Kontentə keç

Mündəricatı göstər

Vəftizçi Yəhya. Sevinci qorumaqda örnək

Vəftizçi Yəhya. Sevinci qorumaqda örnək

YIĞINCAQDA elə bir məsuliyyət varmı ki, hal-hazırda onu icra etməyə vəziyyətiniz əl vermir? Ola bilsin, bu məsuliyyət başqasına həvalə olunub. Yaxud ola bilsin, bir vaxtlar icra etdiyiniz təyinatı indi yaşınız, səhhətiniz, maddi çətinlik və ya ailə məsuliyyətləriniz ucbatından dayandırmalı olmusunuz. Bəlkə də, uzun illər icra etdiyiniz təyinatın dayanmasına səbəb təşkilatdakı dəyişikliklər olub. Səbəblərdən asılı olmayaraq, ola bilsin, Yehovaya istədiyiniz qədər xidmət etmədiyinizi düşünürsünüz. Bəlkə də, buna görə hərdən məyusluğa qapılırsınız və bu, başadüşüləndir. Bəs ruh düşkünlüyü, hiddət, küskünlük kimi mənfi hisslərin ürəyinizdə kök atmaması üçün nə edə bilərsiniz? Sevincinizi necə qoruya bilərsiniz?

Vəftizçi Yəhyanın nümunəsi sizə bu sahədə kömək edə bilər. Yəhya müstəsna şərəfə malik idi, amma yəqin ki, həyatındakı hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdi. Onun heç ağlına da gəlməzdi ki, xidmət etdiyindən çox həbsdə yatacaq. Buna baxmayaraq, Yəhya sevincini itirmədi və bütün həyatı boyu bu əhval-ruhiyyəni qorudu. Ona nə kömək etdi? Bəs çətin vəziyyətlərdə biz necə sevincimizi qoruya bilərik?

SEVİNC BƏXŞ EDƏN TƏYİNAT

Eramızın 29-cu ilində Yəhya Allahın ona tapşırdığı işi görməyə başladı. O, «tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır» deyərək Məsihin gəlişini müjdələyirdi (Mət. 3:2; Luka 1:12—17). Çoxları onun çağırışına hay verdi. Hətta insanlar uzaq yollar qət edərək onu dinləməyə gəlir, tövbə edib vəftiz olunurdu. Həmçinin Yəhya cəsarətlə özündənrazı din xadimlərinə dəyişməyəcəkləri təqdirdə, hökmə düçar olacaqlarını bildirirdi (Mət. 3:5—12). Yəhyanın xidmətinin kulminasiya nöqtəsi eramızın 29-cu ilinin payızında İsa Məsihi vəftiz etməsi idi. O vaxtdan sonra Yəhya insanları vəd edilmiş Məsihin ardınca getməyə yönəldirdi (Yəh. 1:32—37).

İsa Məsih Yəhyanın müstəsna rolu olduğunu vurğulayaraq demişdi: «Bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb» (Mət. 11:11). Şübhəsiz, aldığı nemətlər Yəhyaya sevinc bəxş edirdi. Onun kimi, bu gün də çoxları bol nemətlər alır. Məsələn, Teri qardaşın nümunəsinə nəzər salaq. Qardaş həyat yoldaşı Sandra ilə birlikdə 50 ildən çox tamvaxtlı xidmətdə olub. O deyir: «Çoxlu möhtəşəm təyinatlarım olub. Öncül, beytelli, xüsusi öncül, rayon nəzarətçisi, vilayət nəzarətçisi və hal-hazırda yenidən xüsusi öncül xidməti». Həqiqətən də, Yehovanın təşkilatında təyinatlar almaq insana sevinc bəxş edir, bununla belə, Yəhyanın nümunəsindən görəcəyimiz kimi, vəziyyət dəyişəndə bu sevinci qoruyub-saxlamaq zəhmət tələb edir.

DAİMA MİNNƏTDAR OLUN

Vəftizçi Yəhyanın sevincini itirməməsinin sirri, ona tapşırılan məsuliyyətlərə görə daima minnətdar olması idi. Gəlin bir nümunəyə baxaq. İsa Məsihin vəftizindən sonra Yəhyanın davamçıları azalmağa, Məsihin davamçıları isə artmağa başlamışdı. Yəhyanın şagirdləri təşviş içində onun yanına gəlib demişdilər: «Bax, o vəftiz edir və hamı onun yanına gedir» (Yəh. 3:26). Yəhya cavabında demişdi: «Gəlin kimə məxsusdursa, bəy də odur. Amma bəyin dostu bəyin yanında duranda və onun səsini eşidəndə ürəkdən sevinir. Mən də beləcə ürəkdolusu sevinirəm» (Yəh. 3:29). Yəhya İsa ilə rəqabət aparmırdı, nə də ki, İsanın gördüyü işin daha vacib olduğuna görə öz işinin dəyərsiz olduğunu düşünmürdü. Əksinə, o, «bəyin dostu» olmaq şərəfini qiymətləndirərək sevincini qoruyurdu.

Yəhyanın xidməti asan olmasa da, baxış tərzi ona sevincini qorumağa kömək edirdi. Məsələn, o, doğulandan bəri nəziri idi və buna görə də həyatı boyu dilinə şərab dəyməməli idi (Luka 1:15). İsa Məsih Yəhyanın sürdüyü sadə həyat tərzi barədə «Yəhya gəlib nə yeyir, nə içir» demişdi. Yəhyadan fərqli olaraq, İsa Məsih və şagirdləri digər insanlar kimi adi həyat tərzi sürürdü və bu kimi məhdudiyyətləri yox idi (Mət. 11:18, 19). Üstəlik, Yəhya heç bir möcüzə göstərmədiyi halda, bilirdi ki, İsanın şagirdlərinə, o cümlədən bir vaxtlar onun davamçısı olanlara belə bir səlahiyyət verilib (Mət. 10:1; Yəh. 10:41). Yəhya diqqətini İsa ilə onun şagirdləri arasındakı fərqlərə yox, Yehovanın ona tapşırdığı işi görməyə cəmləmişdi.

Yehovaya xidmətdə hal-hazırkı təyinatımızı dəyərləndiririksə, sevincimizi qoruya biləcəyik. Yuxarıda adı çəkilən Teri qardaş deyir: «Mənə hansı təyinat həvalə olunurdusa, diqqətimi ona cəmləyirdim». O, tamvaxtlı xidmətdə keçirdiyi illərə boylanaraq deyir: «Heç nəyə görə peşman deyiləm, əksinə, xoş xatirələrim var».

Sevincimizi artırmaq üçün Yehovaya xidmətdə verilən istənilən təyinatın nə üçün dəyərli olduğunu anlamalıyıq. Hər bir təyinatı dəyərli edən onun önümüzdə Allahın əməkdaşı olmaq imkanı açmasıdır (1 Kor. 3:9). Dəyərli bir əşyanın parlaqlığını qoruması üçün onu silmək lazımdır. Buna bənzər tərzdə, mənfi fikirlərin sevincimizə ləkə salmaması üçün Allahla əməkdaşlığın necə böyük şərəf olduğu üzərində düşünmək gərəkdir. Öz gördüyümüz işləri başqalarının gördüyü işlərlə müqayisə etməməliyik. Yehovanın bizə həvalə etdiyi işin başqalarının gördüyü işdən dəyərsiz olduğunu düşünməməliyik (Qal. 6:4).

DİQQƏTİNİZİ RUHANİ ŞEYLƏRƏ CƏMLƏYİN

Yəqin ki, Yəhya təyinatının əbədi olmayacağını bilirdi, lakin onun qəfil başa çatacağını təsəvvür belə edə bilməzdi (Yəh. 3:30). Eramızın 30-cu ilində, Məsihin vəftizindən altı ay sonra padşah Hirod Yəhyanı həbs edir. Lakin Yəhya yenə də şəhadət verməyə davam edirdi (Mark 6:17—20). Həyatında baş verən dəyişikliklərə rəğmən, ona sevincini qorumağa nə kömək etdi? Yəhya diqqətini ruhani şeylərə cəmləyirdi.

Həbsdə olduğu müddətdə Yəhya İsanın xidmətini necə genişləndirdiyi barədə məlumatlar alırdı (Mət. 11:2; Luka 7:18). Yəhya İsanın vəd olunmuş Məsih olduğuna əmin idi, bununla belə, onun Məsihlə bağlı bütün peyğəmbərlikləri necə yerinə yetirəcəyini bilmək istəyirdi. Məsihin padşah olacağını bildiyi üçün o düşünə bilərdi: «Görəsən, İsa tezliklə idarə etməyə başlayacaq? Görəsən, o, məni həbsdən azad edəcək?» Yəhya İsanın nələr edəcəyini tam başa düşmək üçün iki şagirdini onun yanına göndərib soruşur: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?» (Luka 7:19). Şagirdlər gəlib İsanın gördüyü möcüzələr barədə danışanda Yəhya yəqin ki, çox diqqətlə qulaq asırdı. İsa şagirdlər vasitəsilə Yəhyaya növbəti sözləri çatdırmışdı: «Korların gözləri açılır, topallar gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir, yoxsullara müjdə bildirilir» (Luka 7:20—22).

Şagirdlərinin gətirdiyi xəbər sözsüz ki, Yəhyanı çox ruhlandırmışdı. Bu, İsanın Məsihə aid peyğəmbərlikləri yerinə yetirdiyini təsdiq edirdi. Yəhya Məsihin gəlişi ilə həbsdən azad olunmasa da, xidmətinin hədər olduğunu düşünmürdü. Çətinliklərinə baxmayaraq, onun xoşbəxt olmaq üçün səbəbi var idi.

Diqqətimizi ümumdünya təbliğ işi ilə bağlı xoş xəbərlərə cəmləmək sevincimizi qorumağa kömək edir

Yəhya kimi, biz də diqqətimizi Yehovaya xidmətə cəmləsək, hər şeyə sevinclə və səbirlə tab gətirə biləcəyik (Kol. 1:9—11). Hər şeyə tab gətirmək üçün Müqəddəs Kitabı mütaliə edib, üzərində düşünmək gərəkdir. Bu, bizə Yehovaya etdiyimiz xidmətin hədər olmadığını xatırladacaq (1 Kor. 15:58). Sandra deyir: «Hər gün Müqəddəs Kitabdan bir fəsil oxumaq Yehovaya daha da yaxınlaşmağıma kömək edir. Beləcə, diqqətimi özümə yox, Yehovaya cəmləyirəm». Həmçinin diqqətimizi bacı-qardaşların Padşahlıq yolunda gördüyü işlər barədə çıxan xəbərlərə cəmləsək, özümüz haqda yox, Yehovanın nələri həyata keçirdiyi barədə düşünəcəyik. Sandra bacı deyir: «JW televiziyasında yayımlanan aylıq proqramlar sayəsində özümüzü təşkilata daha yaxın hiss edirik. Bu, təyinatımızdan sevinc duymağa kömək edir».

Vəftizçi Yəhya qısa sürən fəaliyyəti ərzində «İlyasın ruhu və gücü ilə» təbliğ edirdi və İlyas kimi, o da «adi bir insan idi» (Luka 1:17; Yaq. 5:17). Yəhyadan örnək alaraq, minnətdar olsaq və diqqətimizi Yehovaya xidmətə cəmləsək, həyatımızda nə baş verir-versin, Padşahlığın işində sevincimizi itirməyəcəyik.