Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 33

«Sənə qulaq asanlar» xilas olacaq

«Sənə qulaq asanlar» xilas olacaq

«Özünə və verdiyin təlimə həmişə diqqət yetir. Bunlardan bərk-bərk yapış, çünki bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 TİM. 4:16).

NƏĞMƏ 67 Allahın Sözünü müjdələ

İCMAL *

1. Ailə üzvlərimizlə bağlı hansı arzularımız var?

POLİN * adlı bacı deyir: «Həqiqəti öyrənən gündən ailə üzvlərimin mənimlə birgə Cənnətdə olmasını istəyirdim. Ən çox da həyat yoldaşım Veyn və oğlumuzla birgə Yehovaya xidmət etməyi arzulayırdım». Bəs sizin ailə üzvləriniz arasında hələ Yehovanı tanımayan, Onu sevməyən var? Varsa, yəqin siz də Polin kimi hisslər keçirirsiniz.

2. Bu məqalədə hansı sualları araşdıracağıq?

2 Ailə üzvlərimizi xoş xəbəri qəbul etməyə məcbur edə bilmərik, lakin onları Allahın Kəlamında yazılanlar haqda düşünməyə və hay verməyə təşviq edə bilərik (2 Tim. 3:14, 15). Bəs nə üçün onlara təbliğ etməliyik? Nə üçün anlayışla yanaşmalıyıq? Onların da Yehovanı sevməsi üçün nə edə bilərik? Yığıncağımızdakı bacı-qardaşlar bu sahədə bizə necə kömək edə bilər?

NƏ ÜÇÜN AİLƏ ÜZVLƏRİMİZƏ TƏBLİĞ ETMƏLİYİK?

3. 2 Butrus 3:9 ayəsinə əsasən, nə üçün ailə üzvlərimizə təbliğ etməliyik?

3 Tezliklə Yehova bu şər dünyaya son qoyacaq. Yalnız «əbədi həyata aparan yolda yeriməyə meyli olanlar» xilas olacaq (Həv. 13:48). Yaşadığımız ərazidə tanımadığımız insanlara təbliğ etmək üçün çoxlu vaxt və güc sərf edirik. Təbii ki, ailə üzvlərimizin də bizimlə birgə Yehovaya ibadət etməsini istəyərdik. Məhəbbətli Allahımız Yehova «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin». (2 Butrus 3:9 ayəsini oxuyun.)

4. Ailə üzvlərimizə təbliğ edən zamana bəzən hansı səhvi edirik?

4 Yadda saxlamalıyıq ki, xilas xəbərini çatdırmağın düzgün və yanlış üsulları var. Ola bilsin, yadlara təbliğ edən zaman nəzakətli olaq, lakin ailə üzvlərimizlə danışanda nisbətən sərt və kəskin danışaq.

5. Ailə üzvlərimizə həqiqət barədə danışmazdan öncə nələri nəzərə almalıyıq?

5 Bəzilərimiz ailə üzvlərimizə ilk dəfə necə şahidlik verdiyimizi xatırlayanda «kaş, başqa cür edərdim» deyirik. Həvari Bulus məsihilərə məsləhət vermişdi: «Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun. Onda hər kəsə necə cavab verməyi biləcəksiniz» (Kol. 4:5, 6). Yaxınlarımıza təbliğ edən zaman bu məsləhəti nəzərə almaq yaxşı olardı. Əks halda, onları həqiqətə inandırmaq əvəzinə, daha da uzaqlaşdıra bilərik.

AİLƏ ÜZVLƏRİMİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRİK?

Anlayış və gözəl davranışınız ən yaxşı şahidlikdir (6—8 abzaslara baxın) *

6, 7. Məsihi olmayan həyat yoldaşına qarşı anlayış göstərməyin vacibliyinə dair nümunə çəkin.

6 Anlayış göstərin. Əvvəldə bəhs etdiyimiz Polin bacı deyir: «Əvvəl-əvvəl yoldaşımla ancaq ruhani şeylər barədə danışmaq istəyirdim. Gündəlik mövzular barədə heç nə danışmırdıq». Polinin yoldaşı Veynin Müqəddəs Kitab haqda məlumatı az idi və o, Polinin danışdıqlarını başa düşmürdü. Ona elə gəlirdi ki, yoldaşı ancaq din haqda düşünür. Veyn Polinin təhlükəli təriqətə qoşulduğunu və aldandığını düşünüb narahat olurdu.

7 Polin etiraf edir ki, əvvəl-əvvəl o, axşamlar və həftəsonları vaxtının çoxunu dindaşları ilə bir yerdə keçirirdi; yığıncağa, təbliğə, dostluq görüşlərinə gedirdi. O deyir: «Bəzən Veyn evə gəlib heç kəsi tapmayanda özünü tənha hiss edirdi». Veynin həyat yoldaşı və oğlu üçün darıxması təbiidir. O, ailəsinin kimlərlə oturub-durduğunu bilmirdi və Polinin yeni dostlarına ondan daha çox dəyər verdiyini düşünürdü. Vəziyyət bu yerə çatanda, Veyn Polini boşanma ilə hədələməyə başlayır. Necə düşünürsünüz, Polin hansı yollarla yoldaşına qarşı daha anlayışlı davrana bilərdi?

8. 1 Butrus 3:1, 2 ayələrinə əsasən, ailə üzvlərimizə daha çox nə təsir edir?

8 Qoy sizin yerinizə davranışınız danışsın. Çox vaxt ailə üzvlərimiz sözlərimizdən çox hərəkətlərimizə fikir verir. (1 Butrus 3:1, 2 ayələrini oxuyun.) Polin bacı nəhayət bunu anlayır. O deyir: «Veynin bizi sevdiyini və əslində boşanmaq istəmədiyini bilirdim. Amma o, məni boşanma ilə hədələyəndə anladım ki, Yehovanın ailəyə dair məsləhətinə əməl etməliyəm. Çox danışmaq yerinə, davranışımla gözəl nümunə qoymalı idim». Polin daha Müqəddəs Kitab haqda danışmağa təkid etmir və əri ilə adi şeylərdən söhbət etməyə başlayır. Veyn görür ki, Polin daha sülhpərvər, oğlu isə daha nəzakətli və itaətkar olub (Məs. 31:18, 27, 28). O, Müqəddəs Kitabın ailəsinə yaxşı təsir etdiyini görəndə oradakı xəbər barədə düşünməyə başlayır və yavaş-yavaş həqiqəti qəbul edir (1 Kor. 7:12—14, 16).

9. Nə üçün ailə üzvlərimizə kömək etmək cəhdlərimizi dayandırmamalıyıq?

9 Ailə üzvlərinizə kömək etmək cəhdlərini dayandırmayın. Yehova Allah bizə gözəl nümunə qoyub. O, insanların xoş xəbəri eşidib əbədi həyatı alması üçün «dönə-dönə» imkan yaradır (Ərm. 44:4). Həvari Bulus Timutiyə başqalarına kömək etməyə davam etməyi tapşırmışdı. Nə üçün? Çünki beləcə, o həm özünü, həm də ona qulaq asanları xilas edəcəkdi (1 Tim. 4:16). Biz ailə üzvlərimizi sevirik və onların Allahın Kəlamındakı həqiqəti bilməsini istəyirik. Bir müddətdən sonra Polinin sözləri və davranışı ailəsinə müsbət təsir göstərdi. İndi o, həyat yoldaşıyla birgə Yehovaya xidmət etməyin sevincini dadır. Onların hər ikisi öncüldür, Veyn ağsaqqal kimi xidmət edir.

10. Nə üçün səbirli olmaq gərəkdir?

10 Səbirli olun. Allahın qanunlarına uyğun yaşamağa başlayanda ailə üzvlərimizə yeni etiqadımızı və həyat tərzimizi qəbul etmək çətin olur. Onların ilk fikir verdikləri şey bizim daha onlarla birgə dini mərasimlərdə, bayramlarda iştirak etməməyimiz və siyasi tədbirlərə qatılmamağımız olur. Hətta ola bilsin, ailə üzvlərimizdən kimsə əvvəl-əvvəl bizə acıqlansın (Mət. 10:35, 36). Lakin onların heç vaxt dəyişməyəcəyini düşünməməliyik. Etiqadımızı anlamaları üçün onlara kömək etməyi dayandırsaq, onların əbədi həyatı almağa layiq olmadığı qərarını vermiş olarıq. Lakin Yehova hökm çıxarmaq işini bizə tapşırmayıb, O, bu işi İsa Məsihə həvalə edib (Yəh. 5:22). Səbirli olsaq, ola bilsin, bir gün ailə üzvlərimiz danışdığımız xoş xəbərə qulaq assın. (« Təlim vermək üçün saytımızdan istifadə edin» adlı çərçivəyə baxın.)

11—13. Alisin valideynlərinə qarşı münasibətindən nə öyrənirsiniz?

11 Qətiyyətli, lakin nəzakətli olun (Məs. 15:2). Gəlin Alis adlı bacının nümunəsinə nəzər salaq. O, Yehova haqda öyrənəndə valideynlərindən uzaqda yaşayırdı, onlar Allahın varlığına inanmırdılar və fəal siyasətçi idilər. Bacı başa düşürdü ki, öyrəndiyi bu gözəl şeyləri ən qısa zamanda onlara da danışmalıdır. Alis deyir: «Əgər yeni etiqadınız və etdikləriniz barədə valideynlərinizə danışmağı sonraya saxlasanız, onlar daha çox sarsılacaqlar». O, valideynlərinə maraqlı gələ biləcək mövzular, məsələn, məhəbbət mövzusunu seçir, sonra məktub yazaraq, Müqəddəs Kitabda bu haqda nə deyildiyini qeyd edirdi. Həmçinin məktubunda onların bu haqda nə düşündüyünü də soruşurdu (1 Kor. 13:1—13). Alis valideynlərinə onu boya-başa çatdırdıqlarına və qayğısına qaldıqlarına görə minnətdarlığını bildirir, onlara hədiyyələr göndərirdi. Hər dəfə valideynlərini ziyarət edəndə ev işlərində anasına kömək etmək üçün əlindən gələni edirdi. Əvvəl-əvvəl valideynləri onun yeni etiqadını heç də yaxşı qarşılamırdı.

12 Alis valideynlərinin yanında qalanda Müqəddəs Kitabın gündəlik oxunmasını dayandırmırdı. O deyir: «Bunun sayəsində anam Müqəddəs Kitabın mənim üçün nə qədər vacib olduğunu anladı». Müəyyən vaxtdan sonra Alisin atası qızının düşüncəsindəki dəyişikliyi anlamaq üçün Müqəddəs Kitab haqda müəyyən bilik almaq qərarına gəldi. O həmçinin Kəlamda səhvlər tapmaq niyyətində idi. Alis deyir: «Mən ona Müqəddəs Kitab verdim və kitaba onun üçün bir-iki təsirli söz yazdım». Bu, nə ilə nəticələndi? Alisin atası Müqəddəs Kitabda tənqidi yanaşacağı bir fikrə rast gəlmədi, əksinə, oxuduqları ona dərin təsir bağışladı.

13 Çətinliklərə dözməli olsaq belə, qətiyyətli, eyni zamanda nəzakətli olmalıyıq (1 Kor. 4:12b). Məsələn, anası Alisə təzyiq göstərirdi. O deyir: «Mən vəftiz olunanda anam mənə dedi: “Sən pis övladsan”». Alis necə davrandı? O deyir: «Bu problemdən qaçmaqdansa, Yehovanın Şahidi olmaq qərarını verdiyimi və bu qərarımı dəyişməyəcəyimi anama hörmətcil şəkildə bildirdim. Anamı onu çox sevdiyimə əmin etməyə çalışdım. Hər ikimiz ağladıq. Sonra anam üçün dadlı yemək bişirdim. O vaxtdan bəri anam Müqəddəs Kitabın məni yaxşılığa doğru dəyişdiyini anlamağa başladı».

14. Nə üçün heç vaxt təzyiqlər qarşısında güzəştə getməməliyik?

14 Ailə üzvlərimizin Yehovaya xidmətin bizim üçün nə qədər vacib olduğunu tam anlamaları xeyli vaxt ala bilər. Məsələn, Alis valideynlərinin istədiyi təhsilin dalınca getməyib, öncül olmaq qərarına gələndə anası yenə ağlamışdı. Ancaq Alis qərarından dönmür. O bölüşür: «Əgər sənə təzyiq göstərilən bircə sahədə belə güzəştə getsən, çox güman ki, ailən digər məsələlərdə də sənə təzyiq göstərəcək. Lakin ailənə qarşı mehriban olsan, eyni zamanda qətiyyət göstərsən, bəlkə də, kimsə sənə qulaq asacaq». Alisdə məhz belə oldu. Hal-hazırda onun valideynləri öncüldür, atası ağsaqqal kimi xidmət edir.

YIĞINCAQ NECƏ KÖMƏK EDƏ BİLƏR?

Yığıncaq məsihi olmayan ailə üzvlərimizə necə kömək edə bilər? (15 və 16-cı abzaslara baxın) *

15. Mətta 5:14—16 və 1 Butrus 2:12 ayələrinə əsasən, bacı-qardaşların yaxşı işləri yaxınlarımıza necə kömək edə bilər?

15 Yehova yığıncaqdakı bacı-qardaşların gördüyü yaxşı işlər vasitəsilə insanları özünə cəlb edir. (Mətta 5:14—16; 1 Butrus 2:12 ayələrini oxuyun.) Həyat yoldaşı Yehovanın Şahidi olmayanlar özlərindən soruşa bilər: «Yoldaşım yığıncağımdan kimlərisə tanıyır?» Polin Veyni bacı-qardaşlarla tanış etmək üçün onları evinə qonaq dəvət etmişdi. Veyn bir qardaşın ona Yehovanın Şahidləri haqda yanlış fikirləri aşmağa necə kömək etdiyi barədə deyir: «O mənimlə birgə oyuna baxmaq üçün işdən məzuniyyət götürmüşdü. Onda düşündüm: “Bu, normal insan imiş ki!”»

16. Nəyə görə ailə üzvlərimizi ibadət görüşlərinə dəvət etməliyik?

16 Yaxınlarımıza kömək etməyin ən yaxşı üsullarından biri onları yığıncağımıza dəvət etməkdir (1 Kor. 14:24, 25). Veynin ilk qatıldığı görüş İsa Məsihin ölümünü anma mərasimi idi. O, iş saatından sonra keçirildiyinə və qısa olduğuna görə mərasimə qatıla bilmişdi. Veyn deyir: «Məruzəni anlamasam da, insanlar yadımda qaldı. Onlar mənə yaxınlaşıb görüşür, əl verib salamlaşırdılar. Səmimi olduqları bilinirdi». Bir ər-arvad Polinə xüsusi qayğı göstərmişdi, yığıncaqda və xidmətdə oğluna baxmağa kömək etmişdi. Buna görə də Veyn nəhayət Polinin yeni etiqadı barədə daha çox məlumat almaq qərarına gələndə həmin qardaşla öyrənməyə başlamışdı.

17. Özümüzü nədə günahlandırmamalıyıq, bununla belə, nə üçün ailə üzvlərimizlə bağlı ümidimizi itirməməliyik?

17 Biz bütün ailə üzvlərimizin Yehovaya ibadətdə bizə qoşulacağına ümid edirik. Lakin bütün cəhdlərimizə baxmayaraq, ola bilsin, onlar həqiqəti qəbul etməsin. Onların bu cür qərarına görə özümüzü günahlandırmamalıyıq. Axı biz heç kəsə zorla etiqadımızı qəbul etdirə bilmərik. Bununla belə, unutmayın ki, Yehovaya xidmət etməyin sizə sevinc gətirdiyi ailə üzvlərinizin gözündən yayınmayacaq. Onlar üçün dua edin. Onlarla nəzakətlə danışın. Təslim olmayın! (Həv. 20:20). Yehovanın zəhmətinizi yerdə qoymayacağına əmin olun. İşdir ailə üzvləriniz sizə qulaq asmaq qərarına gəlsələr, onlar xilas olacaqlar!

NƏĞMƏ 57 Hər cür insana müjdə çatdıraq

^ abz. 5 Hamımız istəyərik ki, ailə üzvlərimiz Yehovanı tanısın. Amma buna onlar özləri qərar verməlidir. Bəs bizi dinləmələri üçün nə edə bilərik? Məqalədə buna dair məsləhətlər yer alır.

^ abz. 1 Bəzi adlar şərtidir. Məqalədə söhbət Yehovaya xidmət etməyən ailə üzvlərimizdən getsə də, eyni prinsipləri qohumlarımıza da tətbiq edə bilərik.

^ abz. 53 ŞƏKLİN İZAHI: Bir gənc qardaş məsihi olmayan atasına maşın təmirində kömək edir. Münasib vaxtda ona jw.org® saytından video göstərir.

^ abz. 55 ŞƏKİLLƏRİN İZAHI: Bacı imanda olmayan həyat yoldaşına diqqətlə qulaq asır. Yoldaşı günün necə çətin keçdiyindən danışır. Daha sonra onlar ailəlikcə gözəl vaxt keçirir.

^ abz. 57 ŞƏKİLLƏRİN İZAHI: Bacı dindaşlarını evlərinə dəvət edib. Onlar bacının ərinə səmimi maraq göstərir. Daha sonra bacının əri onunla birgə anma mərasimində iştirak edir.