Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 31

Biz ruhdan düşmürük!

Biz ruhdan düşmürük!

«Buna görə də biz ruhdan düşmürük» (2 KOR. 4:16).

NƏĞMƏ 128 Axıra kimi dözək

İCMAL *

1. Məsihilər həyat uğrunda yarışı tamamlamaq üçün nə etməlidir?

MƏSİHİLƏR həyat uğrunda yarışda iştirak edir. Yarışa yeni qoşulmağımızdan, yaxud uzun illərdir bu yarışda qaçmağımızdan asılı olmayaraq, finiş xəttini keçənə qədər qaçmalıyıq. Həvari Bulusun Filippidəki məsihilərə yazdığı məktub bizə bu yarışı bitirməyə stimul verə bilər. Birinci əsrdəki yığıncağın bəzi üzvləri Bulusun bu məktubunu alanda artıq uzun illər idi ki, Yehovaya ibadət edirdilər. Düzdür, onlar artıq bu yarışda yaxşı qaçırdılar, amma Bulus onlara dözümlə qaçmağa davam etməyin vacibliyini xatırlatdı. Bulus istəyirdi ki, bu məsihilər «hədəfə doğru» qaçmaqda ondan nümunə götürsünlər (Filip. 3:14).

2. Nə üçün demək olar ki, həvari Bulusun filippililəri ruhlandırmaq üçün yazdığı məktub yerinə düşürdü?

2 Həvari Bulusun filippililəri ruhlandırmaq üçün yazdığı məktub yerinə düşürdü. Çünki bu yığıncaq yaranan gündən bəri təqiblərlə qarşılaşmışdı. Təxminən eramızın 50-ci ilində həvari Bulusla Sila Yehovanın «Makedoniyaya gəl» dəvətinə hay verərək Filippiyə gəlib xoş xəbəri təbliğ etməyə başlayır (Həv. 16:9). Orada onları dinləyən Lidiya adlı bir qadın var idi. Yehova xoş xəbəri qəbul etməsi üçün onun ürəyini açır (Həv. 16:14). Bu qadın qısa bir zamanda ailəsi ilə birgə vəftiz olunur. Amma İblis boş oturmur, dərhal əngəllər yaratmağa başlayır. Şəhər camaatı həvari Bulusla Silanı sürüyərək mülki məmurların yanına gətirib haqsız olaraq asayişi pozmaqda ittiham edir. Nəticədə, onları döyüb həbsə atırlar, daha sonra isə şəhəri tərk etmələrini xahiş edirlər (Həv. 16:16—40). Görəsən, bu hadisə Bulusla Silanı ruhdan saldı? Əsla! Bəs yeni yaranmış yığıncaqdakı bacı-qardaşlar haqda nə demək olar? Tərifə layiqdir ki, onlar da bu çətinliyə dözdülər. Şübhəsiz, Bulusla Silanın qoyduğu gözəl nümunə onları çox ruhlandırmışdı.

3. Həvari Bulus nəyi anlayırdı və hansı sualları araşdıracağıq?

3 Bulus ruhdan düşməməyə qərarlı idi (2 Kor. 4:16). Bununla belə, o bilirdi ki, yarışı axıra çatdırmaq üçün hədəfindən yayınmamalıdır. Bulusun nümunəsindən nə öyrənirik? Hansı müasir iman örnəkləri çətinliklərə rəğmən, dözüm göstərməyin mümkün olduğunu göstərir? Gələcəyə olan ümidimiz ruhdan düşməmək qətiyyətimizi necə möhkəmləndirə bilər? Məqalədə bu sualların cavabı araşdırılır.

BULUSUN NÜMUNƏSİNİN BİZƏ FAYDASI

4. Başına gələnlərə rəğmən, Bulus nəyin sayəsində fəal qala bilmişdi?

4 Gəlin görək həvari Bulus filippililərə məktub yazdığı vaxt nələr edirdi. Romada ev dustağı olmasına və təbliğ etmək azadlığının məhdud olmasına baxmayaraq, Bulus xidmətdə əlindən gələni edirdi. O, yanına gələnlərə təbliğ edir və uzaq ərazilərdəki yığıncaqlara məktublar yazırdı. Eynilə bu gün də xəstəlik və ya qocalıq kimi səbəblərə görə evdən çıxa bilməyən məsihilərin bir çoxu yaranan hər fürsətdən istifadə edib evlərinə gələnlərə təbliğ edir. Həmçinin evdə tapa bilmədiyimiz insanlara məktublar yazırlar.

5. Həvari Bulusun Filippililərə 3:12—14 ayələrində dediyi sözlərə əsasən, gözünü hədəfdən ayırmamağa ona nə kömək etmişdi?

5 Həvari Bulus nə keçmiş nailiyyətlərinin, nə də səhvlərinin onu Yehovaya ibadətdən yayındırmasına yol vermirdi. Belə ki, o, «irəlidəki şeylərə» can atmaq üçün, yəni yarışı uğurla başa vurmaq üçün «arxada qalan şeyləri» unutmağın mühüm olduğunu demişdi. (Filippililərə 3:12—14 ayələrini oxuyun.) Bəs nələr Bulusun fikrini yayındıra bilərdi? Əvvəla, məsihi olmazdan öncə yəhudi dinində əldə etdiyi yüksək nailiyyətlər. Lakin o, bütün bu şeyləri zibil hesab edirdi (Filip. 3:3—8). İkincisi, məsihilərə keçmişdə verdiyi zülmə görə çəkdiyi vicdan əzabı. O, bu hisslərə görə də Yehovaya xidmətini dayandırmadı. Üçüncüsü, Bulus artıq Yehova üçün kifayət qədər xidmət etdiyini düşünə bilərdi. O, həbs olunmasına, döyülməsinə, daşqalaq edilməsinə, gəmi qəzasına uğramasına, ac-susuz, çılpaq qalmasına rəğmən, xidmətdə gözəl nəticələr əldə etmişdi (2 Kor. 11:23—27). Lakin əldə etdiklərinə və çəkdiyi əzablara baxmayaraq, Bulus başa düşürdü ki, o, hələ yarışı davam etdirməlidir. Biz də belə etməliyik.

6. Arxada qoyduğumuz hansı şeyləri unutmaq yaxşı olar?

6 Həvari Bulusun nümunəsi «arxada qalan şeyləri» unutmağımıza necə kömək edə bilər? Ola bilsin, bəziləri keçmiş səhvlərinə görə vicdan əzabı çəkir. Elədirsə, İsa Məsihin fidyə qurbanlığı haqda mütaliə etmək yaxşı olar. Ruhlandırıcı mövzuları mütaliə etmək, onların üzərində düşünmək və bu haqda dua etmək Yehovanın günahlarımızı bağışladığına dair əminliyimizi artıra bilər. Beləcə, keçmişdə etdiyimiz səhvlərə görə çəkdiyimiz vicdan əzabı azalacaq, yaxud da ondan tamamilə azad olacağıq. Bəzilərimiz Allahın Padşahlığının maraqlarını birinci yerə qoymaq üçün gəlirli karyeradan imtina etmişik. Elədirsə, sahib ola biləcəyimiz var-dövlətin, rahat həyatın həsrətini çəkməyib, arxada qalan şeyləri unuda bilərik? (Say. 11:4—6; Vaiz 7:10). Bu şeylərin sırasına Yehova üçün keçmişdə etdiklərimiz və ya tab gətirdiyimiz sınaqlar da daxildir. Sözsüz ki, Yehovanın bizə illər ərzində verdiyi nemətlər və göstərdiyi kömək barədə düşünmək üçün geri boylanmaq bizi Ona yaxınlaşdırır. Bununla belə, istəməzdik ki, etdiklərimizlə kifayətlənib, Yehovanın yolunda artıq yetərincə çalışdığımızı düşünək (1 Kor. 15:58).

Həyat uğrunda yarışda heç nəyin diqqətimizi yayındırmasına yol verməməli və diqqətimizi hədəfimizə cəmləməliyik (7-ci abzasa baxın)

7. 1 Korinflilərə 9:24—27 ayələrinə əsasən, həyat uğrunda gedən yarışda qalib gəlmək üçün nə vacibdir? Nümunə çəkin.

7 Həvari Bulus İsa Məsihin «var gücünüzlə çalışın» sözlərini çox gözəl başa düşürdü (Luka 13:23, 24). Bilirdi ki, Məsih kimi, o da axıra qədər var gücü ilə çalışmalıdır. Buna görə də o, məsihi həyatını yarışa bənzətmişdi. (1 Korinflilərə 9:24—27 ayələrini oxuyun.) Qaçışçı bütün diqqətini finiş xəttinə cəmləyir və onu yayındıra biləcək heç nəyə fikir vermir. Məsələn, bu gün şəhərdaxili qaçış üzrə yarışlarda iştirak edənlər mağazaların və onları yayındıra biləcək digər şeylərin yanından keçir. Sizcə, hər hansı qaçışçı dayanıb mağaza vitrinlərinə baxar? Qalib gəlmək istəyirsə, baxmaz! Biz də həyat uğrunda yarışda heç nəyin diqqətimizi yayındırmasına yol verməməliyik. Məqsədimizi unutmasaq və həvari Bulus kimi var gücümüzlə çalışsaq, mükafatı alacağıq!

İMAN SINAQLARINA SİNƏ GƏRİRİK

8. Hansı üç çətinlik haqda söz açacağıq?

8 Gəlin bizi ruhdan sala biləcək üç vəziyyətə nəzər salaq. Bunlar uzun sürən intizar, yaşlandıqca gücümüzün zəifləməsi və aramsız sınaqlardır. Bu çətinliklərə sinə gərən insanların nümunəsi bizə dözməyə kömək edə bilər (Filip. 3:17).

9. Uzun sürən intizar bizə necə təsir edə bilər?

9 Uzun sürən intizar. Biz Yehovanın vəd etdiyi gözəl nemətləri almağı həsrətlə gözləyirik. Həbquq peyğəmbər də belə hisslər keçirirdi. O, Yehovanın Yəhudiyyədə hökm sürən pisliklərə son qoyacağını həsrətlə gözləyirdi və bu arzusunu Yehovaya bildirmişdi. Yehova da ona gözləməyi buyurmuşdu (Həb. 2:3). Uzun sürən intizar əzmimizi zəiflədə, hətta bizi ruhdan sala bilər (Məs. 13:12). İyirminci əsrin əvvəlində belə bir şey baş vermişdi. O vaxtlar məsh olunmuş məsihilər 1914-cü ildə göylər mükafatını alacaqlarına ümid edirdilər. Bəs ümidləri gerçəkləşməyəndə sədaqətli məsihilər nə etdilər?

Royal və Pörl 1914-cü illə bağlı ümidləri gerçəkləşməsə də, onlar uzun illər ərzində Yehovaya sədaqətlə xidmət etdilər (10-cu abzasa baxın)

10. Bir ər-arvad ümidlərinin gözlədikləri vaxt gerçəkləşmədiyini görəndə nə etdi?

10 Bu cür çətinliyə sinə gərən iki sədaqətli məsihinin nümunəsinə nəzər salaq. Royal Spatz qardaş 1908-ci ildə 20 yaşında vəftiz olunub. O, mükafatını tezliklə alacağına əmin idi. Hətta 1911-ci ildə gələcək həyat yoldaşına evlilik təklifi edərkən belə demişdi: «Pörl, 1914-cü ildə baş verəcəkləri bilirsən. Ailə qurmaq fikrimiz varsa, gərək tezləşdirək!» Bəs onlar 1914-cü ildə göylər mükafatını almayanda həyat uğrunda yarışdan ayrıldılar? Xeyr. Çünki onların əsas amalı mükafat almaq yox, Yehovanın iradəsini sədaqətlə yerinə yetirmək idi. Onlar dözümlə qaçmaq əzmində idilər. Royal və Pörl uzun illər ərzində, yerüzü həyatlarını başa vurana qədər əzmlə və sədaqətlə xidmət etdilər. Sözsüz ki, siz Yehovanın Öz adına və ali hökmranlığına bəraət qazandıracağı və bütün vədlərini həyata keçirəcəyi günü səbirsizliklə gözləyirsiniz. Əmin olun ki, Yehovanın təyin etdiyi vaxtda bütün bunlar həyata keçəcək. O vaxta qədər isə, gəlin Allaha xidmətdə fəal olaq, uzun sürən intizarın bizi ruhdan salmasına yol verməyək.

Artur Sekord qoca yaşına rəğmən, Yehova üçün əlindən gələni etməyə əzmli idi (11-ci abzasa baxın)

11, 12. Nə üçün fiziki gücümüzün tükənməsi irəli getməyimizə əngəl deyil? Nümunə çəkin.

11 Yaşlandıqca gücümüzün zəifləməsi. Qaçışçıdan fərqli olaraq, bizə ruhani cəhətdən inkişaf etmək üçün fiziki cəhətdən güclü olmaq gərək deyil. Əvvəlki qədər gücü-qüvvəti qalmayan bir çoxları hələ də Yehovaya canla-başla xidmət etmək şövqü ilə alışıb yanır (2 Kor. 4:16). Misal üçün, ömrünün 55 ilini Beyteldə xidmət etmiş 88 yaşlı Artur Sekord * qardaş yaşlanmış və taqətdən düşmüşdü. Bir gün qardaşın qeydinə qalan bacı ona qulluq etmək üçün çarpayısına yaxınlaşır. O, qardaşa baxaraq şəfqətlə deyir: «Artur qardaş, bu can Yehovaya xidmətdə çoxlu məsafələr qət edib». Amma Artur qardaş diqqətini keçmişdə gördüyü işlərə cəmləməmişdi. O, bacıya baxıb, gülümsəyərək deyir: «Düz deyirsən. Amma önəmli olan keçmişdə etdiklərimiz deyil. Əsas olan indi sadiq qalmağımızdır».

12 Ola bilsin, uzun illərdir ki, Yehovaya sədaqətlə xidmət edirsiniz, lakin indi səhhətinizdəki problemlər əvvəlki qədər xidmət etməyinizə mane olur. Ruhdan düşməyin! Yehovanın keçmişdə Ona sədaqətlə etdiyiniz xidməti dəyərləndirdiyinə əmin olun (İbr. 6:10). İndiki vəziyyətdə isə, yadda saxlayın ki, Yehovaya məhəbbətimiz Onun yolunda nə qədər iş görməyimizlə ölçülmür. Məhəbbətimiz müsbət əhval-ruhiyyəyə sahib olmağımızdan, gücümüzün çatdığını etməyimizdən görünür (Kol. 3:23). Yehova məhdudiyyətlərimizi bilir və bacardığımızdan artığını gözləmir (Mark 12:43, 44).

Anatoli və Lidiya çoxlu çətinliklərə baxmayaraq, sadiq qaldılar (13-cü abzasa baxın)

13. Anatoli və Lidiyanın nümunəsi üzləşdiyimiz çoxlu çətinliklərə baxmayaraq, xidməti sədaqətlə davam etməyə necə kömək edə bilər?

13 Aramsız sınaqlar. Yehovanın bəzi xidmətçiləri uzun illərdir çətinliklərə və təqiblərə dözür. Misal üçün, Anatoli Melnikin * cəmi 12 yaşı olanda atasını həbs edib yaşadığı Moldova şəhərindən təxminən 7 min kilometr uzaqda yerləşən Sibirə, ailəsindən uzağa sürgün etmişdilər. Bir il sonra onu da anası və nənə-babası ilə birgə Sibirə sürgün edirlər. Müəyyən müddət sonra onlar başqa bir kənddəki yığıncaqda iştirak edə bilir. Lakin bunun üçün sərt şaxtalı havada qarlı yollarla piyada 30 kilometr getməli olurdular. Bundan əlavə, Anatoli qardaş üç il həbsdə olub və arvadı Lidiya ilə bir yaşlı qızından ayrı qalıb. Uzun illər boyu çəkdiyi çətinliklərə rəğmən, Anatoli və ailəsi Yehovaya sədaqətlə xidmət edib. Hal-hazırda 82 yaşı olan qardaş Mərkəzi Asiyada filial komitəsində xidmət edir. Gəlin Anatoli və Lidiya kimi, biz də Yehovaya xidmətdə əlimizdən gələni edək və keçmişdə olduğu kimi dözüm göstərək (Qal. 6:9).

GƏLƏCƏYƏ ÜMİDİMİZ BİZƏ GÜC VERİR

14. Həvari Bulusun sözlərinə əsasən, hədəfinə çatmaq üçün o, nə etməli idi?

14 Həvari Bulus yarışı başa vurub hədəfinə çatacağına əmin idi. Məsh olunmuş məsihi kimi, o, Allahın «verdiyi göylər dəvəti mükafatı»nı almağın həsrətində idi. Lakin Bulus başa düşürdü ki, hədəfinə çatmaq üçün ona tərəf qaçmalıdır (Filip. 3:14). O, filippililərə hədəflərinə çatmağa kömək etmək üçün maraqlı bir təsvirdən istifadə etmişdi.

15. Həvari Bulus Filippidəki məsihiləri hədəfə doğru qaçmağa davam etməyə səsləyərək vətəndaşlıq mövzusundan necə istifadə etmişdi?

15 Həvari Bulus filippililərə sonda göylər vətəndaşlığını alacaqlarını xatırlatmışdı (Filip. 3:20). Onlar nə üçün bunu xatırlamalı idi? Həmin vaxt Roma vətəndaşı olmaq böyük üstünlük idi *. Lakin məsh olunmuş məsihilərin daha dəyərli vətəndaşlığı var idi və bu vətəndaşlığın daha çox üstünlükləri olacaqdı. Göylər vətəndaşlığı ilə müqayisədə Roma vətəndaşı olmaq heç nə idi! Bu səbəbdən Bulus filippililəri «Məsih haqqındakı müjdəyə layiq» yaşamağa təşviq etmişdi (Filip. 1:27). Bu gün məsh olunmuş məsihilər də göydə əbədi yaşamaq hədəfinə doğru qaçmaqda gözəl nümunədir.

16. Göydə, yaxud yer üzündə əbədi yaşamaq ümidinə malik olmağımıza baxmayaraq, Filippililərə 4:6, 7 ayələrinə əsasən, nəyə davam etməliyik?

16 İstər göydə, istərsə də yer üzündə əbədi yaşamaq ümidinə malik olmağınızdan asılı olmayaraq, hədəfə doğru qaçmağa davam edin. Şəraitinizdən asılı olmayaraq, nə arxada qalan şeylərə baxın, nə də nəyinsə irəli getməyinizə mane olmasına yol verin (Filip. 3:16). Ümidlərinizin gerçəkləşməsi sizə gecikən kimi görünə bilər, yaxud fiziki gücünüz tükənə bilər. Ola bilsin, uzun illərdir çətinliklərə və təqiblərə dözürsünüz. İstənilən halda, «heç nəyə görə narahat olmayın». Əksinə, diləklərinizi və xahişlərinizi Allaha bildirin və O, sizə düşündüyünüzdən qat-qat üstün olan sülhünü verəcək. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.)

17. Növbəti məqalədə nəyi araşdıracağıq?

17 Qaçışçı finişə çataçatda var gücünü toplayıb qaçdığı kimi, gəlin biz də bütün diqqətimizi həyat uğrunda yarışı bitirməyə cəmləyək. Gücümüz və şəraitimiz çərçivəsində var gücümüzlə çalışıb qarşıda bizi gözləyən möhtəşəm mükafata doğru irəliləyək. Bəs yoldan sapmamağa bizə nə kömək edə bilər? Növbəti məqalə prioritetlərimizi müəyyən etməyə və «daha vacib şeyləri ayırd etməyi» öyrənməyə kömək edəcək (Filip. 1:9, 10).

NƏĞMƏ 79 Onlara mətin olmağı öyrədək

^ abz. 5 Yehovaya neçə müddətdir xidmət etməyimizdən asılı olmayaraq, ruhani cəhətdən böyüməyə və bir məsihi kimi yetkinləşməyə davam etmək istəyirik. Həvari Bulus dindaşlarını ruhdan düşməməyə səsləyirdi. Onun filippililərə yazdığı məktubda həyat yarışında dözümlə qaçmağa kömək edən ruhlandırıcı fikirlər var. Bu məqalədən Bulusun sözlərini necə tətbiq edə biləcəyimizi öyrənəcəyik.

^ abz. 11 Artur Sekord qardaşın bioqrafiyası «Gözətçi qülləsi» jurnalının 1965-ci il 15 iyun sayının 380—382 səhifələrində (ing.) dərc olunub.

^ abz. 13 Anatoli Melnikin «Mənə Allahı sevməyi uşaqlıqdan öyrədiblər» adlı bioqrafiyası «Oyanın!» jurnalının 2004-cü il 22 oktyabr sayında (rus.) dərc olunub.

^ abz. 15 Filippi Roma koloniyası olduğu üçün şəhərin sakinləri Roma vətəndaşlarının sahib olduğu bəzi hüquqlara malik idilər. Buna görə də həvari Bulusun çəkdiyi nümunə ona qulaq asanlar üçün başa düşülən idi.