Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 16

NƏĞMƏ 64 Biçin işində sevinclə iştirak edək

Xidmətdən daha çox sevinc duyun

Xidmətdən daha çox sevinc duyun

«Yehovaya sevinclə ibadət et» (ZƏB. 100:2).

ƏSAS FİKİR

Məqalədə xidmətdən daha çox sevinc duymağın yolları araşdırılır.

1. Bəzilərinə başqalarına yaxınlaşıb təbliğ etmək necə gəlir? (Həmçinin şəklə baxın.)

 BİZ nəyə görə təbliğ edirik? Çünki Yehovanı sevirik və insanlara Onu tanımağa kömək etmək istəyirik. Təbliğ etməyi çox təbliğçi xoşlayır. Amma bəzi təbliğçilər bu işdən sevinc duymur. Nəyə görə? Kimisi utancaqdır və özünəinam hissi azdır. Kimisi dəvət olunmamış başqasının evinə getməyə çəkinir. Elələri var ki, insanların onlara qulaq asmayacağına görə narahatdır. Bir başqalarına isə uşaqlıqdan kiminləsə mübahisə etməməyi öyrədiblər, onlar da qorxurlar ki, birdən təbliğdə belə bir vəziyyət yaranar. Düzdür, bu bacı-qardaşlar Yehovanı çox istəyirlər, amma yenə də tanımadığı adama yaxınlaşıb xoş xəbəri təbliğ etmək onlara çətin gəlir. Bununla belə, onlar təbliğ işinin vacibliyini başa düşürlər və müntəzəm olaraq bu işdə iştirak edirlər. Görün indi Yehova necə sevinir!

Təbliğ işi sizə sevinc verir? (1-ci abzasa baxın)


2. Əgər bəzən xidmətdən sevinc duymursunuzsa, nəyə görə həvəsdən düşməməlisiniz?

2 Bəs sizə də bu cür səbəblərə görə xidmətdən sevinc duymaq çətin olur? Əgər olursa, həvəsdən düşməyin. Özünəinam hissinin az olması bir tərəfdən göstərir ki, siz təvazökarsınız və özünüzə yersiz diqqət çəkmək istəmirsiniz, həm də insanlarla mübahisə etməyi xoşlamırsınız. Həmçinin insana yaxşılıq etdiyin halda onun səni saymaması heç kimin xoşuna gəlməz. Yehova sizə çətin olduğunu bilir və kömək etmək istəyir (Əşy. 41:13). Bu məqalədə gətirilən beş məsləhət sizə bu hisslərin öhdəsindən gəlməyə və xidmətinizdən sevinc duymağa kömək edəcək.

YEHOVANIN KƏLAMINDAN GÜC ALIN

3. Ərəmya peyğəmbərə başqalarına təbliğ etməyə nə kömək etmişdi?

3 Əsrlər ərzində Yehovanın Öz xidmətçilərinə dediyi sözlər onlara çətin tapşırıqların öhdəsindən gəlməyə güc verib. Elə götürək Ərəmya peyğəmbəri. Yehova ona təbliğ etməyi tapşıranda o, çox tərəddüd edirdi. Ərəmya demişdi: «Mən gəncəm, danışmağı bacarmıram» (Ərm. 1:6). Bəs o, təbliğ etmək üçün özündə cəsarəti haradan tapdı? Ona Yehovanın sözləri güc verdi. O belə demişdi: «Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə alovlanan atəş oldu, onu saxlamaqdan yoruldum» (Ərm. 20:8, 9). Ərəmya onun dediklərinə məhəl qoymayan, ona qarşı çıxan insanlara təbliğ edirdi, amma bəyan etdiyi müjdə sayəsində o, nə qədər çətin olsa da, bu işi görməyə güc tapırdı.

4. Allahın Kəlamını dərindən mütaliə etməyin nəticəsi nə olur? (Koloslulara 1:9, 10).

4 Məsihilər Allahın Kəlamında yazılanlardan güc alır. Koloslulara yazdığı məktubunda həvari Bulus demişdi ki, dəqiq biliyə yiyələnmək bacı-qardaşlara «hər bir yaxşı işdə bəhrə» gətirməyə və beləcə, «Yehovanın adına layiq» yaşamağa kömək edəcək. (Koloslulara 1:9, 10 ayələrini oxuyun.) Hər bir yaxşı işə xoş xəbərin təbliği daxildir. Deməli, biz Allahın Kəlamını dərindən mütaliə edəndə Yehovaya imanımız möhkəmlənir və biz Padşahlıq haqda xəbəri təbliğ etməyin vacibliyini daha aydın başa düşürük.

5. Müqəddəs Kitabın mütaliəsindən tam şəkildə faydalanmaq üçün nə edə bilərik?

5 Allahın Kəlamından tam şəkildə faydalanmaq üçün onu oxuyanda, araşdıranda və üzərində düşünəndə bunu tez-tələsik etməyin. Başa düşmədiyiniz ayəyə rast gəlsəniz, üstündən keçib getməyin. «Gözətçi qülləsi nəşrlərinin indeksi» (türk.) və ya «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinin köməyi ilə həmin ayənin izahını tapın. Mütaliəni tez-tələsik yox, rahat-rahat etsəniz, Allahın Kəlamının həqiqət olduğuna əminliyiniz möhkəmlənəcək (1 Salon. 5:21). Əminliyiniz nə qədər möhkəm olsa, insanlarla öyrəndikləriniz barədə danışmaq sizə bir o qədər xoş olacaq.

TƏBLİĞƏ YAXŞI HAZIRLAŞIN

6. Nəyə görə təbliğə yaxşı hazırlaşmalıyıq?

6 Təbliğə yaxşı hazırlaşsanız, insanlarla söhbət etmək sizə daha rahat olacaq. İsa şagirdlərini təbliğə göndərməzdən əvvəl onları hazırlamışdı (Luka 10:1—11). Onlar da təbliğdə olanda İsanın öyrətdiklərinə uyğun davranmışdılar. Bunun sayəsində yaxşı nəticələr əldə edib sevinc duymuşdular (Luka 10:17).

7. Xidmətə necə hazırlaşa bilərik? (Həmçinin şəklə baxın.)

7 Bəs xidmətə necə hazırlaşa bilərik? Əvvəlcə düşünün görün nə haqda danışmaq istəyirsiniz və bunu öz sözünüzlə necə ifadə edə bilərsiniz. Həmçinin daha bir şeyə qabaqcadan hazırlaşmaq yaxşı olardı. Məsələn, ərazinizdəki insanlar adətən müjdəyə necə reaksiya verir? İki-üç vəziyyəti təsəvvürünüzdə canlandırın və onlara necə cavab verəcəyinizi düşünün. İnsana yaxınlaşanda rahat olun, gülümsəyin və mehriban danışın.

Təbliğə yaxşı hazırlaşın (7-ci abzasa baxın)


8. Məsihilər hansı mənada həvari Bulusun dediyi saxsı qablara bənzəyirlər?

8 Həvari Bulus təbliğ işində hansı rolu oynadığımızı göstərmək üçün belə demişdi: «Xəzinəmiz... saxsı qablarda saxlanılır» (2 Kor. 4:7). Söhbət hansı xəzinədən gedir? Bu, həyatları xilas edən Padşahlıq haqda xoş xəbərin təbliği işidir (2 Kor. 4:1). Bəs saxsı qablar nədir? Bu qablar Allahın xidmətçilərini təmsil edir. Onlar xoş müjdəni insanlara çatdırırlar. Bulusun dövründə tacirlər yemək, şərab, pul kimi dəyərli şeyləri başqa yerə aparmaq üçün saxsı qablardan istifadə edirdilər. Eynilə, Yehova da bizə xoş xəbər kimi dəyərli müjdəni həvalə edib. Onun köməyi ilə biz bu xəbəri təbliğ etmək üçün özümüzdə güc tapa bilərik.

CƏSARƏT ALMAQ ÜÇÜN DUA EDİN

9. İnsan qorxusunu necə dəf edə bilərik? (Həmçinin şəklə baxın.)

9 Bəzən bizdə insan qorxusu olur və ya insanların bizə qulaq asmayacağına görə narahat oluruq. Bəs bu qorxunu necə dəf etmək olar? Həvarilərin duasını yadımıza sala bilərik. Onlara təbliğ etmək qadağan olunanda qorxuya qapılmadılar. Yehovaya dua edib xahiş etdilər ki, Onun sözünü bundan sonra da cəsarətlə danışmaq üçün onlara kömək etsin. Yehova həvarilərin duasına dərhal cavab verdi (Həv. 4:18, 29—31). Əgər sizdə də bəzən insan qorxusu yaranırsa, dua edib Yehovadan kömək istəyin. Ondan xahiş edin ki, insan sevginiz insan qorxunuzdan güclü olsun.

Cəsarət almaq üçün dua edin (9-cu abzasa baxın)


10. Yehova bizə Onun Şahidi olmağa necə kömək edir? (Əşiya 43:10—12).

10 Yehova bizi Öz Şahidi olaraq seçib və cəsarətli olmağa kömək edəcəyinə söz verir. (Əşiya 43:10—12 ayələrini oxuyun.) Gəlin Onun bizə kömək etmək üçün istifadə etdiyi üsullardan dördünə baxaq. Birincisi, xoş xəbəri təbliğ edəndə İsa Məsih həmişə bizimlə olur (Mət. 28:18—20). İkincisi, Yehova bizə dəstək olmaq üçün mələklər təyin edib (Vəhy 14:6). Üçüncüsü, öyrəndiyimiz şeyləri yadımıza sala bilək deyə Yehova bizə müqəddəs ruhunu verir (Yəh. 14:25, 26). Dördüncüsü, bizə yoldaş olmaq üçün bacı-qardaşlar verib. Yehovanın dayağı və bacı-qardaşların dəstəyi sayəsində biz cəsarətli olub xidmətimizi davam etdirə bilərik.

VƏZİYYƏTƏ UYĞUNLAŞIN, MÜSBƏT ƏHVALI QORUYUN

11. Təbliğdə daha çox insana rast gəlmək üçün nə edə bilərsiniz? (Həmçinin şəklə baxın.)

11 Sahədə insanları evdə tapa bilməyəndə, cəmi bir-iki nəfərlə danışanda ruhdan düşürsünüz? Bu zaman düşünün: «Hal-hazırda yaşadığım ərazidəki insanlar haradadırlar? İşdədirlər, yoxsa alış-verişdə?» (Həv. 16:13). Elədirsə, bəlkə, ictimai şahidlik edib daha çox insana rast gələ bilərsiniz? Coşua adlı qardaş deyir: «Alış-veriş mərkəzlərinə və insanların çox olduğu yerlərə gedərək təbliğ etməyə fürsət tapıram». Coşua və yoldaşı Bricit insanların evinə, əsasən, axşamüstü və bazar günü günorta vaxtlarında gedirlər. Onlar fikir veriblər ki, o vaxtlarda daha çox insan evdə olur (Efes. 5:15, 16).

Fərqli vaxtda və fərqli yerdə təbliğ edin (11-ci abzasa baxın)


12. İnsanların nəyə inandığını və ya nəyin onlara maraqlı olduğunu necə bilmək olar?

12 Əgər danışdıqlarınız insanlara maraqlı gəlmirsə, düşünün, onlar nəyə inanır, hansı mövzular onları narahat edir. Coşua ilə Bricit söhbətə başlamaq üçün hansısa bukletin üstündəki sualı verirlər. Məsələn, «Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?» bukleti vasitəsilə belə deyirlər: «Bəzi insanlar Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inanır. Bir başqaları isə belə düşünmür. Bəs siz necə fikirləşirsiniz?» Çox vaxt bundan sonra yaxşı söhbət alınır.

13. Xidmətdə insanlar sizə qulaq asmasa da, nəyə görə məqsədinizə çatmış olursunuz? (Məsəllər 27:11).

13 İnsanlar xidmətdə sizə qulaq asmasa da, yenə də məqsədinizə çatmış olursunuz. Bilirsiniz niyə? Çünki Yehova ilə İsanın istəyi odur ki, siz şahidlik verəsiniz. Siz də əsas bunu etdiniz (Həv. 10:42). Hətta təbliğ etmək üçün kiməsə rast gəlməsəniz də və ya insanlar sizə qulaq asmaq istəməsə də, yenə də sevinə bilərsiniz. Çünki siz göydəki Atanızın qəlbini sevindirdiniz. (Məsəllər 27:11 ayəsini oxuyun.)

14. Hansısa təbliğçi maraq göstərən insana rast gələndə nəyə görə biz də sevinə bilərik?

14 Təbliğçilərdən kimsə sahədə maraq göstərən insana rast gələndə də sevinə bilərik. «Gözətçi qülləsi»ndə bizim işimiz itmiş uşağın axtarışına bənzədilmişdi. Uşağın axtarışına çox adam cəlb olunur və onlar bütün ərazini bir-bir axtarırlar. Uşaq tapılanda təkcə onu tapan adam yox, hamı sevinir. Şagird hazırlamaq işi də komanda işidir. İnsanları tapıb həqiqəti çatdırmaq işinə hamımız cəlb olunmuşuq və yeni bir kəs yığıncağa gəlməyə başlayanda hamımız birlikdə sevinirik.

YEHOVAYA VƏ İNSANLARA OLAN SEVGİNİZ BARƏDƏ DÜŞÜNÜN

15. Mətta 22:37—39 ayələrini tətbiq etmək təbliğ işinə şövqümüzü artırmağa necə kömək edə bilər? (Həmçinin şəklə baxın.)

15 Təbliğ işinə şövqünüzü artırmaq üçün bu işi Yehovaya və insanlara sevgidən irəli gələrək etdiyinizi unutmayın. (Mətta 22:37—39 ayələrini oxuyun.) Təsəvvür edirsiniz, Yehova sizin iş başında olduğunuzu görəndə necə sevinir və insanlar Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra necə xoşbəxt olacaqlar?! Bir şeyi də yadda saxlayın: xoş xəbəri qəbul edənləri xilas gözləyir (Yəh. 6:40; 1 Tim. 4:16).

Yehovaya və insanlara olan sevginiz barədə düşünmək təbliğ işində sevincinizi artıracaq (15-ci abzasa baxın)


16. Evdən çölə çıxa bilməyəndə belə, xidmətdən necə sevinc duya bilərik? Nümunə çəkin.

16 Ola bilsin, müəyyən səbəblərə görə evdən çıxa bilmirsiniz. Düşünün, bu vəziyyətinizdə Yehovaya və insanlara sevginizi necə göstərə bilərsiniz? Məsələn, COVID-19 pandemiyası vaxtı Samuel və həyat yoldaşı Daniya evdən çölə çıxa bilmirdilər. Bu onlar üçün çətin dövr idi. Amma onlar müntəzəm olaraq telefon vasitəsilə şahidlik verirdilər, məktublar yazırdılar və «Zoom» proqramı ilə Müqəddəs Kitab dərsləri keçirdilər. Həmçinin Samuel xərçəngdən müalicə aldığı xəstəxanada rastlaşdığı insanlara təbliğ edirdi. O deyir: «Çətinliklər zamanı biz fikir çəkirik, taqətdən düşürük və imanımız sınanır. Bu zaman Yehovaya xidmətdən sevinc duymaq lazımdır». Bütün bu problemlər azmış kimi, Daniya yıxılır və üç ay yataqdan qalxa bilmir. Sonra da altı ay əlil arabası ilə hərəkət etməli olur. Daniya bacı deyir: «Şəraitimin yol verdiyi qədər əlimdən gələn hər şeyi etməyə çalışırdım. Mən yanıma gələn tibb bacısına təbliğ edirdim. Həmçinin evimizə çatdırılma edən kuryerlərlə söhbət edirdim. Tibbi avadanlıqlar satan müəssisəsinin əməkdaşı ilə də telefon vasitəsilə yaxşı söhbətlərimiz olub». Samuellə Daniyanın şəraiti çox şey etməyə imkan vermirdi. Amma onlar bacardıqlarını edirdilər və bundan sevinc duyurdular.

17. Məqalədə gətirilən məsləhətlərin xeyrini görmək üçün nə edə bilərsiniz?

17 Məqalədə gətirilən beş məsləhətin hamısına əməl etsək, daha yaxşı nəticələr əldə edəcəyik. Hər məsləhəti yemək reseptində olan bir ərzağa bənzətmək olar. Reseptdəki bütün ərzaqları birləşdirəndə ortaya ləzzətli bir yemək çıxır. Eynilə, bu məsləhətlərin hamısına əməl etsək, mənfi hisslərlə daha yaxşı mübarizə apara biləcəyik və xidmətdən sevinc duyacağıq.

NÖVBƏTİ MƏSLƏHƏT XİDMƏTƏ SEVİNCİNİZİ NECƏ ARTIRA BİLƏR?

  • Hazırlaşmağa vaxt ayırmaq

  • Cəsarət almaq üçün dua etmək

  • Yehovaya və insanlara olan sevgimiz barədə düşünmək

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»