Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 15

NƏĞMƏ 124 Sədaqətli olaq

Yehovanın təşkilatına etibarınızı möhkəmləndirin

Yehovanın təşkilatına etibarınızı möhkəmləndirin

«Sizə rəhbərlik edənləri unutmayın. Onlar sizə Allahın sözünü danışıblar» (İBR. 13:7).

ƏSAS FİKİR

Gəlin görək Yehovanın təşkilatına etibarımızı möhkəmləndirmək və onu itirməmək üçün nə edə bilərik.

1. Birinci əsrdə Yehovanın xalqı necə təşkil olunmuşdu?

 YEHOVA xalqına iş tapşıranda bunun nizamlı şəkildə edilməsini gözləyir (1 Kor. 14:33). Məsələn, Yehova xoş xəbərin bütün yer üzündə təbliğ edilməsini istəyir (Mət. 24:14). O bu işə başçılıq etməyi İsa Məsihə tapşırıb. İsa Məsih də bu işin nizamlı şəkildə aparılmasına nəzarət edir. Birinci əsrdə Yerusəlimdə həvarilərdən və bəzi təcrübəli ağsaqqallardan ibarət şura bütün yığıncaqlar üçün qərarlar verirdi və yığıncaqlardan bu qərarlara əməl etmək tələb olunurdu (Həv. 14:23). Müxtəlif ərazilərdə yaranan hər yığıncağın ağsaqqalları şuranın verdiyi qərarları bacı-qardaşlara çatdırırdı (Həv. 15:2; 16:4). Aldıqları göstərişlərə itaət etdikləri üçün «yığıncaqlar imanda möhkəmlənir və günü-gündən böyüyürdü» (Həv. 16:5).

2. 1919-cu ildən bəri Yehova hansı yolla xalqına rəhbərlik edir və ruhani qida verir?

2 Yehova xalqını bu gün də nizamlı şəkildə idarə edir. Onun rəhbərliyi altında İsa Məsih 1919-cu ildən bəri məsh olunmuş məsihilərdən ibarət kiçik qrup vasitəsilə təbliğ işini təşkil edir və davamçılarına ruhani qida verir a (Luka 12:42). Yehovanın bu qrupun işini avand etdiyi göz qabağındadır (Əşy. 60:22; 65:13, 14).

3, 4. a) Təşkilatda nizam-intizamın olmasının hansı xeyri var? Nümunə çəkin. b) Bu məqalədə nə haqda danışılacaq?

3 Əgər təşkilatımızda nizam-intizam olmasaydı, biz İsanın tapşırdığı işi yerinə yetirə bilməzdik (Mət. 28:19, 20). Məsələn, təsəvvür edin ki, yığıncağınızın təbliğ sahəsi yoxdur və hərə istədiyi yerdə təbliğ edir. Belə olsaydı, təbliğçilər bəzi ərazilərdə təkrar-təkrar təbliğ edərdi, bəzi ərazilərdə isə ümumiyyətlə təbliğ edilməzdi. Bəs təşkilatda nizam-intizamın olmasının başqa hansı xeyrini görmüsünüz?

4 Bu gün İsa Məsih Allahın xalqını yer üzündə olarkən qoyduğu nizama uyğun olaraq idarə edir. Bu məqalədə İsa Məsihin qoyduğu nümunəni və təşkilatın onun nümunəsini necə izlədiyini araşdıracağıq. Həmçinin Yehovanın təşkilatına etibar etdiyimizi göstərməyin yollarından danışacağıq.

TƏŞKİLAT İSANIN NÜMUNƏSİNİ İZLƏYİR

5. Təşkilatımızın İsanın nümunəsini izlədiyini göstərən sahələrdən biri hansıdır? (Yəhya 8:28).

5 İsa etdiyi və dediyi hər bir şeyi Atasından öyrənmişdi. Yehovanın təşkilatı İsa Məsihin nümunəsini izləyərək əxlaqla bağlı təlimlərini və verdiyi rəhbərlikləri Allahın Kəlamına əsaslandırır (Yəhya 8:28 ayəsini oxuyun; 2 Tim. 3:16, 17). Tez-tez bizə Allahın Kəlamını mütaliə etməyin vacibliyi xatırladılır. Bəs Allahın Kəlamını mütaliə etməyin bir yolu hansıdır və bunun bizə hansı xeyri var?

6. Allahın Kəlamını hansı yolla mütaliə edəndə bunun xeyrini görə bilərik?

6 Müqəddəs Kitabı nəşrlərimizin köməyi ilə mütaliə edəndə bunun böyük xeyrini görürük. Məsələn, Allahın Kəlamında yazılanları təşkilatın nəşrlərimiz vasitəsilə verdiyi göstərişlərlə tutuşdura bilirik. Bu zaman biz görürük ki, aldığımız bütün göstərişlər Allahın Kəlamına əsaslanır və bu bizim Yehovanın təşkilatına etibarımızı artırır (Rom. 12:2).

7. İsa Məsih hansı müjdəni təbliğ edirdi və bu gün Allahın təşkilatı onun nümunəsini necə izləyir?

7 İsa Məsih «Allahın Padşahlığı haqqında müjdəni» təbliğ edirdi (Luka 4:43, 44). O, şagirdlərinə də Padşahlıq haqda təbliğ etməyi əmr etmişdi (Luka 9:1, 2; 10:8, 9). Bu gün Yehovanın təşkilatında olan hər bir kəs harada yaşamasından, nə qədər məsuliyyəti olmasından asılı olmayaraq, xoş müjdəni insanlara çatdırır.

8. Biz hansı şərəfə layiq görülmüşük?

8 İnsanlara Allahın Padşahlığı haqda danışmaq bizim üçün böyük şərəfdir. Bu şərəf hər kəsə nəsib olmur. Məsələn, İsa Məsih yer üzündə olanda cinlərə onun haqda şahidlik verməyi qadağan etmişdi (Luka 4:41). Bu gün insan Allahın xalqı ilə birlikdə təbliğdə iştirak etmək üçün müəyyən tələblərə cavab verməlidir. Əgər biz təbliğ etməyi şərəf hesab ediriksə, vaxtından və yerindən asılı olmayaraq, imkan düşən kimi insanlarla Allahın Padşahlığı haqda danışacağıq. İsa Məsih kimi bizim də məqsədimiz həqiqət toxumlarını insanların ürəyinə əkmək və suvarmaqdır (Mət. 13:3, 23; 1 Kor. 3:6).

9. Allahın adının tanınması üçün təşkilatımız nə edib?

9 İsa Məsih insanlara Allahın adını açmışdı. O, Allaha etdiyi duasında demişdi: «Sənin adını onlara açdım» (Yəh. 17:26). Yehovanın təşkilatı da İsa Məsihdən örnək alaraq insanların Allahın adını bilməsi üçün əlindən gələni edir. Məsələn, təşkilatın dərc etdiyi «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin bu işdə böyük rolu var. Orada Allahın adı orijinal mətndə istifadə olunan hər bir yerdə bərpa olunub. Həmin tərcümə tam və ya qismən 270-dən çox dildə mövcuddur. Bu tərcümənin A4A5 əlavələrində Allahın adının bərpa olunması ilə bağlı ətraflı məlumat var. Həmçinin A5 əlavəsində Allahın adının İncildə 237 yerdə istifadə olunmasının əsaslı səbəbləri açıqlanır.

10. Myanmada yaşayan bir qadının sözlərindən nə öyrənirsiniz?

10 İsa Məsih kimi biz də mümkün qədər çox insana Allahın adını açmaq istəyirik. Myanmada yaşayan 67 yaşlı bir qadın Allahın adını eşidəndə göz yaşları içində demişdi: «Həyatımda ilk dəfədir ki, Allahın adının Yehova olduğunu eşidirəm... Siz mənə bu həyatda ən vacib şeyi öyrətdiniz». Bu hadisədən gördüyümüz kimi Allahın adını bilmək səmimi-qəlbli insanların həyatında dönüş nöqtəsi ola bilər.

TƏŞKİLATA ETİBAR ETDİYİNİZİ DAİMA GÖSTƏRİN

11. Ağsaqqallar Yehovanın təşkilatına etibar etdiklərini necə göstərə bilər? (Həmçinin şəklə baxın.)

11 Ağsaqqallar təşkilata etibar etdiklərini hansı yolla göstərə bilərlər? Ağsaqqallar hansısa göstərişi alanda onu diqqətlə oxumalı və əllərindən gələni edib əməl etməyə çalışmalıdırlar. Məsələn, onlar görüşlərin bəndlərini necə aparmaq, yığıncağın adından necə dua etməklə bağlı göstərişlər alırlar. Bunlardan əlavə, ağsaqqallara Məsihin quzularının qeydinə qalmaqla bağlı da göstərişlər verilir. Onlar təşkilatdan gələn bütün göstərişlərə əməl edəndə bacı-qardaşlar Yehovanın sevgisini və qayğısını duyur.

Ağsaqqallar bizə Yehovanın təşkilatının verdiyi göstərişlərə etibar etməyə kömək edir (1-ci abzasa baxın) b


12. a) Nəyə görə rəhbərlik edən qardaşlarla əməkdaşlıq etməliyik? (İbranilərə 13:7, 17). b) Nəyə görə diqqətimizi ağsaqqalların müsbət xüsusiyyətlərinə cəmləməliyik?

12 Ağsaqqallardan göstəriş alanda onlara canla-başla əməl etməliyik. Biz belə edəndə onlara işlərini icra etmək daha asan olacaq. Müqəddəs Kitab bizi rəhbərlik edən qardaşlara itaət etməyə və onlara tabe olmağa təşviq edir. (İbranilərə 13:7, 17 ayələrini oxuyun.) Amma bu, həmişə asan olmur, çünki bu qardaşlar da qeyri-kamildirlər. Əgər biz diqqətimizi onların müsbət yox, mənfi cəhətlərinə cəmləsək, düşmənlərimizin dəyirmanına su tökmüş olarıq. Hansı mənada? Çünki ağsaqqallar haqda mənfi fikirləşiriksə, ola bilər ki, təşkilat haqqında da mənfi düşünməyə başlayaq və ona etibarımızı itirək. Düşmənlərimizin də istəyi elə budur. Bəs düşmənlərimizin yalanlarını sezmək və onlara qarşı durmaq üçün konkret hansı addımları ata bilərik?

QOYMAYIN KİMSƏ TƏŞKİLATA ETİBARINIZI SARSITSIN

13. Allahın düşmənləri təşkilatımızı gözdən salmaq üçün nələr edir?

13 Allahın düşmənləri təşkilatın müsbət tərəflərini mənfi bir şey kimi qələmə verməyə çalışırlar. Məsələn, Müqəddəs Kitaba əsasən Yehova xidmətçilərinin fiziki, əxlaqi və ruhani cəhətdən təmiz olmasını istəyir. O deyir ki, öz natəmiz əməllərinə davam edən və dəyişmək istəməyən insan yığıncaqdan kənar edilməlidir (1 Kor. 5:11—13; 6:9, 10). Biz Müqəddəs Kitabda yazılmış bu əmrə tabe oluruq. Amma düşmənlərimiz bunu bizim əleyhimizə istifadə edir. Onlar bizi ittiham edib deyirlər ki, insanları olduğu kimi qəbul etmirik, onları mühakimə edirik, sevmirik.

14. Təşkilatımız haqda yayılan yalanlar kimdən qaynaqlanır?

14 Hücumların kimdən qaynaqlandığını bilin. Təşkilatımız haqda yayılan yalanların arxasında Şeytan İblis durur. O, «yalanın atasıdır» (Yəh. 8:44; Yar. 3:1—5). Şeytan Yehovanın təşkilatı haqda yalanlar yaymaq üçün tərəfdarlarından istifadə edir. Bu da bizi təəccübləndirmir. Çünki belə bir şey birinci əsrdə də baş vermişdi.

15. Din xadimləri İsaya və onun davamçılarına qarşı nələr edirdilər?

15 İsanın kamil olmasına, möhtəşəm möcüzələr göstərməsinə baxmayaraq, birinci əsrdə Şeytanın tərəfdarları onun haqda ard-arda yalanlar söyləyirdilər. Məsələn, din xadimləri xalqa deyirdi ki, İsa «cinləri elə cinlərin hökmdarının əli ilə qovur» (Mark 3:22). İsa Məsihə məhkəmə qurulanda din xadimləri onu kafirlikdə ittiham etmişdilər və xalqı öyrətmişdilər ki, onun edam edilməsini istəsinlər (Mət. 27:20). Sonralar Məsihin davamçıları müjdəni təbliğ edəndə düşmənlər xalqı qızışdırıb, onları bu məsihiləri təqib etməyə təhrik edirdi (Həv. 14:2, 19). «Gözətçi qülləsi»nin 1998-ci il 1 dekabr sayında Həvarilərin işləri 14:2 ayəsi ilə bağlı belə sözlər yazılmışdı: «Yəhudi əleyhdarlar xoş müjdəni rədd etməklə kifayətlənmədilər. Onlar qeyri-yəhudiləri İsanın davamçılarına qarşı qaldırmaq üçün böhtanlara əl atdılar».

16. Yalan məlumatlar eşidəndə nəyi unutmamalıyıq?

16 Şeytan birinci əsrdə olduğu kimi bu gün də yalanlar yayır. O hələ də «bütün dünyanı [aldadır]» (Vəhy 12:9). Təşkilatımızla və rəhbərlik edən qardaşlarla bağlı mənfi məlumatlar eşidəndə birinci əsrdə Allahın düşmənlərinin İsa Məsihlə və onun davamçıları ilə necə davrandığını yadınıza salın. Allahın xalqının bu gün üzləşdiyi təqiblər və adına yaxılan qaralar qabaqcadan peyğəmbərlik olunmuşdu. Bu gün baş verənlər həmin peyğəmbərliyin dəqiqliyinə kimi icrasıdır (Mət. 5:11, 12). Bu yalanlara aldanmamaq üçün biz onların kimdən qaynaqlandığını unutmamalıyıq və dərhal tədbir görməliyik. Bəs nə edə bilərik?

17. Yalan məlumatların bizə zərər verməməsi üçün nə etməliyik? (2 Timutiyə 1:13). (Həmçinin « Yalan məlumatlar eşidəndə nə etməliyik?» adlı çərçivəyə baxın.)

17 Yalan məlumatlara qulaq asmayın. Yalan məlumatlar eşidəndə nə etmək lazım olduğunu həvari Bulus aydın başa salmışdı. O, Timutiyə demişdi ki, bəzilərinə «uydurma rəvayətlərə... baş qoşmağı» qadağan etsin və «nağıllara bənzəyən, yalanla, küfrlə dolu rəvayətləri» rədd etsin (1 Tim. 1:3, 4; 4:7). Balaca uşaq yerdən nəsə götürüb ağzına qoya bilər. Amma böyük insan bunu heç vaxt etməz. Çünki bunun zərərli olduğunu başa düşür. Biz də yalan məlumatların kimdən qaynaqlandığını bildiyimiz üçün onlara qulaq asmırıq. Biz yalnız həqiqətin «sağlam sözlər»ini dinləyirik. (2 Timutiyə 1:13 ayəsini oxuyun.)

18. Yehovanın təşkilatına etibar etdiyinizi necə göstərə bilərsiniz?

18 Bu gün Yehovanın təşkilatı bir çox sahədə İsanın nümunəsini izləyir. Məqalədə bunların üçündən danışdıq. Müqəddəs Kitabı mütaliə edəndə başqa sahələri də görməyə çalışın. Yığıncaqdakı bacı-qardaşlara təşkilata etibarlarını artırmağa kömək edin. Özünüz də təşkilata etibar etdiyinizi göstərin. Bunu Yehovaya sədaqətlə xidmət etməklə və iradəsini yerinə yetirmək üçün istifadə etdiyi təşkilata bağlı qalmaqla göstərə bilərsiniz (Zəb. 37:28). Gəlin Yehovanın məhəbbət dolu və sədaqətli xalqının arasında olmaq şərəfini həmişə qiymətləndirək.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehovanın təşkilatı hansı sahələrdə İsa Məsihin nümunəsini izləyir?

  • Yehovanın təşkilatına etibar etdiyimizi daima necə göstərə bilərik?

  • Yalan məlumatlar eşidəndə nə etməliyik?

NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr

a «Pak ibadət dirçəlir!» kitabının 102—103 səhifələrində yerləşən «Nəyə görə məhz 1919-cu il?» adlı çərçivəyə baxın.

b ŞƏKLİN İZAHI. Ağsaqqallar birlikdə ictimai şahidliyin müəyyən məqamlarını müzakirə edirlər. Qrup nəzarətçisi də həmin göstərişi təbliğçilərə çatdırıb deyir ki, təhlükəsizliyə görə arxaları divara tərəf dayansınlar.