nəyə görə sınaqlar zamanı bizə güclü iman lazımdır? Nümunə çəkin.

5 Həmçinin sınaqlar zamanı da bizə güclü iman lazımdır. Ola bilsin, təqiblərlə üzləşək, xroniki xəstəliyimiz və ya bizi ruhdan salan başqa çətinliyimiz olsun. Əvvəl-əvvəl bizə elə gələ bilər ki, üzləşdiyimiz sınağa tab gətirə biləcəyik. Amma bu cür problemlər adətən uzun müddət davam edir. Buna görə də imanımız güclü olmalıdır ki, dözüm göstərək və Yehovaya xidmətdə sevincimizi itirməyək (Rom. 12:12; 1 But. 1:6, 7).

6 Üzləşdiyimiz sınaq bitmədikcə bizə elə gələ bilər ki, Yehovanın vəd etdiyi yeni dünya tez bir zamanda gəlməyəcək. Bu, o deməkdir ki, imanımız zəifdir? Yox. Gəlin bir nümunəyə baxaq. Sərt qış mövsümü davam etdikcə adamda elə fikir yaranır ki, yaya hələ çox var. Amma bilirik ki, yay gələcək. Eynilə ruhdan düşəndə elə fikirləşə bilərik ki, yeni dünyanın gəlməyinə hələ çox var. Bununla belə, möhkəm iman sayəsində bilirik ki, yeni dünya gələcək, çünki bunu Yehova vəd edib (Zəb. 94:3, 14, 15; İbr. 6:17—19). Bu əminlik kömək edir ki, Yehovaya ibadəti hər şeydən üstün tutaq.

7. Hansı düşüncədən özümüzü gözləməliyik?

7 Həmçinin təbliğ etmək üçün də bizə güclü iman lazımdır. Təbliğ etdiyimiz insanların çoxuna Allahın yeni dünya ilə bağlı vədi inandırıcı gəlmir (Mət. 24:14; Hizq. 33:32). Ehtiyatlı olmalıyıq ki, onlar kimi biz də Yehovanın vədlərinə şübhə ilə yanaşmayaq. Bunun üçün imanımızı daima möhkəm saxlamalıyıq. Gəlin bunu etməyin üç yoluna baxaq.

FİDYƏ BARƏDƏ FİKİRLƏŞİN

8, 9. Fidyə barədə fikirləşmək imanımızı necə möhkəmləndirir?

8 İmanımızı artırmağın bir yolu fidyə barədə fikirləşməkdir. Fidyə Allahın vədlərinin gerçəkləşəcəyinə bir zəmanətdir. Fidyənin nəyə görə verildiyi və bunun Yehova üçün nə qədər böyük qurban olduğu haqda düşünəndə imanımız möhkəmlənir. Daha da əmin oluruq ki, Allahın vədi gerçəkləşəcək və biz gözəl dünyada sonsuz ömür sürəcəyik. Nəyə görə belə deyə bilərik?

9 Bir düşünün, fidyəni ödəmək Yehovaya nəyin bahasına başa gəlib? Yehova Ona əziz olan ilk Oğlunu, ən yaxın əməkdaşını göydən yer üzünə göndərdi və o, kamil insan kimi doğuldu. Yer üzündə olarkən İsanın üzləşmədiyi çətinlik qalmadı. Sonra ona işgəncə verildi və o, əzab çəkərək öldü. Görün Yehova bizim üçün necə böyük dəyər ödəyib! Yehova nəyə görə belə edib? Bizim sadəcə daha yaxşı, amma qısa ömrümüz olsun deyə? Xeyr. Məhəbbətli Allahımız əziz Oğlunun bundan ötrü əzab çəkib ölməsinə izin verməzdi (Yəh. 3:16; 1 But. 1:18, 19). Deməli, Yehova bu cür böyük dəyəri bizim yeni dünyada əbədi yaşamağımız üçün ödəyib.

YEHOVANIN QÜDRƏTİ BARƏDƏ DÜŞÜNÜN

10. Efeslilərə 3:20 ayəsinə əsasən, Yehova nəyə qadirdir?

10 İmanımızı möhkəmləndirməyin ikinci yolu Yehovanın qüdrəti barədə düşünməkdir. Yehova vəd etdiyi hər şeyi yerinə yetirməyə qadirdir. Düzdür, insanlar düşünür ki, yeni dünyada əbədi həyatın olması mümkünsüzdür. Amma Yehova insanlar üçün mümkünsüz görünən o qədər vədlər verib ki! Bu, belə də olmalıdır. Axı O, Qadir Allahdır (Əyy. 42:2; Mark 10:27). Məgər O, adi vədlər verər? (Efeslilərə 3:20 ayəsini oxuyun.)

11. Yehova hansı ağlasığmaz vədlər verib? (« Yerinə yetmiş bəzi möhtəşəm vədlər» adlı çərçivəyə baxın.)

11 Gəlin keçmişdə baş vermiş bir-iki hadisəyə nəzər salaq. Yehova xalqına mümkünsüz kimi görünən vədlər vermişdi. Məsələn, İbrahim peyğəmbərlə Saraya demişdi ki, qoca yaşlarında oğul sahibi olacaqlar (Yar. 17:15—17). Həmçinin vəd etmişdi ki, onun nəsli Kənan diyarını miras alacaq. İbrahimin nəsli, yəni israillilər uzun illər Misirdə qul olduqları üçün Yehovanın bu vədinin yerinə yetəcəyi ağlasığmaz görünə bilərdi. Amma bu vəd yerinə yetdi. Daha sonra Yehova qoca yaşlarında olan İlsəbaya demişdi ki, uşağı olacaq. Həmçinin Yehova bakirə olan Məryəmə bildirmişdi ki, Onun Oğlunu dünyaya gətirəcək. Bununla da Yehovanın min illər öncə Ədən bağında verdiyi söz həyata keçəcək. Yehovanın dediyi kimi də oldu (Yar. 3:15).

12. Yuşə 23:14 və Əşiya 55:10, 11 ayələri bizi Yehovanın qüdrəti ilə bağlı nəyə əmin edir?

12 Yehovanın verdiyi və yerinə yetirdiyi vədlər barədə düşünəndə imanımız artır. Əmin oluruq ki, O, yeni dünya yaratmağa qadirdir. (Yuşə 23:14; Əşiya 55:10, 11 ayələrini oxuyun.) Bunun sayəsində biz həmçinin başqalarına da izah edə bilirik ki, yeni dünyanın olacağı xülya deyil. «Yeni göy və yeni yer» haqda verdiyi vədlə bağlı Yehova şəxsən belə deyib: «Bu sözlər doğru və etibarlıdır» (Vəhy 21:1, 5).

DAİMA İBADƏTİNİZLƏ BAĞLI İŞLƏRLƏ MƏŞĞUL OLUN

YIĞINCAQ GÖRÜŞLƏRİ

Yığıncaq görüşləri imanımızı necə möhkəmləndirir? (13-cü abzasa baxın)

13. Yığıncaq görüşləri imanımızı necə möhkəmləndirir? İzah edin.

13 İmanımızı möhkəmləndirməyin üçüncü yolu ibadətimizlə bağlı işlərə vaxt ayırmaqdır. Məsələn, yığıncaq görüşlərinin bizə faydası barədə düşünək. Uzun illər tamvaxtlı xidmətin müxtəlif növlərində iştirak etmiş Anna bacı b deyir: «Görüşlər mənə imanımı möhkəm saxlamağa kömək edir. Hətta natiqin təlim vermək qabiliyyəti yaxşı olmasa da, yaxud o, yeni bir fikir deməsə də, Müqəddəs Kitabı daha yaxşı başa düşməyimə kömək edən və imanımı gücləndirən hansısa fikirlər olur». Həmçinin bacı-qardaşların şərhlərinin də imanımızı möhkəmləndirdiyi danılmazdır (Rom. 1:11, 12; 10:17).

TƏBLİĞ İŞİ

Təbliğ işi imanımızı necə möhkəmləndirir? (14-cü abzasa baxın)

14. Təbliğ işi imanımızı necə möhkəmləndirir?

14 Təbliğ işi də imanımızı möhkəmləndirir (İbr. 10:23). Barbara adlı bacı 70 ildən çoxdur ki, Yehovaya xidmət edir. O deyir: «Hər dəfə fikir verirəm ki, təbliğ işi insanın imanını artırır. Başqalarına Yehovanın gözəl vədləri barədə nə qədər çox danışıramsa, imanım bir o qədər canlı və möhkəm olur».

FƏRDİ MÜTALİƏ

Fərdi mütaliə imanımızı necə möhkəmləndirir? (15-ci abzasa baxın)

15. Fərdi mütaliə imanınızı necə möhkəmləndirir? (Həmçinin şəkillərə baxın.)

15 Həmçinin fərdi mütaliə də imanımızı möhkəmləndirir. Mütaliə cədvəli tərtib etməyin Syuzan adlı bacıya böyük köməyi dəyib. O deyir: «Mən bazar günü növbəti həftənin “Gözətçi qülləsi” məqaləsinə hazırlaşıram. Bazar ertəsi və çərşənbə axşamı isə həftəiçi görüşə hazırlaşıram. O biri günlər də başqa şeyləri mütaliə edirəm». Bu cədvəlinə həmişə riayət etdiyi üçün Syuzanın imanı getdikcə artır. Uzun illərdir baş idarədə xidmət edən Ayrin bacıya isə imanını möhkəmləndirməyə Müqəddəs Kitab peyğəmbərliklərini araşdırmaq kömək edir. O deyir: «Adam görəndə ki, peyğəmbərliklər necə xırdalığına kimi yerinə yetib, məəttəl qalır» c.

«MÜTLƏQ GERÇƏKLƏŞƏCƏK»

16. Yehovanın Həbquq peyğəmbərə dediyi sözlərin bizə də aid olduğunu haradan bilirik? (İbranilərə 10:36, 37).

16 Yehovanın xidmətçilərinin bəziləri Şeytan dünyasının sonunun gəlməsini uzun illərdir gözləyir. Adama elə gələ bilər ki, Yehovanın vədi gecikir. Yehova xidmətçilərinin bu cür hisslər keçirdiyini bilir. Odur ki, Həbquq peyğəmbərə demişdi: «Vaxtı çatanda bu vəhy gerçəkləşəcək, o, icrasına tələsir, yalan çıxmayacaq. Gecikən kimi görünsə belə, onu gözlə, çünki mütləq gerçəkləşəcək. Gecikməyəcək!» (Həb. 2:3). Bəs bu sözlər təkcə Həbquq peyğəmbərə aid idi? Yoxsa bizim üçün də hansısa mənanı kəsb edir? Həvari Bulus Yehovanın buyruğu ilə bu sözləri yeni dünyanın intizarında olan məsihilərə aid etmişdi. (İbranilərə 10:36, 37 ayələrini oxuyun.) Bəli, tamamilə əmin ola bilərik ki, qurtuluşumuz gecikirmiş kimi görünsə də, «mütləq gerçəkləşəcək. Gecikməyəcək!»

17. Bir bacı Yehovanın Həbquq peyğəmbərə verdiyi məsləhətə necə əməl edib?

17 Bəli, Yehova xidmətçilərinə məsləhət görür ki, Onun gününü gözləsinlər. Onun çox xidmətçisi bu məsləhətə əməl edir. Hətta bəziləri onilliklərdir gözləyir. Məsələn, Luiza adlı bir bacı Yehovaya 1939-cu ildən xidmət edir. O deyir: «O vaxtlar elə bilirdim ki, mən məktəbi qurtarmamış Armageddon gələcək. Amma gəlmədi. Bu illər ərzində mənə mömin insanların həyatı barədə oxumağın böyük köməyi dəyib. Məsələn, Nuh, İbrahim, Yusif və başqaları Yehovanın vəd etdiyi mükafatı alana qədər xeyli vaxt gözləmişdilər. Həmin günü intizarla gözləmək həm mənə, həm də digər bacı-qardaşlara kömək edib ki, yeni dünyanın yaxın olduğuna əminliyimizi itirməyək». Yehovanın çox xidmətçisi bu sözlərə şərikdir.

18. Xilqəti müşahidə etmək yeni dünyanın gələcəyinə imanımızı necə möhkəmləndirir?

18 Düzdür, yeni dünya hələ mövcud deyil, amma mövcud olan başqa şeylər var. Bu, ulduzlar, ağaclar, heyvanlar və insanlardır. Heç birimiz bu şeylərin gerçək olduğuna şübhə etmirik, halbuki bir zamanlar onlar yox idi. Yehova yaradıb deyə bu gün onlar var (Yar. 1:1, 26, 27). Allahımız həmçinin yeni dünya qurmaq niyyətindədir və bu niyyətini də həyata keçirəcək. Yeni dünyada insanların mükəmməl sağlamlığı olacaq və əbədiyyən yaşayacaqlar. Yehova bunun üçün vaxt təyin edib. Həmin vaxt yeni dünya ətrafımızdakı xilqət qədər gerçək olacaq (Əşy. 65:17; Vəhy 21:3, 4).

19. İmanınızı necə möhkəmləndirə bilərsiniz?

19 O vaxta qədər isə imanınızı möhkəmləndirmək üçün hər fürsətdən istifadə edin. Fidyəyə minnətdarlığınızı artırın. Yehovanın qüdrəti barədə düşünün. Daima ibadətlə bağlı işlərlə məşğul olun. Belə etsəniz, «vədləri iman və səbirlə miras alanlar»ın arasında olacaqsınız! (İbr. 6:11, 12; Rom. 5:5).

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

a Yeni dünyanın olacağına çox adam inanmır. Onlar düşünür ki, bu, boş xülyadır, nağıldır. Biz isə əminik ki, Yehovanın bütün vədləri mütləq gerçəkləşəcək. Amma yenə də imanımızı daima möhkəmləndirməliyik. Məqalədən öyrənəcəyik ki, bunu necə edə bilərik.

b Bəzi adlar şərtidir.

c «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində çoxlu peyğəmbərliklər tapmaq olar. Bunun üçün «Müqəddəs Kitab» mövzusu altında «Peyğəmbərlik» adlı başlığa baxın. Məsələn, «Gözətçi qülləsi» jurnalının 2008-ci il 1 yanvar sayında yer alan «Yehovanın qabaqcadan dedikləri həyata keçir» adlı məqaləyə baxın.