Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 32

Məhəbbətiniz artdıqca artsın

Məhəbbətiniz artdıqca artsın

«Daima dua edirəm ki, dəqiq bilik və tam dərrakə ilə birlikdə məhəbbətiniz də artdıqca artsın» (FİLİP. 1:9).

NƏĞMƏ 106 Ürəyimizdə məhəbbət yetişdirək

İCMAL *

1. Filippidə yığıncağın yaranmasına kimlər kömək etmişdi?

ROMA koloniyası Filippiyə gələn Bulus, Sila, Luka və Timuti burada təbliğ etməyə başlayır. Çox sayda insan Padşahlıq haqda xəbərə maraq göstərir. Xidmətə can qoyan bu dörd qardaş burada yığıncaq yaradır. Çox güman ki, yeni şagirdlər Lidiya adlı qonaqpərvər bir bacının evində yığışmağa başlayır (Həv. 16:40).

2. Çox keçməmiş Filippidəki yığıncaq nə ilə üzləşdi?

2 Yeni yaranmış yığıncaq çox keçməmiş çətinliklərlə üzləşir. Şeytan həqiqətin düşmənlərini bu sadiq məsihilərin təbliğ xidmətinə qarşı qaldırır. Bulus və Sila həbs olunur, çubuqla döyülüb zindana atılır. Onlar həbsdən çıxan kimi yeni şagirdlərə baş çəkib onları ruhlandırırlar. Sonra Bulus, Sila və Timuti şəhəri tərk edir, Luka isə görünür, burada qalır. Bəs yeni yaranmış yığıncaq nə edəcək? İmana yeni gələnlər müqəddəs ruhunun köməyi ilə Yehovaya xidməti davam etdirir (Filip. 2:12). Bulusun onlarla öyünməyə tam əsası var!

3. Filippililərə 1:9—11 ayələrinə əsasən, həvari Bulus nə barədə dua edirdi?

3 Təxminən on il sonra Bulus Filippi yığıncağına məktub yazır. Məktubu oxuyanda Bulusun bacı-qardaşlara duyduğu məhəbbəti aydın görmək olar. O yazmışdı: «Hamınızdan ötrü necə darıxdığıma bir Allah şahiddir, Məsih İsa sizi necə sevirsə, mən də sizi elə sevirəm» (Filip. 1:8). Bulus onlardan ötrü dua etdiyini qeyd edir. O, Yehovadan diləyirdi ki, onlara bir-birilərinə məhəbbəti artırmağa, daha vacib şeyləri ayırd etməyə, qüsursuz olmağa, heç kəsi büdrətməməyə və saleh işlər görməyə kömək etsin. Şübhəsiz, biz də Bulusun bu səmimi sözlərindən faydalana bilərik. (Filippililərə 1:9—11 ayələrini oxuyun.) Bu məqalədə onun vurğuladığı məqamları və onları necə tətbiq edə biləcəyimizi araşdıracağıq.

MƏHƏBBƏTİNİZİ ARTIRIN

4. a) 1 Yəhya 4:9, 10 ayələrinə əsasən, Yehova bizə olan məhəbbətini necə izhar edib? b) Yehovanı nə qədər sevməliyik?

4 Yehova Oğlunu yer üzünə bizim günahlarımız uğrunda canını fəda etməyə göndərməklə Öz dərin məhəbbətini izhar edib. (1 Yəhya 4:9, 10 ayələrini oxuyun.) Bu fədakar məhəbbətinə görə ürəyimizdə Ona məhəbbət oyanır (Rom. 5:8). Yehovanı nə qədər sevməliyik? İsa Məsih bir fərisi ilə danışanda bu suala cavab vermişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (Mət. 22:36, 37). Biz də Allahımızı bütün qəlbimizlə sevmək, Ona olan məhəbbətimizi günbəgün möhkəmləndirmək istəyirik. Həvari Bulus filippililərə «məhəbbətiniz də artdıqca artsın» demişdi. Bəs biz Allaha məhəbbətimizi artırmaq üçün nə edə bilərik?

5. Allaha məhəbbətimiz necə artır?

5 Allahı sevmək üçün Onu tanımalıyıq. Müqəddəs Kitabda yazılıb: «Sevməyən insan Allahı tanımamışdır, çünki Allah məhəbbətdir» (1 Yəh. 4:8). Həvari Bulus vurğulamışdı ki, Allaha olan məhəbbətimiz Onun haqqında «dəqiq bilik və tam dərrakə» qazandıqca artacaq (Filip. 1:9). Müqəddəs Kitabı öyrənməyə başlayanda Yehovaya məhəbbətimiz yarandı, halbuki, Onun möhtəşəm xüsusiyyətləri haqda biliyimiz cüzi idi. Lakin Allahı yaxından tanıdıqca məhəbbətimiz də artdı. Odur ki, Müqəddəs Kitabı müntəzəm mütaliə etməyi və onun dərinliyinə varmağı həyatımızda ən önəmli şeylərdən biri hesab edirik (Filip. 2:15, 16).

6. 1 Yəhya 4:11, 20, 21 ayələrinə əsasən, daha kimləri sevməliyik?

6 Allahın bizə duyduğu böyük məhəbbət bacı-qardaşlarımızı sevməyə təşviq edir. (1 Yəhya 4:11, 20, 21 ayələrini oxuyun.) Ola bilsin, bacı-qardaşlarımıza məhəbbətin öz-özünə yaranacağını düşünürük. Axı biz Yehovaya ibadət edib, Onun gözəl xüsusiyyətlərini təqlid etməyə çalışırıq. Üstəlik, uğrumuzda həyatını fəda edəcək qədər böyük məhəbbət göstərən Məsihdən örnək alırıq. Bununla belə, bəzən bir-birimizi sevmək əmrinə itaət etmək çətin olur. Gəlin Filippi yığıncağındakı bir hadisəyə baxaq.

7. Həvari Bulusun Evodiya və Sintixiyə verdiyi məsləhətdən nə öyrənirik?

7 Həvari Bulusla «çiyin-çiyinə» xidmət edən fəal bacılar Evodiya və Sintixinin nümunəsinə nəzər salaq. Görünür, onlar xasiyyətlərindəki fərqin münasibətlərini korlamasına yol vermişdilər. Bulus Evodiya və Sintixinin xidmət etdiyi yığıncağa yazdığı məktubda onların adlarını çəkmiş və «həmfikir olsunlar» deyə birbaşa məsləhət vermişdi (Filip. 4:2, 3). O həmçinin bütün yığıncağa «hər şeyi şikayətsiz və mübahisəsiz edin» göstərişini verməyi lazım bilmişdi (Filip. 2:14). Şübhəsiz, Bulusun konkret məsləhətləri nəinki Evodiya və Sintixiyə, ümumilikdə bütün yığıncağa bir-birilərinə qarşı məhəbbəti möhkəmləndirməkdə kömək etmişdi.

Nə üçün bacı-qardaşlarımız barədə müsbət düşüncəni qorumalıyıq? (8-ci abzasa baxın) *

8. Dindaşlarımızı sevməyə nə mane ola bilər və bu maneəni necə aşa bilərik?

8 Evodiya və Sintixi kimi, bəzən biz də bacı-qardaşlarımızı sevməyə çətinlik çəkə bilərik, buna səbəb diqqətimizi onların səhvlərinə cəmləməyimiz ola bilər. Hamımız hər gün səhvlər edirik. Əgər diqqətimizi başqalarının qeyri-kamilliyinə cəmləsək, onlara olan məhəbbətimiz soyuyacaq. Misal üçün, dindaşımızın ibadət evində təmizliyə kömək etməyi unutması bizi qıcıqlandıra bilər. Dərhal onun etdiyi bütün səhvləri də yadımıza salsaq, daha çox əsəbiləşəcək və ona duyduğumuz məhəbbət soyumağa başlayacaq. Əgər kiminləsə aranızda belə bir problem varsa, yaxşı olar ki, bir məqamı nəzərə alasınız: Yehova həm sizin, həm də dindaşınızın səhvlərini görür. Buna rəğmən, O, sizi də sevir, dindaşınızı da. Odur ki, Yehovanın məhəbbətini örnək alaraq diqqətimizi bacı-qardaşlarımızın yaxşı xüsusiyyətlərinə cəmləməliyik. Dindaşlarımıza məhəbbət göstərmək üçün əlimizdən gələni edəndə aramızdakı məhəbbət bağları möhkəmlənir (Filip. 2:1, 2).

DAHA VACİB ŞEYLƏRİ AYIRD EDİN

9. Həvari Bulusun filippililərə məktubunda bəhs etdiyi daha vacib şeylərə nələr daxildir?

9 Həvari Bulus müqəddəs ruhun ilhamı ilə Filippi yığıncağında olanlara, o cümlədən bütün məsihilərə «daha vacib şeyləri ayırd etməyi» məsləhət görmüşdü (Filip. 1:10). Vacib şeylərin sırasına Yehovanın adının ucalması, niyyətlərinin həyata keçməsi, yığıncaqda sülhün və birliyin olması daxildir (Mət. 6:9, 10; Yəh. 13:35). Həyatımızı bu vacib şeylərin üzərində qurmaqla Yehovanı sevdiyimizi göstərəcəyik.

10. Yehovanın gözündə qüsursuz olmaq üçün nə etməliyik?

10 Bulus həmçinin demişdi ki, biz «qüsursuz» olmalıyıq. Təbii ki, söhbət mütləq kamillikdən getmir. Biz Yehova kimi qüsursuz ola bilmərik. Lakin əlimizdən gələni edərək məhəbbətimizi artırmağa və daha vacib şeyləri ayırd etməyə çalışanda Yehovanın gözündə qüsursuz oluruq. Məhəbbət göstərməyin yollarından biri başqalarını büdrətməmək üçün əlimizdən gələni etməkdir.

11. Nə üçün başqalarını büdrətməməliyik?

11 «Heç kəsi büdrətmə» göstərişi olduqca ciddidir. Biz kimisə necə büdrədə bilərik? Əyləncə, geyim, hətta iş seçimimizlə. Ola bilsin, Yehovanın gözündə səhv bir şey etmirik. Lakin seçimimizin kiminsə vicdanına toxunması, kimisə büdrətməsi ciddi məsələdir. İsa Məsih demişdi ki, onun quzularından birini büdrədən «adamın boynuna dəyirman daşı asıb dənizə atsaydılar, daha yaxşı olardı» (Mət. 18:6).

12. Öncül kimi xidmət edən bir ər-arvadın nümunəsindən nə öyrənirik?

12 Gəlin İsa Məsihin bu xəbərdarlığına əməl edən bir ər-arvadın nümunəsinə nəzər salaq. Bu ər-arvad yığıncaqda öncül kimi xidmət edirdi. Həmin yığıncaqda yeni vəftiz olunmuş başqa bir ər-arvad da var idi. Onlar çoxlu qadağaların olduğu ailələrdə böyümüşdü və düşünürdülər ki, məsihilər hətta münasib filmlər olsa belə, kinoteatra getməməlidir. Onlar həmin öncül ər-arvadın kinoteatra getdiyini biləndə dəhşətə gəlir. Bundan sonra öncül bacı-qardaşımız kinoteatra getməmək qərarına gəlir, ta ki təzə vəftiz olan bu ər-arvad öz vicdanlarını tərbiyə edib daha tarazlı baxışa sahib olana kimi (İbr. 5:14). Bu öncüllər fədakar davranışları ilə dindaşlarını sevdiklərini təkcə sözləri ilə yox, həm də əməlləri ilə göstərdilər (Rom. 14:19—21; 1 Yəh. 3:18).

13. Necə ola bilər ki, kimisə günaha sürükləyək?

13 Kimisə günaha sürükləyəndə də onu büdrətmiş oluruq. Bu, necə ola bilər? Belə bir vəziyyəti təsəvvür edin: Müqəddəs Kitabı öyrənən bir nəfər uzun sürən mübarizələrdən sonra nəhayət spirtli içki asılılığına qalib gəlir. O başa düşür ki, vərdişinə qayıtmamaq üçün içkidən tamamilə imtina etməlidir. Beləcə, o, həyatında çoxlu dəyişikliklər edir və vəftiz olunur. Günlərin bir günü qardaşı qonaq dəvət edən bir məsihi ona spirtli içki təklif edərək deyir: «Sən artıq məsihisən, səndə müqəddəs ruh var. Müqəddəs ruhun bəhrəsinə daxil olan xüsusiyyətlərdən biri isə özünə hakim olmaqdır. Deməli, bu xüsusiyyətin sayəsində qədərində içməyi bacararsan». Bu qardaşın yanlış məsləhətə uymasının nə ilə nəticələnəcəyini düşünmək belə istəməzdik!

14. İbadət görüşləri Filippililərə 1:10 ayəsindəki məsləhəti tətbiq etməyə necə kömək edir?

14 İbadət görüşlərində Filippililərə 1:10 ayəsindəki məsləhəti tətbiq etməyi müxtəlif üsullarla öyrənirik. Birincisi, görüşdə aldığımız ruhani qida bizə Yehovanın nələri daha vacib hesab etdiyini göstərir. İkincisi, qüsursuz olmaq üçün aldığımız təlimi tətbiq etməyin yollarını öyrənirik. Üçüncüsü isə, «məhəbbətə və yaxşı işlərə» təşviq olunuruq (İbr. 10:24, 25). Dindaşlarımız bizi ruhlandırdıqca, Allaha və onlara məhəbbətimiz artır. Ürəyimiz bu məhəbbətlə dolub daşanda dindaşlarımızı büdrətməmək üçün əlimizdən gələni edirik.

«BOLLUCA SALEH İŞLƏR» GÖRMƏYƏ DAVAM EDİN

15. «Bolluca saleh işlər» görmək deyiləndə nə nəzərdə tutulur?

15 Bulus Allaha dua edirdi ki, filippililər «bolluca saleh işlər» görsünlər (Filip. 1:11). Sözsüz ki, bu saleh işlərə Yehovanı və Onun xalqını sevmək daxil idi. Bura həmçinin İsa Məsihə və gözəl ümidlərinə olan imanları haqda başqaları ilə danışmaq da aid idi. Filippililərə 2:15 ayəsində bu dünyada «nur kimi parla»yın ifadəsi yer alır. Bu ifadə bizə Məsihin şagirdlərinə dediyi sözləri xatırladır. O demişdi: «Siz dünyanın nurusunuz» (Mət. 5:14—16). Məsih həmçinin davamçılarına şagird hazırlamağı tapşırmışdı və onlara «yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» demişdi (Mət. 28:18—20; Həv. 1:8). Biz bu mühüm işdə fəal şəkildə iştirak etməklə «saleh işlər» görmüş oluruq.

Romada ev dustağı olan həvari Bulus Filippidəki yığıncağa məktub yazır. Bu müddət ərzində fürsətdən istifadə edib keşikçilərə və onu ziyarət etməyə gələnlərə təbliğ edir (16-cı abzasa baxın)

16. Filippililərə 1:12—14 ayələri hətta çətin vəziyyətdə belə, nur kimi parlamağın mümkün olduğunu necə göstərir? (Üz qabığındakı şəklə baxın.)

16 Biz istənilən vəziyyətdə nur kimi parlaya bilərik. Bəzən təbliğimizə maneə kimi görünən vəziyyət, əksinə, təbliğ etmək üçün gözəl fürsət ola bilər. Məsələn, həvari Bulus filippililərə məktub yazanda Romada ev dustağı idi. Lakin biləyindəki qandallar Bulusa onu həbs edənlərə və yanına gələnlərə təbliğ etməyə mane olmurdu. Onun hətta belə vəziyyətdə canla-başla təbliğ etməsi dindaşlarına Allahın sözünü qorxmadan təbliğ etməyə cəsarət və əminlik vermişdi. (Filippililərə 1:12—14 ayələrini oxuyun; 4:22.)

Təbliğdə tam iştirak etmək üçün daima yeni üsullar axtarın (17-ci abzasa baxın) *

17. Çətin vəziyyətlərdə təbliğ etməyin mümkün olduğunu göstərən nümunə çəkin.

17 Bu gün də həvari Bulusun cəsarət nümunəsini izləyən çoxlu bacı-qardaşımız var. Yaşadıqları ölkədə fəaliyyətimizə məhdudiyyət qoyulduğundan, onlar ictimai və ya ev-ev təbliğ edə bilmirlər, buna görə də onlar xoş xəbəri başqa yollarla bəyan edirlər (Mət. 10:16—20). Belə ölkələrin birində rayon nəzarətçisi təbliğçilərə məsləhət görmüşdü ki, qohum-əqrəbalarından, qonşularından, sinif və iş yoldaşlarından, tanışlarından ibarət olan «sahədə» təbliğ etsinlər. İki ilin içində həmin rayondakı yığıncaqların sayı xeyli artdı. Ola bilsin, yaşadığımız ərazidə maneəsiz təbliğ edə bilirik. Bununla belə, fərasətli bacı-qardaşların nümunəsindən dəyərli bir şey öyrənə bilərik: xidmətdə tam şəkildə iştirak etmək üçün daima yollar axtarmalı və əmin olmalıyıq ki, Yehova istənilən maneəni aşmağa güc verəcək (Filip. 2:13).

18. Nəyə qəti qərarlı olmalıyıq?

18 Gəlin bu əlamətdar dövrdə həvari Bulusun filippililərə yazdığı məsləhətləri tətbiq etməyə qətiyyətli olaq. Daha vacib şeyləri ayırd edək, qüsursuz olaq, heç kəsi büdrətməyək və saleh işlər görək. Onda məhəbbətimiz artdıqca artacaq və məhəbbətli Atamız Yehovanın adına şərəf gətirəcəyik.

NƏĞMƏ 17 «İstəyirəm»

^ abz. 5 Bacı-qardaşlarımıza duyduğumuz məhəbbəti möhkəmləndirmək bu gün həmişəkindən daha vacibdir. Filippililərə məktubdan öyrənəcəyik ki, hər zaman, hətta bizə çətin olsa belə, necə məhəbbət göstərə bilərik.

^ abz. 54 ŞƏKİLLƏRİN İZAHI. İbadət evinin təmizliyi zamanı Coy adlı bir qardaş işini yarımçıq qoyub başqa bir qardaş və onun oğlu ilə söhbət edir. Tozsoranla zalı təmizləyən Mayk qardaş bunu görüb əsəbiləşir. O düşünür ki, Coy indi danışmamalıdır, işləməlidir. Daha sonra Mayk görür ki, Coy qardaş nəzakət göstərib yaşlı bacıya kömək edir. Bu xoş səhnə Maykı qardaşının yaxşı xüsusiyyətləri üzərində düşünməyə təşviq edir.

^ abz. 58 ŞƏKİLLƏRİN İZAHI. Təbliğ işinin sərbəst şəkildə aparılması mümkün olmayan ərazidə yaşayan bir qardaş tanışına ehtiyatlı şəkildə Padşahlıq müjdəsi haqda danışır. Daha sonra o, iş yerində fasilə zamanı iş yoldaşına təbliğ edir.