Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 32

Allahın önündə təvazökarlıqla yeriyin!

Allahın önündə təvazökarlıqla yeriyin!

Allahın önündə təvazökarlıqla yeriyin! (MİK. 6:8).

NƏĞMƏ 31 Rəbbin yoluyla daim get

İCMAL *

1. Davud peyğəmbər Yehovanı necə mədh etmişdi?

DAVUD PEYĞƏMBƏR Yehova haqda gözəl demişdi: «Sən qurtuluş qalxanını mənə verirsən, lütfün məni ucaldır» (2 İşm. 22:36; Zəb. 18:35). Bəlkə də, Davud bu sözləri yazanda İşmuil peyğəmbərin İsrailin gələcək padşahını məsh etmək üçün onlara gəldiyi günü xatırlamışdı. Davud ailənin səkkiz oğlundan ən kiçiyi olsa da, Yehova Talutun əvəzinə padşah olaraq onu seçmişdi (1 İşm. 16:1, 10—13).

2. Bu məqalədə nə haqda danışacağıq?

2 Şübhəsiz ki, Davud bir məzmurçunun Yehovanı vəsf edərək dediyi növbəti sözlərə şərik idi: «O əyilib göyə baxır, yerə baxır, məzlumu toz-torpaqdan qaldırır, yoxsulu küllükdən çıxarır ki, onu əsilzadələrlə... yanaşı oturtsun» (Zəb. 113:6—8). Bu məqalədə əvvəlcə Yehovanın xilqətinə lütf göstərməsindən nələr öyrənə biləcəyimizi araşdıracağıq. Daha sonra Dənyal peyğəmbərin, İsa Məsihin təvazökarlıq nümunəsinə nəzər salacağıq və Talut padşahdan hansı ibrəti götürə biləcəyimizi öyrənəcəyik.

YEHOVADAN ÖRNƏK ALIN

3. Yehova bizə necə yanaşır və bu nəyin göstəricisidir?

3 Yehovanın lütfkar olduğunu qeyri-kamil, günahlı insanlara münasibətindən görürük. O bizim ibadətimizi qəbul etməklə yanaşı, bizi dostu olaraq görür (Zəb. 25:14). Bu dostluğu mümkün qılmaq üçün Yehova Özü təşəbbüs göstərib, İsa Məsihi günahlarımıza görə qurban verib. Yehova bizə qarşı necə də rəhmli və mərhəmətlidir!

4. Yehova bizə nə bəxş edib və nəyə görə?

4 Yehovanın lütfünü daha nədə görürük? Bir Yaradan kimi, O istəsəydi, bizə öz həyat yolumuzu seçmək ixtiyarı verməzdi. Amma belə etmədi. Bizi Öz bənzərində yaratdı və seçim azadlığı verdi. Allahın qarşısında kiçik olsaq da, Ona ürəkdən ibadət etməyimiz, bunu sevgidən, itaətin xeyrimizə olduğunu dərk edərək etməyimiz Onun üçün əhəmiyyətlidir (Qan. 10:12; Əşy. 48:17, 18). Yehova necə də lütfkardır, Ona çox minnətdarıq!

İsa Məsih göydədir. Yanında Padşahlıqda onunla birlikdə idarə edən kəslər durub. Onlar birlikdə böyük sayda olan mələklərə tərəf baxırlar. Bəzi mələklər təyinatlarını icra etmək üçün yer üzünə enir. Yehova şəkildə təsvir olunan hər kəsə səlahiyyət verib (5-ci abzasa baxın)

5. Yehova bizə təvazökar olmağı necə öyrədir? (Üz qabığındakı şəklə baxın.)

5 Yehova bizimlə rəftarı əsasında bizə təvazökarlığı öyrədir. O, Kainatda ən hikmətli Varlıqdır. Bununla belə, başqalarının təklifini nəzərə almağa hazırdır. Misal üçün, Allah yaratdığı hər şeydə İsa Məsihin ona kömək etməsinə izin vermişdi (Məs. 8:27—30; Kol. 1:15, 16). Yehova hər şeyə qadir olmasına baxmayaraq, başqalarına da müəyyən səlahiyyət verir. O, İsa Məsihi Padşahlığının Padşahı kimi təyin edib və onunla idarə edəcək 144 000 insana müəyyən səlahiyyət verib (Luka 12:32). Əlbəttə ki, Yehova İsaya Padşah və Baş kahin olması üçün təlim verib (İbr. 5:8, 9). Eləcə də, İsa ilə idarə edəcək kəslərə də təlim verir, amma Yehova onlara təyinat verib, sonra da hər xırdalığına kimi işin necə görüldüyünü güdmür. Əksinə, etibar edir ki, onlar hər şeyi Onun istədiyi kimi edəcək (Vəhy 5:10).

Başqalarına təlim verməklə və onlara iş həvalə etməklə Yehovadan örnək alırıq (6 və 7-ci abzaslara baxın) *

6, 7. Yaradanımızdan başqalarına iş tapşırmaqla bağlı nə öyrənirik?

6 Heç kimə möhtac olmayan Yehova başqalarına səlahiyyət verirsə, biz bunu xüsusilə etməliyik! Əgər siz ailə başçısı və ya yığıncaqda ağsaqqalsınızsa, Yehovadan örnək alaraq, başqalarına da iş tapşırın, sonra isə çalışın, onların hər addımını güdməyəsiniz. Yehovaya bənzəməyə çalışsanız, nəinki iş görüləcək, həmçinin siz başqalarına təlim verəcəksiniz və onların işin öhdəsindən gələcəklərinə əminliklərini artıracaqsınız (Əşy. 41:10). Müəyyən səlahiyyəti olan kəslər Yehovadan daha nə öyrənə bilər?

7 Müqəddəs Kitabdan görmək olar ki, Yehova üçün yaratdığı mələklərin fikri maraqlıdır (1 Pad. 22:19—22). Əziz valideynlər, siz Yehovadan necə örnək götürə bilərsiniz? Məsləhət biləndə uşaqlarınızdan hansısa işin necə görülməsi ilə bağlı fikirlərini öyrənin. Sonra münasibdirsə, onların təklif etdiyi kimi davranın.

8. Yehova İbrahim peyğəmbər və Sara ilə necə səbirlə davranmışdı?

8 Yehovanın lütfkarlığı böyük səbir sahibi olmasından da görünür. Allahın verdiyi qərar bəndəsində sual doğuranda onunla səbirlə davranır. Məsələn, İbrahim peyğəmbər Allahın Sədum və Əmurəni məhv etmək qərarına görə narahatlığını bildirəndə Allah onu diqqətlə dinləmişdi (Yar. 18:22—33). Yaxud götürək Yehovanın İbrahimin arvadı Sara ilə rəftarını. Allah bildirəndə ki, Sara qoca yaşında hamilə qalacaq, Sara buna gülmüşdü. Amma Yehova ona qəzəblənmədi (Yar. 18:10—14). Əksinə, Sara ilə hörmətlə davrandı.

9. Valideynlər və ağsaqqallar Yehovadan nə öyrənə bilər?

9 Valideynlər və ağsaqqallar, Yehovadan nə öyrənirsiniz? Kimsə verdiyiniz qərara narazılığını bildirəndə necə davranırsınız? İlk reaksiyanız ona düzəliş etmək olur? Yoxsa onun fikrini başa düşməyə çalışırsınız? Səlahiyyəti olan kəslər Yehovadan örnək götürəndə bu həm ailədə, həm də yığıncaqda hamının xeyrinə olur. Deməli, biz Yehovadan hansı sahələrdə örnək götürməli olduğumuzu müzakirə etdik. İndi isə Müqəddəs Kitabda adları çəkilən bəzi şəxslərdən təvazökarlıqla bağlı nə öyrənə biləcəyimizdən danışacağıq.

BAŞQALARINDAN NƏ ÖYRƏNİRİK?

10. Bizə təlim vermək üçün Yehova hansı üsuldan istifadə edir?

10 Böyük Nəsihətçimiz Yehova Öz Kəlamında yazdırdığı nümunələr vasitəsilə bizə təlim verir (Əşy. 30:20, 21). Biz Müqəddəs Kitabdan, təvazökarlıq da daxil olmaqla, ilahi xüsusiyyətlər təzahür etdirən insanlar haqda oxuyanda çox şey öyrənirik. Həmçinin bu kimi xüsusiyyətləri təzahür etdirməyən insanların aqibətindən də ibrət götürə bilərik (Zəb. 37:37; 1 Kor. 10:11).

11. Talut bizə nədə ibrətdir?

11 Gəlin Talut padşahın aqibətindən danışaq. Əvvəl-əvvəl o çox təvazökar bir gənc idi. Həmin vaxtlarda o öz məhdudiyyətlərini başa düşürdü. Hətta üzərinə səlahiyyət götürməyə belə utanırdı (1 İşm. 9:21; 10:20—22). Amma padşah olandan qısa vaxt sonra dəyişdi, qürurlu insan oldu. Bir dəfə Talutun İşmuil peyğəmbəri gözləməyə səbri çatmadı. O, təvazökar davranıb, Yehovanın Öz xalqının xeyrinə hərəkətə keçəcəyinə etibar etmədi. Əksinə, haqqı çatmayan işə əl atdı, qurbangahda yandırma qurbanı təqdim etdi. Nəticədə, Yehovanın rəğbətini və padşahlığı itirdi (1 İşm. 13:8—14). Bu hadisədən ibrət götürməklə və qürurdan uzaq durmaqla müdrik davranmış olarıq.

12. Dənyal peyğəmbər təvazökar olduğunu necə göstərdi?

12 Gəlin Talutdan fərqli olaraq yaxşı örnək olan Dənyal peyğəmbərdən danışaq. O, ömrü boyu təvazökar qaldı və hər addımında Yehovanın məsləhətinə üz tutdu. Məsələn, Yehova Navuxodonosorun yuxusunun yozumunu Dənyala əyan etmişdi. Dənyal yuxunu öz gücü ilə yozduğunu demədi, təvazökarlıqla bütün şərəfi Yehovaya verdi (Dən. 2:26—28). Bundan nə öyrənirik? Söylədiyimiz nitq dindaşlarımızın xoşuna gələndə və ya xidmətdə yaxşı nailiyyətlər əldə edəndə unutmamalıyıq ki, bütün şərəf yalnız və yalnız Yehovaya verilməlidir. Biz təvazökarlıqla dərk edirik ki, bütün bu şeyləri Yehovanın köməyi olmadan edə bilməzdik (Filip. 4:13). Belə edəndə İsa Məsihdən də örnək götürmüş oluruq. Necə?

13. İsanın Yəhya 5:19, 30 ayələrindəki sözlərindən onun təvazökarlığı haqda nə öyrənirik?

13 Baxmayaraq ki, İsa Məsih Allahın Oğlu idi və kamil idi, o özünə yox, Yehovaya güvənirdi. (Yəhya 5:19, 30 ayələrini oxuyun.) İsa Məsih heç vaxt Atasının səlahiyyətinə göz dikməyib. Filippililərə 2:6 ayəsində deyilir ki, İsa «hakimiyyəti ələ keçirməyi, yəni Allaha bərabər olmağı fikrinə belə, gətirmədi». İtaətkar oğul olan İsa öz məhdudiyyətlərini dərk edirdi və Allahın səlahiyyətinə hörmətlə yanaşırdı.

İsa Məsih səlahiyyətinin məhdud olduğunu bilirdi və buna hörmətlə yanaşırdı (14-cü abzasa baxın)

14. İsa Məsihdən səlahiyyətini aşan bir şey xahiş edəndə o necə davranmışdı?

14 Bir dəfə şagirdləri Yaqubla Yəhya anaları ilə birgə İsaya yaxınlaşaraq ondan səlahiyyətini aşan bir şey xahiş etmişdi. İsa bir an belə düşünmədən demişdi ki, Padşahlıqda onun sağında və solunda kimin oturacağına yalnız Atası Yehova qərar verir (Mət. 20:20—23). Bununla İsa Məsih göstərdi ki, səlahiyyətinin məhdud olduğunu başa düşür və buna hörmətlə yanaşır. O, təvazökar idi, heç vaxt Yehovanın ona verdiyi səlahiyyəti aşmırdı (Yəh. 12:49). Biz İsa Məsihin gözəl nümunəsini necə izləyə bilərik?

İsa Məsih kimi necə təvazökar ola bilərik? (15 və 16-cı abzaslara baxın) *

15, 16. 1 Korinflilərə 4:6 ayəsindəki məsləhətə necə əməl edə bilərik?

15 Biz 1 Korinflilərə 4:6 ayəsində yazılan məsləhətə əməl etməklə İsa Məsihin təvazökarlıq nümunəsini izləmiş oluruq. Orada deyilir: «Yazılanlardan kənara çıxma». Kimsə bizdən məsləhət alanda öz fikrimizi yeritməyə çalışmırıq, yaxud ağlımıza ilk gələn fikri demirik. Onun diqqətini birbaşa Müqəddəs Kitabdakı və nəşrlərimizdəki məsləhətə yönəldirik. Bununla səlahiyyətimizin məhdud olduğunu qəbul edirik. Təvazökar davranaraq Qüdrət Sahibinin haqq hökmlərinin ali olduğunu göstəririk (Vəhy 15:3, 4).

16 Təvazökar olmağımızın Yehovaya şərəf gətirməklə yanaşı, başqa xeyri də var. Növbəti abzaslarda təvazökarlığın bizə sevinc gətirdiyini və başqaları ilə yola getməyə kömək etdiyini görəcəyik.

TƏVAZÖKARLIĞIN BİZƏ XEYRİ

17. Nəyə görə təvazökar insanlar xoşbəxtdir?

17 Biz təvazökar olanda daha xoşbəxt oluruq. Nəyə görə? Nəyəsə gücünün çatmadığının fərqində olan insan ona göstərilən köməyə görə minnətdar olur, ürəyi sevinclə dolur. Gəlin İsa Məsihin on cüzamlını sağaltdığı hadisəni yadımıza salaq. Heç bir cüzamlı özünü bu ağır xəstəlikdən sağalda bilməzdi. Bununla belə, İsa Məsihin sağaltdığı on cüzamlıdan yalnız biri qayıdıb minnətdarlığını bildirdi. O, təvazökar olduğu üçün anlayırdı ki, bu köməyə ehtiyacı var və buna görə Allahı mədh etdi (Luka 17:11—19).

18. Təvazökarlıq başqaları ilə daha yaxşı yola getməyə necə kömək edir? (Romalılara 12:10).

18 Təvazökar insan başqaları ilə daha yaxşı yola gedir və daha asanlıqla yaxşı dostluq münasibəti qura bilir. Çünki o başqalarının yaxşı xüsusiyyətlərə sahib olduğunu məmnuniyyətlə qəbul edir və onlara etibar edir. Təvazökar insan kiminsə aldığı tapşırığı yaxşı yerinə yetirdiyini görüb sevinir, yubanmadan onu tərifləyir və ona hörmət edir. (Romalılara 12:10 ayəsini oxuyun.)

19. Hansı səbəblərə görə qürurdan uzaq durmalıyıq?

19 Qürurlu insan üçün isə başqalarını tərifləmək çətindir, istəyir ki, ancaq onu tərifləsinlər. Qürurlu insan, vəksərən, özünü başqaları ilə müqayisə edir, rəqabət aparır. O kiməsə təlim keçməyi, səlahiyyət verməyi sevmir, çünki düşünür ki, hansısa işi təkcə o, yaxşı görə bilər, başqası öhdəsindən gələ bilməz. Qürurlu insan adətən hamıdan öndə olmaq istəyir və başqalarına paxıllıq edir (Qal. 5:26). Bu cür insanlar nadir hallarda uzunömürlü dostluqlar qura bilir. Özümüzdə qürurun olduğunu hiss etsək, Yehovaya yalvarmalıyıq ki, düşüncəmizi yeniləşdirməyə kömək etsin və bu pis xüsusiyyət bizdə kök salmasın (Rom. 12:2).

20. Nəyə görə təvazökar olmalıyıq?

20 Bizim üçün mükəmməl örnək olan Yehovaya çox minnətdarıq! Bəndələri ilə rəftarından Yehovanın lütfünü görürük və bu bizi təvazökar olmağa təşviq edir. Həmçinin Müqəddəs Kitabda adları çəkilən təvazökar insanlardan da örnək götürmək istəyirik. Gəlin şana, şərəfə layiq Yehovanı daima ucaldaq (Vəhy 4:11). Onda təvazökar insanları sevən Allahımızın önündə yeriyə biləcəyik.

NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq

^ abz. 5 Yehova lütfkar Allahdır. Bu Onun xilqətinə iltifat göstərməsindən, rəhmli və mərhəmətli olmasından aydın görünür. Bu məqalədən öyrənəcəyik ki, lütfkar Allahımızdan örnək götürərək necə təvazökar ola bilərik. Həmçinin Dənyal peyğəmbərin, İsa Məsihin təvazökarlıq nümunəsini araşdıracağıq və Talut padşahdan hansı ibrəti götürə biləcəyimizi öyrənəcəyik.

^ abz. 58 ŞƏKLİN İZAHI: Ağsaqqal vaxt ayırıb gənc qardaşa təlim keçir, yığıncağın sahəsi ilə bağlı müəyyən məqamları izah edir. Sonra qardaşa bu işi görməsi üçün sərbəstlik verir, hər addımını güdmür.

^ abz. 62 ŞƏKLİN İZAHI: Əlində dəvətnamə olan bacı kilsədə keçiriləcək toy mərasimində iştirak edib-etməməklə bağlı ağsaqqaldan məsləhət alır. Ağsaqqal öz fikrini demir, ona Müqəddəs Kitabdakı prinsipləri göstərir.