TƏLİM MƏQALƏSİ 14
NƏĞMƏ 56 Həqiqətə bağlan
«Yetkinliyə doğru irəliləyək»
«Gəlin yetkinliyə doğru irəliləyək» (İBR. 6:1).
ƏSAS FİKİR
Ruhani cəhətdən yetkin olan məsihinin düşüncəsi və əməlləri Allahı razı salır və o, hikmətli qərarlar verir.
1. Yehova bizim necə olmağımızı istəyir?
ÖVLAD sahibi olmaq ata-ana üçün böyük xoşbəxtlikdir. Onlar körpə balalarını çox istəyirlər. Bununla belə, onun həmişə körpə qalmasını heç vaxt istəməzlər. Hətta uşağın böyümədiyini, inkişafdan qaldığını görsələr, narahat olarlar. Biz də İsanın davamçısı kimi ilk addımlarımızı atanda Yehova çox sevinir. O da bizim ruhani cəhətdən körpə qalmağımızı istəmir (1 Kor. 3:1). Əksinə, bizi «yetkin» məsihi olmağa təşviq edir (1 Kor. 14:20).
2. Bu məqalədə hansı suallara cavab tapacağıq?
2 Yetkin məsihi olmaq nə deməkdir? Yetkin məsihi olmaq üçün nə etməliyik? Bərk ruhani qida böyüməyimizə necə kömək edir? Nəyə görə özümüzə həddən artıq arxayın olmamalıyıq? Məqalədə bu sualların cavabı araşdırılır.
YETKİN MƏSİHİ OLMAQ NƏ DEMƏKDİR?
3. Yetkin məsihi olmaq nə deməkdir?
3 Müqəddəs Kitabda «yetkin» kimi tərcümə olunan yunan sözü «böyük», «kamil», «tam» mənasını da verir a (1 Kor. 2:6). Körpə get-gedə böyüyüb yetkinlik yaşına çatdığı kimi, biz də ruhani cəhətdən böyüyüb yetkin məsihi səviyyəsinə çatmalıyıq. Təbii ki, bu məqsədə çatmaq kifayət deyil. Biz Yehova ilə münasibətlərimizi daima möhkəmləndirməliyik (1 Tim. 4:15). Gənclər də daxil olmaqla, hər birimiz yetkin məsihi ola bilərik. Bəs yetkin olub-olmadığımızı necə bilmək olar?
4. Kimə yetkin məsihi deyilir?
4 Yetkin məsihi o kəsdir ki, Allahın qayda-qanunlarının hamısına əməl edir, təkcə öz ürəyi istəyənlərə yox. Sözsüz, qeyri-kamil olduğu üçün o da səhvlər edir. Bununla belə, hər gün çalışır ki, düşüncələri və əməlləri Yehovaya xoş getsin. O, yeni şəxsiyyəti geyinir və daima Yehova kimi düşünməyə çalışır (Efes. 4:22—24). O, Yehovanın qanun və prinsipləri əsasında düzgün qərarlar verməyi öyrənib. Buna görə də onun hər addımbaşı necə davranacağını diktə edən qaydalara ehtiyacı yoxdur. Yetkin insan özünə hakim olmağı bacardığı üçün verdiyi qərara uyğun davranmağı da bacarır (1 Kor. 9:26, 27).
5. Yetkin olmayan məsihi ilə nə baş verə bilər? (Efeslilərə 4:14, 15).
5 Yetkin olmayan məsihi isə insanların fırıldağına, fənd-felinə tez aldanır. O, mediada yayılan saxta xəbərlərə, şayiələrə, yalan məlumatlara aldanır, ya da dönüklərin təsirinə düşür b. (Efeslilərə 4:14, 15 ayələrini oxuyun.) Adətən yetkin olmayan məsihi başqalarına paxıllıq edir, münaqişə yaradır, inciyir, nəfsinə məğlub olur (1 Kor. 3:3).
6. Ruhani cəhətdən yetkinləşməyi nəyə bənzətmək olar? (Həmçinin şəklə baxın.)
6 Bayaq qeyd etdiyimiz kimi Müqəddəs Kitabda məsihinin ruhani cəhətdən yetkinləşməsi körpə uşağın böyüməsinə bənzədilir. Uşağın hələ ağlı kəsmədiyi üçün o, böyüklərin nəzarəti altında olmalıdır. Bunu belə bir nümunə əsasında izah etmək olar: ana yolu keçəndə balaca qızının əlindən tutur. Qız bir az böyüyəndən sonra anası ona yolu tək keçməyə icazə verir. Amma yenə də tapşırır ki, yolu keçəndə sağa-sola baxsın. Həmin qız artıq yetkinlik yaşına çatanda təhlükənin nə olduğunu özü ayırd edə bilir. Təhlükədən uzaq olmaq üçün uşaqların böyüklərin köməyinə ehtiyacı olduğu kimi, yetkin olmayan məsihilərin də köməyə ehtiyacı var. Məsələn, onlar ehtiyac duyur ki, kimsə onlara ruhani təhlükələrdən uzaq durmağa və düzgün qərarlar verməyə kömək etsin. Yetkin məsihi isə qərar verəndə Yehovanın düşüncəsini öyrənmək üçün Müqəddəs Kitab prinsiplərini ölçüb-biçir, sonra da buna uyğun davranır.
7. Yetkin məsihilərin başqalarının köməyinə ehtiyacı olur?
7 Bəs bu o deməkdir ki, yetkin məsihinin heç vaxt başqasının köməyinə ehtiyacı olmur? Xeyr. Ona da bəzən kimlərinsə köməyi lazım gələ bilər. Amma yetkin olmayan məsihi, ola bilsin, özü qərar vermək əvəzinə, başqasının onun yerinə qərar verməsini gözləyir. Yetkin məsihi isə daha hikmətli, təcrübəli insanlardan kömək istəsə də başa düşür ki, qərarı özü verməlidir və «öz məsuliyyət yükünü [daşımalıdır]» (Qal. 6:5).
8. Yetkin məsihilər bir-birilərindən nə ilə fərqlənirlər?
8 Böyüklər xarici görünüşcə bir-birindən fərqlənir. Eynilə, yetkin məsihilərin də xüsusiyyətləri bir-birindən fərqlənir. Kimisi daha hikmətlidir, kimisi daha cəsarətlidir, kimisi daha səxavətlidir, kimisi də daha şəfqətlidir. Eynilə, ola bilər ki, eyni vəziyyətlə üzləşmiş iki yetkin məsihi iki müxtəlif qərar versin və bu qərarları Müqəddəs Kitaba əsasən məqbul olsun. Bu, xüsusilə də vicdana əsasən verilən qərarlara aiddir. Onlar bunu başa düşdükləri üçün fərqli qərar verəndə bir-birilərini qınamırlar, əksinə, birliyi qorumağa çalışırlar (Rom. 14:10; 1 Kor. 1:10).
YETKİN MƏSİHİ OLMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?
9. İnsanın ruhani cəhətdən yetkinləşməsi öz-özünə baş verir? İzah edin.
9 Böyümə prosesi adətən təbii olaraq baş verir. Amma ruhani cəhətdən böyümək, yetkinləşmək öz-özünə baş verən proses deyil. Məsələn, Korinf yığıncağındakı bacı-qardaşlar xoş müjdəni eşitmişdilər, vəftiz olunmuşdular, müqəddəs ruh almışdılar və həvari Bulusun onlara şəxsən verdiyi nəsihətlərdən çox şey öyrənmişdilər (Həv. 18:8—11). Bununla belə, vəftizlərindən bir neçə il keçsə də, çoxları hələ də yetkinləşməmişdi (1 Kor. 3:2). Bəs eyni şeyin bizimlə də baş verməməsi üçün nə edə bilərik?
10. Yetkinliyə çatmaq üçün nə etməliyik? (Yəhuda 20, 21).
10 Yetkinliyə çatmaq üçün bizdə ilk növbədə güclü istək olmalıdır. Cahil qalmağı seçənlər ruhani cəhətdən heç vaxt inkişaf etməyəcəklər, elə körpə qalacaqlar (Məs. 1:22). Biz fiziki cəhətdən böyüyən, amma qərar verərkən hələ də valideynlərinin sözündən asılı olan kəslərə bənzəmək istəmərik. Əksinə, biz ruhani cəhətdən böyümək məsuliyyətini özümüz daşımaq istəyirik. (Yəhuda 20, 21 ayələrini oxuyun.) Hal-hazırda yetkin məsihi olmağa çalışırsınızsa, dua edin ki, Yehova qəlbinizdə həm arzu oyatsın, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc versin (Filip. 2:13).
11. Yehova yetkin məsihi olmağa bizə necə kömək edir? (Efeslilərə 4:11—13).
11 Yehova bilir ki, ruhani cəhətdən yetkinləşmək üçün bizim köməyə ehtiyacımız var. O, müxtəlif yollarla bizə «yetkin insan səviyyəsinə» — «Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə» yetişməyə kömək edir. (Efeslilərə 4:11—13 ayələrini oxuyun.) Məsələn, bunu yığıncaqda çoban və müəllim kimi xidmət edən qardaşlar vasitəsilə edir. Həmçinin O, «Məsihin düşüncəsinə» sahib olmağımız üçün bizə müqəddəs ruhunu verir (1 Kor. 2:14—16). Bundan əlavə, Yehova bizim üçün dörd Müjdə nazil edib. Biz oradan Məsihin yer üzündə olarkən necə düşündüyü, danışdığı və davrandığı barədə oxuyuruq. İsa Məsihə bənzəməyə çalışmaqla siz yetkin məsihi olmaq məqsədinizə çata bilərsiniz.
BƏRK RUHANİ QİDANIN ROLU
12. «Məsih haqqındakı ibtidai təlimlər»ə nə daxildir?
12 Yetkinliyə doğru irəliləmək üçün biz «Məsih haqqındakı ibtidai təlimləri» arxada qoymalıyıq. Yəni Müqəddəs Kitabdakı əsas təlimləri bilmək azdır. Bu təlimlərə tövbə, iman, vəftiz və dirilmə haqda öyrəndiklərimiz daxildir (İbr. 6:1, 2). Bunlar əsl məsihi imanının təməlində duran biliklərdir. Elə buna görə də Əllinci gün bayramında həvari Butrus izdihamın qarşısında bunlardan danışmışdı (Həv. 2:32—35, 38). Məsihin davamçısı olmaq üçün biz bu ibtidai təlimlərə iman gətirməliyik. Məsələn, həvari Bulus qeyd etmişdi ki, dirilməni inkar edən öz imanını da inkar edir (1 Kor. 15:12—14). Amma yetkinləşməyimiz üçün təkcə bu ibtidai təlimləri bilməyimiz kifayət etmir.
13. Bərk ruhani qidadan fayda əldə etmək üçün nə etməliyik? (İbranilərə 5:14). (Həmçinin şəklə baxın.)
13 İbtidai təlimlərdən fərqli olaraq, bərk ruhani qidaya təkcə Yehovanın qanunları yox, həmçinin prinsipləri də daxildir. Bu prinsiplər bizə Yehovanın düşüncəsini qavramağa kömək edir. Bərk ruhani qidadan fayda əldə etmək üçün Allahın Kəlamını mütaliə etməli, oxuduqlarımızın dərinliyinə varmalı və öyrəndiklərimizə əməl etməyə çalışmalıyıq. Belə etdikcə biz Yehovanı razı salan qərarlar verməyi bacaracağıq c. (İbranilərə 5:14 ayəsini oxuyun.)
14. Bulus korinflilərə yetkinləşməyə necə kömək etmişdi?
14 Bəzən elə vəziyyətlər olur ki, Müqəddəs Kitabda bununla bağlı konkret qanun yoxdur. Bu zaman yetkin olmayan məsihi düzgün qərar verməyə çətinlik çəkə bilər. Bəzilərinin fikrincə, qanun yoxdursa, istədiyini etmək olar. Başqaları isə, ola bilsin, qayda tələb olunmayan məqamlarda qayda axtarsın. Məsələn, Korinfdəki məsihilər, görünür, bütlərə təqdim edilmiş qidadan yeyib-yeməməklə bağlı Bulusun konkret qayda qoymasını istəyirdilər. Bulus onlara «belə-belə edin» demədi. Əksinə, başa saldı ki, bu məsələdə hər kəsin öz vicdanına görə davranmaq «hüququ» var. Həmçinin onlara müəyyən prinsipləri xatırlatdı. Bu prinsiplərin sayəsində onlar həm öz vicdanlarını ləkələməyən, həm də başqalarını büdrətməyən qərar verə biləcəkdi. Bulus bu yolla korinflilərə qərar verərkən öz ağıllarını işlətməyi öyrədirdi (1 Kor. 8:4, 7—9). Bunun sayəsində onlar başqalarının fikrindən asılı olmayacaq və qaydalar axtarmayacaqdı, beləcə, yetkin məsihi ola biləcəkdilər.
15. Bulus ibrani məsihilərə ruhani cəhətdən inkişaf etməyə necə kömək etmişdi?
15 Bulusun ibrani məsihilərə yazdıqlarından vacib bir şey öyrənirik. Həmin vaxt bəziləri ruhani cəhətdən böyümək üçün öz üzərində işləmirdi. Hətta onlara «bərk [ruhani] qida yox, yenə süd» lazım idi (İbr. 5:12). Bu məsihilər Yehovanın yığıncaq vasitəsilə tədricən açıqladığı həqiqətlərlə ayaqlaşmırdılar (Məs. 4:18). Məsələn, yəhudilərin çoxu hələ də Musanın qanununa əməl etməyin tərəfdarı idi. Halbuki, Məsihin qurbanlığı əsasında Musanın qanunu haradasa 30 il idi ki ləğv olunmuşdu (Rom. 10:4; Tit. 1:10). Əslində, bu, az müddət deyildi! Bu vaxt ərzində onlar düşüncələrini dəyişə bilərdilər. Bulusun ibranilərə yazdığı məktubda bərk ruhani qidanın olduğu danılmazdır. Onu oxuyan məsihilər başa düşə bilərdi ki, Yehovanın İsa Məsih vasitəsilə təsis etdiyi yeni ibadət forması daha üstündür və onlar yəhudilərdən qorxmadan cəsarətlə təbliğ edə bilərlər (İbr. 10:19—23).
ÖZÜNÜZƏ HƏDDƏN ARTIQ ARXAYIN OLMAYIN
16. Yetkinliyə can atmaqla yanaşı, daha nə etməliyik?
16 Biz yetkin olmağa can atmaqla yanaşı, onu qorumağa da çalışmalıyıq. Bunun üçün özümüzə həddən artıq arxayın olmamalıyıq (1 Kor. 10:12). Biz ruhani cəhətdən inkişaf edib-etmədiyimizi daima yoxlamalıyıq (2 Kor. 13:5).
17. Bulusun koloslulara yazdığı məktubdan yetkin qalmağın vacibliyi haqda nə öyrənirik?
17 Koloslulara yazdığı məktubda Bulus yetkinliyi qorumağın vacibliyini bir daha vurğulamışdı. Düzdür, onlar artıq yetkin məsihi idi. Bununla belə, Bulus onlara xəbərdarlıq etmişdi ki, dünyanın baxışlarının tələsinə düşməmək üçün ehtiyatlı olsunlar (Kol. 2:6—10). Görünür, yığıncaqdakı məsihiləri yaxşı tanıyan Epafras da həmişə dua edirdi ki, onlar «sonda yetkin insanlar kimi möhkəm» dura bilsinlər (Kol. 4:12). Buradan nə öyrənirik? Həm Bulus, həm də Epafras bir şeyi başa düşürdü: yetkinliyini qorumaq üçün insanın həm Yehovanın köməyinə ehtiyacı var, həm də o özü bunun üçün var gücü ilə çalışmalıdır. Bu yolla koloslular hansı çətinliklərlə üzləşirlərsə-üzləşsinlər daima yetkin qalacaqdılar.
18. Yetkin məsihi ilə nə baş verə bilər? (Həmçinin şəklə baxın.)
18 Bulus ibranilərə xəbərdarlıq etmişdi ki, yetkin məsihi ehtiyatlı olmasa, həmişəlik Allahın rəğbətini itirə bilər. Məsihinin ürəyi o qədər sərtləşə bilər ki, nəticədə o, tövbə edib Allahın əfvini qazanmağa çalışmaz. Yaxşı ki, ibranilər belə bir vəziyyətdə deyildilər (İbr. 6:4—9). Bəs bu gün vəziyyət necədir? Bir vaxtlar qeyri-fəal və ya yığıncaqdan kənar edilmiş, amma sonralar tövbə etmiş kəslər barədə nə demək olar? Bu dindaşlarımızın səmimi tövbələri göstərir ki, onlar Bulusun bəhs etdiyi insanlardan fərqlənirlər. Sözsüz ki, onlar Yehovaya geri dönəndə Onun köməyinə ehtiyac duyurlar (Hizq. 34:15, 16). Ağsaqqallar həmin insanın ruhani cəhətdən ayağa qalxması üçün yetkin bir məsihidən ona kömək etməsini xahiş edə bilərlər.
19. Hansı məqsədi qoymalıyıq?
19 Əgər yetkin məsihi olmağa doğru irəliləsək, onda bu məqsədimizə çatacağıq. Müqəddəs Kitabdakı dərin həqiqətləri öyrənməyə davam edin və Yehovanın düşüncəsini yaxşı-yaxşı qavrayıb Onun kimi düşünün. Əgər artıq yetkinlik səviyyəsinə çatmısınızsa, onu itirməmək üçün əlinizdən gələni edin.
NECƏ CAVAB VERƏRDİNİZ?
-
Yetkin məsihi olmaq nə deməkdir?
-
Yetkin məsihi olmaq üçün nə etməliyik?
-
Nəyə görə özümüzə həddən artıq arxayın olmamalıyıq?
NƏĞMƏ 65 İrəli get!
a Tövratda «yetkin» və «yetkin olmayan» ifadələri işlənməsə də, bu ifadələri bildirən fikirlər yazılıb. Məsələn, «Məsəllər» kitabında naşı gənc ilə hikmətli, dərrakəli adam arasındakı təzaddan söhbət gedir (Məs. 1:4, 5).
b jw.org saytında və «JW Library®» tətbiqində yerləşən «Əlavə mövzular» adlı silsilənin «Özünüzü dezinformasiyadan qoruyun» məqaləsinə baxın.
c Bu sayda yerləşən «Mütaliə üçün təklif» məqaləsinə baxın.
d ŞƏKLİN İZAHI. Qardaş əyləncə seçərkən Müqəddəs Kitabdan öyrəndiyi prinsiplərə əməl edir.